“İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır.”
(Əbu Turxan)
Altı aylıq ezamiyyətdən qayıtdığı üç gün idi. İllərdir heç cür rahatlıq tapa bilmədiyi daha bir sentyabr səhəriydi...
Soyuq duş qəbulundan sonra dolabdan çıxardığı paltarlarını, illər əvvəl tirajlanmış bir neçə “Müsavat” qəzetini səliqəylə götürüb, çarpayıyla üzbəüz divanın üstünə qoydu. “Pikolinos” markalı qəhvəyi rəngli təzə ayaqqabılarını qutudan çıxarıb, qayğı və mehribanlıq ifadə edən baxışlarla otağın ortasına - döşəməyə qoydu.
-Fimar, sənin mənə qarşı nə sevgin var, nə də ehtirasın! Xahiş eləyirəm söz güləşdirmə, çünki dediklərimin hamısına əminəm! – çarpayıda gözüyumulu uzanan qadın yuxulu səsinin ahəngini mızıltıyla pozaraq dedi.
-Hmmm... Buna əminsən yəni? – deyə Fimar köynəyini geyinərək etinasız halda soruşdu.
Qadın yerində dikəlib, qolları ilə dizlərini qucaqladı və ərini ikrahla süzdü. Fimara elə gəldi ki, qadının baxışıları yüksək sürətlə onun gözlərində gizlənən həqiqətə yönəldi. Bu baxışlar altı aydır mühəndislik elədiyi Pekin-London dəmiryol xəttiylə hərəkət edən yeni tipli yük qatarına oxşayırdı. Amma bu qatarın içi boşdur. Fimar dəmir yolunda şpallar və relslərin möhkəmliyini, dəstək mastikinin qüsursuz quraşdırıldığını, əlaqə tellərinin necə səliqə ilə uzadıldığını yada saldı.
-Sadəcə dahiyəm! – Fimar düşüncəli halda dilləndi.
- Heç zibil də deyilsən!
Qadının qəzəbli səsi onu səksəndirdi və sualedici baxışlarla arvadına sarı çevrildi. Qadın ayağa qalxıb, ərinin yanına gəldi və qışqıra-qışqıra sözünə davam elədi:
-Sənsən dahi?! Nəyin dahidir e sənin?! Düz iki ildir mənə vec qoymadığınçün dahisən?! Ələ salırsan məni?! –bunu deyib dabanını hirslə yerə vurdu. Döşəmədən qəribə taqqıltı gəldi. Qadın hönkürtü çəkib, özünü arxası üstə çarpayıya yıxdı. Fimarın bərələmiş gözləri rinqdə burnu sınmış döyüşçüyə oxşayan ayaqqabısının sol tayının əzilmiş ucuna zillənmişdi.
-Əgər həbs qorxusu olmasaydı, mən bu qancığın hüceyrələrini sapa düzərdim! – deyə Fimar ağlından keçirdi və dizləri üstə çöküb, qorxaq bir mızıltıyla şəhadət barmağını ehtiyatla ayaqqabının əzilmiş yerinə toxundurdu. Qadın cəld çarpayıdan qalxıb, təəccüblə ərini süzdü, sonra aşağı əyilib, əllərini onun çiyninə qoydu və pıçıltıyla “Səndə çatmır! Sən başdanxarabsan! – dedi. Qəfil isterikayla qışqırıb, gözlərindən yaşlar süzülərək davam elədi: – Sən... Sən... Sən dəlisən! Sən murdar möcüzəsən!
Fimar qadının qəzəbdən qızarmış üzünü, burnunun suyu ilə göz yaşlarının bir-birinə qarışdığı yeri – üst dodağını, altı torbalanmış və bərəlmiş gözlərini süzərək düşündü: – “İlahi, mənim çox eybəcər arvadım var imiş!” O, gözlərinə görünən bu kobud, çürükcü, vahiməli eybəcərliyi unutmaq üçün fərqli ölkələrdən olan iş yoldaşlarını - Çinli Kunu, Bonqu, irlandiyalı Niallanı, qazaxıstanlı Aybeki, Turqanı... digər fəhlələri, mühəndisləri, qaynaqçıları xatırlaya-xatırlaya tələsik şəkildə paltarlarını, bir tayı əzilmiş ayaqqabılarını geyinib, qəzetləri də qoltuğuna vurub bir söz də demədən evdən çıxdı. Həyətin darvazasına tərəf dayanan ağ rəngli ”BMW 530” markalı avtomabilinin qapısını açıb, başını maşının içinə soxdu. Bir anlığa arxa oturacaqda sakit halda uzanmış, ayaqları sınmış, sarı tükləri qana bulaşmış küçə itinə göz gəzdirdi:
-Mən elə gözəl sevirəm, elə gözəl ehtiraslanıram ki!.. – var gücüylə qışqıran, bütün bədəni gərilən, üz-gözünü qırışdıran adam kimi dedi, amma qısıq səslə. Anidən sürücünün oturacağına tüpürdü, sifətini bürüşdürərək oturacağın üstünə yapışmış tüpürcəyinə baxıb nifrətlə, - “Dünya hamının tüpürcəyini qurudacaq qədər gözəl, bahalı, səbrli, lal fahişədir!” dedi. Yaralı it onun bu fikrinə ürəkdağlayan zingiltiylə cavab verdi. O, darvazanı zərblə çırpıb, həyətdən çıxdı.
İyirmi dəqiqə sonra metrostansiyanın keçidində dayanıb, əlində tutduğu köhnə “Müsavat” qəzetlərini səhifələyirdi. Ortadakı qəzeti digərlərinin üstünə qoyub, son səhifədəki astroloji proqnozlara göz atdı.
“1999-ci il sentyabr ayının 22-nə olan Qoroskop.
Qoç bürcü: Bu gün uzun zamandır üzərində durduğunuz mövzular barəsində daha qalıcı qərarlar ala bilərsiniz. Son günlərdə içinizdən heç bir şey etmək gəlmir, amma bu gün özünüzü daha xoşbəxt hiss edəcək xəbərlər alacaqsınız. Səhər saatlarında qarın bölgənizdə ağrılar baş qaldıra bilər, amma günortaya doğru bu yöndə bütün əngəllər ortadan qalxmış olacaq.”
Gözlərini qəzetdən ayırıb, metrostansiyanın girişinə yaxın çəhrayı rəngli divardakı məchul nöqtəyə zillədi. Siqaret yandırdı. Adamlar bu məchul nöqtənin qarşısından keçdikcə, o, heç kimə baxmadan sağa-sola boylanır, bu nöqətəni gözdən qaçıracaqmış kimi təlaşa düşürdü. Beş dəqiqə sonra keçid seyrəldi. Zilləndiyi nöqtəyə daha rahat baxmağa hazırlaşırdı ki, iri bir milçək onun baxdığı yerin ətrafında dövrə vurmağa başladı. Diqqətini heç cür toparlaya bilmirdi. Siqareti hirslə yerə atıb, ayağıyla basdaladı. Elə qəzəblənmişdi ki, ayaqqabısını çıxarıb, bu iri milçəyi bir zərbəylə divara yapışdırmaq istəyirdi. Məchul nöqtənin düz altında qəfildən balaca, ağ rəngli bir şey peyda oldu. O böyüdü, böyüdü, böyüdü... bir neçə saniyə içində ağ, şişman bir pişiyə çevrildi. Pişik başını yuxarı qaldırıb, milçəyi bir qədər izlədi, sonra bir həmlədə onu caynaqlarıyla yerə saldı və sağa-sola atılıb bir neçə dəfə basdaladı. Az sonra milçək pişiyin ağzında çeynənirdi. Fimar pişiyi, onun üstü parlaq qaşlarla bəzədilmiş qara boyunluğunu, ağ tüklərinin qar kimi təmizliyini sirli baxışlarla süzərək başa düşdü ki, bu həmyaşıdı olan mərhum bacısı Banunun iyirmi bir il əvvəl ölmüş Perlasıdır. Özünün 22-ci ad günü məclisinə qayıtdı: məclisdə hamının ağzı söhbətə qızışıb; anidən tüklü və caynaqlı bir əl masanın ucuna qoyulmuş dəmir külqabını nadincliklə yerə salır; dəmir külqabı taxta döşəmədə dövrə vurduqca, məclisdəkilərin danışığı zəifləyir; az sonra bu qulaqbatırıcı səsin təsirindən hamı susur. Masadakılar gülümsünərək bir-birlərinə baxırlar. O, konyak badəsini sərxoşluqla yuxarı qaldırır və “Dostlar, anamın iyirmi iki yaşıma hədiyyə elədiyi bu külqabıda ömrüm boyu öz külümü söndürməyə and içirəm!” deyə qəhqəhə çəkib, bu susqunluğu pozur. Badələr toqquşmağa, hamı yenidən danışmağa, gülməyə başlayır.
