Dincə qoyulmuş torpaq kimiyəm - Güldəniz Qocayeva Fikrət Qoca haqqında yazır

 

Sənətinin ilk qədəmlərində -“Mən ayaq açıb anamın yanından məzarına kimi gedən yolçuyam. Atamın məsləkinə, anamın laylalarına qarovulçuyam.”- demişdin və bir də ruhun bütün qanunların fövqündə dayansa da, “Qanundan kənar iki addım atırıq bu dünyada. Biri dünyaya gələndə, o biri də, hə də...” deyib keçmişdin “dünyadan getmək” məsələsinin üstündən. Haqqında yazmaq çətinliyinin qarşısında aciz-aciz şeirlərini varaqladıqca, heç tanımırammış kimi  səni bir də görmək istədim. Bu səfər dəfələrlə oxuduğum, bir misrasından tanıdığım şeirlərində tapmaq istədim səni. Uzaqlaşdıqca miqyası, rəngləri, gözəlliyi bütövləşən səbirli, qocaman, amma doğma  dağ kimi, qəlbi saflıq, məhəbbət, eşq dolu, gözləri dünyaya heyran, dili həyata dualı gözəl bir  nəhəng kimi durdun qarşımda. Bəlkə, hissə qapılıram, elə bildim ki, həmişəki səbrinlə mən səbirsizə yoxluqdan qorxmamağı, dünyadan getməyin şərti bir ifadə olduğunu anlatmağa da çalışdın.  Və mən də çox həvəslə həmişə olduğu kimi razılaşdım səninlə. İnandım.

Xəzər dalğalandı, su yırğalandı,

Dedim ki, ulduzlar hürküşər indi

Sahil işıqları Xəzərdə yandı,

Dedim, dalğalara od düşər indi.

 

Bərq vuran rəngləri dəyişir hər an,

Bilmirsən daş-qaşdır, ya adi sumu?

İstədim dənizdə alışıb yanan

Aydan alışdırım papirosumu.

 

Yaxud:

         Yoruldum, sərildim yer kürəsinə

Gecəni yorğantək üstümə çəkdim.

Qulağımı söykədim vaxtın səsinə,

Göyün mavi səbri gözümə çökdü.

 

Böyük kainatın belə boş vaxtı

Məni bu torpağa axı kim əkdi?

Əlimdən pöhrələr ucalacaqdır,

Kökümdən insanlar göyərəcəkdir.

Sən olacaq bir fikir, Səni deyəcək bir söz taparammı, bilmirəm. Nə deyim ki, sənin dediyindən aydın olsun. Dünyanın hansı üzü vardı, hansı yeri vardı ki, sən onu tanımayasan və orada Azərbaycan olmayasan. Təyyarə ilə uzaq ölkələrin üzərindən keçərkən səmada belə, Vətən olurdun:

Buludlar üstündə biz,

Buludlar altında yer...

Fikrimdən neçə misra

Buludlara səpilir.

Bu axşam şimşək çaxar,

Çöllərə yağar şeir,

Sözlərim damcı-damcı

Hara düşər,kim bilir...

Sözlərim damcı-damcı

Yağacaqdır torpağa,

Neçə-neçə eyvana,

Neçə bağçaya, bağa.

Baxışlara yağacaq,

Kirpiklərə düşəcək,

Azərbaycan şeirində

Çiməcək min-min çiçək.

Keçirəm diyarları

Ürəyimdə vətənim

Şirin bir nəğmə kimi.

Ürəyimdə göyləri

Gəzməyə çıxıbdı Kür.

Araz da mənimlədir,

Nənəmin arzusu da,

Gözlərim də Xəzərdən

İkicə damla sudur.

Buludlar üstündə biz,

Buludlar altında yer...

Nə isə, qardaş, bunlar sənin poetik təfəkkürün kimi ucu-bucağı görünməyən, çözüldükcə çözülən məsələlərdir, gəl bu yerdə söhbəti dəyişək, özün demişkən, göylərin dərinliyinə bir o qədər  varmadan yerə enək.

