Ölürəm.
Bu dəfə həqiqətən də ölürəm.
Yasıma gələcəksənmi?
Boz atlı Xızır kimi son nəfəsimə çata biləcəksənmi?
Ucunda ölüm var, Həvəs Əlim, ucunda ölüm var. Gəlmə-
yəcəksən, əlini son dəfə çiynimə qoymayacaqsan, alnımı
öpüb yola salmayacaqsan, bağışlanmanı istəməyəcəksən.
Adını daşıdığın Əli haqqı söylə: "Məni həqiqətən sevdinmi?"
Əsasən şeirləri ilə tanınan Kamal Varol 2001-ci ildə "Yas üzükləri", 2005-ci ildə "Kin divanı" şeir kitablarını yazsa da, 2010-cu ildə "Dəmiryolu əhvalatları" hekayə kitabını, 2011-ci ildə isə ilk romanını "Jar"ı çap etdirdi. Müəllifin 90-cı illərin hadisələrindən bəhs edən "Haw" romanı böyük uğur gətirərək müxtəlif dillərə çevrilmişdir. Son romanı "Ucunda ölüm var" isə 2016-cı idə çap olunmuşdur. Kamal Varol doğulub böyüdüyü məmləkəti təsvir etdiyi bu romanda daha çox geridə qalmış insanları anlatmağa çalışır. Müsahibələrindən birində "Hər kəs itkilər yaşayır. Bəzən hansısa bir insanı, bəzən bir hissi itiririk. Roman qəhrəmanım əlli il bir adamı axtaran, mahnılarda izini gəzən, onu başqaları üçün dediyi ağılarda gizlədən bir qadındır. Bu qəhrəmanım vasitəsilə yarım qalmış, tamamlanmamış, nakam bir sevgi hekayəsindən bəhs etmək istədim. Mahnılarda, xalq hekayələrində, əfsanələrdə qalan, müasir insanın çətinliklə anlaya biləcəyi bir eşqin hekayəsini anlatmaq istədim. Amma məqsədim təkcə eşq deyildi. Həm də eşq və məmləkətin insana nələr edə biləcəyini təsvir etməyə çalışdım."
"Ucunda ölüm var" ölümü, həyatı, ölümə qədər yaşanan sevgiləri, ölümlə nəticələnən hekayələri anladan bir romandır. Ağıçı qadınla Həvəs Əlinin yarımçıq qalmış yarım əsrlik sevgisi, qadını yollara salan həsrət müxtəlif həyat hekayələri fonunda təsvir edilir. Roman boyu bir gün Konyada, başqa bir gün Ərzurumda, sabahısı İstanbulda ağılar deyən, ümidini üzmədən şəhərdən-şəhərə sürüklənən, getdiyi hər yerdə sevdiyini axtaran ağıçı qadının ruhundakı yorğunluğa şahidlik edir, çəkdiyi əzabları oxuyuruq.
"Bir insan çox şərəfli ola bilər, lakin dəfninə kimlərin gəlməsi hava şəraitindən asılıdır!"
Rud Lurye
Ağıçı qadın yeri süpürən cırıq paltarları, bu söküklərə yamadığı rəngbərəng cır-cındırları, başına doladığı qara yaylığı, şirağızlı əsası, belinə kəmər adı ilə doladığı qurd və çaqqal quyruqları, iki qaşının ortasındakı və əlinin üstündəki döymələri, biləklərinə keçirdiyi rezin biləkliyi və yırtılmış ayaqqabıları ilə əlli il ərzində kim haradan çağırdısa, hansı evdə ölüm hadisəsi oldusa, vaxt itirmədən yollara düşdü. Bu dünyaya sanki, sadəcə, ölülərin ruhunun salamatlığı üçün gələn bu qadın, illərlə dəniz sahili olan şəhərlərdən uzaq dağ kəndlərinə, quşların bir ləkə kimi yapışıb qaldığı diyarlardan qar üzü görməmiş obalara, bayındır meşələrlə əhatələnən rütubətli diyarlardan bir əjdaha kimi alov püskürən ucsuz-bucaqsız çöllərə qədər bütün ölkəni gəzərkən nə yollara düşməkdən ərindi, nə də artıq taqəti qalmayan ayaqlarından şikayətləndi. Zaman keçdikcə özü kimi yaşlanan şirağızlı əsasına söykənib bir yarpaq kimi külək qarşısında titrərkən çoxdandır məzar yerinə çevrilən Anadolunun qəsəbə və şəhərlərində ağılar dedi, illərlə ölülərin ruhlarını gül suyu kimi təravətləndirib geridə qalanların qəlblərində qalan, irin halını alan əzablarını axıtmağa kömək etdi.
