İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə
Dördüncü sarğı
Ana
Uşaqları heç ovuda bilmirəm. İkicə gün zəngi gecikdimi, düşürlər əl-ayağa. Deyirəm, ay bala, tələsməyin, ananız döyüş zonasındadı, işi ağırdı, gündə neçə yaralının yarasına baxır, sarıq qoyur, dərman içirir, ağırlarını da geriyə - qospitala göndərir... Kimə deyirsən?! Ayaqların dirəyirlər ki, tez ol yığ anamamızı, danışaq.
Hər dəfə də düşmək olmur axı. Görürsən gec cavab verir, ya da deyir ki, bu nömrəyə zəng çatmır. Di gəl bunları sakitləşdir...
Bəlkə yüz dəfə nömrəni yığırlar...
Deyirəm, ay bala, ananız keçən dəfə dedi ki, bir də görürsən ki, set olmur, onda zəng çatmır. Gərək qalxam hündür bir yerdən zəng eliyəm...
Arəstə Vətən yolunda getdi, düzdü. Amma balalarını sakitləşdirincən mənimki mənə dəyir axı... Ona görə deyirəm, ay bala... Ay anan ölsün...
Demirəm... Heç nə demirəm...
Qızı
Deyirdim ki, bəs mən nə olacam? Sən ölsən... yox e, şəhid olsan, məni kim saxlayacaq? Mənə kim baxacaq? Oğluna nə var, indidən qan, qan deyir... Yekələn kimi hərbiçi olacam deyir. Mənə arxa-dayaq lazımdı axı?.. Mən... Mən... Ha deyirəm ki, ağlamayım, olmur e, olmur. Mən ağlamasam, bəs kim ağlayacaq? Anamdı axı... Qardaşım da elə hey üstümə qışqırır ki, sən ağlayanda dözə bilmirəm, mən də ağlamaq istəyirəm... Nə eliyim e... Anamdı axı... Amma genə vətən sağ olsun....... Üüüüü-ühüüüüüüüü.... Ay ana heyyyyyyyyyyyyyy...............................
Oğlu
Hanı bizim bayrağımız?! Min dəfə bu qıza demişəm ki, ağlama. Ağlamaq əsgər balasına yaraşmaz! Bizim anamız tarix yazıb e, tarix! Orda, o qanlı döyüşdə minlərcə kişinin arasında tək qadın bizim anamızdır!.. Sən bilirsən bu nə deməkdir?! Bu qəhrəmanlıqdır... Eh, niyə axı mən beşcə yaş böyük doğulmadım?! İndi orada olardım. Həm anama arxa olardım, həm də bilirsən nə qədər düşmən qırardım?! Eh, sən qızsan. Sən hardan biləsən?..
Bacım eşitməsin... Hərdən məni də qəhər boğur. Gedib evin dalında, xəlvət yerdə gizlicə ağlayıram. Ana, ay na! Axı bizi niyə qoyub getdin?!. Ay na heyyyy!..
Qızı
Qardaşıma deyirəm ki, nə olsun qızam?!
(Gözünün yaşını silib bozarır.)
Anam da elə qız idi, amma getdi döyüşə! Belə mən də gedəcəm! Mən də tibb bacısı olacam anam kimi... Yaralı igidlərimizi sağaldacam... qaqaş, nə olar, qoyarsan mən də gedərəm səninlə, hə?.. Hə, qaqaş?..
Oğlu
Yaxşı, amma gərək ağlamayasan. Nənəmizə qoşulub ağlayırsan, mənim də içim ağrıyır. Ha eləsəm də özümü tuta bilmirəm. O gün ağladın, qəhər məni boğdu... Hamısın sən eliyirsən!.. Sən ağlayanda mən dözə bilmirəm, bilirsən?! (Hönkürüb ağlayır.)
Qızı
Ağlama, qaqaş. Müharibə bitəcək. Anamız allah qoysa, sağ-salamat gələcək. Onda mən onnan xahiş eliyəcəm ki, day orduya getməsin, gəlsin kəndimizdə müəllimə işləsin... Onda biz də oxuyub instituta girərik, anamızı sevindirərik...
