Lal dəniz - Səma MUĞANNA

 

1997-ci il tarixini geri dəyişək. Bu tarixin 17,19, yaxud 91, 97, 79 yaşı olduğunu kim deyə bilər? Onun kainatında torpaq insandırsa, bəs onun neçə yaşı var? 17 yaşı varsa, tarixlərdə niyə yaşlıdır? O gənc oğlandır, yoxsa, qız?

Bax, beləcə, özünə də suallar verən qızcığaz zaman dilimlərində bir az geriyə addımladı, lakin tarix 1997-ci ildən 7135-ci ilə dövr etdi.

7135... rəqəmlərin hər birinin tarixində bir insan doğulacağını kim düşünə bilərdi ki?!.

 

Avqust ayının sonu,

sentyabrın başlanğıcı.

Aybənizin məktubu...

 

Bax, bulud kimi göy üzündə uçmağa çalışırsan, lakin  bacarmırsan. Bilirsən, niyə? Hə, əlbəttə, yenə bəlli bir cavabın olacaq. "Sən heç doğulmadın, ölmədin" cümləsini o qədər təkrarlamısan ki, artıq küçədəki maşınların tozu da bu cümləni özünə almaqdan qorxur.

Sən torpağa bənzəyirsən. Bax, məktubda yenə adını çəkmirəm, amma yazıram. Bir az çaya da bənzəyirsən. Çay kimi köhnəldikcə ruhunu oxşayan bütün qollarını, qanadlarını qırıb atırsan. Bu qanadların var ha, onlar mənim göz bəbəklərimdə heç vaxt böyüməyən qabarlı əllərindir! Sənin indi ruhun qocalır. İndi məni yada salmaq istəmirsən, çünki tək mənə deyil, göylərə xəyanət etmisən!

Bu məktubdakı fikirlər, bəlkə də, uzun olacaq, lakin yazdığım bu duyğusuz, boş ağ kağızları şamın alovuyla yandır. Zatən, mənim də ömrüm şam kimi yanır.

Bax, bu məktubu hazırladığım zaman şam yenə yanmağa başladı. Sənə görə işıqları söndürmüşəm, halbuki qorxuram. Axı sənin gözlərin qaranlığın ən dərin işığı idi...

Yaxşı. Bu məktub, o da sən. Vicdanınla baş-başa qal, mən isə şamla saçlarımı kül edib, əbədi olaraq dənizə gedirəm. Salamat qal, dəniz qədər sonsuz məhəbbət daşıyan insan!

Aybəniz məktubu bitirib kənara qoyan kimi tələsik evdən çıxdı. Otaqda yanan şamı da söndürməmişdi. O gün Aybəniz gözdən itsə də, özü ilə gözlənilməz hadisəni qoyub getmişdi.

7-ci evin 1-ci sonsuz mənzilinə qədər...

Qapı döyüldü. Aybəniz yuxuda idi. 7-ci mənzilin qapısından bir sakin gəlmişdi. Qapını var gücü ilə döysə də, Aybəniz dərin yuxudan oyana bilmirdi. Saat 07:30. Əslində, o, bu vaxtlar oyanıb çay dəmlər, masasına keçib cızma-qara edərdi. Bu gün isə fərqli idi. Aybəniz evdə yox idi axı. Qapı necə açılsın? Harda, hansı küçədə?

10 avqust Aybənizin yaşı ilə yerdəyişmə edərək 17-ci qışın 35-ci baharını ilk önə gətirmişdi. Əslində, Aybəniz yayın ən qızmar günəşi altında soyuqdan donurdu... bəs həmin adam?

7-ci mənzilin qapısından gələn naməlum sakin nəhayət,  qapını sındırıb içəri hücum etdi. Otaqları gəzdi, gözü stoldakı məktuba sataşdı. Saçları arxaya daranmış, gözündə qara eynək və çox qaraqabaq olan gəncin əynində qara palto vardı. Deyəsən, zaman məhz onun vaxtına səyahət etmişdi.

Məktubu oxumağa başlayanda üzündə qeyri-ixtiyari olaraq  həm təbəssüm yarandı, həm də gözləri doldu. Oxuyub bitirənə qədər artıq məktub islanmışdı, lakin islansa da, bir küncü şam atəşində yandığından son sətirlər seçilmirdi; yalnız 17, 9, 1 görünürdü.

O, məktubu cibində gizlədib evi yenidən axtarmağa başladı; bayaqda qapını qırırdı, indi isə ən kövrək birisinə çevrilmişdi. Gözləri dolmuş, beyni tutqun halda idi. Aybənizi tapa bilmədiyi üçün lap dəli olmuşdu; hardaydı, görəsən?