Bu vaxt metrostansiyanın tünelindən çıxan qatarın siqnal səsi eşidildi. Ağ pişik mırıldanıb gözlərini qəzəblə Fimara zilləmişdi. Onun köpək dişi Fimara çox güclü təsir bağışladı. Pişiyin qəzəbli baxışları birdən-birə yoxa çıxdı və o başını yana əyib, “Ölülər səltənətində hər şey başqadı, buna maraqlıdır da demək olar. Məsələn, orda heç nəyi xatırlamırsan. Günlər o qədər gözəldir ki, ancaq sevinirsən, gülürsən, əylənirsən... Nə vaxt gəlsən, onda özün görəcəksən. Gedim mən!” deyə nazla geriyə çevrildi və “Bayu Bay” mahnısının melodiyasını mızıldanaraq, quyruğunu yelləyə-yelləyə gözdən itdi. Ətrafda çoxlu adamlar görünməyə başladı. Fimar “Bura da pis deyil... Bura da pis deyil... ” deyə baxışlarını asta-asta məchul nöqtəyə çevirərək, pıçıltı ilə təkrarlayırdı. İki gənc qız onu ayaqdan-başa süzərək “Gözəgəlimli dəlidir, hələ qoltuğunda qəzeti də var!” deyib gülümsünərək, yanından keçib getdilər.
Stansiyadan çıxan adamların sayı yenə də azaldı. Fimar dərindən nəfəs alıb, ürkək addımlarla divara – məchul nöqtəyə yaxınlaşdı. Sağa-sola çevrildi, stansiyaya girib-çıxan təkəmseyrək adamlara ötəri nəzər salıb köks ötürdü. Üzünü divara tutub, boğazını arıtladı və uşağa xas səslə, gözlərindəki təlaş, mehribanlıqla dedi:
-Salam, əmi! Bugünkü “Müsavat” qəzetindən qalıb?
Cavab gəlmədi - zaman bu qəzetçi əmini çox sürətlə ötüb geridə qoymuşdu. Keçmişin divara saldığı xəyali xatirə izindən geriyə cansız bir boşluğun qaldığına əmin olunca, gözləri çarəsizliklə qırpılıb yaşla doldu... Bədənini qəribə, qorxulu, xoflu bir həyəcan bürüdü. Bu həyəcan onun ovuclarını iynələyərək, saçlarının dibinə doğru qaçdı və başına bərk qaşınma verib, boğazını qıcıqlandırdı, ordan da kimsə güclü birisinin vurduğu yumruq kimi qarın boşluğuna çırpıldı. Qarnında küt sancılar baş qaldırdı. Geriyə çevrilib, bayaq dayandığı yerə qayıtdı. Gözlərini təkrar məchul nöqtəyə zilləyib, çox çətin sezilən bir kədərlə gülümsünərək siqaret yandırdı. Bir qullab almışdı ki, qarnındakı ağrı şiddətləndi. Siqareti yerə atdı və pilləkənlərə doğru tələsərək, təlaşlı pıçıltıyla deyinməyə başladı. - “Kofe... kofe içməliyəm. Hə, bu yaxşı olar... Tualetə də dəyərəm! Yox, tualetə dəyib sonra kofe içərəm. Kaş, tualet boş ola! Axx, mənim ayaqqabımın burnuna bax!!! O gecə Banunun Perlanı harda basdırdığını bilmədik! - keçiddən sağa dönəndə gənc bir oğlanla toqquşdu, dayanmadan geriyə çevrilib yüksək səslə oğlandan üzrxahlıq elədi: “Ah... bağışla, qardaş!” – oğlan ona tərs nəzərlərlə baxıb keçidə düşdü. Təlaşlı pıçıltılıyla özü-özüylə danışığına davam elədi: – “ Dedim, axı, bağışla... Sən bir axmağın hikkəsinə bax ! - dayandı – “Qarnım səhər saatlarında ağrımalıydı?! – qəzetləri qoltuğundan çıxardı, həmin səhifədəki astroloji proqnozu pıçıltıyla oxuyub, onları cəld bir hərəkətlə səliqəsiz şəkildə qatlayıb, irəliləməyə başladı – “Hə, nəsə, yəqin, kofe verilən yerin ayaqyolusu boş olar! Təyyarədəki o xallı, yekəqarın axmağın qırx üç dəqiqə tualetdə nə iş gördüyü hələ də başımdan çıxmır! O səfehin rahatlığından gözüm necə qorxubsa... – yerində dayanıb, başını təngnəfəs yuxarı qaldırdı. Tabelada böyük hərflərlə “COFE PART” yazılmışdı. Qapını açıb içəri girdi.
Uzun illərdi ki, dünya onunla qəribə davranırdı. Nə vaxt ki alovlanan ehtirasının üstünə su sərpib yuyunmaq üçün hamama keçərdi, içəridə onu cərgəylə qarşı-qarşıya dayanmış mollalar, keşişlər gözləyərdi. Onlar işarə barmaqlarını dodaqlarına söykəyib, sus işarəsi verər, Fimara içəri girib, qapını bağlamasını əmr edərdilər. O da aciz görkəm alıb itaətkarlıqla deyiləni edərdi. Mollalar əllərini onun boynuna salaraq, qulağına “sən zinakarsan!”, keşişlər isə onun burnundan dartıb, özlərinə tərəf çəkər, qulağına “sən günahkarsan!” sözlərini pıçıldayardılar. O da özünü həm zinakar, həm də günahkar hiss edərdi. Günlərin bir günü, o bu məsələni yerli-dibli çözməyi qərara alıb, arvadını da qoltuğuna vurub, nikah bağlanmaq üçün məscidlərdən birinə getdi. O günün gec saatlarında onlar elə gurultulu səs-küylə sevişdilər ki, aylardır mətbəxdən heç bir dərmanın qova bilmədiyi qarışqalar bütün yemlərini də yığıb, dolabın arxasındakı kiçik dəlikdən keçib, evi tərk etdilər. Evin zirzəmisində gizlənən və bir-biri ilə illərdir yola getməyən iki siçovul bu yaxınlıqdan elə iştaha gəldi ki, az sonra çoşqun ciyiltiylə cütləşməyə başladılar. İşin sonunda hamama girmək istəyən Fimar bu dəfə mollaların getdiyini, amma keşişlərin hələ də orda olduğunu gördü, içəri girib pıçıltıyla keşişlərə “Mənim Allahımın məqsədi nədir, bəlkə, siz biləsiz?!” – dedi. Cavabında keşişlər barmaqları ilə sus işarəsi verib, onun burnundan dartaraq, qulağına ”sən hələ də günahkarsan!” sözünü pıçıldadılar. Fimar belə düşündü ki, bəlkə, sevişmək məkanını dəyişsə, hər şey düzələcək, amma hara getdisə, keşişlər də o yerin hamamına doluşdular. Arvadından soruşanda ki, - “Mən iki dinə birdən qulluq edə bilərəm?! – arvadı, – “Bu sarsaq bir ikiüzlülükdür” deyə cavab verdi. Sonda arvadı ilə sevişmək məsələsinə son qoydu. O gündən keşişlər də yox oldu.
