Mühacirlik həyatı bir tale qismətidir. Nə yazıqlar ki, bəzən geniş qəlbli
ev sahibləri mühacir kimi gələnlərə
qucaq açıb, sonra da
"yersiz gəldi, yerli qaç..."
Axşam işdən evə qayıdan Mahmud kişi özü ilə bir cüt yaraşıqlı ördək də gətirmişdi. Şahnaz xala deyinməyə başladı.
- A kişi, ördək əlindən yaxamızı güclə qurtarmışdıq, yenə bunları hardan tapıb gətirdin?!
- Narahat olma, arvad. - Mahmud kişi ördəklərin ayaqlarına bağlanmış ipi aça-aça onu sakitləşdirməyə çalışdı. - Bunlar sən görən yerli ördəklərdən deyil ki, səs-küy salıb başımızı ağrıdalar, dimdikləriylə həyət-bacanı eşib kor qoyalar.
- Nə fərqi var axı, ördək elə ördəkdi də, - deyən Şahnaz xala Mahmud kişiylə yanaşı çömbəlib şübhə və maraq dolu nəzərləriylə ördəklərə baxdı. - Buyy, ay kişi, bunlar niyə belə qapqaradırlar? Heç vaqqıldamırlar da.
Mahmud kişi:
- Ay arvad, harda görmüsən ki, gəlmə adamın dili uzun ola? İt nədi ki, o da yad qapısında hürmür, - dedi. - Bu heyvancığazlar gəlmədirlər, yazıqdırlar, qəribdirlər, bir ayrı cür də deyirlər e... nəsə, yadıma sala bilmirəm.
Kamal atasının köməyinə gəldi.
- Mühacir ördəklər, ay dədə, - dedi.
- Ay səni Allah saxlasın, hə-hə, düz tapmısan, ay bala. - Mahmud kişi oğlunun zirəkliyinə sevindi. - Mühacir ördəklərdi bunlar. Əsil yerləri Hindistandı, amma gör hara gəlib çıxıblar.
- Dədə, ay dədə, yəni deyirsən ki, bizim yerli ördəklər də gedib Hindistana çıxsalar bunlar kimi lal-dinməz olarlar? - deyə Kamal atasından soruşdu.
Şahnaz xalanın hövsələsi çatmadı:
- Ay oldular ha! - dedi.
Mahmud kişi:
- Nə deyim, ay oğlum, qanacaqları varsa susacaqlar, yoxsa...
Gülüşdülər.
Ayaqları açılan ördəklər həyətin bir küncünə çəkilib üz-üzə dayandılar və bir-birlərinə qarşı boyunlarıyla, başlarıyla qəribə hərəkətlər edə-edə, sanki öz aralarında danışmağa başladılar. Onların bu hərəkətləri əməlli-başlı tamaşa idi və ən azı yarımca saat fasiləsiz davam etdi.
Kamal anasına:
- Ay ana, - dedi, - bilirsən onlar nə danışırlar? Deyirlər ki, yox, burda bizi pis qarşılamadılar, yemdən, sudan da bir şey versəydilər, lap əla olardı.
Kamal ördəklər üçün su töküb qoydu, dən səpdi.
Bir neçə vaxt keçdi. "Mühacir" ördəklər hamının xoşuna gəlmişdi. Ördəkləri görən qohum-qonşudan bir neçə adam sifariş verib demişdi ki, bəs bala çıxaranda bizi də unutmayın.
Ördəklər hər səhər çöl quşları kimi uçub dəmiryolunun o tayındakı gölməçəyə gedir, bir də axşam düşəndə geri qayıdırdılar.
Yaz yenicə girəndə dişi ördək qırt düşdü. Şahnaz xala onun yuvasına on dörd yumurta qoydu. Və elə o gündən də erkək ördək uçub gölməçəyə getməyi tərgizdi, bütün günü hinin qapısı ağzından çəkilmədi ki, çəkilmədi.
Kamalın sevinci yerə-göyə sığmırdı. Hər gün ördəkləri yemləyir, intizarla bala çıxacağı günü gözləyirdi. Axşamlar da atasıyla söhbəti hardan başlasaydı, gəlib ördəklərin üstündə qurtarardı. O qədər suallar verirdi ki, atasına, saysız-hesabsız.
- Ay dədə, ördəklər neçə günə bala çıxarırlar?
- Erkək ördək niyə uçub gölə getmir?
- Yumurtaların laxı olmayacaq görəsən?
Günlərin bir günü, daha doğrusu ördəyin yumurta üstünə oturduğu on ikinci gün xoşagəlməz hadisə baş verdi.
Dişi ördək yuvasından çıxıb Kamalın səpdiyi dəndən, tökdüyü sudan yeyib-içmişdi. Yuvasına qayıtmaq istəyəndə erkək ördək qarşısını kəsib qoymamışdı. Həmişəki kimi yenə də boyun-boğazıyla, başıyla uzun-uzadı qəribə hərəkətlər etmişdi. Kamala elə gəlmişdi ki, erkək ördək yaxınlıqdakı gölməçə üçün qəribsəyib, amma oraya tək getmək istəmir, odur ki, bayaqdan bəri dişi ördəyi dilə tutub xahiş-minnət eləyir. Ürəyi yandı erkək ördəyə, küçə qapısını açıb ördəkləri çölə çıxartdı, dəmiryolundan keçirib gölməçəyə tərəf apardı. Suyu görən ördəklər bir göz qırpımında canlandılar və hələ aralıdan qanad açıb gölə sarı uçdular.
Bir neçə saat keçsə də ördəklər geri qayıtmamışdılar. Şahnaz xala narahat olub oğlunu səslədi.
