“Burdan min atlı keçdi” əsərindən bir parça - HİDAYƏT

 

Adlarını çəkdiyim və çəkmədiyim antitürk, millətçi-şovinist, ekstremist ruhlu yazıçılardan Azərbaycanda  yalnız Zori Balayanı "yaxşı" tanıyırlar, o da "Ocaq" kitabı 1984-cü ildə Moskvada nəşr ediləndən sonra. Kitab yetmişinci illərin sonlarında yazılmışdı, çox parçaları Ermənistan Komsomolu Mərkəzi Komitəsinin orqanı olan "Avanqard" qəzetində dərc edilmişdi. Düşmən mövqeyindən yazılmış bu toplu barədə o vaxtdan Bakıda əlim çatan hər yerə - Mədəniyyət Nazirliyinə, Yazıçılar İttifaqına, redaksiyalara, görkəmli ədəbiyyat-incəsənət xadimlərinə müraciət etdim. Heç bir ciddi reaksiya hiss eləmədim. Bircə sözləri vardı: "Cəfəngiyyatdır, fikir verməyin. Yel qayadan nə aparar?!.." Sonra bu materiallar 1981-ci ildə İrəvanda kitab şəklində nəşr edildi. Yenə müraciət etdim, yenə həmin münasibətlə qarşılaşdım.

Zori yazırdı: "Mən günəşin doğuşunu Arazın qırağında qarşıladım. Biz erməni çayı ilə erməni dilində danışdıq". Bir dəfə üz-üzə gələndə ona dedim: "Sən Arazla hansı dildə danışıbsan, bilmirəm, amma Araz uşaqlıq çağlarımdan indiyəcən mənlə səhər də, günorta da, axşam da təmiz Azərbaycan dilində danışır. Axı, onun sahilində doğulmuşam. Onunla görüşməyə, danışmağa səndən daha çox imkanım olub".

Üç erməni yazıçısının arasında dediyim bu sözlər ona sillə kimi dəydi, əlbəttə, o "sillə"ni heç vaxt unutmayacaqdı, bunu əvvəlcədən də bilirdim. Sonra mən 5 il İrəvanda yaşadım, təsadüfən üz-üzə gələndə əllə salamlaşmazdıq, başımızı tərpədib keçərdik.

"Ocaq"ın 1984-cü ildə Moskvada nəşrindən sonra Azərbaycanda tənqidi yazıların dərc olunması yalnız təbii etirazlarla və təşəbbüslərlə bağlı deyildi. Azərbaycan KP MK-nın müəyyən dərəcədə icazəsi ilə bu yazıların çapına yol açılmışdı. Axı, Sov.İKP MK Ermənistanda ideoloji işi tənqid edən ciddi qərar (yerinə yetirilməsə də!) qəbul etmişdi.

Həmin Mərkəzi Komitə 1989-cu ildə Ə.Vəzirovun, V.Polyaniçkonun rəhbərliyi ilə Zorinin Qarabağdan SSRİ xalq deputatı, Dağlıq Qarabağ Muxtar Vilayəti "Milli Şurası"nın deputatı seçilməsi üçün nəyə desən, getdi, hətta bir qrup azərbaycanlı "ziyalı"nı Balayanı təbliğ etmək üçün Xankəndinə, Şuşaya, Xocavəndə, Hadruta, Yuxarı Qarabağın digər iri yaşayış məskənlərinə göndərdilər. O "ziyalılar" da onlara göstərilən "etimadı" şərəfsizcəsinə doğrultdular.

 

***

Erməni mədəniyyət, ədəbiyyat xadimləri, məmurları, siyasi rəhbərlik içində saf adamlar, əlbəttə, ünsiyyətdə olduğum, bir-birimizə hörmət etdiyimiz şəxslər də olub, hətta əməkdaşlıq münasibətimiz də formalaşıb. Amma bu münasibətlərə mən həmişə obyektiv mövqedən yanaşmışam. Aydın bilmişəm - şəxsi münasibətlərdir, əməkdaşlıqdır - bunların qlobal milli məsələlərlə, ərazi iddiaları ilə heç bir əlaqəsi yoxdur.

Aşığın sözü qurtaranda "neynim... neynim... çağırar" - deyirlər. Mənim bədxahlarımsa, məni nəzərdən salmaq üçün bir fakt, arqument tapa bilmədiklərindən Sovet Birliyi dönəmində - erməni ədəbiyyatından etdiyim tərcümələri yada salırlar və onların normal ağıla, məntiqə, ölçüyə sığmayan yozumlarına görə mən bu tərcümələrimlə guya ermənilərə xidmət göstərmişəm. Nə qədər bəsit, səviyyəsiz, kəmsavad yanaşma!

Əvvəla, məsələnin digər tərəfinə baxmaq lazımdır: axı, mənim əsərlərimi də erməni dilinə çeviriblər, bu dildə kitabım çıxıb, şeirlərim, nəsrim, publisistikam erməni mətbuatında ardıcıl dərc olunub. Yalnız məni yox, o illərdə Qərbi Azərbaycanda yaşayan qələm sahiblərimizin əsərləri rəhbərlik etdiyim Azərbaycan Ədəbiyyatı Şurası xəttilə erməni dilinə tərcümə olunar və erməni mətbuatında dərc edilərdi. Mən bu missiyamı xüsusi maraqla yerinə yetirirdim; bir yandan - soydaşlarımızın əsərləri erməni auditoriyasına təqdim olunurdu, digər tərəfdən - ədəbi ictimaiyyətə, oxuculara, xüsusilə millətçi-şovinist dairələrə demək istəyirdim: nə qədər soyqırımılarına, deportasiyalara, məcburi köçürülmələrə məruz qalsaq da, bu gün nə qədər ayrı-seçkilik şəraitində yaşasaq da, biz hələ varıq bu doğma torpaqda, qədim tarixi-etnik yurdumuzda. Xalqın mədəniyyəti varsa -özü də var!