Onun qəribə düşüncələri var idi. Avtomobil yolundan bir addım kənarda yatan itin yanından sürətlə ötüb keçəndə, avtomobilinin guya yoldan bir az kənara çıxdığını, itin quyruğunu tapdaladığını, heyvanın zingildədiyini xəyal edərdi. Belə xəyallarının sonunda avtomobili kənara çəkər, itlərdən qorxduğu üçün yerdən götürdüyü daşı ehtiyatla ona tərəf atardı ki, heyvan oyanıb kənara çəkilsin. Bir dəfə də bu cür edəndə it yuxusundan dik atılıb, qorxuyla yola çıxdı və daş yüklənmiş böyük bir kamaz onu əzib keçdi. Həmin günün axşamı hamamdakı güzgünün qabağına keçib, düz bir saat yumruqla üzünə vurdu. Bununla özünə ən layiqli cəzanı verə biləcəyinə inanırdı. Sol gözü elə şişmişdi ki, bir həftəyə zorla açıldı. Bir həftədən sonra həmin itin qanlar içində avtomobilinin arxa oturacağında uzandığını görəndə ona elə bil qurşaqdan aşağı kimsə möhkəm təpik vurdu. İt gülümsəyərək ondan maşın sürməyi tərgitməsini, maşını ona bağışlamasını, bir də ki bu barədə heç kimə heç nə deməməsini, əgər desə, gəlib ömrü boyu onun yatağında uzanacağını deyəndə, Fimar başını yelləyərək, bu şərtlərlə razılaşdı. Həmin gün maşının bütün pəncərələrini qara rəngli plyonkayla bağladı və o gündən maşının açarını heç vaxt yanından ayırmadı. Və bir daha avtomobil sürmədi. Taksiyə, avtobusa minəndə gözlərini ancaq ayaqqabılarının ucuna zilləyirdi ki, yolda səhlənkar şəkildə uzanan itə, pişiyə qarşı canına hopmuş nigaranlıq hissi onu əsəbiləşdirməsin.
O heç vaxt heç bir dəfndə iştirak etməzdi. Ölüm adı gələndə “Günah ölənin özündədir, məncə, insan ölməyə də bilər” deyirdi. Zamanla çoxluğun ölümə inamı onu fərqli fikirlərindən ayırdı və harda qəbristanlıq gördüsə, içəri keçməmiş, tanımadığı qəbirlərə dəqiqələrcə sualedici nəzərlərlə baxmamış, bu sirli vida barəsində çaşqınlıqla düşünməmiş, yoluna davam eləməzdi. Belə günlərdən birində özünü bərk işə saldı. Sayca, bəlkə də, onlarla qəbrə sualedici nəzərlərlə baxmışdı. Birdən qəbristanlığı səs-küy bürüdü. Dəfn mərasimiydi. Böyük maraqla mərhumun necə dəfn olunacağını görmək üçün izdihama yaxınlaşıb, qəbirlərdən birinin hasarına çıxdı və baş verənləri bərəlmiş gözlərlə izləməyə başladı. Dörd nəfər kəfənə bürünmüş mərhumu tabutdan çıxarıb, iplə qəbrin içinə salladılar, sonra sol çiyni üstə çevirib başındakı, ayağındakı ipləri açdılar. Molla “Yasin” oxudu. Bu vaxt qəbrin içində ağlayaraq əlini mərhumun çiyninə qoymuş bir nəfər arabir meyiti silkələyirdi. O bütün bu haqq-hesablara elə təəccüb, elə donuqluqla baxırdı ki... Mərhumun qəbrini örtəndə o lap dəhşətə gəldi. Qəbrin ağzını mərhumun baş tərəfindən piltə daşlarla örtərək artıq ayağına çatmışdılar. Son daşı da qoyub, qəbrin üstünə torpaq atmağa hazırlaşırdılar ki, o, hasarın üstündən izdihamın arasına tullandı və daşları qaldırmağa cəhd edərək, yüksək səslə ağlayıb-qışqırmağa başladı “ Ah... Alçaqlar, qansızlar! Deməli siz, “dəfn” buna deyirmişsiz! Nədir, durub qaçacaq?! Ahh, İlahi! Biz insanlar necə murdar məxluqlarıq! Bu cür yaradılışa nə ehtiyac varıydı - əgər son belə olacaqdısa?! Çıxarın onu, adamyeyənlər! – yerində çevrilərək – Tfuu, sizə! Tfu, tfu! Bütün bu haqq-hesab illərdir əziz bildiyiniz adamdan gələn iyi itirmək üçündür?! Tfuu... Tfu insanlıq... Ah... Qəddar dünya... Səni niyə belə yaratdılar?! – Bu vaxt bayaqdan onu sakitləşdirməyə çalışan gənclərdən biri, sonra ikisi, sonra üçü və dördü Fimarı möhkəmcə əzişdirməyə başladılar. O gündən sonra kimin ölüm xəbərini eşidirdisə, mərhuma öldüyü yox, dəfn olunacağı üçün ürəyi yanardı. Amma zamanla qəddarlıq adlandırdığı bu adətə özü də vərdiş elədi. Anasını dəfn edəndə, otuz altı gün qəbrin başından ayrılmadı və acanda qəbrin yan-yörəsindəki otları yolub, “anam mənə yemək hazırlayıb” deyə-deyə yedi. Onu kim ordan uzaqlaşdırmaq istədisə, - “Ölüb deyə onu bura qoyub getməyi vicdansızlıq qəbul edirəm!” - deyə qətiyətlə etiraz elədi.. Amma otuz yeddinci gün o da bu vicdansızlığı çar-naçar qəbul eləməli oldu. Bacısı öləndə daha soyuqqanlı olmuşdu. Zamanla onda başqa qəribəliklər də üzə çıxmağa başlamışdı.. Ona elə gəlirdi ki, günəşli havanın, pomidorların qoxusu keçmişdəki kimi deyil! Həyat qısaldıqca dünyanın ən işıqlı rəngi belə ona solğun görünür, qoxular isə yadlaşırdı. O, illər əvvəl günəşli, isti bir gündə duyduğu qoxunu, gördüyü parlaqlığı həmişə həmin hissiyatla təkrar duymağa can atırdı. Bu həmin gün idi ki, anası dərin boşqabda ikiyə bölünmüş, arası duzlanmış pomidor və bir parça da buğlanan isti çörəyi eyvandan küləyin sağa-sola oynatdığı söyüd ağaclarını dalğınlıqla izləyən Fimara gətirmişdi. Elə bil, pomidor ilk dəfə o zaman öz qoxusunu havaya yaymış, günəş ilk dəfə həmin gün o cür parlaq olduğunu sübuta yetirmişdi. O artıq bütün günəşli yay günlərində həmin doğma rəngi, bütün pomidorlarda o qoxunu axtarmağa başlamışdı.
