Mənə validol...
- Alo! Alo! Bura Mahmudun evidir? Hə? Eşitmirəm, bərkdən danışın! Kimin? Kimin evidir, deyirsiz? Mənə Mahmud lazımdır, Mahmud! Bəs bura onun evi deyil? Yox? Bağışlayın, üzr istəyirəm... Deyirəm bağışlayın... Eşidə bilmirsiniz? Bir də zəng edim? Yaxşı! Yaxşı!
Bacı, ay bacı, mənə 38-22-23-ü verin. Hə, hə, 22-23! İyirmi üç! Ay bacı, otuz səkkizlə! Yazdınız? Bir də deyim? Otuz səkkiz, iyirmi iki, iyirmi üç. Eşitdiniz? Soruşuram, indi eşitdiniz? Necə nəyi? Telefonun nömrəsini! Gözləyim? Gözləyirəm. Deyirəm, gözləyirəm!
Bir-iki saat keçir. Telefon uzun zəng çalır. Aha, deyəsən, rayondur. Dəstəyi qaldırıram:
- Salam! Deyirəm, salam-əleyküm! Pis eşidirsiniz? Eybi yoxdur, birtəhər danışın, mənim kimi! Mahmud evdədir? Mahmud!.. Salam, Mahmud! A kişi, nə kələm? Deyirəm "salam". Kələmi neynirsən? Rayonda kələm yoxdur? Nə? Əşi, mən "kələm" demirəm ey, "salam" deyirəm! Şükr, axırı eşitdin? Əsgərlikdən gəlib? Tanımıram. Deyirəm, mən Şükürü-zadı tanımıram! Nəəə? Mən "Şükür" demədim ey, dedim "şükr, axırı eşitdin". Hə... Hə... Zəng vurdum bildirəm ki, sizə gəlmək istəyirəm. Əşi, sizdə qalmaq istəmirəm ey, hələ gəlmək istəyirəm. Hə, gəlmək istəyirəm. Gəlim? Nə vaxt? Soruşuram, nə vaxt? Səsin gəlmir, nə oldu? Niyə ağlayırsan? Kim dedi "öldü?" Mən? Mən elə demədim, dedim, "nə oldu?" Əşi, nə oğlan, nə qız? Əkiz nədir? Yox, mən arvadının nəyi olub-olmadığını soruşmuram. Soruşuram ki, "nə oldu ki, səsin xırp kəsildi?" "Turp" demirəm ey, "xırp" deyirəm. Yəni səsin birdən kəsildi. Hə indi başa düşdün? Yaxşı, nə vaxt gəlim? Nə vaxt istəsəm? Onda bazar günü. Bazar bağlanıb? Əşi mənim bazarda nə işim var? Yox, mən deyirəm, bazar günü gələcəyəm. "Azar" yox ey, "bazar". Hə bazar günü! Uşaqları da gətirim? Məni ələ salırsan, Mahmud? Soruşuram, ələ salırsan məni? A kişi, necə "niyə?" Mən hələ təzə evlənmişəm, uşaq-muşaq haradan oldu? Danışan mənəm ey, Hüseynqulu! Bilirsən? Bəs bu nə zarafatdır, edirsən? "Uşaq-muşaq" zarafatını deyirəm. Nə deyirsən? Bilirəm, Mahmudsan... Yaxşı, de görüm o şeyləri gətirim? Soruşuram o şeyləri gətirim? Nəyi? A kişi, özün deməmişdin? Yox? Bura bax, sən Günçıxan kəndində yaşayan Mahmud deyilsən? Nəəə? Bəs bura hansı kənddir? Günbatan? Arvad, mənə validol!!!
Falçı!
Ona falçı Zöhrə deyirlər. Ünvanını çoxu əzbərdən bilir: Əyri küçə, dar dalan, ev 15.