Anadolunun bu son ağıçısı hər dəfəsində ölünün qapıdakı ayaqqabılarına baxıb heyifsiləndi, rəhmətliyin hələ də yorğan-döşəyində qalan qoxusunu içinə çəkdi, meyidin paltarlarını qucaqlayıb yaxınlarının birindən haqqında məlumat aldı. Ölənin kim olduğunu, başına nələrin gəldiyini, hansı çətinliklərlə böyüdüyünü, ölüm səbəbini, hansı arzusunu həyata keçirə bilmədiyini, ürəyindəki hansı dərdinin bilinmədiyini, bu dünyadan köçərək kimləri başsız qoyduğunu, son anında nə dediyini öyrəndikdən sonra onu gözləyən insanların arasında oturub üç gün üç gecə dayanmadan ağı dedi.
Köynəklər, jaketlər, corab və əl dəsmalları, baş örtükləri və allı-pullu geyimlər yaşlı qadının əlində havaya qalxdı və dodaqlarının arasından çıxan kədərli ifadələr otağın içində gah o başa, gah da bu başa gedib-gəldi. İllərlə gözləri quruyanların, kədərini içində saxlayanların, ağlamayacağam deyə and içənlərin, hətta daş qəlblilərin belə gözlərinin yaşını axıdıb bütün məmləkəti yüngülləşdirdi.
Ağıçı qadını dinləyənlər sinə döyüb dırnaqları ilə uz-gözlərini cırmaqlarkən o, sadəcə, Allahın sevgili qullarını deyil, hiyləbaz, qatil və əxlaqsız kimi cəhənnəmdə yanmağa layiq ən pis adamları belə təmizə çıxarıb o dünyasıındakı məhkəməsinə paklanmış halda yola saldı. Dediyi ağıların köməyilə tüfeyli həyat yaşayan ən bivec ölünü belə övliya təzkirələrində təsadüf edilməyəcək qədər yüksək mərtəbəyə çıxardı. Çayxanaya gedərkən yıxılıb ölən birisini sanki Kəbəyə gedərkən vəfat etmiş bir mömin, ya da ki, çox içki içdiyinə görə ölən birini zəmzəm suyunun həsrətilə ölən təriqət nümayəndəsi kimi təsvir etdi. Fırıldaqçıları etiqadlı, hiyləbazları dürüst, əxlaqsızları mələk kimi saf, müxtəlif pis vərdişləri olan işə yaramaz adamları belə haqq yolunda olan bir mömin kimi təqdim etdi. Belə olduqda, buludların üstündə ölünün əməl dəftərinə baxan mələklər belə hər halda səhv etmişik deyə əllərindəki köhnəlmiş tozlu dəftərləri səhifələyərək yazdıqlarını yenidən nəzərdən keçirməyə məcbur oldular.
Beləliklə də, qırışıq üzü döymələrlə örtülmüş ağıçı qadın ilə Anadoluda ölümün tozlu yolları əlli il ərzində göz yaşları ilə sulandı. Onun ürək parçalayan ağıları sayəsində hər kəs şər tərəfinə doğru ağırlaşan günah tərəzisini düzəltmək, cənnətdəki on səkkiz irmaqda şən şaqraq bir halda təmizlənmək imkanı əldə etdi. Əl dəsmalları, yaylıqların kənarı, tülbəndlər və qurumuş yanaqlar həmişə onun sayəsində islandı. Məzarlarında narahatlıqda vurnuxan ölülər ruhlarını arxalarından deyilən bu ağılara təslim etdi.