“Coffe Part”ın qapısı açılanda səkidə dayanmış bir neçə sərçə qəfil pırıltıyla uçdu. Fimar quşların arxasınca başını yuxarı qaldırdı və günəşi görüb gözünü qıydı. “Dünyanın işığı öləziyir ya da ki...” – deyə pıçıldayaraq siqaret yandırdı, küçənin sağına-soluna boylanıb, qol saatına baxdı və təlaşla, “Tam çıxdıqları vaxtdır! ” deyə tez-tez addımlamağa başladı.
Beşmərtəbəli binalarla əhatələnmiş asfalt yola düşən eyvanların dördkünc kölgələrini, hündür ağacların yarpaqları arasından bu kölgələrə toxunan günəşin üçbucaq şəkilli parlaq şəfəqlərini yumşaq addımlarla tapdalaya-tapdalaya məktəbin darvazasına çatdı. Qoltuğundakı qəzetlərin yerini bərkitdi, sola çəkilib darvazadan çıxan şagirdlərə, valideyinlərə nəzakətlə yol verdi.
-Buyurun... Buyurun.
Ona təşəkkür edən də olmadı. Boğazını arıtlayıb, içəri girdi. Qolundakı saata baxa-baxa cəld addımlarla həyətdəki qumluq əraziyə bərkidilmiş dəmir masaya yaxınlaşdı. Masanın üstü ora söykənib söhbət edən şagirdlərin bel çantalarıyla dolu idi. Yanını günəşin qızdırdığı masaya qoyan kimi istilik bütün içinə yayıldı. Sola çevrilib ehtiyatla üçüncü mərtəbənin ən başdakı pəncərəsinə boylandı və qəfildən dik atıldı, “Ay Allah, dəhşətdir!... Dəhşət!.. Dəhşət!..” deyə durmadan təkrarlayaraq, masaya və pəncərəyə heyrətlə baxa-baxa, özü də fəqinə varmadan, bir az irəlidə - binanın girişi ilə üzbəüzdəki oturacaqlardan birinə çökdü.
-Ha ha ha... Hə, dəhşətdir, amma baxır nə? – deyə oturacağın sol tərəfində əyləşən təxminən yetmiş yaşlarındakı kişi gülərək ondan soruşdu.
-Nə?!
Fimar səksənərək kişiyə tərəf çevrildi.
-Dəhşətli o qədər şey var ki, deyirəm səni dəhşətə gətirən nədir?- kişi sualını açıqladı.
Fimar bir neçə anlığa kişini başdan-ayağa süzdü, sonra nə deyəcəyini bilmədiyindən sağına-soluna çevrilərək - Heç nə. – dedi – Şagirdlərdən biri pəncərədən aşağı necə boylandısa, az qala yıxılsın, bir də ki, – üzünü kişiyə çevirib gülümsünərək barmağıyla dəmir masaya işarə elədi – o yaman qaynardı, az qala bağırsaqlarımı yandırmışdı.
Hər ikisi də ürəkdən güldülər. Fimar qoltuğundakı qəzetləri skamyanın üstünə qoyub, qəfildən ayağa qalxdı və kişinin qarşısında dayanıb mehriban səslə danışığa başladı.
-Siz çox dəbli geyinmisiz! Yəni hələ də bu cür zövqlə geyinən adamlar var?! Pencəyinizin rəngi... Mən belə qara rəngi inandırım ki, birinci dəfə görürəm. Bəlkə də, son 60 ildə heç bir qalstuk heç bir ağ köynəyə bu qədər yaraşmayıb! Hələ pencəyinizin döş cibindəki – barmağıyla işarə verdi – o ağ dəsmal lap dəhşətdir... – sonra gözlərini aşağı zilləyib, qollarını sinəsində çarpazladı – İnspektor ayaqqbılar... Hmmm... onlar üçün həmişə ürəyim gedib. Bilirsiz nə var? – kişi sualedici nəzərlə ona baxıb başını yellədi – Bir söznən, siz əyninizdəkiləri bir-birinə çox mehribanlıqla yaraşdırmısız! Elə bil, onlar bir-birinə baxıb, bizim kimi deyib gülürlər.
-Ooo... lap özümlə fəxr elədim! – kişi dedi və özünü azca irəli əyib, üzündə kiminsə onu eşidəcəyindən ehtiyatlanırmış kimi bir ifadəylə gözlərini məktəbin giriş qapısı tərəfdəki şam ağacına zilləyib, söhbətinə gülümsəyərək davam elədi – Hə, nə deyirsiz, bu gün burda hansısa qadının məndən xoşu gələ bilər?!
Fimar sola çevrilib, onun baxdığı səmtə göz gəzdirdi. Kişi sualı elə tərzdə verdi ki, elə bil, cavabı ona maraqlı deyildi. Şam ağacına zillənmiş gözlərində qəribə durğunluq hiss olunurdu. Fimar onun yanında əyləşib, qəzetləri qoltuğunun arasına qoydu və şirin simayla kişiyə tərəf çevrildi
-Qadınların əksəriyyəti mavigözlü kişiləri bəyənirlər. Sizin də gözləriniz mavidir - əliylə onun gözlərinə işarə elədi və onun mənalı tərzdə şam ağacına zillənmiş mavi rəngli gözlərini süzərək söhbətinə davam elədi – burda qadın çoxdur, yəqin ki, birinin ürəyi sizi tutar. Mən ömrünü bir avaraya qurban verən qız tanıyırdım, nə var, nə var, bu avaranın gözləri mavi rəngdəydi.
-Bəlkə, o qız Allahı həmin mavi gözlərdə tapırdı? – deyə kişi ona tərəf çevrilib susqunluğunu pozdu.
-Ha ha ha... – Fimar güldü, sonra isə dodaqlarını büzərək dedi – Ncc. Yox bir, bəlkə, o avaraya Allah da deyəydi!
- Bəli! – Kişi əllərini dizlərinə dayayıb, Fimara çəpəki baxaraq, onun sözünü təsdiqlədi – Elədir! Qadınlar sevdikləri kişini öz Allahları, sevmədikləri kişiləri bəndələri bilirlər!
-Elədir, – Fimar heç nə ifadə etməyən nəzərlərlə kişinin əsən əllərinə baxdı – amma bəndələr öz Allahını tez-tez unudurlar, əziz... mmmm... adınız necə oldu? Mən, Fimar... – əlini kişiyə doğru uzatdı.
-Şad oldum, amma adım yoxdur! – kişi onun əlini sıxıb, kürəyini skamyaya yastıladı.
-Necə yəni?
-Eləcə.
-Onda sizə adsız deyə bilərəm? – gülümsünərək Fimar soruşdu
-Heçlik... Siz mənə heçlik deyin, əgər ad bu qədər vacibdirsə...
-Bəs, birdən burda bir xanımla tanış olsaz necə?
-Yəqin bu qeyri-adilik onun diqqətini çəkər, mən onun Allahı olana qədər də ad məsələsini çox uzatmaz. – kişi əminliklə dedi
-Bəs, allahı olandan sonra? – lağlağı tərzdə Fimar soruşdu.
-Onda əmin olun ki, o mənə “Allahım” deyəcək, daha heç bir ada-falana da ehtiyac qalmayacaq. Ha, ha, ha, ha! Siz adamnan çox əla ünsiyyət qurursuz! Adama elə rabitəsiz suallar verirsiz ki... Əvvəl nə soruşduğunuzu, sonra da nə cavab verəcəyimi unuduram. Hə, gələk əsas məsələyə, neçə uşağınız var? Neçənci sinifə gedirlər, ya da gedir? Adı nədir, ya da adları? Ha, ha, ha, ha... lap sizin kimi suallar vermək istədim, amma alınmadı. Hə deyin görək?
-Nəyi?
Uşaqları deyirəm. – kişi cır səslə dedi.
