Hekayələr - Sadıq Qarayev

 

And

 

And olsun, doqquz iqlimli torpağa, Araz boyu ayrılığa, Kür selinə, Savalandan Şahdağa əl eyləyən mübarizlər elinə, dünya boyda əsarətdə, Əlincə böyüklükdə azadlığa!

Bu Vətən cənnətin öz bənzərində...

Bir daşına dünya dəyməz,

Qiymətini yadlar bilməz!

And olsun, Şərqdə ilk Demokratik Respublika quran Xalqın böyüklüyünə, ruhumuzu dirçəldən, tarix səsli himnə, Cümhuriyyət əsgərinin əbədi millət qeyrətinə, ilk şəhadətinə!

Milli ruhun odu sönməz,

Bir kərə yüksələn bayraq, bir daha enməz!

And olsun, Gəlin qayasına, Xocalıdan ərşə qalxan ah-naləyə, üzərində donmuş uşaq, qırmızı-bəyaz qara, qara rəngə, baş əyməyən, satılmayan, tikə-tikə doğrandıqca bütövləşən, qızıl rəngli qiymətləşən, damcı-damcı göyə düşən sahibsiz kölgələrə, naməlum qəhrəmanlara!

Bu xalq torpaq verməz,

Şəhidlər ölməz, Vətən bölünməz!

And olsun, zabit yoldaşlarını qoruyan, düşmənin polkovnik, generalını boğan əsgərin əllərinə, yenə yoldaşlarından ötrü cismini qumbara üstə, ruhunu göylərə atan əsgərin üçrəngli əzəmətinə, iki yüzü yox edən birin öz-özünə heyrətinə, el-obaya özü təskinlik verən şəhid atasının yerdən-göyə qeyrətinə, vətən-oğul sevgisinə, iki aləmə bəyaz saçdan körpü salmış şəhid anasının gözlərində hər damlası vətən boyda, ümman-ümman qüruruna!

Səkkizguşəli ulduzlar heç zaman sönməz,

Şəhid ruhlu bayrağımız, ləkə götürməz!

 

 

Aləmlərin söhbəti

 

- Salam oğul, necəsən?

Hər gün, hər an səninləyik, biləsən. De görüm, o ağacın kölgəsi çox sərindir? Axan çayın şırıltısı, qəfil uçan o quşların pırıltısı bənzəyirmi bu dünyaya, baxırsanmı, sığırsanmı günə, aya?

Ehh, oğul, fikirlərim, yuxularım bir-birindən dərindir... Bir dənizdəyəm, sahilləri bilinmir.

Tək qayığım, ağ yelkənim,

de, yanına necə gəlim?

Bəlkə məktəb çantan ağırdır, ver götürüm, dərslərini bilirsənmi, de, dinləyim, nə istəsən, sənə alım, öz əlimdə yola salım.

Gülümsə, gözlərinin içində, üst-başının od-ocaq iyində, kölgəndə qalım. Yarandan süzülüm, de, mən sənə bir də ömür necə alım??

Susma, sən susanda döyüşürsən...

Qaya kimi böyüyürsən,

Sən susanda sıldırımlar aşırsan, bir sel olub, ucalara daşırsan...

Danış, dinləyim, göy-qırmızı-yaşıl məktəblim, gəncim, ay-ulduzlu əsgərim, vətən oğlum, torpaq-daş oğlum, milli yaddaş oğlum, varım- yoxum, iki aləmdəki bağrı qanlı, qanı şanlı, ağ qanadlı mələyim,

de, yanına necə gəlim?

- Salam, ata, necəsən?

Tələsmə ki, sən yanıma gələsən...

Burda çaylar fərqli axır, quşlar başqa cür oxuyur, yarpaqlar da çiçək qoxuyur, kölgələri ayrı cür sərin...

Ay ata, sənin saçların çox ağarmış, hər ağ tükün yanıma bir şəfəq salmış, üzündəki qırışlar yaram kimi dərin... Kədər qələmi qürur yazmış.

De, bilim, ata, orda vəziyyət necədir? İndi gündüzdür, ya gecədir? Şuşada işıqlar yanırmı, namazım yarımçıq qalmış, Dövlət baba məscidləri tikirmi, zəfər yolu çəkirmi, Kəndli baba torpağını əkirmi?

Mən gələndə soyuq idi o dağlar, qar üstündə qar yorğanla yatmış dostlar, görürdü qar yuxular... İndi qazılıbdır yeni səngərlər, qurulubdu yeni postlar? Üşümür ki, indi döyüş dostlarım, o dünyada, bu dünyada damardakı qanlarım?

Ata, mən də hər an sizinləyəm, biləsən,

Tələsmə ki, tez yanıma gələsən.

Anama de, yuxum gəlmir, mənə lay-lay desin,

Qızıma de, atan yatıb, gözləməsin.

 

 

Azərbaycançılıq məfkurəsi

 

Ey azərbaycanlı!

Dünyanın harasında doğulsan, yaşasan da sən, Azərbaycanı vətən bilməlisən! Milli dəyərlərin, dövlətçiliyin təəssübünü çəkməlisən.

Ana dilini bilməli, özünü müstəqil Respublika, Vətən və Xalq yolunda şəhid, ya qazi növbəsində görməlisən!

Oturaq, əkinçi, qədim yerli xalqsan, həm də günçıxandan-günbatana elatsan.