Erməni dilindən tərcümələrim isə çoxdur, "Vahaqn nəğməsi"ndən (ilk yazılı erməni şeiridir) başlamış, Avetik İsahakyana, Paruyr Sevaka, Gevork Eminə, Vartqes Petrosyana, Razmik Davoyanacan... Təvazökarlıqdan uzaq düşməsin, tərcümələrim, deyəsən, alınmışdı, oxucularımızı tutmuşdu və bunun sədası erməni ədəbi mühitinə də çatdığından hamı istəyirdi onu dilimizə mən çevirim. Əlbəttə, çox təklifdən imtina edirdim.  Özü də yalnız İrəvanda yox, Bakıda da. Qəzet redaktorlarımız, nəşriyyat rəhbərlərimiz məndən xahiş edirdilər - filan yazıçını bizim üçün tərcümə edin.

Görkəmli rejissor Hraçya Qaplanyan yetmişinci illərin sonunda Heydər Əlirzaoğlunun dəvəti ilə Bakıya gəlib (Ulu öndər onu qəbul etmişdi, geniş söhbətləri olmuşdu və Hraçyanın dediyinə görə, o söhbətdə mən də xatırlanmışdım) Akademik Milli Dram Teatrının səhnəsində Nakop Paronyanın "Şərqli diş həkimi" əsərini hazırlamaq barədə razılığa gəlinəndə (Hraçya əslində "Maqbet"i tamaşaya qoymağa gəlmişdi, truppa ilə tanışlığa dərindən bildiyi bu əsərlə başlamaq fikrindəydi) hər iki tərəf tərcüməçinin seçilməsi barədə yekdil fikirdə olmuşdu: "Bu əsəri ancaq Hidayət çevirə bilər". Mədəniyyət naziri Zakir Bağırov bu məsələ ilə bağlı mənə zəng çaldı, yüksək mədəniyyətlə həm əsər haqqında fikrimi, həm də tərcüməyə münasibətimi və vaxtımı soruşdu, xahiş etdi. Hraçya da İrəvana qayıdan kimi mənlə görüşdü, müfəssəl söhbət etdik və qısa vaxtda asan olmasa da, o əsəri dilimizə çevirdim, tamaşaya qoyuldu, uzun müddət oynanıldı.

Belə epizodlar çoxdur, birini də xatırlamaya bilmirəm: görkəmli şair, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, keçmiş İttifaqın hər yerində tanınan Gevork Emin Bakıdan hansısa, tədbirdən qayıtmışdı. Həmin tədbirdə Azərbaycanın rəhbəri Heydər Əliyevlə görüşəndə ulu öndər ona deyir: "Gevork, sənin Azərbaycan dilində sanballı kitabın yoxdur, mən tapşırıq verəcəyəm, tematik plana salsınlar, tərcüməçini özün müəyyənləşdir". Gevork çox sevinir, dərindən təşəkkür edir, heyrətlənir - birinci katib onun Azərbaycan dilində sanballı kitabı olmadığını haradan bilir? Bu, həqiqətən, beləydi: Azərbaycanda əllinci illərdə yeganə çox kiçik bir kitabçası nəşr edilmişdi.

Tərcüməçi məsələsinə gəlincə, Gevorkun fikri birmənalı olur: "Yalnız Hidayət".

Mənim heç nədən xəbərim yox idi, bunları Gevork İrəvana qayıdan kimi yerli-yataqlı söylədi. Nə deməliydim? Açığı, bu təklif ürəyimcə deyildi. Eminin yaxşı şeirləri olsa da, yaradıcılığında monotonluq var. Bəzi şeirlərində isə psevdopatriotluq qabarıq nəzərə çarpır. Millətçilikdən hali olmayan şeirləri, publisist yazıları da var. "Yazıçı" nəşriyyatı isə başqa cür düşünmüşdü: kitabın tərcüməsi beş-altı, bəlkə daha çox şairə tapşırılmalıydı, o sırada mənə də. Bu format məni tamamilə qane edirdi. Ancaq nəşriyyatdan bir əməkdaş özünü Gevork Eminə təqdim etmək üçün ona telefon açmışdı: "Şeirləri özünüz seçin, tərcüməçilər filankəslər olacaq". Gevork o tərcüməçilərin hamısını şair kimi tanısa da, özündən çıxmışdı: "Tərcüməni yalnız Hidayət etməlidir!" Başılovlu halda mənə telefon açdı. Dedi: "Heydər Əlirzaoğluna yazacağam". Çalışdım - onu sakitləşdirim.

Amma yazdı da!