Fimar bir qədər məktəbin həyətinə, pəncərələrinə göz gəzdirdikdən sonra sakit, tutqun səslə dedi:
-İki! Biri oğlan, biri də qız. – barmaqlarını bir-birinə keçirib, üzünü kişiyə tərəf tutdu – İkisi də bir sinifdə oxuyurlar!
Məktəbin zəngi vuruldu. Fimar diqqətlə məktəbin girişinə baxdı.
-Ooo...Allah saxlasın. Deməli,əkizdilər.
-Hə. - deyə Fimar kişiyə baxmadan çətinliklə sezilcək tərzdə gülümsədi.
-Neçənci sinifdə oxuyurlar?- kişi soruşdu.
-Altıncı sinifdə. – Fimar məktəbin binasının giriş qapısı ağzında sağa-sola addımlayan mühafizəçi qadına diqqətlə nəzər salaraq kişiyə ötəri cavab verdi.
-Mənim nəvələrim də altıncı sinfə gedirlər – Kişi dedi – Bəlkə, bir sinifdə oxuyurlar?
-Sizin nəvələriniz burda oxuyurlar? Mən elə bildim siz bura...
-Ehh... – kişi gülümsünərək onun sözünü kəsdi – Mən bura bir çox səbəbə görə gəlirəm, özü də illərdir, - kişi üzünü Fimara tutdu və gözləri get-gedə genişləndi, səsi iki yüz yaşlı qocanın səsindəki taqətsiz xırıltıyla əvəz olundu – lap düzünü desəm, mən bu ətrafı bir əsrdir dolaşıram! – onun gözləri, səsi təkrar öz qaydasına geri döndü – Mən özüm də bu məktəbdə oxumuşam! – o sevinclə sözünə əlavə elədi və pencəyinin yan cibindən çıxardığı enli dördkünc qutunun qapağını açıb, içindən götürdüyü siqareti damağına qoyduqdan sonra qutunu Fimara uzatdı - dadına bax, siz bilənlərdən deyil – Fimar siqaret qutusunun üstündə kiril hərifləriylə yazılmış ”BAKARAT 1902” sözünü oxuyub siqaretdən birini götürdü və cibindəki çaxmaqla siqaretləri yandırdı.
-Burda oxumusuz?! –Fimar çaşqınlıqla soruşdu - Öhö... Öhö... Öhö... – lap bal dadır, bəs, niyə öksürtdü?
-Ha ha ha... Dedim, axı, sən bilənlərdən deyil! Bu siqaretdən hələ 70 qutu varımdır. Qırx altı ildir saxlamışam. On ildir, ildə on dənəsini çəkmişəm, ya yox...
Fimar təəccüblə ona baxdı – Necə 46 ildir? Tütün də 46 il qala bilər?! Yox, əşşi, siz lap nağıl danışırsız, Heçlik əmi! – özündən ixtiyarsız gileyli tərzdə Fimar dedi.
-Qala da bilər, qalmaya da! Bu dünyada hər şey ola bilər! Heç cavab vermədiz... – kişi dedi və əyinlərində qısa şortik məktəbin binasından çıxıb futbol oynamaq üçün stadiona doğru addımlayan şagirdlərə ötəri nəzər yetirib, siqaretdən dərin qullab vurdu.
-Nəyə?
-Sizin uşaqlar mənim nəvələrimlə bir sinifdə oxuya bilərlər?
-Yox, məncə.
-Olar o qəzetlərə baxım?!
Fimar qoltuğundakı qəzetləri ona uzatdı. Kişi siqareti dodaqları arasında saxlayıb, gözlərini qıyaraq qəzetləri tez-tez səhifələməyə başladı. Fimar diqqətlə mühafizəçinin hərəkətlərini izləyirdi.
-Hamısı köhnənin şeyləridir,– qəzetləri Fimara uzatdı – lap ürəyimi sıxdız!.. Siz həmişə beləsiz!
Fimar təəcübblə ona tərəf çevrildi.
-Ürəyinizi sıxdım?! Kim?! Mən?!
-Hə, siz sıxdız!- kişi dedi və ağzındakı siqareti yerə tüpürüb ayağa qalxdı, - Xəstə ruhlu adamsız! -şalvarının kəmərini əlləriylə düzəldib, təkrar yerinə oturdu.
-Bu nə hörmətsizlikdir?! Bayaqdan Allahın bacısıoğlu kimi danışıb adamın ürəyini sıxan sizsiz, mən yox! Özü də xəstə ruhlu da varsız, hələ artıq da! Həddinizi aşmayın! – Fimar sərt halda dedi və ayağa qalxıb, qəzetləri qoltuğunun arasanına bərkitdi, sonra kişini kinayəli baxışlarla süzdü – Hm!!! Buna bax, adsızmış! Bir də ki qəzetlər köhnə olsa da, saat kimi düz işləyirlər, sizin kimi küləkləmirlər!
- Cavan oğlan... – kişi arxasını sürüşdürüb, skamyanın ortasına çəkildi və qollarını geniş açıb, geriyə çevrilib, stadionda yenicə futbol oynamağa başlayan uşaqlara səsləndi – Topu başıma vurmayın a! Çünki çox yaşlıyam! – son sözü xüsusi lağlağılıqla, cır səslə dedi – Hə harda qalmışdıq... mmmm... Hə, cavan oğlan, Allah sizinçün oyun-oyuncaq deyil ki, özünüzdən ona qohum-əqraba düzəldəsiz! Ümumiyyətlə, bayaq dediyim kimi, siz həmişə beləsiz! Həyat gündən-günə dəyişir, siz isə köhnə qəzetləri qoltuğunuza vurub, bu hərəkətlə nə demək istəyirsiz, heç başım çıxmır! Nədir, təzə qəzet yoxdur bəyəm?!
-Əşi, sənə nə? Təzə qəzet çıxır, ya çıxmır, sənə nə? Bura bax, ağsaqqal kişisən, heç utanmırsan?! Bayaqdan kişiləri qadın üçün Allaha çevirib, təzə tanıyacağın qadının sənə Allah deyəcəyini arxayınlıqla dilinə alırsan, axırda da ... – başını yellədi, yerində qurcalanıb, daha da qəzəblənməyə başladı - Ümumiyyətlə, sən, axı, hardan bilirsən ki, mən həmişə beləyəm!
Kişi ayaqlarını yelləyərək, vecsiz halda sağa-sola baxıb, “bayu bayuşki bayu, ne lajis a na krayu” deyə rus dilində mahnı zümzümə edərək, əliylə ona getməsini işarə elədi. Fimarın gözləri bərələ qaldı.
- Bu nə deməkdir?!
Kişi gözlərini bərəldib, sualedici nəzərlə ona baxdı.
- Niyə bu mahnını oxudun?!
-Get cavan oğlan, get! Səndə çatmır, sən xəstəsən! - Kişi zümzüməsini dayandırıb, gözlərində uçuşan təbəssümlə onu nəzakətlə başından eləməyə çalışdı.
Fimar kişini hirslə süzüb, düz onun ayaqlarının qabağına tüpürdü – Tfu! Mədəniyyətsiz, özündənrazı kaftar! Yapışıb ki, elə xəsətəsən”. Xəstə sənin...
-Rədd ol dedim! - Kişi onun cümləsini bitirməsinə imkan vermədi, yerində dikəlib, iti qovurmuşcasına ayağını yerə vurub qəzəblə ona əmr elədi – Sən lap ağlını itirmisən!