Zöhrənin evinə müxtəlif yerlərdən müxtəlif adamlar gəlir. Onlar falçıya bacardıqları qədər hörmət edir, "fallarına baxdırıb" bəxtlərini yoxladırlar. Deyirlər elə bir dərd yoxdur ki, falçı Zöhrə əlacını bilməsin.
Bir gün mən də "falıma baxdırmaq" üçün Zöhrəgilə getdim. Məni çevik, yanaqları qırmızı, kök bir qadın qarşıladı:
- Buyur oğlum, dərdini de, əlacını göstərim.
Məndən əvvəl gəlmiş qadınları göstərib dedim:
- Onlar məndən əvvəl gəliblər, tələsmirəm, qadınları yola salın, gözləyərəm.
Zöhrə əlindəki kartları qarışdırıb köhnə qumarbazlar kimi bir "daraq" çəkdi, üzünü qadınlardan birinə tutub amiranə şəkildə soruşdu:
- Mətləbin nədir, xanım?
Qadın yazıq görkəm aldı:
- Heç xəbər almasan yaxşıdır. Bir od-alov ərim var, səhər evdən çıxır, bir də gecəyarısı gəlir. İxtiyarım da yoxdur ki, bircə kəlmə soruşum harada veyillənirsən? Dillənsəm qan salar.
Falçı ani fikrə gedib dilləndi:
- Gərək, ərinin ağ maykalarından birini mənə gətirəsən. Amma çalış, trikotaj olmasın.
- Trikotaj olanda nə olar?
- Bilirsən, mən gərək həmin maykanı sarıköklə sapsarı eləyəm. Özün bilirsən ki, trikotajı boyamaq üçün çoxlu sarıkök lazımdır, onun da xərci çoxdur.
Qadın təəccüblə soruşdu:
- Ay arvad, maykanı sarıkökə batırsan, ərim ağıllanacaq deyirsən?
Falçı hirsləndi:
- Daha mənə inanmırsan, yanıma niyə gəlmisən?
Xanımlardan biri Zöhrəni yaxşı tanıdığından başladı onu inandırmağa:
- Niyə şəkk-şübhə edirsən? Zöhrənin yanına pənah gətirən naümid qalmaz.
Qadınlar falçının zəhmət haqqını verib getdilər.
Dilləndim:
- Xala, baxın, görün, mənim gələcəyim necə olacaq?
O, əlindəki kartları iki-iki, üç-üç masanın üstünə düzdü. Sonra başladı diqqətlə onlara baxmağa. Birdən başını qaldırıb dilləndi:
- Sənin gələcəyin parlaqdır, bala!
- Haradan bilirsən, xala?
- Budur ey, kart aydın göstərir. Bax, bu zənən xeylağı - o, üstündə qadın şəkli olan kartı göstərdi - sənin dalınca danışır. Amma narahat olma, həmin zənən boşboğazın biridir, sənə heç nə eləyə bilməz. Bu isə - o, üstündə kişi şəkli olan kartı göstərdi - işlədiyin idarənin rəisidir, istəyir ki, sənin vəzifəni böyütsün. Bunlar isə - o, bir 6-lıq, bir 9-luq göstərdi - sənin qonşularındır. Ancaq səni heç gözləri götürmür. Bu isə - o, üstündə oğlan şəkli olan kartı göstərdi - sənin tələbə olduğunu göstərir. Özün də imtahandan kəsilmisən.
- İnanan daşa dönsün!
- Niyə inanmırsan, bala?
- Çünki mən tələbə deyiləm. İnstitutu çoxdan bitirmişəm. Bütün dediklərin də ağ yalandır!
Falçı gözlərimin içinə baxdı:
- Sən mənə yalançı deyirsən? Heç bilirsən mən kim olmuşam?
- Kim olmusan?
O, yan otağa keçib bir kitab gətirdi. "Bir teatrın tarixi". Burada dərc olunmuş bir qrup artistin şəklini göstərdi və "burada mənim də şəklim var" - dedi.