Bu yaxınlarda sənə göndərilən məktublara baxırdım. Biri mənə çox maraqlı göründü, çünki zəmanəmizdə nəinki təqaüdçü, hətta fəaliyyət başında olan filoloqlarımızın bəzilərində bu məktub sahibinin yazı mükəmməlliyini, fikrin nəcabətli ifadə tərzini izləmək olmur. Söhbət niyəsə, kimin təhrikiylə, hansı məqsədlə sonrakı kitablarında adı dəyişdirilərək “Ərkəc” qoyulmuş “Təkə” şeirindən gedirdi:

Sallaqxanada bir təkə vardı

Ələ öyrəşmişdi,

Yediyi kişmişdi.

Dağ kəli kimi

Buynuzları buruq-buruq,

Özü də buruq,

Zatıqıqrıq

Bir təkə vardı.

Sallaqxana da tilsimli bir dünya idi

Sağ qalan qoyunlar üçün.

Neçə qoyun sürüsü gələrdi

Ora hər gün.

Dəstə çəkən də həmin təkə.

Sürü qayıtmazdı, təkə qayıdardı.

Deyərdi:

Təzə yol öyrənmişəm,

Bu dəfə dağ yamacına

Çıxdıq bəlkə.

“Bəlkə”də bir zərrə ümid.

“Bəlkə” altında ləkə,

üstündə ləkə.

“Bəlkə”nin əvvəlində buynuzuna,

Görkəminə sürü inandığı təkə.

Sürünü çəkdi sallaqxanaya

Qoyunlar elə bildi ki,

Birinci həlak oldu buruq.

Sürü mələşdi:

“Təkə tək deyil,

arxasında biz varıq.”

Qoyunlar nə qorxdu,

Nə də qayıdıb qaçdı.

Təkə xəlvət qapıdan qaçıb,

Sürüyə görə

Bir ovuc kişmiş almışdı.

Çox təəssüf ki, şəxsiyyətini müəyyələşdirə bilmədiyim bu xanımın məktubunu olduğu kimi təqdim etmək istəyirəm:

 “Azərbaycan gəncləri” qəzetinin redaktoruna!

Ədəbiyyatımıza və jurnalistikamıza zəhmətin axtarışlar çeşməsindən axıb gələn istedadlı gənclərimizə  böyük qayğı ilə yanaşaraq, onların dərin qayəli yazılarını dərc etməkdə humanist mövqe tutduğunuz üçün Sizə və Sizin şəxsinizdə həmfikir yoldaşlarınıza minnətdarlığımı  bildirmək istəyirəm.

Qeyd edim ki, mən qəzetinizin yaşlı oxucusuyam.Hökumətimizin sovet adamlarına verdiyi hüquqdan istifadə edərək, bir neçə ildir ki, fərdi təqaüdə çıxmışam. Ev şəraitində boş vaxtlarımın bir qismini qəzet və kitab mütaliəsinə sərf edirəm. Ürəyə xoş təsir bağışlayan qəzet və kitab materialları adamın yaxın həmdəmi olur.Bəzən belə materiallar adamı neçə il əvvəllərə aparır; düşündürür, keçən günləri, insanları xatırladır; yaxşıları rəhmətləndirir, pisləri isə nifrətləndirir.

Mən gənclərimizi də böyük həvəslə oxuyuram. Onların çoxu öz doğma əsərləri ilə sevinc və fərəh paylayırlar. Belə müəlliflərə istər-istəməz  razılığını bildirmək istəyirsən.

Qəzetinizin 10 dekabr 1968-ci il tarixli nömrəsində Respublika Lenin Komsomolu Laureatı seriyasından gənc şair Fikrət Qoca haqqında yazı və müəllifin üç şeiri dərc edilmişdir. Mən həmin yazıları oxudum. “Təkə” sərlövhəli şeir məni çox düşündürdü. Həyatda olmuşları xatırlatdı. Xəyalən müəlliflə görüşdüm. Onu ana nəvazişi ilə qucaqladım, öpdüm. İti qələmini alqışladım. Elə buna görə də şerin müəllifinə məktub yazmağı qərara aldım. Məktubumu şer müəllifinə qəzetiniz vasitəsilə çatdırmanızı xahiş edirəm.