Fimar onun bu hərəkətindən ürküb cəld geri çəkildi, çevrilib kişiyə baxa-baxa binanın giriş qapısına doğru addımladı. Bu vaxt kişi ona qəzəblə baxaraq amansız səslə deyinirdi, amma onun nələr dediyini Fimar heç cür anlaya bilmədi. Hətta ona elə gəldi ki, kişi alman dilində nəsə söyüş söyür. O, binanın açıq qalan qapısına çatanda, içəridən çox-çox illər bundan əvvələ aid, hətta onun unutduğu qəribə qoxular gəlməyə başladı. Bədənini qeyri-adi canlanma bürüdü. Qapının sol tərəfindəki pəncərədən içərini diqqətlə süzdü, mühafizəçinin stolu, dəhliz boş idi. Çevrilib kişiyə baxdı. Kişi bir əlində balaca güzgü tutub, digər əlindəki daraqla ağ saçlarını darayır, tez-tez də ona baxan Fimarı oğrun baxışlarla güdürdü.
-Sarsaq kaftar! – Fimar pıçıltı ilə dedi və qapıdan içəri girdi. Yerində dayanıb gözlərini yumdu, içəridəki qoxuları var gücüylə ciyərlərinə çəkdi. Sol tərəfdəki divardan asılan kiçik ölçülü tabelada yazılanları oxudu. “Əziz məktəblilər, üçüncü mərtəbə təmirə bağlanıb, xahiş olunur bu mərtəbəyə qalxmayasınız!” Gözlərini yumub ətrafdakı qoxuları yenidən ciyərlərinə çəkdi və məstedici həzz duyğusuyla sol tərəfə doğru addımlayıb, pilləkənlərə çatdı, yuxarı qalxdı. Başını ikinci mərtəbənin dəhlizindən içəri salıb, ətrafa göz gəzdirdi. Sinif otaqlarından müəllimələr və şagirdlərin səsi eşidilirdi. Otaqlardan birinin qapısı açıldı, içəridən əlini şalvarının qabağına tutan kiçik oğlan uşağı çıxdı. Fimar üz-gözünü büzüşdürüb, uzaqdan ona baxan bu uşağa gülümsədi, uşaq isə heç nəyə məhəl verməyib, o biri əlini də qabağına tutdu, qaçaraq onun yanından keçdi və üstündə “oğlanlar üçün” yazılan qapını həyəcanla açıb içəri girdi.
Gülümsünərək əlinin içiylə saçına sığal vura-vura geri çevriləndə xırıltılı, təngnəfəs səs eşitdi. Səs yavaş yavaş incə fit səsinə çevrilərək öz kölgəsi ilə bərabər pilləkənlərlə aşağı enirdi. Fimara elə gəldi ki, bu, uzun illər öncə başları gilyotinlə vurulmuş minlərlə adamın xırıltılarına sahiblik edən meydanlardan, sübh vaxtı sakitliyi insaf bilən qəssabların iti bıçağı altında bağıran inəklərin boğazlarından, yaşamaqdan əl götürüb qaçmaq istəyən əlacsız xəstə bədənlərin iniltisini divarlarında boğan xəstəxana palatalarından sivrilib gələn və taqətdən düşən səsdir... Amma o düşünmədi ki, bu səs onunla üzbəüzdəki pilləkənin başında dayanan ağ tükləri kirdən tündləşib pırtlaşıq düşmüş, bu kirli tüklər arasında üstü parlaq qaşlarla bəzənmiş boğazlığı daşıyan, quyruğuna qurumuş kol-kos qırıqlarının, taxta ovuntularının ilişdiyi, arıqlıqdan qulaqları yana əyilmiş, onurğa sümüyü qurumuş budaq kimi aşkar görünən, baxışından ölümün damcıladığı, ciyərləri xır-xır xırıldayan pişikdən gəlir.
- Perla! – o, kədərlə dedi
Pişik çətinliklə nəfəs ala-ala pilləkənlari enərək vecsiz şəkildə onun yanından keçib, ikinci mərtəbənin dəhlizinə girib, sola döndü. Fimar qəfildən pilləkənləri iki-iki çıxmağa başladı. Təngnəfəs başını yuxarı qaldıranda, üçüncü mərtəbənin qapısı ağzında, ağ-qara rəngli saçları arxadan hörülmüş, qırmızı rəngli qısa ətəkdə, ətli ayaqlarına mavi rəngli tuflilər geymiş, dik döşlərini qucaqlayan yaşıl köynəkli, ala gözlərinin altı torbalanmış və qırışmış qadın, tənqidə hazır simayla ona baxırdı. O, qadını tanıdı. Bu onun məktəbdəki rus dili müəlliməsi Olqa idi. İllər əvvəl bu müəlliməni həmkarlarından fərqləndirən yeganə şey qırxlı yaşlarında olmasına baxmayaraq hələ də bakirə olması, ailə həyatı qurmaması idi. Onun bakirəliyi, həmişə bütün hərəkətlərindən - danışığından, gülüşündən, qəzəbindən, çöhrəsindəki hər halından ağzı bağlı qıfıl kimi sallanırdı. Bu qıfılın necə möhkəm bağlandığını illər keçdikcə şagirdləri də dərk etməyə başlamışdı. O indi çox dəyişmişdi. Əlləri kobudlaşmış, başı daha da yekəlmiş, bir sözlə, qadına xas bütün gözəllikləri təbiət ondan zorla qoparmışdı. Bu gözəlliklərdən geriyə qalan ən parlaq, ən toxunulmaz şey onun bakirəliyi idi. Bu bakirəlik illərdir dərin yerə basdırılmış, içi, çölü pas, kif atmış sandıqda qalan, amma parlaqlığından heç nə itirməyən qızıl külçə kimi hələ də işıldayırdı.
-Gəl, gəl! – Olqa ona əmr etdi və təmir səbəbi ilə qapı əvəzinə asılmış müşəmbəni aralayıb üçüncü mərtəbənin dəhlizinə girdi və ədayla təkrarladı – Gəl, dedim! – otaqlardan hansınınsa qapısının cırıltısı eşidildi. Fimar müşəmbəni ehtiyatla aralayıb içəri girdi. Ustaların təmir alətləri, yana aşırdılmış bir neçə nərdivan, rəngbərəng divar boyaları dəhlizin harasına gəldi atılmışdı. Köhnə taxta döşəmə başdan-ayağa toz-torpaq içindəydi. Qadın dəhlizin girişi ilə üzbəüzdəki otağın qapısını açıq saxlayıb içəridə onu gözləyirdi.
-Mən sizi tanıdım, Olqa müəllimə, siz də məni tanıdız? – deyə Fimar qadını itaətkar baxışlarla süzə-süzə otağa doğru addımlayaraq sakit səslə dedi. Bu vaxt qadın masanın üzərindəki təbaşiri götürüb, lövhədə tələsik nələrsə yazmağa başladı. Təbaşırin ovuntuları günəşin işıqları altında dairə vurub otağın tavanına doğru qalxırdı. O, qadının lövhədə nə yazdığını görməyə tələsərək tez içəri keçib, gözlərini lövhəyə zillədi.
