"Gəlirikkkkk!" - deyə hayqırmışdım, elə nərə çəkmişdim ki, Koroğlu nərəsi sısqa qalardı nərəmin yanında. Kol-kosdakı heyvanlar yerindən dəbərər, quşlar cikkildəşər, yalçın qayaların köksünə xal düşərdi. İçimdəki "mən"imin "İşə getmə, Şuşaya gedirik!" duası Tanrı dərgahının taybatay açıq qaldığı bir məqama düşübmüş; bəlkə bu duamız Əbdürrəhim bəyin, Nəcəf bəyin, Molla Pənahın, Üzeyir bəyin, Bülbülün, Xan əminin, Bədəl bəyin məzarının önündə gedib pasibanlıq yapırmış, gecə-gündüz, gündüz-gecə onların qarovulunu çəkirmiş. Bu günlər "yolumuz incə", - deyirdik incilməmək şərti ilə, "işimiz zor söylərdik" düşmən zorunun başını əzmək naminə, "hər çətin asan olur, amma çətin asan olur", - deyib, Şuşaya dönüş inancımıza sarılan olmuşuq. Gözün aydın, Cavanşir eli, Xınzırıstan, Sarıcalılar tayfasının mübarəkləri, xatircəm ola bilərsiniz.
Zakirəm, türfə xiyaban ilə bağım vardır.
Yatmağa, durmağa rəngin otağım vardır.
Nə qədər aşü-plov yesə, qonağım vardır.
Yaxşı nəvvadələrim, oğlum, uşağım vardır.
Yoxdur bir özgə qəmim, fikrü-xəyalım, Qarabağ!
Q.Zakir
Bu 44 gündə hər şeyin adına "Şuşa" deyirdim; ev-eşiyə, saatın kəfkirinə, yorğan-döşəyə "Şuşa" deyirdim. Qab-qaşığıma, elin ozanına - aşığına "Şuşa" deyirdim. Eyvanın məhəccərinə, qapının kilidinə, hər şeyi "Şuşa" çağırırdım, hamını Şuşa kimi görürdüm. Nə bilim, məndən olsa, bütün terminlərin adını dəyişib bu saat Şuşa qoyardım. Lüğətdəki bütün sözlərə, dilçiliyin bütün sahələrinə, bölmələrinə, morfologiyaya, sintaksisə, leksikologiyaya - hər şeyə "Şuşa" deyərdim. Abreviaturalara, cümlə üzvlərinə, onları həm məna, həm də qrammatik cəhətdən bir-birinə bağlayan sintaktik suallara, sufikslərə, prefikslərə, şirkət adlarına, işlədiyimiz hər məkana Şuşa adını verərdim.
- Salam, Şuşa xanım,
- Salam, Şuşa bəy,
- Harada işləyirsiz?
- Şuşada.
Hələ sual edəydilər ki, nə tez gedib çıxdınız oraya?
Deyərdim: ki, "Vətən dedim", "Vətən bildim" - ona görə.
Şöhrəti boynumda olan canımı əla tanıyıram, necə deyərlər, "pir mənimdir, kəramətinə bələdəm". Məndəki dərd Şuşa dərdi idi, dostlar, şükür, qovuşdurana, şükür, Şuşanı mənə yaraşdırana, Ali Baş komandana, əsgərinə minnətdarıq, zabitinə minnətdarıq. Lap yeri gəlsə, "iti qovan kimi qovuruq onları" - iti qovan kimi ifadəsinin ilk hərfinə, son hərfinə təşəkkür düşür. "Qarabağ Azərbaycandır!" ifadəsinin nidasına, düşmənin Şuşaya dediyi "əlvida"sına da, Cavanşir elinin Sarıcalı oymağının Babasına da heyranam bu saat. Baba bəy Şakiri nəzərdə tuturam. Ötkün və bişkin el şairinə:
Mən özüm övladi-Pənah aliyəm,
Keçən qəziyyədən yeksər haliyəm,
Tamam aləm bilir Sarıcalıyam.
Saat 08:00-dır.
Hər kəsi "Şuşa" deyib çağırardım bu aralar, adam lap dəli olarmış, ilahi, Şuşasızlığa.
- Salam həkim, ağrıyıram.
- Nədəndir şikayətiniz?
- Şuşadan, daha doğrusu, Şuşasızlıqdan. İndi elə bir yerim ağrımır.
Ağrımaz təbii, nə təhər hayqırmışdımsa, düşmənin qulaq pərdələri bəlkə də, partdaq-partdaq olmuşdu, komandirlərinin əmrini də yerinə yetirə bilməmişlər bu səbəbdən, təqvim noyabrın 8-i, saat əqrəbi harayacan irəliləyib, əcəba?
Saat kəfkiri dayanmır.
Qurban olum, tez yürü, ay saat əqrəbi, tez irəlilə, tələsən yerimiz var axı. Qurban olum, tez get, becid get, ayağına daş dəyməsin.Onu deyirdim axı, hamıya "Şuşa"- deyib çağırırdım, bir dəfə dostumun adına da "Şuşa" demişdim, hələ işdən zəng edən direktorumuza, "Bəli, Şuşa müəllim, lazımamsa, bu saat gəlim", - demişdim.Yadımdan çıxdı, dünən axşam dağlılardan təndirdən çörək alanda da:
- "2 dənə Şuşa verin, ancaq zəhmət olmasa, salafan paketə qoymayın, əlimdəki qəzetə bükün" demişdim. Həmən də, "bıyyy, çaşdım, ay Füruzə xala", - söyləyib üzrxahlıq eləmişdim. Füruzə xala da:
- "Ay bala, olur da" - deyib, lakin altdan çəpəki-çəpəki mənə baxmışdı da.
