Cavi DAN
Keçən həftə noutbukum birdən-birə gözümün qabağındaca xarab oldu və mənim bütün yazarlıq fəaliyyətim bircə anın içərisində iflic vəziyyətinə düşdü. On gün, düz on gün ərzində nə internetdən yüklədiyim kitabları oxuya bildim, nə bloquma baxmaq imkanım oldu, nə də qəzetə yazı göndərdim. Telefonla sosial şəbəkəni izləməkdən başqa nəsə bacarmadım və yazı yazmaq imkanım olmadığı üçün sosial şəbəkədəki aktivliyim də sıfıra endi. Yəni noutbukumla bərabər mən özüm də sönüb susdum.
On gün ərzində başımı ev işləriylə, qohum-əqraba görüşləriylə, şkafdakı kitablarla nə qədər qatsam da, ruhum daim nəyinsə çatışmadığını hiss etdi. Qəribə bir boşluq yaranmışdı və bu boşluq məni dəftərlərdə müxtəlif qeydlər etməklə, mətnlər başlamaqla məmnun olmağa sövq edirdi. Lakin çatışmayan o "nəsə"nin yeri dolmurdu ki, dolmurdu.
On günlük noutbuksuzluq məni düz on il əvvələ atmışdı və mən qorxmuşdum. Heyrətlə bu qəfil zamanı geriyə dönmək prosesinin gətirdiyi qorxu hissimi analiz etməyə çalışırdım. Axı mən nədən qorxurdum?
İyirmi birinci əsrin ürək döyüntüsünə çevrilən texnoloji imkanların gətirdiyi yeni informasiyalardan uzaq düşmək bir evdar qadın üçün heç bir önəm daşımır, çünki mən evdar qadın tərəfimlə bu günlər ərzində daha rahat və güclü idim. Lakin bir yazar üçün bu, faciədir.
Sən dünyada baş verən bütün yeniliklərdən kənarda dayanmış olursan, informasiya bazan ən son oxuduğun kitablarda, ən son izlədiyin xəbərlərdə, ən son baxdığın filmlərdə, ən son maraqlandığın ədəbiyyat-mədəniyyət xəbərlərində ilişib qalır və sən yenilənə bilmədiyin üçün suyu, havası, hərarəti, torpağı vaxtında yenilənməyən ağac kimi kökündən yarpağına qədər solub quruyursan. Nə kölgən olur, nə meyvən, nə gözəlliyin.
Doğmalarım mənə irad bildirirdilər: Əvvəllər kompüter yox idi, camaat yazı yazmırdı? O qədər interneti, kompüteri olmayan yazarlar var ki!
Yazırdı, əzizlərim, camaat min il əvvəl də kompütersiz idi və yazırdı. Camaat hətta yüz il əvvəl də yazırdı, on il əvvəl də... Bu günün özündə də məhz bu fikirlə kompüterizasiyadan da, internetdən də uzaq dayanmağı əsl şairlik, yazıçılıq hesab edən yazarlar var ki...qurumuş ağacdırlar, nə kölgələri var, nə meyvələri, nə gözəllikləri, lakin elə bilirlər hələ də yazdı və hələ də gülə, bülbülə, sünbülə şeir qoşmaqlarını ədəbiyyat, özlərini dahi sayırlar.
Yadıma Sovet dövrünün mobil telefonsuz rabitə imkanları düşür. Məsələn, qonşumuzun oğlu Moskvada yaşayırdı və anası ilə telefonda danışmaq istəyirdisə, əvvəlcə ona poçtla bir teleqram göndərirdi, həmin teleqrama görə qonşumuzu konkret tarixdə konkret dəqiqələr ərzində oğlu ilə danışa bilməsi üçün rayon mərkəzindəki əsas poçta çağırırdılar, qonşumuz səhər sübhdən kənd avtobusu ilə rayon mərkəzinə gedib oradakı poçt danışıq məntəqəsində növbəyə yazılırdı, saatlarla orada gözlədikdən sonra Moskvadakı poçtdan buradakına zəng gəlirdi və artıq yuxulamaqda olan ac-yorğun qonşumuzu mikrofonla uca səslə çağırıb diksindirirdilər: "Filankəsov(a) Filankəs, keçin filanıncı kabinəyə!"
Bəzən elə olurdu ki, həmin gün həmin söhbət alınmırdı və qonşumuz daha bir çağırış teleqramı gələnə qədər evinə qayıdıb həsrətlə oğlunun səsini gözləməli olurdu.
Və həmin qonşumuzun həmin illərdəki vəziyyətində olan nə qədər yazar var yer üzündə, görəsən...düşünəndə belə, adam dəhşətə gəlir.
Təsəvvür edin, bütün dünyada mobil operatorlar var və hər kəs də mobil telefon istifadə edir, siz isə hələ də bu yenilikdən imtina edib, kənd poçtolyonunun gətirəcəyi teleqramı gözləyirsiz ki, hansısa bir gündə rayon mərkəzindəki poçta gedib orada kabinələrin qarşısında saatlarla oturasınız və sizi kabinəyə dəvət etsinlər.
Və nə qədər yazar var, ilahi, kabinələrdə oturub ilham pərisinin zəngini gözləyir...əlində dəftər, cibində diyircəkli qələm, gözlərində yuxu, ürəklərində bütün yeniliklərə qarşı heyrətli bir qorxu hissi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!