Mərkəzi Komitənin ideologiya üzrə katibi Həsən Həsənov Heydər Əlirzaoğlunun göstərişi ilə Gevork Eminə zəng çaldı. Bu vaxt evdə yalnız Gevork Eminin rusca bilməyən qoca atası, ya qayınatası olur. Həsən müəllim naəlac qalıb Azərbaycan dilində ona nə isə başa salmaq istəyir. Qoca üçcə sözü yadında saxlayır: "Bakı. Çentralnıy Komitet. Qasan Qasanov". Əlbəttə, Gevork evə gələn kimi Həsən Həsənova zəng çalır, ona bildirilir: Heydər Əlirzaoğlunun tapşırığı oldu, xahişi yerinə yetirildi.

Məsələdən halı olur, Heydər Əlirzaoğluna təşəkkürünü bildirir.

O günlərdə "Yazıçı" nəşriyyatının direktoru Əjdər Xanbabayev də mənə telefon açdı:

- Gevork Eminin kitabı neçə çap vərəqi olacaq? - Soruşdu.

- Beş çap vərəqi bəsidir, - dedim.

- Axı, layihədə yeddidir, özü də bilir.

- Mən eyni müəllifdən şeiri beşdən çox tərcümə edə bilmərəm.

- Deyəsən, yaman da iddialıdır.

- Həm də demaqoqdur. Mən onu başa salaram.

Çevorkun kitabının nəşri Heydər Əlirzaoğlunun tapşırığı ilə hazırlandığından Əjdər müəllim çox ehtiyatlı və hədsiz diqqətli idi.

O, mənə telefon açanda yanında olan baş redaktor Sabir Rüstəmxanlı sonralar dedi: elə bilirdik - sən on çap vərəqi istəyəcəksən.

Gevorka da açıq dedim. Qəbul etdi.

Kitab çap olundu, - Gevorkun Ön sözü, Azərbaycan haqqında, tərcüməçi barədə xoş fikirləri ilə.

Bəli, erməni ədəbiyyatından dilimizə çox çevirmələrim var, amma bircə misranı və ya sətri də hansısa, təmənna üçün eləməmişəm. Mən o illərdə də yazmışam, indi də deyirəm: o əsərləri dilimizə çevirmişəm və çevirmək istəyirəm - onları özüm yazmaq istərdim, lakin... məni qabaqlayıblar və gözəl yaradıblar, təkcə erməni ədəbiyyatından deyil, Uilyam Şekspirdən, Harriyet Biçer-Stoudan, XIX əsr ingilis və island poeziyalarından, türk ədəbiyyatından Cəlaləddin Rumidən başlamış, Nazim Hikmətə, Orxan Vəliyə, sonrakı nəsillərin yaradıcılığından nümunələrə, digər xalqların ədəbiyyatlarından etdiyim tərcümələrədək!

Tərcümə elə sənətdir - xoşladığın əsərin öz xalqına çatdırılması, tərcümə etdiyin ədəbiyyatı təbliği ilə yanaşı, eyni zamanda (fikrimcə, ən vacibi!) öz ədəbiyyatına bəxş etdiyin töhfədir, öz mədəniyyət xəzinəsinin zənginləşməsidir.

Mən xaricilərlə görüşlərdə iftixarla deyəndə - İkinci Dünya savaşında Hitlerin ordusu Azərbaycana yaxınlaşanda, cəbhədə gündə minlərlə gənc soydaşımız həlak olanda Milli Akademik Dram teatrımızda Fridrix Şillerin "Qaçaqlar" pyesi tamaşaya qoyulub, uzun müddət anşlaqla göstərilib, yaxud Hötenin "Faust"undan həmin illərdə parçalar tərcümə edilərək, mətbuatda dərc olunub, - heyrətlərini, xalqımızın dərin müdrikliyinə, böyük humanizminə heyranlıqlarını gizlədə bilmirlər. Xalqımız o ağır, hətta ümidsiz vaxtlarda da Hitleri Şillərdən, Hötedən ayıra bilirdi.

Şair otuz-qırx il qabaq erməni ədəbiyyatından tərcümələr edib. Günaha batıb?!

Mən Azərbaycan ədəbiyyatının yaxşı nümunələrinin erməni dilinə tərcüməsinin təşəbbüskarı və nəşrinin təşkilatı işləri  ilə məğşul olmuşam. O illərdə İrəvanda erməni dilində çap olunan hər Azərbaycan kitabı mənim iştirakımla dünya işığına çıxıb. Hansı kitablar? Yadımda qalanlar: Nəsiminin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin (iki şeir toplusu), İsa Hüseynovun, Nəbi Xəzrinin, Elçinin, İsa İsmayılzadənin, digərlərinin. Hətta 1917-1925-ci illərdə "daşnaksütyun" millətçi-terrorçu qruplarının soydaşlarımıza qarşı törətdiyi qırğınları, təcavüzləri əks etdirən Nəzər Heydərovun "Zəngəzur dağlarında" tarixi-memuar kitabını. Bu əsərin İrəvanda nəşri Bakıdakı dostları, naşirləri, digər ziyalıları da təəccübləndirdi. Əjdər Xanbabayev mənə dedi: "Zəngəzur dağlarında"nı Bakıda çox çətinliklə nəşr etdik, "Qlavlit" buraxmırdı, Mərkəzi Komitə, sonda isə Heydər Əlirzaoğlu işə qarışandan sonra, onun xüsusi göstərişi ilə icazə verildi.

Bəli, bütün ciddi maneələr dəf edilərək, həmin əsər İrəvanda erməni dilində nəşr edildi!