- Ay Kamal, yumurtalar soyumamış get o ördəyi qaytar gətir yuvasına.
Kamal ördəkləri gölməçədə yox, dəmiryolunun kənarında tapdı. Kaş ki, tapmayaydı. Erkək ördək boynunu büküb, qımıldanmadan, təsadüfən hansı qatarınsa təkərləri altına düşüb iki bölünmüş dişi ördəyin ölüsüylə yanaşı durmuşdu. Gördüyündən özünü itirmiş Kamal bir müddət nə edəcəyini bilməsə də, sonra əyilib sanki yuxuda olan erkək ördəyi ehmallıca qaldırdı, qoltuğuna vurub evə gətirdi.
***
Bu əhavalatın üstündən bir neçə gün keçmişdi. Bazar günüydü. Ata-bala oturub çay içir, televizora baxırdılar. Şahnaz xala içəri girib üzünü ərinə tutdu.
- Qırmızı toyuğumuz üç-dörd gündür qırt düşüb. Altına qoymağa yumurta tapmırdım. O da gedib oturub ördəyin yumurtalarının üstündə.
Mahmud kişi baxışlarını televizordan ayırmadan:
- Oturub oturub da - dedi.
- Eyy, necə yəni oturub?! Yazıq deyil, boş-boşuna lax yumurtaların üstündə oturub əziyyət çəksin?
Kamalın ağlına nə gəldisə anasına yalvar-yapış etdi.
- Ay ana, noolar, qoy otursun da o yumurtaların üstündə. Bəlkə elə bala çıxaracaq.
- Ay bala, elə şey olar? Ördəyin öldüyü iki-üç gündü, yumurtalar haçandı buza dönüblər... Yox, onu tutub basacam soyuq suya, sonra da dimdiyinin deşiyinə lələk keçirəcəm ki, ayılsın.
Kamal yenə də əl çəkmədi.
- Qurban olum, ay ana, bəlkə elə soyumayıb yumurtalar... Neçə gündü havalar da imisti keçir.
Mahmud kişi də oğluna qahmar çıxdı.
- Səndən nə gedir, ay arvad, toyuqdu qoy yatıb da...
Şahnaz xala narazı tərzdə başını bulaya-bulaya yan otağa keçdi.
***
Dünyanın qəribə-qəribə işləri olurmuş. Aradan sayılı günlər keçmişdi. Şahnaz xala sevinə-sevinə xəbər gətirdi ki, bəs deməginən yumurtalar lax-zad döyülmüş, hamısı dopdoludu, bu gün-sabah da, inşallah, din vuracaqlar.
Bəh-bəh, indi Kamalın gözünə yuxu getsin görüm, necə gedir. Vallah-billah, qınayan olmasaydı, elə gecələri də o toyuq hininin qabağında qalardı. Bir gündə üç-dörd dəfə yumurtalara baxır, götürüb qulağına tuturdu. Hamısının da içindən yüngül tıqqıltı səsi gəlirdi. Deməli, yumurtaların heç birisi lax deyildi.
Hələ balalar çıxmamış, Kamal evlərinin arxasında yeri qazıyıb dərinə salmağa başladı. Anası görüb yaxına gəldi.
- Bu nə kalafadı, qazıyırsan, ay oğul? - deyə soruşdu.
Kamal alnının tərini köynəyinin qoluyla silib:
- Ördəklərçin hovuz düzəldirəm, - dedi. - Suyu buraxacam bura, qoy üzsünlər özləriyçin, gölməçəyə getməsinlər.
Anası bir söz demədi.
***
Ördək balalarının hamısı çıxmışdı. Analıqları - qırmızı toyuq qırtıldaya-qırtıldaya yerdə eşənək atıb yem axtarır, gah itə, gah pişiyə şığıyıb "balalarını" qoruyurdu. Bir neçə gün sonra Kamal ördək balalarından ikisini tutub qazdığı hovuza buraxdı. O biri ördək balaları da anadangəlmə suda göz açıblarmış kimi hovuza cumdular və həvəslə üzməyə başladılar. Uşaq oyuncaqları kimi suyun üzündə yırğalanan ördək balaları hovuzdan çıxmaq istəmir, qırmızı toyuq isə həyəcan dolu səsiylə qırtıldayaraq hovuzun başına fasiləsiz dövrə vurur, "balalarını" yanına çağırırdı. Bu qeyri-adi mənzərə həm gülməli, həm də ağlamsınalı idi. Kamala belə gəldi ki, bir az da beləcə davam eləsə qırmızı toyuğun hirs-hikkədən ürəyi dözməyib partlayacaq, ördək balaları ikinci dəfə yetim qalacaqlar. Odur ki, o, əlindəki çubuqla ördək balalarını ehmal-ehmal suyun kənarına çıxartdı. Toyuq yerə çöküb "balalarını" geniş açdığı isti qanadlarının altına yığdı.
Qırmızı toyuq daha burasını bilmirdi ki, bir-iki aydan sonra dilsiz- ağızsız "mühacir" ördəklərin yetim qalmış bu balaları hər gün pərvazlanıb dəmiryolunun o tayındakı gölməçəyə uçacaqlar və axşamdan axşama rast gəldikləri qırmızı toyuğa "ana" yox, əcaib bir məxluq gözüylə baxacaq, tez-tez dimdikləyib həyətdən də qovacaqlar. Bir də ki, qırmızı toyuğun ağlı elə toyuq ağlıydı və çox güman ki, onun "yersiz gəldi, yerli qaç" məsəlindən ömür-billah xəbəri olmamışdı, olmayacaqdı da.
10.07-18.07.2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!