Siz Allah, gülməli deməyin mənə, deməyin, yaxşısı budur, görün.
Döyüş sonrası sərəfraz gəzən qardaşlarımızı görün.
(Şuşa alınandan sonra yürüşə çıxanları görün)
Saat kəfkirini izləyirəm.
Səs gəlir, saat günorta 12-dir.
Onu deyirdim axı... saat əqrəbi gündüz 10.00-ı göstərəndə işdən yenicə dönmüşdüm evə. Gecə çimir edə bilməmişdim, dedim ki, yuxumu alım bir azca. Fəqət, elə bil köksümdən nəsə basırdı, elə bil Əzrayıl son nəfəsdəki ölünün canını alacaq təki üzərimə şığımışdı. Sanki ürəyim o sayaq şıdırğı vururdu. Rəngim-ruhum da qaçmışdı, hərənin ağzından bir avaz gəlirdi.
Biri deyir:
- 5 gündür girmişik Şuşaya, - biri deyir:
- Əmimoğlu zəng edib, artıq Qalaya çathaçatdadılar və.s.
Amma hər kəsin gözü telegüzgüyə ona görə zillənir ki, rəsmi xəbəri
"Ali Baş komandan elan eləsin". Bu fikirlərlə "gedim, mürgü vurum bir az", - deyib, var-gəl edirdim. Bu düşüncələr içində mən ölmüş elə yuxuya təslim olmuşam ki, zəngə oyandığımda saat 13.30-u göstərirdi.
13:30, o qadasını aldığım saatdır.
"Şuşanın azad olunmasını Prezident elan elədi" cümləsini Firəngiz anadan eşidəndə, bir görəydiniz məni..
Yooox, göz yaşına-filan boğulmadım, amma kaş boğulardım. Kaş yaş aparardı gözlərimin bəbəyini, kaş gözyaşım sel olub ağzımdakı quruyan dilimə məlhəm olardı. Kaş bu sözləri dinləyən qulaqlarımın şadlığını-sevincini görəydiniz, şuşalılarım.Tək idim, yalnız idim evdə, nə yaxşı ki, dostlar, yalnız idim. Yoxsa, "vay yanımdakı adamın halına", -deyərdim. Sevincdən gedib onu elə bağrıma basardım ki, bağrımda nəfəsini tapşırardı, sevincimdən dost-aşnanın boynunu elə qucardım ki, o saat canı çıxardı, şadlığımı görənlər gedib şadlıq sarayları açardılar özlərinə. Sevincimdən pay götürənlər həmin saat doğulan körpə qızlarına "Sevinc" adı verərdilər. Bağışlayacaqsız, ancaq mən hər kəsi bu dəmlər "Şuşa" deyib çağırıram, "Sevinc" yox.
- Yaxşı, Şuşa müəllim,
- Baş üstə, Şuşa bəy, oldu.
Hamını bu təqdimatda görən canım, hər kəsi bu adda çağıran canım...
Bu kişilərin də adı Şuşadır. Bəh-bəh-bəh. Şuşa Şuşa oğlu - Baba bəy Şakir, Mir Möhsün Nəvvab, Bədəlbəylilər, Hacıbəylilər.
13:30, görüm səni payidar olasan. İndi də hər saat əqrəbi fırlanan kimi gözüm 13-ü və 30-u axtarır. Adətkərdə olub gözlərim. Arayır 13.30-u. Əhdim var axı, qoca nənələrimizin əhdi sayaq.
Hər xeyir işimi 13:30-a salacam. Elin qız-oğluna, ər-ərəninə "Şuşa" deyəcəm.
- "Salam şuşalılar, sağ olun, şuşalılar, biz gəlirikkkk!" - demişdim. Gəldik, 28 il yarımda yaralarını elə sarıyaq ki, bir də ötənləri anmayasan, gəldik, "yüngülyastıq olasan yox, keçmiş olsun!" deyək. Salam, "Şuşalı"lar, "Şuşa"yevlər, "Şuşa"zadələr, "Şuşa"soylar, mümkünsə, soyadlarınızı belə qeyd edin növbəti gündən.
Bir balaca sirr açım, bu günlər çaşıb taksi sürücüsünü "Şuşa dayı", - deyib çağırmışam. Yaxşı ki, dadaş məni bir az ağır eşidir.Yeri gəlmişkən, çaşıb güldana da, dibçəyə də, telegüzgüyə də "Şuşa" demişəm, həəəə, saat kəfkiri qaldı, ona da ikidəbir "Şuşa" demişdim ayın-8-i.Görürsüz, 13:30-da necə sevindirdi məni. Bir də bu telefonuma 44 gündür "Şuşa" deyirəm.
Həmin an mobil telefona zəng gəlir. Eşidirəm, kimdir?
- Bəli, Şuşa əmi, sizsiniz?
- Saat?
- 13:30-dur, necə bəyəm?
- Aaaaaaaaaa, gəlirikkkkkkkkkkk, Şuşa!
9 noyabr 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!