- “İnsanların gedişini qatarların gedişi ilə səhv salmayın, insanlar geri dönmür!..“ – qadın yazını sonlandırıb, əliylə arxa partaya işarə verib, nəzakətli səslə xahiş etdi – Zəhmət olmasa, ayağa qalxın və valideyn olaraq bu qədər insanın içində öz övladınıza bir cümləlik məsləhət verin! – bunu deyib, gözlərini lövhəyə dikmiş Fimarın yanından ötüb, qapının ağzında dayandı. Fimar geri çevriləndə bütün partalarda sinif yoldaşlarının analarının, bəzilərinin isə atalaranın illər əvvəlki hallarında oturduğunu gördü. Onlar hərəkətsiz, donuq halda yanlız gözlərini qırpır, Fimara baxırdılar. Arxa sıradan səs gəldi, bu onun anası idi. O stulu yanı ilə arxaya itələyib ayağa qalxdı, bir qədər şikayətli nəzərlərlə oğlunu süzdükdən sonra dərindən ah çəkib yerinə oturdu. Bu vaxt bütün valideyinlər ayağa qalxıb, bir-bir otaqdan çıxmağa başladılar, kişilər qapının ağzında dayanıb, qadınlara nəzakətlə yol verdikdən sonra özləri də çıxdılar. Müəllimə hələ də qapının ağzında dayanmışdı. Fimar anasına baxıb, gözləri dolaraq gülümsəməyə başladı, bu, gülüşdən daha çox sevincə oxşayırdı. Anası çantasını açıb güzgüsünü, sonra isə dodaq boyasını çıxardı. Qadın boyanı dodaqları üstündə gəzdirdikcə onun oynaq sifətində qəribə, təsvirəgəlməz canlanma, gənclik baş qaldırırdı. O gəncləşdi, gəncləşdi, gəncləşdi... lap baharda tumurcuqlayan yarpaq kimi təzələndi. Hətta o qədər gəncləşdi ki, Fimar öz anasını tanıya bilməyib bir anlıq bu gözəl qadına aşiq də oldu. Qadın əşyalarını çantasına yığıb, ayağa qalxıb, sinifdən qaçaraq çıxdı. Olqa da yeyin addımlarla onun arxasınca çıxdı. Dəhlizi tuflilərin səsi aldı. Fimar həyəcanla – ana! – deyə qışqıraraq tələsik dəhlizə atıldı. Amma dəhlizdə addımlayan müəllimə idi. Müəllimə siniflərdən birinə girib, şüşəli və üzəri ağ boyayla səliqəsiz rənglənmiş qapını sərt şəkildə çırpdı, içəridən bağlanan qapının kilid səsi dəhlizdə əks-səda verdi. Xırıltılı səs yenə ona doğru yaxınlaşırdı. Fimar gah geri, gah da irəli çevrildi. Bu dəfə ağ rəngli pişiyin dəhlizin digər qapısındakı müşəmbənin arasından heysiz addımlarla içəri soxulduğunu gördü. Pişik çox çətinliklə yerə uzadılmış nərdivanın üstündən keçib, ona doğru gəlirdi. Pişiyin gözləri çəpləşmişdi. Fimara elə gəldi ki, onun bir gözü ölümə, digər gözü isə həyata baxır, amma qarşısını qətiyyən görmür. O, Fimarın yanına çatıb, başını yuxarı qaldırdı, diqqətlə onu süzdükdən sonra ayaqlarına sürtünüb ən başdakı qapısı açıq olan otağa doğru irəlilədi. Fimar geri çevrilib, onun arxasınca düşdü. Pişik içəri girib, pəncərə tərəfdəki partalardan birinin üstünə çıxıb, arxasını yırğalaya-yırğalaya əllərini, ayaqlarını altında bükdü. Ağzını geniş açıb əsnədikdən sonra üzünü lövhəyə tutdu. Fimar sinifin girəcəyində dayanıb ətrafı həsədlə gözdən keçirirdi. Birdən pişiyin çox izaholunmaz rahatlıqla üzünü tutduğu səmtə - lövhəyə göz gəzdirdi. Lövhədə iri hərflərlə “Ölülərin dirilərden qorxmağa daha çox haqqı var!” yazılmışdı. Qəfildən sinifi səs-küy bürüdü. Geri boylananda sinif yoldaşlarlarının uzaq illərdəki görkəmdə bir-biriləri ilə deyib-güldüklərini, göydə uçuşan yumrulanmış dəftər vərəqlərini, bəzi qızların qeybətcil tərzdə söhbət etdiklərini və pişiyin sağ yanındakı yerdə çox sakit tərzdə sol əlini alnına söykəyərək oturub kitab oxuyan bacısı Banunu gördü. Pişik partanın üstündən yerə atılıb, Fimarın yanından keçdi. Qapıda üzbəüz gəldiyi oğlan uşağı pişiyin ayağını necə tapdaladısa, pişik həyasız bir səslə çığırıb otaqdan dəhlizə qaçdı. Bu Fimarın uşaqlıq halı idi. Şagirdlərdən nə pişiyi görən oldu, nə də çığırtısını eşidən.
- Uşaqlar, deyəsən, Kolumbun bacısı bu gün dərs keçməyə gəlməyəcək. Ha ha ha ha ha ... - deyə oğlan uşağı gurultulu gülüşlə bunları deyib, qaçaraq müəllimənin stulunu pəncərənin ağzına çəkdi, stulun üstünə çıxmaq istədiyi vaxt, ayağı ilişib döşəməyə yıxıldı. Fimarın gözləri acizanə qırpılaraq baş verənləri izləyirdi. Uşaqlar hamısı qəhqəhə çəkib gülməyə başladı, oğlan baş verənlərə məhəl vermədən ayağa qalxıb, stulu düzəltdi və təkrar üstünə çıxıb həyətə boylandı.
- Fimar!!! Gəl otur yerində, az təlxəklik elə! – deyə Banu yerdən qardaşına səsləndi.
-Kolumbun bacısı gəlir, Kolumbun bacısı gəlir! Bu dərsə girmək istəməyənlər, arxamcaaa! – deyə oğlan stuldan enib, cəld sinifdən çölə qaçaraq qışqırdı. Sinifdəki bütün uşaqlar ona qoşulub, otaqdan qaçaraq çıxdılar.
- Fimar!!! Fimar! Gəl, otur yerində! – deyə Banu da şikayətli səslə qışqıraraq onun arxasınca düşdü...
O, özünə dalmışdı...daş kimi ifadəsiz sifətlə yerində donub qalmışdı. Uşaqların ayaq səsləri, dəhlizdə əks-səda verərək gedib-gəlirdi. Ürkək addımlarla uşaqların arxasınca çıxdı, amma dəhlizdə heç kim gözə dəymirdi, bütün səslər kəsilmişdi.
- Bu tamaşa illərdir mənim üçün hazırlanıb! - deyə düşünərək rus dili müəlliminin bayaq girdiyi qapısı qapalı sinif otağının ağzına gəldi, qulağını qapıya söykəyib, bir qədər dayandı, sonra sanki indi deyəcəklərindən ehtiyatlanan səslə dilləndi:
- Olqa müəllimə sizin neçə uşağınız var?!
-Bir! – fövqəladə bir kədərlə qadın cavab verdi.
- Buna çox sevindim! Adı nədir?! – Fimar titrək səslə soruşdu.
- Anya! Onu görmək istəyirsən? O indi burdadır.
- Ah... Əlbəttə... Mən də deyirəm siz görəsən nəyə görə otağa girib qapını bağlamısız. Deməli sizin danışacaqlarınız, ya da ikinizə aid nəsə başqa işiniz var imiş. Bəlkə də kobudluq eləmiş olacam amma mən sizin ailə həyatı qurduğunuza çox sevindim!!! – Fimar nəzakətli səslə dedi:
- O, sənin yanına gəlir! – qadın dedi və qəfil içəridən qapının şüşəsinə çırpılan şey onu çilik-çilik edib dəhlizə düşdü. Bu çiyinlərindən məktəbli çantası asılmış, üstündə qırmızı rəngli qısa donu olan, sarı saçlı, xırda burunlu, iri yaşıl gözləri olan kukla idi. Kuklanın kapron ayaqları və qolları toz basmış taxta döşəmədə sürüşüb, üzbəüzdəki sinifin qapısına dəyib dayandı.