Oğlu
Sən, hə, sən instituta girərsən. Amma mən hərbi məktəbə girəcəm. Öyrənmişəm yerini. Naxçıvanski adına liseydir... Zığ tərəflərdə...
Oğlan gərək zabit olsun... Erməni kimdi ki, bizim üstümüzə xoruzdanır?! Gərək onlara həddini göstərək! Onların üstünə bilirsən hansı mahnını oxuya-oxuya gedəcəyik?
Vətən bizi yetişdirib
Bu ellərə yolladı.
Bu torpağa qurban deyib
Allaha ismarladı...
Marş irəli,
Azərbaycan əsgəri!
(Marş oxuyub ayaqlarını əsgər kimi yerə döysə də, göz yaşları axıb yanağına, ordan da köynəyinin yaxasına yayılır.)
Arəstə
Uşaqlarım yadıma düşüb. Səsləri qulağımdadı. Burnumun ucu göynəyir.
Bilirəm, indi mənim haqqımda nələr danışırlar: "Balalarını atıb qoca anasının üstünə, kişilərə qoşulub müharibəyə gedib, arsızın biri arsız... Adam da belə vaxtda balasını, anasını qoyub gedər? Bir yannan pandemiya, bir yannan pulsuzluq..."
Yox, mənim haqqımda nə deyirsiniz, deyin, amma balalarımı, anamı pulsuzluqdan korluq çəkməyə qoymuram. Maaşımı aybaay alıb onlara göndərirəm. Mənə burda pul lazım deyil ki?! Neynirəm pulu? Saçımı düzəldəcəyəm? Ya manikürə, pedikürə gedəcəyəm? Ya alış-verişə?!. Axırıncı dəfə nə vaxt paltar aldığımı da unutmuşam. Nəyimə lazımdır paltar? Burda tək hərbi formadır, vəssalam. Furajkamı da basıram başıma, oğlan kimi gedirəm ön cəbhəyə...
Uşaqlarımla, anamla hər gün də olmasa, iki günnən bir danışıram telefonla, özü də görüntülü danışıram çox vaxt ki, üzlərini görüm, ürəyim yerinə gəlsin... Nə eləyim? Hərə özünə bir yol seçir. Mən də bu yolu seçdim. Bilirəm, ağırdır, özü də çox ağırdır. Dinc vaxtlarda bəlkə də bir az yola vermək olurdu, amma müharibə ki, başladı, iş yoğunadı. Hər gün ölüm, hər gün qan. Bax, indi maşınla yol gedirik, yarım saatdan sonra ön cəbhədə olacağıq. Gecə yox, gecə sakitçilik olanda daş kimi yatıram. Uşaqlarımı ancaq belə - döyüş arası sakit vaxtlarda yadıma sala bilirəm. Mən onlara heç ana nəvazişi göstərə bilmədim ki... Yalnız anamın bizə söylədiyi sözlərlə özümü ovuda bilirəm. Qoy görüm necə deyərdi anam...
Qaşın fitnə aparır,
Gözün gitnə aparır,
Dəmirçi dükanınnan
Hürən it nə aparır?
Nə gözəl sözlərdir, hə? Görəsən, indi anam onlara da belə qəşəng oxşamalar söyləyir? Dayan görüm, yadıma düşür deyəsən...
Qərənfiləm, qalxaram...
Ardı necəydi? Dayan bir... Hə, həəəə! Düşdü yadıma....
(Qəhərdən boğula-boğula.)
...Açılmağa qorxaram.
Gecə cıqqırın çıxsa,
Yerimnən dik qalxaram...
Hardan? Mən sizə heç baxa bilmədim ki... Anama verdim sizi. Qoy bizə oxuduğu oxşamalarla sizi də böyütsün... Mən sizə qurban olum, bağışlayın məni...
Bala demə, qan olar,
Yel əsər fəğan olar.
Bala gəzən yerlərə
Analar qurban olar...
(Gözləri dolur, ağlamamaq üçün maşının pəncərəsindən bayıra baxır.)
Dayan görüm, telefonum çalır.
"Alo, komandir, eşidirəm... Nə?! Neçə nəfərdir? Jqutla, əlinizə keçənlə yaralarını bağlayın, sıxın, çəkin bir dalda yerə üçünü də, bir azdan ordayıq..."