Yaşlı qadın isə hər ağı bitəndə vəzifəsini layiqincə yerinə yetirdiyinə əmin olduqdan sonra qara paltarının saf yerini yırtaraq ölülərin paltarından qopartdığı bir əl parçanı yırtığına düyünlədi və yenidən tozlu yollara düşdü. Avtobuslara, qatar və gəmilərə minib hər səfərində başqa bir ölünün ruhu üçün ağı dedi. Günlər, aylar keçdikdən sonra ölümlər arasında fasilə yaranmasından istifadə edərək tənha çöllərində bir-birindən məharətli aşıqların kədərli mahnılar oxuduğu köhnə Arquvandakı uçub dağılmış evinə qayıtdı. Gecə boyu buz kimi tut arağı içsələr də, içkidən deyil, oxuduqları şərqilərdən sərxoş olan aşıqları dinləyib yorğun başını kir-pas içindəki döşəyinə qoydu. Bir qulağı vadidə səslənən şərqilərdə, bir qulağı yoldan gələcək səslərdə günlərcə yatağında yıxılıb qaldı.
Lakin xəstəlik, müharibə, qəza, Allahın qisməti deyərkən Anadoluda olümün iş vaxtı heç vaxt bitmədiyi üçün müəyyən zamandan sonra yaşlı qadın yenidən yas evlərinin, ildönümlərinin və quran oxuyanların evinin yoluna düşdü. Üç gün üç gecə oxuduğu mərsiyələr müqabilində ona ödənilən göz yaşı haqqını boynundakı kisəyə yerləşdirib o diyar sənin bu diyar mənim demədən əlli il boyunca təkcə geridə qalanların deyil, gözü bu dünyada qalan ölülərin ruhunu da sakitləşdirdi. Lakin zaman deyilən şey həmişə eyni tempdə keçib getməzdi. Zamanın bəzən dayanması, heç bir səbəb olmadan işlərin qarışması, sonsuz görünən zaman axışının bir nöqtədə kəsilməsi vacib idi. Nəhayət, o qədər uzun müddət zamanın qiymətli qanadları altında səsini belə çıxartmadan ömür tükədən yaşlı qadının halı bir gün dəyişdi. Heç kəs səbəbini bilmədi.
Hər nə oldusa, uğursuz bir ilin məmləkətin başının üstünü aldığı, qarlı-çovğunlu bir qışın yaşandığı ilin yazında baş verdi. O il çətin keçən qış nəhayət, bitdi və Arquvandakı dərələr çağlayıb, ağaclar yenidən yarpaqlanmağa başladı. Lakin məmləkətin hər tərəfindən ölüm xəbərlərinın dalbadal gəldiyi həmin yazda ağıçı qadın bir gün təkotaqlı evinə qapandı və o vaxta qədər hər kəsə araladığı qırıq-sökük qapısını bir daha heç kəs üçün açmadı. İllərcə başqalarının həyatı haqqında kədərli əhvalatlar uydurduğu halda, o gündən sonra heç kəsə öz ömrü ilə bağlı bir cümlə belə demədi.
Arquvanlılar torpaq sürüşməsi səbəbindən könnə qəsəbələrini tərk edib şərq tərəfdə yeni bir şəhər salmışdılar. Amma hər kəs ev-eşiyini qoyub bu yeni qəsəbəyə köçdüyü halda, yaşlı qadın susuz və işıqsız vəziyyətdə bu köhnə yurdda tək-təkinə yaşamağı seçmişdi. İşi olmasa, yeni Arquvana heç gəlməzdi. Ona hörmətlə yanaşan qəsəbəlilərin baxışları altında tütünü qurtaranda tütün alır, radio batareyası, duz, şəkər, yağ alır, hər şeyin qiymətini soruşmaqla vaxt itirmək istəmir, sonra da geriyə, evinə qayıdardı. Bu səbəbdən də qəsəbə camaatı yaşlı qadının evinə qapandığını, ağı deməyə getmədiyini bilmədi. Onsuz da qocalar o ilin sərt qışına hazırlıqlı olduqları üçün ölüm halları elə də çox olmadı. O günlərdə arquvanlılar onun yoxluğunu bir an belə hiss etməyib sevinc içində türkülərinə və içkilərinə üstünlük verdilər. Ölümün hər bir canlı üçün haqq olduğunu, tez-gec qapılarına gələcəyini yaddan çıxarıb həyatlarını nəşə içində yaşadılar.