-Axı, bu kukladır! – deyib Fimar qapıya yaxınlaşmaq istədi, amma qapının şüşəsinin sınıq yerindən günəşin parlaq şəfəqi dəhlizə elə bir parıltıyla keçdi ki, dəhliz Fimarın illərdir günəşdən gözlədiyi həmin parlaqlığa qərq oldu, sonra bu şəfəq sarı rəngli böyük bir mələyə çevrilib, qanad çalaraq özünü divarlara, otaqların qapılarına çırpdı. Qapılar taybatay açılmağa, otaqlarda illər əvvələ xas səslər dillənməyə, gah parıldayan, gah da boğulan tutqun hava rəngləri boy göstərməyə başladı. Bu səslər keçmişdəki şagirdlərə, müəllimələrə, dərsin sonunda vurulan minlərlə zəngə məxsus idi. Onlar qəhqəhə çəkir, inildəyir, susur, rabitəsiz cümlələrə, sözlərə çevrilir, susur, onlara kimsə əzab verirmişcəsinə qışqırır, təkrar susur, ağlayırdılar. Anidən bütün səslər, dəhlizdən eşidilən iztirablı pişik myoltusu ilə sonlandı. Otaqların qapısı qapandı, özü də xəfif əsən küləyin sayəsində. Amma Fimarın illərdir günəşdən gözlədiyi həmin günə xas parlaqlıq yenidən bərpa olmuş, öz yerində qalmışdı. Fimar geri çevriləndə ağ pişiyin dəhlizin qapısı ağzında dayandığını və yerə qoyduğu qırmızı rəngli pomidoru yaladığını gördü. Olqa müəllimənin otağının qapısı açıldı və bayaq məktəbin həyətində söhbətləşdiyi yaşlı adam bu otaqdan çıxıb, doğmalıqla ona baxıb gülümsündü, hər iki əlini arxaya uzatdı, sinifdən onun iki əlini də tutan kiçik əllər, sonra bu kiçik əllərin sahibləri olan bir oğlan, bir qız uşağı çıxdı. Bunlar Fimarın bacısı Banu və Fimarın uşaqlığı idi. Banu nazla kişinin qabağına keçib “Çantamı yaxşı bağla!” deyə çiynindəki çantanı silkələdi. Balaca Fimar nadincliklə qızın keçi buynuzu kimi yığılmış saçının bir tərəfin dartışdırıb, sevinclə atılıb düşdü, Banu da onu qıdıqlamağa çalışaraq qarnına əl atdı. Sonra Banu ağ pişiyi gördü və sevinclə “Perla!” deyə ona tərəf qaçdı. Balaca Fimar kişinin əlindən tutub, Banunun arxasınca addımlayaraq, cır səslə “Baba, mənə nağıl danış da” dedi. Banu sevgiylə Perlanı sığallayırdı. Kişi bayaq aşağıda onunla dalaşan və indi də dəhlizin ortasında dayanıb onları izləyən Fimara baxa-baxa əlindən tutduğu kiçik Fimarı dayandırıb, ona doğru aşağı əyilib, nağıl danışmağa başladı:
- Amma çox qısa nağıl olacaq.
Uşaq başını yelləyərək razılıq verdi.
“İllər əvvəl günəşli may səhərlərindən birində oxuduğu məktəbin həyətində sağ əlində tutduğu məzun şəhadətnaməsini nifrətlə günəşli səmaya tərəf tullayan bir oğlan görünmüşdü. Bəlkə də oğlan şəhadətnaməsini günəşin yandıracağına ümid edərək bu cür davranmışdı. Çünki şəhadətnamə göydən yerə düşəndə, oğlan birinci ayaqları altındakı şəhadətnaməyə, sonra da gözlərini qıyaraq günəşə tüpürdü. Hələ hirsi soyumayıb, arxaya çevrilib məktəbin giriş pilləkənlərinə da tüpürdü və “əlvida, iyrənc illərim” deyə qəhqəhə çəkdi, qaçaraq ordan uzaqlaşdı. Zamanla məktəb də, günəş də bu hərəkətinə görə ondan küsdü. Uzun illər sonra oğlan ən gözəl vaxtlarının bu məktəbdə olduğunu, günəşin məktəb illərində daha gözəl parıldadığını anladı və keçmişindən üzr istəmək üçün dəfələrlə ora geri döndü, özü də öz olmayan uşaqlarını məktəbdən götürmək bəhanəsi ilə həmin məktəbə gəlib getməyə başladı. – Kişi bunu deyib gözlərini yuxarı zillədi - Amma onu məktəbin qapısı ağzından heç kim içəri buraxmırdı. Bir gün bu oğlan məktəbin içinə girdi və o illəri doya-doya yaşamadığı üçün dərin peşmançılq hissi keçirdi. Amma keçmiş o qədər vəfalı idi ki, onu qucaq açıb sevgiylə qarşıladı. Günəş də oğlanla barışdı. O gündən sonra oğlan daha keçmişə boylanmırdı, bütün günlərini o qədər sevgiylə yaşayırdı ki, yeni günü yaşamaq həyacanından, dünənki günü xatırlamağa vaxt tapmırdı.” – kişi ayağa qalxıb, ona baxan Fimara göz vurdu və balaca Fimarın əlindən tutub – “Gedək.” Dedi.
- Maraqsız nağılıydı.
- Ha ha ha ha... Məncə də.
- Baba, ölsə, mən Perlanı harda basdırım?! – Banu babasının əlindən tutub dedi.
- Sən onu illər sonra məktəbin darvazası ağzındakı şam ağacının altında basdıracaqsan, mən buna əminəm!
- O çox şirindi!
- O keçmişin ən kədərli xəbərçisidi!
Onlar pilləkənlərlə aşağı düşdülər, pişik də ağzında pomidorla onların arxasınca gəldi. Fimar üçüncü mərtəbənin pilləkənlərində dayanıb, onların ayaq səslərin dinləyirdi. Bu vaxt məktəbin zəngi vuruldu. Bütün mərtəbələri uşaqların səsi bürüdü. O qaçışan şagirdlərə dəyə-dəyə məktəbin binasından çıxıb, darvazaya doğru irəliləyirdi. Ağ pişik xəstə görkəmini dəyişmiş, daha gümrah və gözəl halda onun yanından qaçıb, ağzındakı pomidoru dişləri arasında möhkəm sıxaraq, hündür şam ağacına dırmaşdı və pomidoru ona baxan Fimarın ayaqları altına atdı. Fimar əyilib əzilib, partlamış, suyu süzülən pomiduru götürüb, burnuna yaxınlaşdırdı. Pomidor anasının eyvanda ona verdiyi duzlanmış pomidor kimi qoxurdu. Gülümsünərək başını yuxarı qaldırıb ağ pişiyə baxdı. Pişik şirin nəzərlərlə ona baxıb, bir dəfə myoldadı.
- Myoo
O pomidoru səliqəylə səkinin üstünə qoyub, əliylə şam ağacına sığal vurub, darvazadan çölə çıxdı. Addımlarını saxlayıb gözlərini dalğınlıqla burnu məktəbin darvazasına tərəf dayanmış, pəncərələri açıq buraxılmış avtomobilin içinə zillədi. Avtomobilin magnitofonunda Rasim Müzəffərlinin ifasında mahnı səslənirdi:
Bir batmış gəmiyəm indi mən,
Suların altında yatmışam.
Qorxmuram tufandan, küləkdən,
Sevməyin daşını atmışam.
Nələr-nələr üzür qəlbimdə,
Sevməyi bilməyən nə bilər?
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən sevgilər.
O özü yaşda olan valideyinlərin arasıyla məktəbin tinini döndü, musiqi səsi hələ də eşidilirdi, qoltuğundakı qəzetləri yolun sağındakı “Xəngəl” restoranının ağzına qoyulmuş zibil vedrəsinə atdı, siqaret yandırıb, tüstüsünü başının üstünə üfürə-üfürə gözdən itdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!