Ötən əsrin otuz-əllinci illərində erməni teatrlarında tamaşaya qoyulan Cəfər Cabbarlının, Səməd Vurğunun əsərlərindən sonra erməni səhnəsinin pərdəsi Azərbaycan dramaturgiyasının üzünə tamam "bağlanmışdı". Teatrda fəaliyyətim dövründə Mədəniyyət Nazirliyi, teatrların direktorları, baş rejissorları ilə apardığım danışıqların nəticəsi olaraq bu "pərdə" açıldı, Erməni Akademik Milli Dram teatrında İmran Qasımovun "Nağıl başlayanda..." dramı, Musiqili Komediya teatrında Rauf Hacıyevin "Qafqazlı qardaş qızı" operettası, Şıxəli Qurbanovun "Sənsiz" pyesi və digər əsərlərimiz respublikanın  bir sıra əyalət teatrlarında səhnəyə qoyuldu.

Bunlardamı günah sayılmalıdır?

Bir "maraqlı" məqamı da qeyd etməyə bilmirəm. Yetmiş-səksəninci illərdə həm Bakıda, həm İrəvanda nəşr edilən kitablarımın, mətbuatda dərc edilən orijinal yazılarım və tərcümələrimin müsbət əks-sədası bəzilərini çox narahat edirdi və o "bəziləri" bu günəcən gəlib çıxdılar, indi "valı çevirib" mövzunun əks üzündən danışırlar. Lətif Hüseynov adlı "Sovet Ermənistanı" qəzetinin tərcüməçisinin 1976-cı ilin yanvar ayında "Ədəbiyyat və incəsənət" qəzetinə göndərdiyi "Bədii tərcümədə xalturaya qarşı" adlı cızma-qarası bu baxımdan "xarakterikdir". Lətif haqqında bu kitabın ilk çapında da qısa məlumat var, indiki nəşrində də həmin sətirləri çıxarmamışam. Bugünkü lətiflər olmasaydı, şübhəsiz, o Lətifi bu kitabda yeni sətirlərlə xatırlamağa dəyməzdi.

Lakin...

Lətifin məqaləsində ilk abzas (yazdığı kimi təqdim olunur):

"L.İ.Brejnev yoldaş onuncu beşilliyi keyfiyyət beşilliyi adlandırmışdır. Bu yalnız maddi istehsal sahəsinə deyil, eyni zamanda həyatımızın bütün sahələrinə, o cümlədən bədii yaradıcılığa aiddir. Lakin təəssüflə qeyd etmək lazım gəlir ki, mətbuatımızda bəzən bədii cəhətdən dəyərsiz yazılara, hətta xalturaya rast gəlirik". Başqa abzas:

"Hidayət Orucov "Sovet Ermənistanı" qəzetinin 1975-ci il 27 sentyabr tarixli nömrəsində Avetik İsahakyandan "Lirik şeirlər" tərcümə etmişdir. Üzdəniraq bu tərcümələr oxucuda təəssüf və ikrah əmələ gətirir. Axı, Avetik İsahakyan nəinki şair-filosof, böyük lirikdir. Onun özünəməxsus bədii manerası, təkrarolunmaz poetik məziyyətləri vardır. A.İsahakyanın şeirləri mahnı kimi xüsusi ahəngə, ölçü-biçiyə, daxili dinamikaya, fəlsəfi yığcamlığa, poetik vüsətə malikdir, doğrudan-doğruya melodiyadır. Hidayətin tərcüməsində isə bunların heç biri yoxdur. Bədii tərcümədə belə xamlıq ancaq gənclik həvəsindən və məsuliyyətsizlikdən irəli gələ bilər".

Son iki abzas:

"Yox, bunlar böyük lirik Avetik İsahakyanın şeirləri deyil, onun böyük adına böhtandır, onu hörmətdən salmaqdır. Şeir ustadı olan, buna görə də "Varpet" şöhrəti qazanan Avetik İsahakyanın ədəbi irsinə və xatirəsinə belə münasibət hörmətsizlik onun anadan olmasının 100 illik yubiley təntənələrində xüsusilə dözülməzdir.

Bəli, bu bədii tərcümə pərdəsi altında xalturaçılıqdır. Belə xalturaya qəzet səhifələrində yol vermək, xalqın pulunu sərf etmək ikiqat cinayətdir. Onuncu beşillikdə maddi istehsal sahəsində olduğu kimi, ədəbiyyat sahəsində də keyfiyyət uğrunda mübarizə aparmalıyıq.

Lətif Hüseynov.

13.01.1976-cı il"

Söz düşmüşkən, həmin tərcümələr Bakıda, "Azərnəşr"də çap olunan Avetik İsahakyanın seçilmiş əsərlərinə daxil edildi və çox yüksək dəyərləndirildi. Məqsədim ədəbiyyatla, bədii sənətlə heç bir əlaqəsi olmayan o primitiv, ibtidai düşüncələrə cavab vermək deyil, o illərdə də mənə qarşı paxıllıq, qısqanclıq hisslərini cilovlaya bilməyən üzdəniraqların mövcud olduqlarını diqqətə çatdırmaqdır. "L.İ.Brejnev yoldaş", "Onuncu beşillik" A.İsahakyanın şeirlərinin tərcüməsi ilə nə dərəcədə əlaqəlidir? Lətif Gəncədə qəzet redaktorunun müavini işləyəndə maliyyə mənimsəmələri üstündə həbs olunmuşdu, Kommunist Partiyası sıralarından qovulmuşdu, türmədə yatmışdı. Həbsdən çıxandan sonra daha Gəncədə qala bilməyib, İrəvana gəlmişdi. Kommunist Partiyasına da, "L.İ.Brejnev yoldaşa"da, "Onuncu beşilliyə" də nifrət edirdi. Ancaq onda, Hidayətin gördüyü xeyirxah işlərə ləkə salmaq üçün Baş katibə, onuncu beşilliyə söykənmək istəyirdi.