- Deməli, artistsən?
- Hələ vaxtilə müəllim də işləmişəm...
- Bəs, niyə falçılıq edib camaata kələk gəlirsən?
- Necə yəni niyə? Zəhmət çəkirəm, pul qazanıram. Bəlkə, məndən yazmağa gəlmisən?! Yaz, çünki hələ məni tanımayanlar da var, tanıtdır məni onlara...
Falçı Zöhrənin xahişini yerinə yetirməyi lazım bildim...
Qonaqlıq
İdarəmizdə qonaqlıq yaman dəbdə idi. Təzə paltar, köynək almaq bir yana, adicə qalstuk alırdın deyirdilər, "şirinliyini ver". Məzuniyyətə gedirdin, qonaqlıq istəyirdilər. İstirahətdən qayıdırdın, hamı bir ağızdan dillənirdi:
- Bax, buna böyük qonaqlıq düşür. Zarafat deyil, sağ-salamat məzuniyyətdən qayıtmısan...
Ad günündə qonaqlıq, müdir tərifləyəndə qonaqlıq...
Hətta işçilərimizin yaxın tanışları, dost və qohumları bir işə düzələndə də "ondan qonaqlıq düşür" deyirdilər. Bir sözlə, qonaqlıqlar baş alıb gedirdi.
Xoşbəxtlikdən bir şöbədə on nəfər işləyirdik. Ayda hərənin boynuna bir-iki qonaqlıq düşürdü. Yoxsa bu qonaqlıqlara pul çatdırmaq çətindir...
Bir gün "uşaqlar" eşitdilər ki, Nadirin qohumu Əhmədin on birinci uşağı olub. Yığışdılar Nadirin başına ki, gərək Əhməd bizə qonaqlıq versin. Nadir də elə çoxdan bunu gözləyirmiş ki, Əhmədi xərcə salsın.
Xülasə, işdən sonra cəm olduq şəhərin ən yaxşı restoranlarından birinə. Əhməd Nadirin başını bizim yanımızda "uca etmək" üçün masanın üstünü elə bəzətdirmişdi ki, yeyib-içmək nəinki on nəfərə, iyirmi nəfərə də çatardı. Amma Nadir tez-tez xörəkpaylayanı çağırıb müxtəlif sifarişlər verir, bir-birinin ardınca cürbəcür yeməklər, bahalı içkilər gətirtdirirdi. "Gətir-götür" davam etdikcə Nadir ürəyində fikirləşirdi: "Yaxşı qırdım Əhmədin belini".
Birdən başqa masanın arxasında əyləşənlərdən kim isə uzaqdan-uzağa, gülə-gülə əllərini bir-birinə sıxıb bizimlə salamlaşdı. Az sonra xörəkpaylayan gəlib bildirdi:
- Sizin haqq-hesabınız o kişidən çatacaq.
Nadir lovğa-lovğa dilləndi:
- O, mənim köhnə dostlarımdandır, sağ olsun, mərifətli adamdır...
Sonra üzünü Əhmədə tutub:
- Əziz qohum, sənin qonaqlığın qaldı başqa vaxta - deyə, dilləndi.
Əhməd etiraz etmədi. "Mən həmişə qulluğunuzda hazır!" - deyib, üzr istəyərək getdi.
Biz ayağa qalxanda restoran bağlanırdı. Kefi kök, damağı çağ getmək istəyəndə xörəkpaylayan başımızın üstünü kəsdirdi:
- Bəs haqq-hesabı vermirsiniz?
Hamımız təəccüblə Nadirə baxdıq. Nadir çaşbaş oldu:
- Mənim tanışım vermədi?
- Yox. O, sonradan bildirdi ki, heç sizi tanımır, səhv salıb...
Nadir məcbur olub qonaqlığın pulunu ödədi. Amma yaman pərt oldu...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!