Ağıçı qadınsa o yaz günlərində otağın küncündə yığılmış kir-pas içərisindəki qab-qacağa, çatlaq divarlardan asdığı rəngbərəng təsbehlərin səliqəsizliyinə fikir vermədən başını bağlayıb özünü yatağa saldı. O vaxtdan sonra hərdənbir də olsa, mahnı və ya xəbər dinləmək üşün istifadə etdiyi radioqəbuledicini belə açmadı və bir gözü pəncərədə həmişə çölə baxdı. Adətən, zamansız gələn ölüm qəfildən ortaya çıxacaqmış kimi, yaşlı gözlərini evinin önündən keçən ağaclı çöllüyə, onun içərisindən axan dərəyə, sanki illərlə orada olan ağaclara, uçuq-sökük halda gözləyən köhnə qəsəbənin xarabalıqlarına dikdi.
Lakin bu dünyadakı hər kəsin və hər şeyin sonunu gözləmək mümkün olsa da, ölümün bircə dəqiqə belə gözləməyə səbri yox idi. Anadolunun dörd bir tərəfində gül-çiçək içində keçən bir-iki həftədən sonra baharın nəfəsini hiss edən qocalar bir-bir ölməyə, məscidlərdən və yuyatlaradan yenidən dörd qollular qalxmağa başladı. Ölünün arxasında qalan biçarə və kədərli insanlar az da olsa rahatlamaq üçün Arquvana yola düşdülər.
Amma yaşlı qadın kədərli ölü sahiblərini, il verənlərin xahişlərini, onun üçün qəsəbənin başbilənlərinin vasitəsilə xəbər göndərən varlı insanların dəvətlərini belə qəbul etmədi. Kiminə xəstə olduğunu, kiminə başqa yerə çağırıldığını söylədi, kimini də kobud sözlərlə çürümüş taxta qapısından qovdu. Beləcə, bir müddət evinə gəlib-gedən olmadı. Lakin çox keçmədən bu viran qalmış evin olduğu təpədə dayanan ricaçılara yeniləri qoşuldu. Lakin onlar da müsbət cavab ala bilmədi.
Ölü sahibləri qadının nədənsə incidiyini düşünərək yanına gedəndə bütün yaşlıların sevdiyi findıqlı lokumlardan apardılar. Hətta ona ödənən göz yaşı haqqının az olduğunu düşünüb daha çox pul təklif etdilər. Kimisi də yaşlı qadını razı salar, daş qəlbini yumşaldar deyə özlərini bağlı qapının qarşısında yerə çırpıb ölülərinin ürək parçalayan hekayələrini danışdı. Ağıçı qadın bəlkə də bu əhvalatlardan birinə inanıb razılaşar deyə ümid etdilər, lakin nə qədər dil töksələr də, fayda etmədi, qapını açmayan yaşlı qadını heç cür razı sala bilmədilər.
Kimisi ondan incidi, kimisi təhqiredici sözlər deyib evinə qayıtdı. Fəqət bu qapıya gələn yas sahiblərinin sayı heç də azalmadı, əksinə, günü-gündən daha da artdı. Axırda bu xahişçilərdən yorulan yaşlı qadın qapıya gələn Arquvanlılara artıq gəlməmələrini, bundan sonra heç bir yerə getməyəcəyini, ağıçılıq etməkdən əl çəkdiyini söylədi. Sonra isə bağlı qapının arxasından barmaqları ilə hesablayıb gözlərini ulduzlara çevirdi. Hesab-kitabı qurtardıqdan sonra taleyinə yazılan ömür payından xəbərdar olduğunu, düz on altı gündən sonra öləcəyini, bu səbəbdən heç yerə getməyib yorğan-döşəyində əzrayılı gözləyəcəyini qəti şəkildə bildirdi.
Qapısına yığışan xahişçilər onu başa düşməyib qapını yumruqlayan zaman onun qəzəbli səsi eşidildi. Yaşlı qadın qapının arxasından hirslə: "Bundan sonra ağı deməyə getməyəcəyəm", - deyə qışqırdı. Sonra isə səsinin tonunu aşağı salıb sakitcə "on altı gündən sonra öləcəyəm", - dedi.
Hazırladı:
Nərmin Cahangirova
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!