- Bir az bərk sür, qardaş, üç yaralımız var! Qan aparar uşaqları... Tez, tez!..
Bu vaxt bir mərmi ulaya-ulaya maşınımızın üstünə şığayır, xoşbəxtlikdən bir az aralı düşür və maşınımız böyrü üstə aşır... Sürücü qolunnan yaralanır. Tez düşüb sürücüyə ilk yardım edirəm. İncəvara yarası yüngüldür. Bəs maşını necə düzəldək? Böyrü üstə qalıb axı? Yaralılar bizi gözləyir e...
Sağ olsun, sürücü yaralı-yaralı bellə maşının təkərlərinin yerdə olan hissəsinin altını qazmağa başlayır. Amma qolunun qanı açılır və mən beli alıb qazıram. Sonra Mirələmov da qazır. Az sonra maşın bir az sağa əyilir və sürücü ilə köməkləşib, maşını itələyib düzəldirik. Urrra! Alındı!
Maşınımızı işə salıb yenə irəliləyirik. Sağımızda, solumuzda mərmilər partlasa da irəliləyirik
...Bir azdan maşını aşağıda saxlayıb irəli qaçır və yaralılara ilk yardım göstəririk. Heyf ki, biri artıq şəhid olub. Əsgərlərin köməyi ilə əvvəl yaralıları, sonra da şəhidi maşına aparırıq. Bu zaman taqım komandiri gənc leytenantın və daha bir neçə əsgərin yaralı olduğunu görüb, onlara da ilk tibbi yardım göstərirəm. Əsgərin birinin yarası dərindir. Nə qədər eləsəm də, maşına minib arxaya gəlməkdən imtina edir. Axırda leytenanta xahiş edirəm ki, onu yola gətirsin. Komandirin sözünü eşidib maşına minir. Əsgərlərə apardığımız yemək bağlamasını və bəzi tibbi ləvazimatları da verib geri dönürük...
Bizim bir iş günümüzün mühüm hissəsi başa çatır...
Yaralı əsgər
Məni məcbur edirlər ki, geriyə, tibb məntəqəsinə gedim. Bu Bacı ki var, sağ olsun, həqiqətən bizim bacımızdır. Amma belə yox da. Mənim çiynimnən dəyən askol onsuz da dərinə işləyib, onu burda çətin ki, çıxarda bilsinlər. Ona qalsa, bədənimdə bəlkə on, on beş belə askol var. İndi bu bir askola görə döyüşü buraxıb geri qayıdım? Bəs kim döyüşsün? Bax, iki əsgərimiz ağır yaralıdır, arxaya aparırlar, biri də şəhid oldu. Şəhid olan Anar əmidir.... O adi adam deyildi ki, bir qan idi, qan e, qan! Onun ölümü mənə dəhşət təsir elədi. Gözümün qabağına gələndə, boğuluram, nəfəs ala bilmirəm. Hamımız əmi deyirdik ona... Birinci Qarabağ döyüşündə də iştirak edib. Özü də bu günlərdə azad etdiyimiz kəndlərdən birində yaşamışdı ailəsilə... Mən onun qanını almamış hara gedim axı?! Bu Bacının da xətirini çox istəyirəm... Maşın bir az yavaşısaydı... Aha, dayan, deyəsən, saxladılar. Hə, Bacı deyəsən telefonla danışır... Opbaa! Düşdüm e!.. Sürücü gördü deyəsən? Amma ona işarə edib yalvardım ki, Bacıya deməsin... Yəqin deməz...
(Əsgər maşınnan düşüb kolların arasına uzanır. Dərinnən nəfəs alıb öz-özünə danışır.)
Amma hardan? Bude ha, aldılar üstümü...
Sürücü
Əsgər maşınnan sivişib düşəndə mən gördüm onu. Amma elə baxdı ki, ürəyim ağrıdı. Neynim axı?! Onun ürəyi belə istəyirsə, mən neyniyə bilərəm? Düzdür, bacı buna görə məni danlayacaq, amma daha keçib. Bir şey uyduraram. Bizdə belədir onsuz da. Taqımın yarısı yaralıdır, amma özləri bir təhər yaralarını sarıyıb döyüşürlər... Belə eləməsələr, gündə on kənd ala bilməzlər axı... Çarəsi budur.