Digər tərəfdən, Hidayəti gözdən salmaq üçün bildiyi dahilik göstəricisi ifadələrini - bütün təşbehləri ("nəhəng şair-filosof", "böyük lirik", "özünəməxsus bədii manerası", "təkrarolunmaz poetik xüsusiyyətləri"), "mahnı kimi xüsusi ahəng", "fəlsəfi yığcamlığa, poetik vüsətə malik, doğrudan-doğruya melodiya", "şeir ustadı", "Varpet" ("varpet" də elə "ustad" deməkdir. - H.) şöhrəti qazanan...") erməni şairinə yağdırırdı.

Gənc Sabir Rüstəmxanlının - "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdirinin L.Hüseynova məntiqi və təmkinli cavab məktubu yetmiş yaşını haqlayan kişinin yaddaşında "vicdan dərsi" kimi qalmalıydı:

"Hörmətli Lətif Hüseynov!

Avetik İsahakyandan Hidayət Orucovun - gənc müəllifin orijinaldan çevirdiyi bu şeirlərdə İsahakyan poeziyasının ruhu və sənətkarlıq xüsusiyyətləri yaxşı saxlanmışdır. Buna görə də tərcüməçinin bu xeyirxah niyyətinə sizin münasibətinizlə redaksiya şərik ola bilmədi.

Şöbə müdiri: Sabir Rüstəmxanlı

15.03.1976"

 

("Məqalə" də, məktub da mənim arxivimdə saxlanılır).

O illərin başqa bir acı həqiqəti: 1978-ci ildə, 34 yaşımda ikən mənə "Ermənistan SSR Əməkdar mədəniyyət xadimi" fəxri adı veriləndə "Sovet Ermənistanı" qəzetinin redaktor müavini, əvvəllər Krasnoselo rayonunun birinci katibi, sonralar uzun illər Mərkəzi Komitədə təlimatçı işləmiş Cümşüd Sultanov hirsini heç nə ilə soyuda bilməyib, MK-nın mədəniyyət şöbəsinin müdiri Qurgen Arakelyanın yanına gedib üsyankarcasına: "Siz nə edibsiniz? Hidayət Orucov millətçidir, qatı türkçüdür. Ona o boyda ad vermək olar? O ad elə böyükdür - son 10-15 ildə heç kimə verilmirdi. Birdən-birə nə oldu?"

Qurgen Arakelyan ixtisasca jurnalist idi, "Pravda"nın Ermənistan üzrə xüsusi müxbiri olmuşdu, məni o vaxtlardan tanıyırdı. Yüksək fəxri ad alan kimi əhvali-ruhiyyəmi pozmamaq üçün, əvvəlcə, özü mənə heç nə demədi. Amma Cümşüd kişinin sözü ona elə yer eləmişdi - İsrafil Məmmədovu dəvət edib ona söyləmişdi: "Bu nə dəhşətli adamdır, elə insana belə sözlər..."

İllər ötəndən sonra isə mənə də dedi, ancaq acı təəccübünü hələ də gizlədə bilmirdi. Cümşüd kişi mənə fəxri ad veriləcəyini əvvəlcədən bilsəydi, gör nə oyunlardan çıxardı.

O, irəvanlı deyildi, deyəsən - uşaqlıqdan mühiti onu belə ermənipərəst edib, əslində elə irəvanlıya rast gəlməmişdim. Şərurdan gəlmişdi (şərurlulardan da, bütün naxçıvanlılardan da beləsinə rast gəlməmişəm), müharibədən sonra İrəvanda erməni ilə evlənmişdi, qızlarını ermənilərə vermişdi (Qərbi Azərbaycanda bu, çox nadir hadisələrdəndi), oğluna erməni almışdı. Bir fakt isə heç gözlərimin qabağından getmir: oğlu "Leçkomissiya"nın poliklinikasında həkim idi. Qapısına yazdırmışdı: "Sultanyan". Amma hamı ona "Sultanov" deyirdi.

Və... yeganə azərbaycanlı idi - öləndə erməni qəbristanlığında basdırdılar.

Belə adamlarla elə mühitdə işləməli olmuşdum.

Belə-belə işlər...

