Minlərlə sirr bilinəcək o gizli üz göstərincə özünü - Sərdar AMİN - Sərdar AMİN

Sərdar AMİN

Minlərlə sirr bilinəcək - o gizli üz göstərincə özünü...
                                               Əttar

Çoxları ədəbiyyatda yüzlərlə hoqqa çıxarsa da, bilənlər bilir və o qədər güclü şəkildə bilir ki, ədəbiyyatın ürəyinin harada döyündüyünü; o ali həqiqətin yanında.

Nəsimi bir gün qardaşı ilə Şamaxının qala kimi hündür bir yerindən aşağı, bazara baxırdı. Bəlkə də bir insan övladının kamilləşə biləcəyi son həddə qədər durulan qardaşlar içindəki bu böyük həqiqətlə əsim-əsim əsirlərmiş. Bir xeyli beləcə əyləşdikdən sonra Nəsimi qardaşı Şah Xəndana deyir:

"Mən gedirəm bazara. Bu həqiqəti insanlarla bölüşəcəm. Onlara Allahı göstərəcəm".

Şah Xəndan etiraz edir: "Getmə. Onlar anlayan deyil".

Amma Nəsimi qardaşının etirazına tutunub orada çox qala bilmir. İçindəki ehtişam onu insanlara aparır.

Sələfləri və xələfləri arasında həqiqəti ən çılpaq şəkildə insanlara təqdim edən Nəsimi idi. Bəlkə də Nəsimi belə düşünürdü ki, həqiqəti insanlara vermək üçün onun sehrini mümkün qədər azaltmaq, sirrini artıran "geyim"ini bir qədər çıxarmaq və insanlar üçün daha görünən etmək lazımdır:

"Sən sana gər yar isən, var ey könül, yar istəmə!"

Və beləcə Nəsimi Allahı simasına alıb bazara getdi. Təbii ki, Şah Xəndan deyən oldu; onu başa düşmədilər. Üzündəki həqiqəti görmədilər. İnsanlara həqiqət gətirdiyinə son nəfəsinə qədər inanan birini öldürdülər. Həm də insanlara rahat olsun deyə həqiqəti soyundurduğu üçün onun da dərisini əynindən soyundurdular...

Şah Xəndan düz deyirdi, həqiqət anladılması qeyri-mümkün, amma anlanması mümkün olan bir nəsnədir. O da qaldı hürufilərin Allahına, bu, Günəş kimidir. Onu anlamaq üçün yaxına getməyə ehtiyac yoxdur. Olduğun yer ən münasibidir. Sadəcə, onun şüalarını sevgiylə, şəhvətlə içinə buraxmalı, onun istisinin bir soyuq daşdan qopan işıq olduğuna inanmalısan.

Türk yazıçısı Orxan Pamuk hürufi həqiqətinin bəzi detalları ilə son dərəcə ustalıqla maraqlanıb. Bu marağının ən çox göründüyü əsərin elə ən sanballısı sayılan "Qara kitab"dır. Özünün də təlqin etdiyi kimi, "Qara", yəni böyük kitab. Həm də bütün rənglər qarışığından alınan rəng...

