Vüsalə nişanlanandan bəri Tamaşanın nə gecəsi var idi, nə də gündüzü. Qızının xırda-para cer-cehizini düzəldən Tamaşa ana qızına verəcəyi mebel, və edəcəyi toy haqqında fikirləşdikcə varından yox olurdu.
Oğlan tərəfin adamları ilə razılaşmışdılar ki, payızın ilk ongünlüyündə toy etsinlər. Tamaşa özlüyündə fikirləşdi ki, axşam bu haqda Yavərlə ətraflı söhbət etsin. Görsün, ərinin fikri nədi?
Axşam işdən yorğun gələn Yavər yuyunub içəri keçdi və süfrə arxasında əyləşdi. Yeməyini yeyib çayını içəndən sonra çölə çıxdı. Vüsalə süfrəni yığışdırıb stolun üstünü sildi.
- Anan qurban, elə bir iş yoxdu. Gedin, televizora baxın, qardaşının dərslərinə kömək elə, - deyən Tamaşa razılığını bildirdi.
Vüsalə anasının sözündən başa düşdü ki, "bizi tək qoyun, atanızla söhbətim var". (Və onu da duymuşdu ki, anasının atası ilə söhbəti onunla bağlıdır). Odur ki, Vüsalə Mürşüdü də götürüb o biri otağa keçdi və başladı qardaşının dərsi ilə məşğul olmağa. Vüsalə duymuşdu ki, anasının atası ilə söhbəti onunla bağlıdır. Qardaşının dərsini hazırlamağa kömək edən Vüsalənin bir qulağı o biri otaqdan gələn səsdə idi.
- Yavər, Vüsalə sənin qızın deyil?
- Başa düşmədim, Tamaşa, o nə deməkdir?
- Qız nişanlanandan hələ bir dəfə də soruşmamısan ki, uşağın cehizindən nə çatır, nə çatmır. El var, adət var.
- Nə deyəcəm? İmkanımız nəyə çatır, onu da eliyəcəyik. Özümüzü dağdan uçurmaqnan döyül ha.
- Niyə elə danışırsan? Sənin qızın kimin qızından əskikdi? Namusla, qeyrətlə oxuyub gəldi, boy-buxunu, gözəlliyi də öz yerində. Bizim uşağımızın Güllünün əyrimçə qızından nəyi kəmdi ki?
Tamaşa hikkəsini içində boğaraq səbirsizliklə ərinin verəcəyi cavabı gözlədi.
- Arvad, sən bilmirsən ki, bizim elə imkanımız yoxdu? Hər kəs yorğanına görə ayağını uzatmalıdı. Toya kimi bir şey fikirləşərik. Allah kərimdi.
Ərinin "Allah kərimdi" sözü Tamaşanın ürəyində öləzimiş ümidin yenidən şölələnməsinə səbəb oldu. Odur ki, səsinin ahənginə yumşaqlıq qataraq, sifətinə təbəssüm donu geyindirib soruşdu:
- Fikrini açıq söylə, mənim də ürəyim sakitləşsin. Mən də anayam axı. Zülmlə, əziyyətlə bala böyütmüşəm. İstəyirəm, ki, mənim də balam tay-tuş içində pisikməsin.
- Niyə elə danışırsan? Nə yaşın var ki, indidən əlini dünyadan üzmüsən? Arxayın ol, hələ Mürşüdün toyunu da görəcəksən, uşaqlarını da qucağına alacaqsan.
- Nə deyirəm. Təki sən deyən olsun, a kişi.
- Fikir eləmə, arvad, hansı ata istəməz ki, övladı xoşbəxt olsun?
O biri otaqda atası ilə anası arasında gedən söhbətə qulaq asan Vüsalə ürəyində atasına minnətdarlıq etdi və qardaşının dərslərini hazırlamasına kömək edəndən sonra ayağa qalxaraq sevinclə yatağına girdi.