Şərqin, Qərbin, keçmiş və indinin, həm də gələcəyin qovşağındasan, doqquz iqlimli, nurlu gecəli, qızmar günəşli, üçrəngli dünyadasan, Azərbaycandasan!

Bəşəri dəyərlərin, səmavi dinlərin mahiyyətindəki yaxşılar, insanlıq xilqətindəki mələkxətli naxışlar milli varlığının simasında cizgilər salıbdır, lap Adəmdən bu günlərə pak qalıbdır.

Odur ki, nurlu, düz, haqq yoldasan, öz-özündən yaxşılıqsan, yetkin, kamil ali xalqsan!

Ey azərbaycanlı!

Hər bir xalqın baba ocağı, dədə oylağı vardır, orda hər zaman ilk bahardır.

Qutsal türk ocağında möhtəşəm tonqal yanmış, ətrafa köz salmış. O közün biri sənsən, ya oylaqda nəhəng Şərq palıdı vardı, altı laləzar, üstü qardır, budağı sənsən, dərinliklərdən aydınlıq alan möhtəşəm köklü, boranlara, qaranlıqlara sinə gərən azman gövdəyə bağlı, Azərbaycan türküsən, azərbaycanlısan. Vətəndə əsrlərdir birgə yaşadığın qardaş xalqlarla güclüsən, şanlısan, onlarla bütövlükdəsən, fəxr et ki, azərbaycanlısan!

Unutma, qürur duy, həm də layiq ol ki, bağrı şəhid qanlısan!

Qədimdən gəlib, bu gündən keçib, gələcəyə gedən elm, mədəniyyət, mənəviyyat yüklü, müqəddəs yoldakı karvanın sarvanısan, sən elə zaman içində Azərbaycan zamanısan!

Əsrlərin insanlıq, qəhrəmanlıq yadigarısan!

Ey azərbaycanlı!

Böyük, ali, dövlətlər, imperiyalar quran xalqlar kimi, sənin də tarixlər boyu geniş vətənin olmuş, sərhədləri gah böyümüş, gah da kiçilmiş, çiçək açmış, sonra solmuş.

Bu bir tarixi qanundur: "həqiqət də kapital kimi güclünündür, hər yer onlara" vətən olmuş!"

Dərbəndimiz, Borçalımız, Təbrizimiz milli həsrətimizdir, İrəvan öz şəhərimizdir.

Azərbaycançılıq müqəddəs, çətin, şərəfli yoldur, yolçuları ləpir-ləpir gəlirlər.

Ləpirləri salır şəhidlər, alimlər, milli dəyərlər yaradan dahilər, fikir- ideya sahibləri - dövlətçilik quran azərbaycanlı kişilər!

Ey azərbaycanlı!

Hər zaman xalqı, vətəni, dövləti və dini yolunda haqq mübarizəsi aparan şəhidlik, qazilik məktəbin olubdur, qəhrəmanlıqları milli yaddaşa dolubdur. Müstəqil dövlətinin, qanının, canının, Azərbaycanının ilk şəhadət məktəbini Cümhuriyyət əsgəri açıb, ruhumuza işıq saçıb!

Qanlarıyla bayrağımız ucalıb, özləri üç rəngdə qalıb. Ruhumuzda istiqlal günəşi ucalıb. O vaxtdan şəhidlik, qazilik məktəbin milli şüurun kimi bütövdür, zamandan düz, məkandan dairəvidir, bir şəhidimiz hamısı, hamısı da biridir, onlar bayrağımız, torpağımızla əbədidir, diridir.

Ey azərbaycanlı!

Sənin mahiyyətində dostluq, ağlıq, işıq, hər yerdə günəş, sülh arzusu vardır. Yaxın, uzaq xalqlar dostlarındır. Ancaq ermənilik adlı xəstəlik də vardır. Xalqımıza qarşı etdikləri vəhşilikləri, şeytanlıqları, soyqırımı heç vaxt unutma, çomaqsız qalma.

Qonşu kimi yaşa, dost olma.

Döyüş meydanında üz-üzə gəlməyi arzula, sülh vaxtı yuxuya getmə, ehtiyatı əldən vermə.

Dünyanın harasında elm varsa, getmək, ehtiyacı olana kömək etmək bəşəri vəzifəndir.

Bir də heç vaxt unutma, Azərbaycana günəş Azərbaycandan doğur!

Ey azərbaycanlı!

Müasir, azad, Azərbaycan türküsən, yəni azərbaycanlısan.

Dilin Azərbaycan türkcəsidir, yəni Azərbaycan dilidir.

Azərbaycan sözü, əsl mənada olubdur vətəninin, dilinin, xalqının adı, özü!

Unutma, mövcudluq kimliyindir Azərbaycan sözü!

Dinin İslamdır, müsəlmansan.

Vətənə, xalqa, dövlətə xidmət borcun, vəzifəndir!

Xidmətin elə özü vətəndir!

Bunun üçün güclü olmalısan, ya yenə də güclü olmalısan! Sənin gücün elə Azərbaycanın gücüdür!

Güc isə fiziki sağlamlıq, elm, mənəvi və maddi zənginlik, azərbaycançılıq məfkurəsi, milli dövlətçilik şüurunun vəhdətidir.

Vətən daşları ölkəmizin tükənməyən,

Əsl milli sərvətidir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!