Cəllad Qara Ömər at belində hamının 30 günə getdiyi yolu 12 günə çapıb gəldiyi üçün qürurlu idi. Padşahın qərarı ilə Ərzurum qalasının hakimi Əbdi paşanı edam edəcəkdi. Barəsində edam qərarı verilən hər kəslə necə davranırdısa, Əbdi paşaya da elə yaxınlaşdı. Cəlladın əzəməti o qədər diqqətçəkən idi ki, kimsə ona qarşı çıxa bilməzdi. Onu görən insanlar yerə baxaraq tez uzaqlaşırdı. Ölüm ayağında olan əksər insanlar kimi Əbdi paşa da əsməyə başladı, hətta müdafiə instinktilə cəlladın hərəkətlərinə qarşı çıxmağa da çalışdı. Lakin ənginə dəyən ağır yumruqdan sonra quzu kimi davranmağa başladı. Cəllad ipi Əbdi paşanın boğazına keçirəndə onun simasında elə bir ifadə gördü ki, bu ifadəni əvvəllər heç bir qurbanının üzündə görməmişdi. Əlacsız, ağlar, qeyri-müəyyən, adamı dəhşətə gətirən o ifadəni görəndə 30 illik fəaliyyətində ilk dəfə tərəddüd keçirdi. Və ilk dəfə edam edəcəyi insanın üzünə torba keçirdi ki, o məlun ifadəni görməsin. Beləcə Əbdi paşanı edam etdi. Sübut üçün ehmalca onun başını kəsərək, sırf bu məqsədlə hazırlanmış bal dolu qıl torbasına yerləşdirdi. Çünki yolu uzaq idi, kəsilmiş başı onu tanıyan adamların yanına iylənmədən çatdırmalı idi. Qara Ömər yolboyu həmin simanı xatırlayır. Əbdi paşa öləndən sonra da üzünə ilişib qalmış əlacsız ifadə cəlladı narahat etməyə başlayır. Bir müddət sonra cəllad hıçqırıq səsləri eşidir. Sonra duyur ki, hıçqırıq  balla dolu torbanın içindən gəlir. Bu hıçqırıq uzun müddət qapı cırıltısı kimi cəlladı narahat edir. Qara Ömər atını bir bulağın yanında saxlayıb kəsilmiş başı saçlarından tutaraq ehmalca balın içindən çıxarır. Uşaq çimizdirirmiş kimi, onu yumağa başlayır. Daha sonra səliqə ilə qurulayaraq bıçaqla onun ağlayan simasında dəyişikliklər etməyə başlayır. Əbdinin kədərlə sallanmış dodaqlarını bıçaqla yuxarı qaldırır. Gözlərinin kənarlarını kəsərərək bu ifadəni təbəssümə çevirir. Uzun sürən çalışmadan sonra Qara Ömər Əbdi paşanın başını "güldürə" bilir.

Daha sonra bədənsiz başı yenidən balla dolu torbaya yerləşdirib yoluna davam edir.

Artıq kainat yenidən sahmana düşmüş, quşlar cikkildəyir, günəşin şüaları hiss edilir, yarpaqların xışıltısı duyulurdu. Cəllad bilir ki, bütün bunların səbəbi torbadakı başın gülməsinə bağlıdır.

5 gün sonra İstanbulda Əbdi paşanı tanıyan şəxslər qıl torbadan çıxan başın paşaya məxsus olmadığını, bu gülümsəyən sifətin Əbdinin simasına heç oxşamadığını deyəndə cəllad elə bir vəziyyətə düşür ki, hər kəs onun böyük ənam müqabilində Əbdi paşanın əvəzinə hansısa bir çobanı öldürdüyünə, simanı bıçaqla oymaqla da çobanı Əbdiyə oxşatmaq istədiyinə inanır.  Cəllad ağzını açmamış otağa başqa bir cəlladın girdiyini görür və bundan sonra nəsə danışmağa ehtiyac olmadığını anlayır. Beləcə Qara Öməri edam edən başqa bir cəllad yubanmadan Əbdi paşanı öldürməyə göndərilir. Qara Ömərin Əbdi paşanı deyil, başqa birini öldürməsi, bununla da padşaha xəyanət etməsi şayiəsi məmləkətə elə süərtlə yayılır ki, artıq yeni cəllad Ərzurum qalasına çatanda Əbdi paşa cəlladı elə darvazanın qarşısında yaxalayır və onu öldürür. Və beləcə bəzi insanların üzündəki hərflərə baxıb düzməcə olduğunu deyən Əbdi paşanın iyirmi il davam edən, altı min beş yüz insanın qurban getdiyi üsyanı başlayır...

Pamukun "Qara kitab"ında yer alan Ədirnəli Qədrinin "Cəlladlar tarixi"nə aid bu əhvalatda bir simadakı ifadəyə insan müdaxiləsi sonrası böyük bir üsyanın başlanması aydın görünür. Bir bulağın kənarında Qara Ömərin kəsilmiş başın simasındakı ifadəyə müdaxiləsi Osmanlının digər hissəsində 20 illik inqilab yaratdı... 

Allahın insan simasında təcəlla etdiyini deyən hürufilər bu simalardakı hərflərə o qədər inanırdı ki, təriqətlərinin ümumi siması da "hürufi" adlandırılırdı. Hürufilər daha çox ideoloqlar idi, nəinki sənətkarlar. Onlar ya sənət mərhələsini aşmışdılar, ya da bu mərhələni önəmsəməmişdilər. Onların ən böyük əsəri elə insan idi; hoqqaları da insan idi, mürəkkəbləri də.

Amma həqiqətə ədəbiyyatla, mətn pillələrilə yaxınlaşan insanlar üçün bəlkə də hürufiliyin sənətsəl forması daha lazımlı ola bilərdi...

Necə ki,bu gün Orxan Pamukun bu detalları bizə yenidən nəsə pıçıldayır...

 

Sərdar AMİN


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!