***
Tamaşa boş olan vaxtının çoxunu qızı Vüsalə ilə bağçada keçirirdi. Bağçadakı ərik ağaclarının başına pərvanə kimi hərlənirdi. Ağacların sulanmasına, alaq otlarının təmizlənməsinə xüsusi diqqət yetirirdi. Ağacların Meyvənin ağırlığına tab gətirməyərək əyilmiş budaqlarını (budaqları)Vüsaləyə fəxrlə göstərərək: "Bu sənin bəxtindi, qızım. Neçə ildi ərik ağaclarının belə bar gətirdiyi olmayıb", deyirdi.
***
Səhər yenicə açılmışdı. Qapıda dayanan maşın səsinə Tamaşa darvazaya yaxınlaşdı. Maşından düşən Yavər darvazanı açaraq "Bəylər, maşını sal içəri", - deyib qapının ağzında gen bir yerdə əlinin işarəsi ilə dayanacaq yer göstərdi. Bəylər maşını içəri salıb Yavərin göstərdiyi yerdə saxladı və cəld düşüb kuzova çıxaraq boş karton qutuları Yavərə verməyə başladı. Qutuları boşaldıb qurtaran Yavər: "Tamaşa, iki yaxşı beçə tut", - dedi.
Tamaşa əl damından gətirdiyi dəni yerə səpərək toyuqları düdüləməyə başladı. İki beçə tutub əlində bıçaq dayanmış Yavərə yaxınlaşdı. Yavər kəsilmiş beçələri Tamaşaya verib dedi:
- Yaxşı yemək bişir, çay dəmlə. Elə olsun ki, günortaya stol hazır olsun.
Tamaşa fikrini dəqiqləşdirmək üçün: "Yavər, bu qutuları neynirsən?" - dedi.
- Ərik yetişib. Əriyi yığdıracam. Səhər bazarda olmalıyam. Gecikdirmək olmaz. Sən yemək işi ilə məşğul ol, mən beş-altı uşaq tapım, əriyi yığsınlar.
Yavər sözünü bitirib darvazadan çölə çıxdı. Çox keçməmiş bir neçə yeniyetmə uşaq da yanında qayıtdı.
Uşaqlara lazımi tapşırıq və göstərişlərini verən Yavər, sözünün sonunda tapşırdı: ki, "Elə eləyin yığdığınız ərik əzilməsin. Kimin yığdığı ərik əzik olsa, onun zəhmət haqqından kəsəcəyəm".
Uşaqlar razılıqla işlərinə başladılar. Yığılmış əriyi Yavər karton qutulara qavqarmağa başladı. İşin qızğın yerində qonşu Böyükağa ilə Gülağa darvazadan içəri girdilər.
- Salam, ay qonşu. Allah bazarını versin. İmkanın varsa, bizim də bir-iki ağacımız var, əgər məsləhətdirsə, biz də yığdıraq, onu da götür, - dedilər.
Yavər görüşəndən sonra: "Biz qonşuyuq. Sizin malınızı apardım, bəlkə heç sata bilmədim. Sonra da oldum sizin yanınızda üzüqara. Bu öz malımdı, gördüm sata bilmirəm, uzaqbaşı dəyər-dəyməzinə verib qayıdacağam. Bəlkə, heç mən satdığım qiymətə siz razı olmadınız? Sonra da ürəyinizdə niyə şübhə qalsın.
- Ayıb olan sözdü. Onsuz da bir azdan tökülüb gedəcək. Dəyər-dəyməzinə nə olsa, ver, getsin.
- Yaxşı, səksən qəpikdən sərf eliyirsə, yığdırın, amma əzilməsin ha. Satıldı, satılmadı, səksən qəpikdən pulunuzu verəcəm.
- Allah səndən razı olsun. Biz razı. - deyən Gülağa ilə Böyükağa razılıqla darvazadan çıxdılar.
Günəş qüruba enmək üzrəydi. Yavər əriklə doldurulmuş qutuları bir-bir tərəzidə çəkib çəkini dəftərçədə qeyd edir, sonra da və qutuları maşının üstündə dayanmış Bəylərə verirdi. Bəylər isə dolu qutuları səliqə ilə maşına yığırdı. İş başa çatır. (çatdı.) Bəylər maşının arxasını bağlayıb aşağı düşdü. Yavər əlindəki dəftərçədə qeyd etdiyi çəkiləri toplayıb yazdı və üzünü Gülağaya tutaraq: - 235 kilo sənin, 256 kilo da Böyükağa, sənin əriyin oldu. Çəkini bir yerə qeyd edin ki, yadınızdan çıxmasın, - dedi.
