Noktürn - Hekayə.Nüşabə Əsəd MƏMMƏDLİ

 

Qəfil zəng Raufu yuxudan ayıltdı. Səhər təzə açılırdı. Telefondakı adı görəndə, bütün cismini həyəcan, narahatlıq bürüdü.

Ariz idi zəng edən.

- Mən sənlə mütləq görüşməliyəm. Yəni bu görüşə görə gəlmişəm Gəncəyə.

- Saat neçədə?

- Nə qədər tez olsa yaxşıdır. Mən Bakıya qayıtmalıyam.

- Onda yarım saatdan sonra Xan bağında görüşək, Nigar Rəfibəylinin abidəsi önündə.

- Oldu. Mən elə indi ora gedirəm.

- Mən də gəlirəm.

Rauf yuyunub, köhnə "Mercedes"ini işə saldı.

Maşını çıxartmaq üçün darvazanı açanda, qapıbir qonşusu Qazi Əlini gördü. O, qoltuq ağaclarına söykənib, çörək almaqdan gəlirdi. Əli Qarabağ müharibəsi əlili idi. Aprel döyüşlərində isə oğlu Nadir şəhid oldu. Qazi Əli onun arvadını və iki körpə qızlarını yanına köçürtdü. O da, ömür-gün yoldaşı da sanki təskinliyini bu körpə balalardan alırdılar. Gəlin də halal süd əmmiş idi. Fikri-zikri bu uşaqları böyütmək, onlara yaxşı təhsil vermək idi.

- Hara gedirsən, Rauf?

- Təcili işim var. Bir nəfərlə görüşüm var.

- Allah amanında.

Rauf yola düşdü.

"Görəsən, Ütarid necədir?" Bu fikir elə bil onun qanını dondurdu.

Bir neçə ay bundan qabaq Rauf Ütaridlə birgə ömrünün ən xoşbəxt gününü yaşadı. Elə bil qaranlıq ömrünə günəş doğdu. Bir sehrli, möcüzəli yuxu gördü.

Onda Hacıkənddə Milli yaylaq festivalı keçirilirdi. El şənliyi qurulmuşdu. Yüzlərlə insan bu şənliyə qatılmışdı. Bütün xalqların mətbəxi təşkil olunmuşdu. Ləziz yeməklərin ətri otların, çiçəklərin rayihəsinə qarışmışdı. Boş düzəngahda səhnə qurulmuşdu. Səhnədə milli paltar geyinmiş qızlar rəqs edirdi. Səhnədə fortepiano da qoyulmuşdu. Fortepiano Rauf üçün qoyulmuşdu. Bu gün o özünün 2-ci noktürnünü ifa edəcəkdi.

Rəqslər bitən kimi aparıcı Raufun adını elan etdi.

- İndi isə bəstəkar Rauf Əzimbəyli özünün 2-ci noktürnünü ifa edəcək.

Rauf səhnəyə çıxanda bir dəstə keçmiş tələbə yoldaşları arasında Ütaridi, kollecdə dərs dediyi tələbələrini gördü. Qəlbində ildırım çaxdı. Tələbə yoldaşları arasında Ariz yox idi. Ütarid Arizin arvadı idi. Hansı üzlə Ariz gəlməliydi ki, Gəncəyə? - düşündü o.

Bir an baxışları Ütaridin nəzərləri ilə qarşılaşdı. Cismi silkələndi. Uşaqlara əl edib, yeyin addımlarla pianino arxasına keçdi. Çalmağa başlayanda gördü ki, Ütarid səhnə yaxınlığına, onun qənşərinə gəldi.

Rauf çalmağa başladı. Musiqi dayanan kimi, hər tərəfdən səngiməyən alqışlar gəldi. "Bravo" sədaları altında Rauf tamaşaçılara baş əyib, aşağı düşdü. Bir-bir yoldaşlarıyla görüşdü.