...Mənə "xüsusi" münasibətdə mövzu tükənəndə, fakt, arqument qəhətə çıxanda, bir sözlə, "neynim-neynim" başlayanda "Sovet Ermənistanı" qəzetində "SSRİ-60" rubrikasında dərc olunmuş "Çaylar kimi coşqun, qayalar kimi dözümlü" məqaləm "kara gəlir", yazılandan, dərc ediləndən otuz beş il sonra... Bu məqaləmi, şübhəsiz, yetmişinci illərin sonu-səksəninci illərin əvvəllərində "Sovet Ermənistanı"nda işləyən, jurnalistikada yer tuta bilməyən, bircə yazısı ilə yadda qalmayan, kəmsavad, "burnundan uzağı görməyən" birisi çıxarıb, hələ 1990-cı ilin oyuncaq parlament seçkiləri zamanı mənim əleyhimə,  alternativ Nərimanov Rayon Sovetinin sədrini dəstəkləmək üçün yaymışdı (elə bilmişdilər, o seçkidə səs verib-verməməyin nəticəyə təsiri varmış), sonralar hərdən məkrli niyyətlərə lazım olanda yenə "üzə çıxır", bu son vaxtlarda da hansı qəzetdəsə, "xatırlandı". Məqalə azərbaycanlı-erməni dostluğuna, daha doğrusu, bu dostluğa nostalgiyadan, bəhs edir, mənim uşaqlıq çağlarım, o dövrdə hələ yetmişinci-səksəninci illərdəki qədər bulanmamış, korlanmamış münasibətlərimizdən bəhs edir. O yazıda, bəlkə də, emosionallıq prioritet tutumdadır, ancaq ideya və mahiyyət təmiz münasibətlərin bərpa olunmasıdır. Mən bunu çox istəyirdim! O illərdəki fəaliyyətimi də bu istiqamətdə qurmuşdum: bir yandan erməni millətçi-şovinistlərini ifşa etmək, belə meyilləri zəiflətmək, digər adamları, ziyalıları ilə əməkdaşlıq edərək münasibətləri tənzimləmək, gərginləşməyin qarşısını almaq. Bu gün həmin dövrlərdəki fəaliyyətimi yenidən nəzərdən keçirib təhlil edəndə, bir daha inanıram: o illərdə, həqiqətən, fəaliyyətim hər iki istiqamətdə ardıcıl, prinsipial və dönməz idi. Və bu iki istiqamətin heç birinin, həqiqətən, alternativi yox idi, sonrakı hadisələr, müharibə də məhz bu deyimləri təsdiq etdi.

Biz açıq mübarizəyə (müharibəni demirəm hələ!) hazır deyildik. Ötən əsrdə otuz ildən çon müddətdə irticalarla, repressiyalarla, fiziki və mənəvi terrorla üzləşən, əllinci illərin ikinci yarısından fəallaşmağa başlayan, xüsusilə yetmişinci illərdə dinamik inkişaf edən milli şüurumuzla hələ iki əsrə yaxın müddətdə antiturkçülük şüurunun nökərinə çevrilmiş mürtəce ideologiya ilə açıq mücadilə üçün vaxt -təcrübə qazanmalıydıq. Yeni problem də yaranmışdı: Heydər Əlirzaoğlu Moskvaya işə dəyişildikdən sonra Azərbaycana rəhbərlik edən Kamran Bağırov və onun ətrafı milli-mənəvi dəyərlərin bərpası, azərbaycançılıq ideyasının həyatda yer alması üçün əməlli iş görməklə yanası, bir çox qərarları, xüsusilə ideoloji sahədə kadr təyinatları (iş o yerə gəlib çatmışdı ki, Azərbaycan KP MK Təbliğat və Təşviqat şöbə müdirinin mətbuat sahəsinə kuratorluq edən müavini erməni qadın təyin olunmuşdu) ilə bu prosesi inkişafdan saxlayır, hətta geri çəkirdi.

Buna görə də istəyirdim erməni irticası dərinləşməsin.

SSRİ gec dağılsın.

Düşünürdüm: SSRİ dağılan ərəfədə ermənilər baş qaldıracaqlar, biz o günə hazır olmalıyıq.

Mənim təhlilimə, hesablamalarıma görə SSRİ 2005-2010-cu ildən dağılmağa başlamalıydı, özü də mərhələ-mərhələ, respublikalar bir-bir çıxmalıydı imperiyanın tərkibindən, ilk öncə - Baltikyanı ölkələr, sonra Gürcüstan, Ermənistan...

Hələ Mixail Qorbaçovun "yenidənqurması" başlamamışdı. "Sürətləndirmə" şüarından xəbərsizdik, açığı, belə proseslər, belə şüarlar mənim ağlıma gəlməzdi.

Mənim haqqımda hədyan yazanların ağlına gələrdisə, söyləsinlər.

 

***

Mkrtıç Sarksyan vardı - Ermənistan Yazıçılar İttifaqının katibi, şair, nasir. Yastı-yastı xatirələr söyləməyi sevərdi, xüsusilə, Partiyanın Mərkəzi Komitəsində (MK) işlədiyi vaxtlardan.

MK-da məsul vəzifəsi olmamışdı, haçansa, təlimatçı işləmişdi, ancaq nostaljisi canında qalmışdı. Bir görüşümüzdə yenə yastı-yastı danışmağa, xatirələr söyləməyə başladı: "MK-ya xəbər yayıldı ki, Avetik İsahakyan gəlir... MK-ya gəlir. Zarobyan (MK-nın birinci katibi - H.) dərhal göstəriş verdi: "Qarşılayın. Mühafizəyə tapşırın, sorğu-suala tutmasınlar".

Gəldi: Zarobyanla dörd saat söhbətlər etdi. Sevanın (Göyçənin - H.) taleyini o görüşdə çox kəskin qoydu".