Fürsətdən istifadə edib bir neçə arzumu da bildirmək istəyirəm;

Yeni il yaxınlaşır. Qəzet işçiləri bu münasibətlə daha çox həyəcan keçirirlər. Sizə yeni ildə can sağlığı arzu edirəm. İstəyirəm ki, yaradıcılıq üfüqləriniz daha da genişlənsin. Üfüqləriniz günəşli olsun. Qəzetinizin yeni il səhifələrinə tələbkar oxucularınızın arzularını əks etdirən  həqiqət səsli, həyat nəfəsli əsərlər yol tapsın.

Hörmətlə: İzzət Yusif qızı

fərdi təqaüdçü.

Şamaxı 18. XII-1968-ci il.

 

“Təkə” şerinin müəllifinə

Sən üfüqləri günəşli, köksü od ürəkli bir vətənin sinəsində doğulmusan. Müqəddəs ana torpağın dünya şöhrətli neməti iə mayalanmısan. Gözlərini açan kimi onun nurunu görmüsən, üfüqlərinə boylanmısan. İlk addımlarını atmaq üçün ona istinad etmisən, yerimək üçün ondan təkan almısan.

Deyirlər, yurdumuz şairlər yurdudur. Məncə, yurdumuz şairdir, özü də ana şair, müqəddəs şair. Onun çoşqun ilhamı var. O, övladlarını öz coşqun ilhamı ilə mayalandırır. Əlbəttə, həmin mayanın müqəddəsliyini gözləmək, bu torpağın layiqli oğlu olmaq hamıya nəsib olmur. Bu baxımdan yanaşanda vətən səndən razıdır. Onun efirində coşqun dağ çayı kimi çağlayan odlu nəğmələrin dalğalarında sənin də sarı simlərinin əks-sədası var. Sənin poeziyanda ana yurdun sevinci və kədəri səslənir. Sən ana torpağın ətrini duyduğun kimi təsvir edirsən. Məncə, sən mənalı zəhmətin ümumi axınında özünəməxsus bir sürətlə üzürsən. Zəhmətin oduna yanmaqla, zəhməti də günəşin qəlpəsi olan ürəyinin oduna yandırırsan. Elə səadət də, xoşbəxtlik də sözün dolu mənasında qeyd etdiyim qarşılıqlı uyğunluqdadır.

10 dekabr 1968-ci il, ”Azərbaycan gəncləri” qəzeti bu tarixdə Respublika Lenin Komsomolu Mükafatı Laureatı seriyasından sənin haqqında yazı və bir neçə şerini dərc etmişdir. Haqqındakı yazını və şeirlərini oxudum, şeirlərindən birini isə təkrar-təkrar.

Doğrusunu deyim ki, “Təkə” şeiri öz dərin qayəsi, əhatə mündəricəsi ilə məni ovsunladı. Məni düşüncələrimə yük edib 32-33 il əvvəllərə apardı...

5-6 il idi ki, ailə həyatında yaşayırdıq. Şən, xoşbəxt və firavan. Gözlərimizin işığı 3 səadət çırağımız - körpələrimiz sanki bizə bütün dünyanı bəxş etmişdilər. Amalımız fərəhli zəhmət, namusla gilələnən alın təri hesabına yaşamaq, vətən və onun namuslu insanlarına yaramaq, ümid çıraqlarımızı ulduzlandırmaq idi. Amma düşündüyümüz kimi olmadı. O zaman cavan hökumətimizə üzdə sadiqlər, ürəkdə isə nankorlar yarandı. Doğma yurdumuzda sallaqxana tipli  tilsimli bir dünya peyda oldu. Onun zatıqırıq Təkəsi və bu təkənin köməkçiləri baş qaldırdı. Hiyləgər təkə xeyli ”qoyunları” özünə inandırdı. Onun təhriki ilə partiya və dövlətimizin mərd oğulları pis ad altında sallaqxanaya - tilsimli dünyaya - ömrün gedər gəlməzinə sürükləndi. Hiylə dərsi almış Təkə isə hər dəfə “bir ovuc kişmişini alıb dal qapıdan əkildi.”