Ütarid onla bir kursda oxumamışdı. Konservatoriyanın yuxarı kurslarında idi. Ariz də, Ütarid də, Rauf da eyni yaşda idilər. Rauf ödənişli əsaslarla konservatoriyaya qəbul olundu, ancaq oxumağa gedə bilmədi. Anasını qoymadı borc pul götürsün kimdənsə. Hərbi komissarlıqdan ona çağırış vərəqi gələndə Rauf rahat ürəklə əsgəri xidmətə getdi. Naxçıvanda xidmət etdi, iki ildən sonra konservatoriyaya qəbul olunanda Ariz artıq üçüncü kursda oxuyurdu. Ütarid də onunla birgə təhsil alırdı.

Rauf onu akt zalında Arizlə birgə gördü. İlk dəfə gördüyü bu qız onun ruhunu, varlığını ələk-vələk elədi. Ürəyi cizildədi. Bir anlıq özünü Arizin yerində gördü. Bir anlıq xoşbəxt oldu.

Sonra Arizin Ütaridlə toyu oldu. Bu toya Rauf getmədi. Ancaq Ariz bir neçə gündən sonra Raufa zəng edib dedi ki, onu gənc ifaçıların müsabiqəsinə seçiblər. İstəyir orda Raufun 1-ci noktürnünü ifa eləsin.

- Bu çox yaxşı olacaq, Rauf. İkimiz də tanınarıq. Rauf tərəddüd etmədən öz əsərini ona verdi.

Xarici ölkədə keçirilən bu müsabiqədə Ariz Raufun yaratdığını öz əsəri kimi ifa etdi. Dərhal qəzetlər Arizi yeni dünyanın Şopeni, Şumanı adlandırdılar.

"Noktürn"ü əcnəbi musiqiçilər ifa etməyə başladı. Raufun ürəyi qan ağlayırdı.

"Duz-çörək kəsmişdik axı, necə qıydı Ariz mənə, mənim əsərimə? O mənlə necə görüşəcək? Ariz Raufla heç görüşmək niyyətində də deyildi. Bir müddət sonra təsadüfən görüşəndə dedi:

- Rauf, keç günahımdan. Məni şeytan aldatdı.

- Təzə əsərlər yaz, yarat, - sonra gülüb getdi.

Onda Rauf gündüz konservatoriyada oxuyurdu, gecələr 5 ulduzlu otellərin birində resepsionda işləyirdi. Gəlib-gedənləri qeydə alırdı, itən əşyaları saxlayırdı. O vaxt anası çox ciddi xəstə idi. 1-ci dərəcəli diabet idi. İnsulin vururdu özünə.

Anası vaxtilə Gəncədə ilk kamera orkestrinin yaradıcısı olan İsmayıl Vəliyevin tələbəsi olmuşdu. Anası Gəncə Musiqi Kollecini bitirmişdi. İsmayıl müəllim onun konservatoriyada oxumasını davam etdirməyi məsləhət bilmişdi.

Ancaq Rauf körpə olduğundan anası ali təhsil ala bilmədi, uşağını böyütdü. Ömrünün qara günləri başladı - atası buralarda baş girləyə bilmədi - getdi Rusiyaya bəxtini sınamağa. Əvvəllər pul göndərirdi. Sonra o da kəsildi.

Üstəlik, anasının işlədiyi musiqi məktəbinin direktoru anasını məzəmmət elədi, - Müəllimə, siz öz sinfinizə uşaq yığa bilmirsiz. 3-4 nəfər uşağa dərs deyib əməkhaqqı alırsınız. Belə getsə, gərək özünüzə ayrı iş axtarasız. Onda Rauf 12 yaşına keçmişdi. Hər yerdən əli üzülən anası üz tutdu əziz qonşuları Bayaz xalaya:

- Əlacsız qalmışam, Bayaz xala, oğluna de ki, mənə bir iş tapsın.

Ertəsi gün Raufun anası Bayaz xalanın oğlu müdir işlədiyi restorana Raufla getdi.

Anası orada aşpaz köməkçisi işləyirdi, hərdən restoranın qonağı çox olanda o, qab-qacaq yuyulmasına da kömək edirdi. Hər axşam evlərinə qazanlardan hələ soyumamış yeməklər gətirirdi - 2 nəfərlik. Buna restoranın sahibi icazə vermişdi.