Amma yox. Bacı ilə Mirələmov aldılar yaralının üstünü. Mən də gedim görüm nə danışırlar...
Yaralı əsgər
Bacı hirslə üstümə qışqırır:
- Əsgər, axı sən yaralısan?! Ölə bilərsən!?. Niyə əmrə tabe olmursan?!
- Bacı, bax o maşında apardığınız şəhid Anar əmidir... Əlli beş yaşı var... Amma bizimlə bərabər vuruşurdu düşmənlə... Həm də dəhşət svyazist idi... Hamımız ona əmi deyirdik. O şəhid olannan sonar and içmişik ki, düşmənnən onun intiqamını yüz qat alacağıq...
Bacı...
(Gözləri dolur, o biri əli ilə yaralı qolunun üstündən basıb ağlamsınır.)
İcazə verin, onun qəmli hekayətini sizə danışım...
O hekayət
Qanlı sırğalar
adlanır. Onu bizə Anar əmi özü danışıb...
"...Qan insanın möhürü kimidir. Bir yerə düşdümü, qurusa belə, onun analizi ilə sahibinin kimliyini təyin etmək olur. O, qana çox inanırdı. İnanırdı ki, qan yeganə şeydir ki, insanı diri saxlayır. Hətta birinin sağ, yoxsa ölü olduğunu da qanla təyin edə bilərsən: bir yerini kəsərkən qanı axdısa, demək hələ diridir...
Orta məktəbdə oxuyanda biologiyaya hədsiz marağı da bəlkə elə qanla bağlı idi.
Bu qan məsələsini ona nənəsi ilə babası aşılamışdı. Atalı-analı yetim olannan sonra (kəndlərində ata-anası ayrılan, hərəsi özünə ayrıca həyat quranların ortada qalan uşaqlarına belə deyərdilər - onun da atası ilə anası iki yaşınnan ayrılmış, babası ilə nənəsinin umuduna qalmışdı), Arzu baba və nənəsinnən hər gün dürlü-dürlü sözlər eşidərdi. "Çıxan qan damarda durmaz", "Qanı xarabdır, təmiz qanlı deyil", "Qanını qaşığa qoydu ki...", "Qan çəkir...", "Qan kirasız qaynamaz"...
Elə o vaxtdan bu qan söhbəti onu ovutmuşdu - babası demişkən onu "qan tutmuşdu".
Məktəbdə barmaqla göstərilən şagird olsa da, babası onu doqquzillikdən tibb texnikumuna göndərdi. Nənəsinə bunları deyəndə qızın qulağı çalmışdı:"Ay arvad, mən day dağdan aşmış günəm. Səysəndi e, səysən!.. Sənin də az yaşın yoxdu... Bu qız bu il tərifnamə alacaq - direktor eşitdirib maa. Bir quzu da boyun oldum, aparıb su üstündə yesinnər müəllimlərnən. Dayısına salıx sal, gəlib aparsın Bakıya, qoysun messestralığa... Kəndparamızda iynəvuranımız yoxdu..."
Və beləcə, qan onu çəkib apardı Bakı 2 saylı tibb məktəbinə. Və tibb məktəbinin yaxınlığındakı rabitə texnikumunda oxuyan Anarla son kursda tanış oldular. Sonra tanışlıq sevgiyə çevrildi. Elə son kursdaca oğlana qoşulub qaçdı - "kimdi mənə toy eləyən? Cehizim filanım da yoxdur. Sənə toy eləsələr, bəsimizdi..."
Sonra ikisinin də təyinatını elə Arzugilin rayonuna verdilər. Baba ölsə də, nənə sevincinnən ağlaya-ağlaya qol götürüb oynamışdı...
Bir il sonar əkiz uşaqları olmuşdu: bir qız, bir oğlan. Oğlan qıza anasının adını qoydu: Reyhan.
O da oğlana mərhum babasının adını verdi: İmralı...
...Elə xoşbəxt idilər ki! Balaları bu il məktəbə gedəcəkdi....