- Yadımızda qalacaq, qonşu. Nəyini yazırıq?! Allah bazarını versin, - deyərək hər ikisi razılıqla darvazadan çıxdı.
Qonşuların getdiyini görən Yavər: "Bəylər, gəl otur, adama bir loxma çörək yeyib, adama bir stəkan çay içək, sonra yola düşərik", - dedi.
Şər qarışanda stol arxasından qalxan Yavər darvazanı açdı. Bəylər maşını darvazadan çölə çıxarıb saxladı. Yavər maşına minəndə Tamaşa əlində bir parç su təngnəfəs özünü çatdırdı: "Yaxşı yol. Allah bazarınızı versin. Cibi dolu qayıdın", - deyib parçdakı suyu maşının arxasınca atdı və maşın döngəni dönənə kimi arxasınca baxıb, sevinc içində evə qayıtdı. Stolun üstünü səliqəyə salan Vüsaləyə yanaşaraq təbəssüm dolu baxışlarını qızına dikərək: "Allah qoysa, səhərə, biri günə atan cibi dolu qayıdanda, gedib ürəyin istəyən mebeli alarıq".
Maşın asfalt yolla irəlilədikcə Yavər fikrində götür-qoy edirdi: "Üst-üstə ton yarıma yaxın ərikdi. Bazarda ərik altı, yeddi manat olsa, bir yerdən beş manatdan versəm, həm qızın mebelini alaram, həm də toyu yola verərəm. Qonşuların əriyi də lap işimi düzəldir". Bu cür fikirlə məşğulkən, bir də Yavər özünə gəldi ki, hava işıqlaşıbdı.
Bəylər maşını bazarın qarşısından bir az kənar saxladı, və üzünü Yavərə tutaraq: "Hələ tezdi. Qoy bazar gurlaşsın, gedib bazarı fırlan, gör ərik neçəyədir. Bir yerdən versən, daha yaxşıdı. Sən bazarda oturub kilo-kilo ərik satan deyilsən. Onsuz da sənin malın elə maldı ki, göydə götürəcəklər. Bircə çalış, allanmayasan. Bura Bakıdı. Hər cür adam var", - deyərək məsləhətini verdi.
- Düz deyirsən. Bir az gözləyək, bazar gurlaşsın, - Yavər razılığını bildirdi.
Günəş adam boyu qalxmışdı. Bazar getdikcə gurlaşırdı. Yavər maşından düşüb bazara getdi. Piştaxtalarda səliqə ilə olan əriklərin üzərində yazılmış qiymətləri nəzərdən keçirməyə başladı. Bir az hərlənəndən sonra bazardan çıxıb Bəylərin yanına qayıdaraq (qayıtdı,) müşahidə etdiyi əriyin qiymətləri haqqında məlumat verdi. Bəylər dedi:
- Çıx maşının üstünə, qutunun birinin ağzını aç, ərikdən bir xeyli qutunun üstünə qoy, gəlib-gedən görsün. Mən də maşının arxasını açıram.
Az keçmiş maşının ətrafına xeyli adam yığışdı. Əriyə baxanlar "Neçyədi?" - deyə soruşanlara Yavər: "altı manat", - deyə cavab verirdi. Kilo ilə istəyənlərə "Yox, kilo ilə satmıram, topdansatışdı. Bazarda ərik yeddi əllidir. Bu ərik bazardakı əriklərdən çox yaxşıdı", - dedi. Çox çənə-boğazdan sonra arıq bir kişi yaxınlaşaraq ötkəm-ötkəm soruşdu:
- Mala baxmaq olar?
- Niyə olmur? Çıxın, baxın, - dedi Yavər.
Kişi maşına qalxaraq bir neçə qutudan bir-iki ərik çıxardıb nəzərdən keçirdi və: "İnsafla danışmaq lazımdır. Kişinin malına söz yoxdur. Neçyədi?" - dedi.
- Altı manata, - Yavər cavab verdi.