Rauf bir dəfə sarsıntı keçirmişdi anasının qab yumasıyla bağlı. Onda Gülüstanda yaşadıqları evin qonşuluğunda böyük bir malikanə vardı. Bu malikanədə Xatın adında alverçi qadın yaşayırdı. O, ölmüş ərinə ehsan verirdi. Raufun anasını qab yumağa çağırdı. Xatının qulluqçusu naxoşlamışdı. Artıq şər qarışanda Rauf anasını qarşılamağa getdi. O, həmişə anasını gecə qarşılayıb evə birgə qayıdırdılar. Bu dəfə də Rauf anasını qarşılamağa gedəndə Xatın anasını saxladı.

- Bir dayan.

Xatın əlindəki əyri-üyrü qazançaya boşqablardan artıq qalan yeməkləri boşaltdı.

- Apar, bunu da gədən yesin.

Anası əliylə qazanı itələdi.

- Mənim oğlum heç kəsin artığına qalmayıb, - dedi. Və əllərini qabağındakı önlüklə silib oğlunun yanına gəldi. Anasının rəngi avazımışdı. Raufun əlacı olsaydı, bu Xatını öldürərdi, ya ayrı cür qisas alardı.

Əgər atası yanlarında olsaydı, Rauf da ürəkli böyüyərdi, anası da onun-bunun qablarını yumazdı, anasına xalxın artığı təklif olunmazdı.

Anasını qucaqladı. Anasına:

- Qaranlıqdan sonra işıq olur, ana.

Anası kövrəldi. Vicdansız atan buralarda olsaydı, heç kim mənlə belə davranmazdı.

Atasını Rauf tək bir dəfə gördü. Avtobusda. Onda Ariz də, Rauf da konservatoriyaya qəbul olunan il idi. Ariz ilə bir yerdə girdilər konservatoriyaya. Ariz Raufu da özüylə birgə Xaçbulağa aparırdı. Avtobusda onların qarşısında bir ucaboy, yaraşıqlı kişi, bir sarışın qadın əyləşmişdi.

Kişi Arizi öpdü.

- Atan nətəridir? Mənim salamlarımı çatdır. Mən də bir neçə günlüyə gəlmişəm. Uşaqlar Xaçbulaqda anamın yanındadırlar. Onlara komandirlə (yanındakı qadına işarə elədi) baş çəkməyə gedirəm. Yanındakı kimdir?

- Dostumdur, Sadıx əmi.

- Hə, yaxşı oğlana oxşayır.

"Sadıx əmi". Rauf az qaldı qışqırsın ki, mən sənin oğlunam. Sənin ürəyin titrəmədimi? Görmürsənmi, biz sənlə nə qədər oxşayırıq bir-birimizə? Ancaq Rauf ağrısını uddu. Heç nə demədi. Növbəti dayanacaqda sürücü düşüb "Sadıx əminin" iri səbətlərini yerə düşürdü.

Rauf düşündü ki, bəlkə də atası növbəti dayanacaqda yox, o birilərdə düşsəydi, Rauf ona yaxınlaşıb deyərdi - Ata, mən sənin oğlunam.

Atası avtobusdan düşəndə Rauf çox pərt oldu. İstəyirdi ki, atası avtobus ilə onla bir uzun yol getsin.

Rauf düşündü ki, bir də nə vaxtsa təsadüfən atasını görsə, mütləq ona yaxınlaşacaq.

Rauf heç Arizə də heç nə demədi. Ağrısını içində gizlətdi.

Konservatoriyada dərslər başlayanda Ariz Bakıya getdi, Rauf əsgərliyə. İki ildən sonra ordudan tərxis olunandan sonra konservatoriyaya girdi. Axşamlar Bayaz xalanın yaxın qohumunun 5 ulduzlu otelində işə düzəldi. Anasını işdən çıxartdırdı.

- Sənin oğlun var, ana. Özüm də işləyirəm. Mən sənə hər ay pul göndərəcəm, həm də mən təqaüd də alıram.