Cəld evdən çıxıb qaçmağa başladı. Ayaqlarının altında kiçicik addım izləri vardı. Bu, elə deyəsən, Aybənizin idi. Həmin izlə də yoluna davam etdi, lakin izlər bir müddət sonra itdi. Onun qarşısında dəniz sahili vardı. Ətrafda isə qum... Axı Aybəniz də bura gəlmişdi...

Birdən sahildən səs eşidildi, qız səsinə bənzəyirdi. Gənc təngnəfəs səsə sarı yüyürdü...

Mənim adım Vicdandır, ey insanlar! İnsanların qorxub qaçdığı, bəlkə də qəhqəhə çəkib güldüyü, sevginin, nifrətin anası da, atası da Vicdan! Mən Aybəniz olaraq doğulmuşam! Qollarımdan, damarlarımdan axan qana yaxşı baxın! Hər qatın altında qan yox, nifrət, sevgi, xəyanət, acı, kədər, işgəncə, zülm, sevinc, kin-küdurət gizlənir!

Aybəniz sözünü eşidən kimi gənc: "Hardasan?" -  deyə qışqırsa da, kimsəni görə bilmədi, amma Aybəniz onu görürdü.

Aybəniz naməlum şəxsi görəndə belə içindəki fırtına susmur, gah da bu fırtına sakitləşib qəhərə çevrilirdi...

Nəhayət, gənc Aybənizin dayandığı sahilə tərəf yaxınlaşdı. Aybəniz həyəcanla qışqırdı:

- Geri çəkil!

- Aybəniz!

- Geri çəkilməlisən! Tez!

- Bilirəm, məni görmək istəmirsən, amma sənə deyəcəyim...

Aybəniz son dəfə yenidən qışqırdıqda dalğalar gənci öz ağuşuna çəkdi. Aybəniz qışqırsa da, kömək etməyə qorxurdu. Sanki edərsə, yenidən onu itirəcəkdi. Bu zaman gənc Aybənizə:

- Vicdan...

Vicdan mənəm, bəli! Amma 17 yaşlı Aybəniz indi yanında deyil...

- Aybəniz...

Son sözü eşitdikdən sonra səs gəlmədi.

1735-ci ilin yaz ayları...

17 yaşlı qızcığazın 35-ci yolunda 3 ulduz, 5 körpü var. Ulduzlar sönməyib, qətlə yetirilib! Yolunda 3 ulduz var ki, onlar bu körpülərdən yapışıb - Sədaqət, Vicdan, Sevgi, Qorxu, Tənhalıq körpülərindən.

Tək Nifrət körpüsü yoxdur. O hardadır? Aybənizin gözlərində, qəlbində deyil!

O gün nə baş verdi?

Aybəniz səsi duyduqdan sonra gəncə yaxınlaşmaqdan çəkindi. Sonra isə o tərəfdən uşaq səsi eşitdi. Yaxınlaşanda gəncin üzü digər tərəfə baxırdı. Aybəniz təəccüb içində idi. Axı o dənizdə boğulmamışdı? Bu necə ola bilər?

Körpə Aybənizə yaxınlaşıb nifrət dolu baxışlarla qışqırdı:

- Adım Nifrətdir. Bəs sən kimsən?

Bir anlıq Aybənizin nitqi tutuldu. Nifrət hələ körpə idi. Onun 3,4 yaşı olardı, amma daxilində paxıllıq, kin-küdurət yatırdı. Bilirsiniz, yəqin hətta düşünürsünüz ki, körpələr intihar edə bilməz. Bəlkə də, ən dəhşətlisielə  günahsız körpələrin içində yatan nifrətdir...

Gənc Aybənizi gördü, lakin yaxınlaşmadı. Körpə isə qaçaraq dənizə atıldı. Aybəniz o körpəni qurtara bilmədi...

1735-ci il... Aybəniz 17 yaşında olarkən...

Əslində, bu tarix Aybənizin, 3 və 5 isə Nifrət adlı körpənin yaşı idi. Bəs o gənc? - Aybənizin yaşında idi...

Nifrət indi körpədir, lakin 17 il bundan öncə onun 3, ya da 5 yaşı olardı. Dəqiq tarixi xatırlaya bilmirəm. Yaddaşımdan bütün xatirələr silinib. Günahkar kim idi? Körpəmi, mənmi, gəncmi? Kimdir axı...

İndi 1735-ci ildən 35 ulduzun altında qaranlıq bu iki gəncin sahilə getdiyi zamanı seyr edirdi. Onlar elə bu körpüdən addımlayırdılar...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!