Ordan-burdan eşidilən söz-sov düz çıxdı. Ermənilər 80-lərin sonlarında laxlayan Sovet hökümətinin gücdən düşdüyünü görüb, diş çıxartmağa başladılar. Dağlıq Qarabağın müstəqilliyini tələb etmək-filan... Məsələ böyüyürdü get-gedə.
Və qəfil gənc ailənin ağır günləri başladı - qonşu erməni kəndindən onların kəndlərinə tez-tez hücumlar olurdu. Əvvəl mal-heyvanı aparırdılar. Sonra adamları girov götürməyə başladılar.
Anar da o biri həmkəndliləri kimi yenicə yaradılan könüllülər batolyonuna yazıldı. Rabitə işini yaxşı bildiyinə görə batolyonda ona xüsusi ehtiramla yanaşırdılar. Vəziyyət o yerə çatdı ki, rayon mərkəzindəki batolyonun qarnizonunda gecələməli olurdu Anar. Bəzən həftələrlə ailəsini görə bilmirdi.
Ermənilər isə getdikcə azğınlaşır, Sovet ordusundan aldıqları silahlarla onların kəndlərinə, şəhərlərinə hücum edir, silahsız, dinc əhalini gülləyə tuturdular.
Belə qarışıq vaxtda bir gün xəbər aldı ki, daşnak dəstələri onların yaşadığı kəndi hədəfə alıblar. Və qəfil hücumla kəndin azsaylı silahlı dəstəsini mühasirəyə alıb qırmış, sonra kəndə daxil olub əhalidən öldürdüklərini öldürmüş, qalanlarını da maşınlara doldurub əsir aparmışdılar...
Arzu da, iki uşağı da əsir aparılanlar arasında idi.
...Anar və batolyondan gəlmiş silah yoldaşları hücum edib düşmənin gizləndiyi kəndi tutdu. Ermənilərin başçısı olan Arayiki əsir aldılar. Onun cibinnən bir xeyli qızıl diş, qanlı üzüklər və bir cüt də qanlı sırğa çıxdı. Özü də ən dəhşətlisi bu idi ki, bu sırğalar kəsilmiş uşaq qulaqlarının üstünnən asılı vəziyyətdə idi...
Anar sırğaları tanıdı. Qızı Reyhanın sırğaları idi..."
(Oğlan danışdıqca özünü saxlaya bilmir, arada hömkürüb ağlayır, sonra davam edirdi.)
Erməni quldurları Anar əminin arvadı Arzunu da, oğlunu və qızını da şəhid etmişdilər...
O günnən Anar əmi and içmişdi ki, nə qədər ki, canında can var, erməni quldurlarınnan intiqam alacaq...
Düzdür, həmin gün onun kəndini dağıdan, ailəsini məhv edən daşnak dəstələrinin axırına çıxmış, onların başçısı Araiki işgəncə ilə öldürmüşdü. Amma ürəyi soyumamış, bizim 44 günlük müharibə başlayanda da həm bələdçi kimi, həm də bacarıqlı rabitəçi kimi döyüşlərə qatılmışdı... Ailəsi, usagı olmasa da, o bizi öz ailəsi kimi bilirdi.
İndi ay Bacı, bildiniz mən niyə sizin sözünüzdən çıxmışam?! Bildiniz niyə maşınnan gizlicə düşüb geri qaçmaq istəyirəm?!.
Mirələmli
Hamımızı qan tutmuşdu. Bir an nə edəcəyimizi bilmədik. Bacı da, biz də ağlayırdıq.
Nəhayət, maşına tərəf gəlib, şəhid Anar əminin nəşinin yanında sayqı duruşuna düzüldük. Bacı əlləri ilə onun əsgər şinelinə bürüdüyümüz cansız bədəninə toxundu. Sonra gözləri dolmuş halda üstünə əyilib hıçqırdı və ozalandı, analar kimi ağı dedi:
Gözün arxada qalmasın, əmi...
İntiqamın alınır, Anar əmi...
Düşməni məğlub edirik, ay əmi...
Xanımının da, balalarının da ruhu şad olsun, ay əmi...
Biz də Bacıya qoşulub ağladıq. Sonra silahlarımızı yuxarı tutub üç kərə yayılm atəşi açdıq.
Bir azdan maşın tərpəndi.
Yaralı əsgər isə yerdən bizə əl edirdi.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!