Anası işdən çıxdı. 2-3 tələbəsi vardı. Musiqi nəzəriyyəsindən onları kollecə qəbul olunmalarına hazırlayırdı.

Raufun heç vaxt ağlına gəlməzdi ki, bu oteldə o Xatını görəcək. Xatın 201-ci otaqda gecələyən bir məşhur oliqarxın yanına gəlmişdi. Hələ səhər açılmamış, Xatın birinci mərtəbəyə düşəndə döyükə-döyükə ətrafa baxdı və pilləkənləri cəld düşməyə başladı. Aşağı pillələrə çatanda çantası açıldı, oradan bir bağlama düşdü. Rauf bağlamanı götürüb onun arxasınca qaçdı. Ancaq Xatın onu gözləyən taksiyə minib gözdən itdi.

Rauf bağlamanı açdı, sanki gözləri dörd oldu. Zərfin üstünə - "10 min dollar" və "ürəyim" sözləri yazılmışdı.

İlk öncə Rauf fikirləşdi ki, 3 gün gözləyəcək, əgər Xatın gəlməsə, onda pulu özünə götürəcək və varlı adamlar yaşayan kimi yaşayacaq.

Anasına təzə palto, jaket, ayaqqabılar, koftalar, özünə 3 dəst brend kostyumlar, köynəklər, ayaqqabılar, marketdən ən bahalı ərzaqları və ən nəhayət, "Qreed" parfümünü alacaq. Bu ətri çox xoşlamışdı.

Xatından xəbər çıxmadı. Görünür, belə pulları o çox görüb. Xatın gedəndən sonra oliqarx kişi də oteli tərk etdi.

Xadimə qız onun otağından "Qreed" parfümünü gətirdi.

- Gör nə gözəldir!

- Götür də, sən götür.

- Mənə heç kəsin artığı lazım deyil, apar tulla getsin.

Sonra Rauf elə bil yuxudan ayıldı.

"Yox, bu pul harınlamış kişinin harınlamış fahişəyə verdiyi puldur. Bu pul kirdən təmizlənməlidir. Bu pul qanıyla torpağımızı vətən eyləyən, pak eyləyən qaziyə verilməlidir".

Gəncədə qapı bir qonşusu olan Qazi Əliyə verilməlidir. 3 gündür ki, Qazi Əli Bakıda Raufun konservatoriya yataqxanasında qaldığı otaqda qonaqdır. 3 gündür öz əlil arabasıyla müvafiq idarələrin qabağında ləlöyün olmuşdu.

Rauf səhər işdən çıxıb yataqxanaya yollanmışdı. Qazi Əli artıq ayağa qalxmışdı, yenə hansısa idarəyə getməyə hazırlaşırdı.

Yaşadığı evin dam örtüyü sökülüb dağılmışdı. Yağış, qar yağanda evə su damırdı. Yoldaşı Aygün və gəlini Tamam evə daman yağışın altına ləyən, vedrə qoymaqdan yorulurdular.

- Hara gedirsən, - soruşdu Rauf.

- Yenə gedirəm, bəlkə insafa gəldilər bu məmurlar.

- Heç yerə getmə. Mən sənə xeylaq pul gətirdim ki, evini təmir edəsən. Kombi də çəkdir, əməlli-başlı təmir elə, uşaqların böyüyür, qoy normal şəraitdə yaşasınlar.

Rauf zərfin üzərində yazılmış "10 min dollar" - "ürəyim" sözlərini silib, bağlamanı Qazi Əliyə uzatdı.

Kişini heyrət bürüdü.

- Bu hardandır?

- Tapmışam. Sənin qismətindir.

- Bə özün?

- Özümə heç nə lazım deyil.

- Çox sağ ol, ağrın alım. Pensiyamdan az-az qaytararam.

- Bu borc deyil. Bu sənə olan bəxşişdir. Sənin qismətindir. Halalın olsun.

Rauf Qazi Əlini taksiyə mindirib avtovağzala apardı. Ordan da bir taksi tutub, onu Gəncəyə yola saldı.

Qəlbində bir rahatlıq vardı. "Çox şükür Allaha" dedi ürəyində.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!