Söz Göyçə gölünün suyunun azalmasının qarşısını almaqdan ötrü Arpa çayının ora axıdılması üçün o illərdə milyonlarla vəsait tələb edən yeraltı kanalın çəkilməsindən gedirdi. Və bu kitabda artıq qeyd olunduğu kimi, Nikita Xruşşovun hadisələrə, proseslərə, hökumət qarşısında qaldırılan məsələlərə səthi münasibəti "sayəsində" o tikinti layihəsi həyata keçirildi. Ancaq Mkrtıç danışdıqca başqa məqam məni narahat edirdi. Hiss edirdim ki, Mkrtıç o görüş haqqında bildiklərinin hamısını, daha dəqiqi - ən vacib məqamları demir. Ahəstə-ahəstə danışır, nəyisə gizlətdiyi, açmaq istəmədiyi açıqca bilinirdi.

- Başqa heç nə demədi? - Yarızarafat, yarıciddi soruşdum, üzümdə təbəssüm vardı, əmin idim - ironiya təbəssümü idi, bunu Mkrtıçın baxışlarından hiss etdim, üzə vurmadı, dodaqları qaçdı, açmadığı məsələdən ləzzət aldığı dərhal hiss olundu. Ürəyimə damdı: Avetik kimi o görüşdə mütləq Qarabağ, Naxçıvan və Şərqi Türkiyə torpaqlarının "məsələsi"ni qaldırıb. Bu barədə mənə başqa bir görkəmli erməni şairi də dedi.

Sonra bir erməni professoru Avetikin vəsiyyətinin əsas müddəalarını mənə söylədi. Onların hər ikisinin ailələrinin - oğul-uşaqları, nəvə-nəticələrinin təqib olunmaması üçün adlarını çəkmirəm.

Avetik İsahakyan Azərbaycanda dostluq carçısı kimi tanınmışdı. Səməd Vurğunla görüşlərindən, xoş münasibətlərindən çox yazılmışdı. Mən onu həyatda görməsəm də, həvəslə tərcümə etmişdim. Hətta şeir də yazmışdım: "Avetik İsahakyanı tərcümə edərkən:

 

Dinir misraların gur çeşmələrtək

Böyük Füzulinin şir dilində.

Səni Savalana çatdıram gərək -

Dinib-danışasan Təbriz elində.

 

Duyasan bir köhnə dərdi, möhnəti,

Sənət dünyasında yol-iz azasan.

Yenə yada salıb ilk məhəbbəti,

Dönüb qəmli-qəmli şeir yazasan:

"Araz qırağında bostanım olsun..."

Uzun şeirdir.

Bu misralar da həmin şeirdəndir:

 

Əgər indən belə bu nəğməkar xalq

Heç  nə yaratmasa, yazmasa yenə,

Bircə bayatısı  mütləq çatacaq

Gələn əsrlərin sahillərinə...

 

Son bənd Avetik İsahakyanın sözləri deyil, mənim fikrimdir, onun adından vermişəm.

Ancaq o vaxtlar da deyirdim, onu tərcümə edəndə də, ona şeir həsr eləyəndə də bu fikirdəydim: - Avetik İsahakyan öz xalqının böyük şairidir, öz xalqının! Onu dostluq carçısı kimi qəbul etmək isə... Tamamilə sadəlövhlükdür.

Sonralar - doxsanıncı illərin axırlarında isə başqa tükürpədici faktlar araya çıxdı: 1948-ci ildə Ermənistanın Gorus, Sisyan rayonlarına və Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə səfər etmiş Avetik dostluqdan - qardaşlıqdan dəm vura-vura, mətbuata bu barədə danışa-danışa cib dəftərində tamam başqa fikirlər yazırmış. İrəvanda çıxan "Azq" ("Millət") qəzeti o dəftərdəki qeydləri 20 dekabr 1997-ci ildə dərc elədi. O qeydlərdən bəzi sətirləri şərh vermədən bu kitaba köçürürəm:

 

Qarabağ haqqında

 

Qarabağ tamamilə Ermənistandan kəsilmişdir, nə qəzet, nə də kitab var. Ermənicə dərs kitabları yoxdur. Bakıda ermənicə dərsliklər çap olunmur.

Bu, qayğısızlığın nəticəsi deyil, sistemdir, siyasətdir.

Yazıq qarabağlılar elə bilirlər ki, özləri tarixi türk torpaqlarında yaşayırlar, əksinə, yox. Qaranlıq ölkə, müti, etnikləşmiş.

Dağlıq Qarabağ avtonomiyası mütləq yalan şeydir, o, Bakıya tabe olan bir şeydir.

Hər şeyi Azərbaycan idarə edir.

Stepanakertdə ermənicə heç bir erməni kitabı nəşr olunmur. Stepanakert - müti təbəə, formal avtonomiya, fiksiya, hər şeydə, ən kiçik şeydə Bakıya tabe olan, pozğunlaşan.

...Yerli gənclər yatırlar, istəyirlər fikir söyləsinlər, heç bir imkanları yoxdur.

Bir gənc dedi: "Kürsümüz yoxdur". Vay, bir qadından, qarabağlı erməni qadınından soruşasan ki, necəsən, başlayır ağlamağa və öz itkiləri haqda danışmağa.

Qarabağda ev yoxdur ki, müharibə vaxtı qurban verməmiş olsun, heç olmasa, bir nəfər. Analar var ki, iki-üç oğul itiriblər, qardaş itiriblər.