Minlərdən biri kimi mənim də qəlbim yaralandı.Gözlərimiz yollarda qaldı. Ancaq ümid və inamımızı itirmədik. Bir müddət körpə fidanları qorxa-qorxa böyütdük. Həqiqət dərinliklərdən üzüb gec-tez üzə çıxmalı idi. Həyat belə davam edə bilməzdi. Partiya və dövlətimizin ədalətli qanunları həqiqətin üzə çıxmasını sürətləndirdi. Zatıqırıq təkələrin iç üzləri aşkar oldu. Onlar da cəzalarına çatdırıldı. Balalarımız ümumi ata qayğısılə əhatə olundu. Oxudular təhsil aldılar. İndi də vətənə və xalqımıza layiqincə xidmət edirlər.

İndi biz elmin, texnikanın və mədəniyyətin sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Həyatımızın hər bir anı fərəhlidir, baharlıdır. Bugünkü baharlı həyatımızda təravətli çiçəklərlə yanaşı, ürəkbulandıran, təəssüf doğuran qanqallara da təsadüf edirik. Tüfeylilər, rüşvətxorlar, nankorlar... Yaltaqlar, anonimçilər, böhtançılar və s... Ümumi axınımızda bizimlə ayaqlaşmayan bu əqidə şikəstləri, sözün əsl mənasında, keçmiş zatıqırıq təkələrin müasir don geymiş tör-töküntüləridir.

Sənin də misri qılınc kəsərli qələmin belərinə qarşı daha da kəsərli və daha da amansız olsun. Axtarışlar üfüqlərində sürəti zəifləməsin. Qəlbindən doğanlarda, duyğularında yaşayanlarda doğma vətənin, doğma xalqın və dövlətin əks-sədası səslənsin.

Xalqımızın belə bir misalı var; “Zər qədrini zərgər bilər”. Yeni ildə yeni, təravətli və qiymətli zərlər ardınca, oğlum!

 

Mən bir quzuyam, quzu,

Bacarıqsız, qanadsız.

Yeməyim yerə bağlı.

Heç bir əlim də yoxdur

Amma ki, dördayaqlı.

 

Ürəyimin yerində

Bir pələng ürəyi var,

Məni odlara salar.

Çöllər aşmaq istəyir,

Düzlər keçmək istəyir.

Aslanlarla görüşmək,

Pəncələşmək istəyir.

Nərə çəkmək istəyir

Başqa pələnglər kimi.

Rahat olmur sinəmdə

Dəli küləklər kimi.

Neyləyim? Bəs neyləyim?

Dərdimi kimə deyim?

Ələ düşsəm kəsərlər,

Çölə düşsəm, qurd yeyər.

Dünyada ən bədbəxti

Xəbər alsalar əgər,

Siz nişan verin barı,

Pələng ürəyi ilə

Quzu doğulanları.

Çox güman 1963-cü ildə “Qağayı” adlı ilk kitabında dərc olunmuş “Quzu” şeirinin qəhrəmanı böyüyüb  mərdliyi, cəsarətilə belə Təkələrin güdazına gedən qoyunlardan olubmuş. Bilmirəm, İzzət xanım bu şeri də oxumuşdumu, amma quzu bədəninə sığmayan pələng ruhunu xain təkəyə tuş edən qədərin amansızlığından yəqinki başı çəkməmiş olmazdı və sən balaca bir şeirdə, fraqmental bir işarəylə onun bütün həyat faciəsini gözünün önündən keçirməyi bacarmısanmış. Sənətin yüksəkliyi də budur, elə bilirəm. Sən bir ömür bu yüksəkliyə sadiq qaldın.

Dünyəvi doğum günün mübarək, Fikrət Qoca.

“Yorulub üzə dayanmışam.

Sahildə uzanmışam.

Dincə qoyulmuş torpaq kimiyəm,

Barı yığılmış bar kimiyəm.

Canımdan ağrı buxarlanır.

Yorğunluğum əriyir.

Nə yaxşı ki, yer kürəsi fırlanır.

Onu kim fırlayır?

Bəlkə, tale yorğun balasını yürüyür...”- deyirdin, ol, dincə qoyulmuş torpaq kimi ol. Torpağın yürük kimi yumşaq olsun, qardaşım.

 

Güldəniz Qocayeva

edebiyyatqazeti.az saytı üçün


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!