- Mən hamısını götürürəm. Əməlli bir qiymət de. - Kişi siqaretini yandıraraq bir qullab vuraraq cavab gözlədi.
- Bir halda ki, hamısını götürürsünüzsə, beş manat əlli qəpik, necədir? - Yavər dilləndi.
- Beş manatdan. Allah xeyir versin. Siz bir yerdən satıb pulunuzu alıb gedəcəksiniz. Mən isə bu qədər malı kilo-kilo satacam. Bunun xarab olanı, əziləni, nə bilim, nəyi olacaq. Razısansa, malı boşaltdırım.
Bir az fikirləşən Yavər Bəylərin üzünə baxdı. Bu o demək idi ki, sən nə deyirsən? Bəylər "Özün bilən məsləhətdi. Mal sənin, məsləhət sənin. Mən nə deyim?"- söylədi.
Yavər üzünü alıcıya tutaraq: "Allah xeyir versin", - dedi.
Alıcı kənarda dayanmış oğlana üzünü tutaraq "Maşını yaxın ver", - dedi və yanında dayanmış iki oğlana "malı boşaldıb, çəkib yığın maşına" tapşırığını verdi.
Yavər ərik dolu qutuları çəkib təhvil verəndən sonra, adınız nədi? - deyə soruşdu.
- Mənim Adım Müseyibdi, amma hamı Mişa deyir.
- Mənim də adım Yavərdi.
- Çox yaxşı. Oturun maşınınıza, bizim maşının arxasınca sürün, gedək pulunuzu verim.
Sözünü bitirən Mişa ərik yüklənmiş maşına əyləşdi və maşın tərpəndi.
Yavər də Bəylərin yanında əyləşib, dedi:
- Sür maşının dalınca. Yaxşı verdim bir yerdən. Gedək pulu alaq, düşək yola. Axşama yəqin ki, evə çatarıq.
Bəylərin maşını Mişanın əyləşdiyi maşının arxasınca yola düşdü.
Mişa yan güzgüdən Yavərin əyləşdiyi maşını nəzarətində saxlayırdı. Yolda avtomobillərin yaranmış sıxlığından istifadə edən Mişanın əyləşdiyi maşının sürücüsü maşınların arasından sivişib, yolun kənarındakı binə evlərinin arasından keçən yola burularaq gözdən itdi. Bunu görən Yavər Bəylərə dedi: "Gördün, onların maşını hardan döndü?"
- Hə gördüm, - deyən Bəylər maşını binə evlərinin arasından keçən yolun kənarına çəkib saxladı. Düşüb binə evinin arxasına baxdılar ki, maşın yoxdu. Bilmədilər hansı tərəfə getsinlər. Bəylər Yavərin üzünə baxdı və "İndi neyniyək?" - dedi.
- Heç bir şey. Burda gözləyək. Yəqin gedib pulu gətirəcək. Bir elə malı oğurlamayacaq ha, - Yavər maşının yanına gəlib siqaret yandırdı.
Baxdılar ki, günortadan keçib. Binə evindən çıxan bir neçə adamdan soruşdular ki, burada arıq, uzun Mişa adında adam yaşayır? Soruşduqları adamlar cavab verdi ki, burda elə bir adam yaşamır.
Axırda naəlac qalıb polisə müraciət etdilər və əhvalatı danışdılar. Polis soruşdu ki, maşının nömrəsini bilirsinizmi?
- Yox, bilmirik. Yavərlə Bəylər cavab verdi.
- Tanımadığınız bir adama bir elə mal verirsiniz, nə maşının nömrəsini bilirsiniz...
- Heç ağlımıza gəlməzdi ki, günün günorta çağı bizi aldadarlar, - deyən Yavər yazıq-yazıq polisin üzünə baxdı.
- A kişi, indi düz adam var? Çalış, bir də aldanmayasan, - deyən polis biçarə görkəmi almış Yavərə baxdı...
Aradan iki gün keçmiş Vüsalənin nişanlısına qoşulub qaçdığını eşidən Tamaşa, əli qoynunda qapının ağzında Yavərlə yanaşı oturub, məsum-məsum darvazaya baxırdılar...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!