 

Gorus haqqında

 

Tatev, Xıdzoresk mənim təsəvvürümdə olandan həqiqətin içində zəif görsəndi, lakin Şuşa mənim təsəvvürümü aşıb keçdi.

Xıdzoresk kasıb, hədsiz çılpaq, cındırın içində idi, arıq, qaralmış, qurumuş qadınlar, uşaqlar, deyəsən... (qəzet yazıb ki, burdakı sözlər oxunmur).

Vay, mən sizin sahibinizin, sizin böyüklərinizin atasını lənətlədim, erməni xalqını niyə bu kökə salıbsınız, kim türk, kim ingilis, kim alman, kim fransız və kim rus...

 

Türklər - azərbaycanlılar

haqqında

 

Qanundur - nə vaxt ki, türk erməniyə rast gəldi, gərək öldürə. Qanundur - türk gərək erməni öldürsün.

Bir sözlə, türklük bizə qalib gəldi - sosializm sayəsində.

Mənim suyumun başqa mənbəyi var, onunkunun - başqa. Birləşsək də, qarışası deyilik. Erməni, gürcü, türk müxtəlifdir, sosializm onları birləşdirə bilməz. O, onları məhv etməklə birləşdirə bilər.

 

Mir Cəfər Bağırov haqqında

 

Bağırov çox yaxşı adamdır, əgər o olmasaydı, azərbaycanlılar bizi yeyərdilər.

 

Rus haqqında

 

...Bizim taleyimiz dəyişilib. Döyüşən gərək rus ola, o da bu məsələdə etinasızdır, o yalnız düşünür ki, ermənini istismar etsin, öz məqsədinə xidmət etdirsin.

 

Rus dili haqqında

 

...Qarabağda rus dili müqəddəsləşib. Hökumət yığıncaqlarda, mitinqlərdə, tədbirlərdə rusca danışır. Keçmiş raykom katibi Manukyan hamı ilə rusca danışırdı (bilənlə də, bilməyənlə də), kim ki, ermənicə danışırdı, əlləri ilə qulaqlarını qapayırdı. Nəticə, ümumiləşdirmə - düşkünlük, ruslaşma.

 

Kirovabad haqqında

 

...Kirovabad itmiş ermənilik, gözdən uzaq erməni şəhər məhəlləsi.

 

Erməni xisləti haqqında

 

...Təbliğat, xalqı inandırmaq tamamilə başqa nəticə verdi - aclıq, zorakılıq, ölüm.

Ümidini itirmiş xalq, heç istəmir ki, evinə tərəf yol çəksin, sürünərək evinə girir.

Dəhşətli... üzülmüş, Allahın gözündən düşmüş insanlar - ermənilər...

Erməni xalqı pozuldu, qeyri-insani şərait üzündən namərdləşdi, heyvanlaşdı, hörməti, nəcibliyi, ailə, milli ənənələrini itirdi, kasıblıq insanları eqoist, qəddar etdi. Oğullar analarını saxlamırlar, evdən çıxarırlar (Movsisyan Avo, Xoyetyan Mkrtıçın oğlanları öz analarını evdən çıxarıblar). Vicdanlı söz yoxdur, satqın, xəyanətkar, fitnəkar, əclaf, hiyləgər olublar - bunların hamısı yaşayış üçündür.

Mənəviyyatı itirdik, fiziki varlığımızı saxlamaq üçün.

...Yuxarıda dedim: Avetik İsahakyanı həyatda görməmişəm. Ancaq müxtəlif sahələrdə məşhur olan, Ermənistandan kənarlarda çox yerdə tanınan akademiklər - Viktor Hambarsumyan, Sergey Mergelyan, rejissorlar - Vartan Əcəmyan, Hraçya Qaplanyan, rəssam Martiros Saryan, bəstəkarlar - Aram Xaraturyan, Arno Babacanyan, digər incəsənət xadimləri, şahmatçı Tiqran Petrosyan, yetmiş-səksəninci illərin ən görkəmli yazıçıları, idmançıları (xüsusilə futbolçuları), partiya-dövlət xadimləri ilə ünsiyyətdə olmuşam və o vaxt da əmin idim: onların hər birinin  üzdə necə görünməsindən asılı olmayaraq içində Avetik İsahakyanın dedikləri gizlənmişdi. Bu gizləntilər, sadəcə, "yenidənqurma" illərində üzə çıxdı. Təzə heç nə yox idi.

Gənc nəsil, əvvəllər çox demişəm, indi üzümü sizə tuturam: bunları öyrənmədən, bilmədən, düşmənin təcrübəsini mənimsəmədən ona qalib gələ bilməyəcəyik.

Aleksandr Puşkindən misralar düşür yada:

 

Tesnitsə sredğ tolpı evrey srebrolöbivıy,

Pod burkoö kazak, Kavkaza vlastelin,

Boltlivıy qrek i turok molçalivıy,

İ vajnıy pers, i xitrıy armənin.

 

Sətri tərcüməsi:

 

Kütlənin arasına sığınır gümüş sevər yəhudi.

Yapıncı altında kazak - Qafqazın hökmdarı,

Naqqal yunan və dinməz-danışmaz türk,

Və lovğa fars və hiyləgər erməni.

 

Şərhə yenə də ehtiyac yoxdur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!