Ad günü
Bilal Zakirov keçib yerində əyləşdi. Ətrafı gözdən keçirdi. Hamı yerində idi. Məmməd, Xanım, Soltan, Bahərdin, Gülsənəm, bir də Elnur. Bilal Zakirov kefi kök:
- Yoldaşlar, bilirsiniz də, sabah mən Bilalın nəyidir?
Hamı bir-birinə baxdı:
- Nəyi?
- Ad günü.
İşçilər başları ilə təsdiq etdilər.
Bilal Zakirov təntənə ilə:
- Sabah nə edirik?
İşçilər nə bilsinlər onlar nə edirlər?! Odur ki, Soltan soruşdu:
- Nə edirik?
Məmməd dilləndi:
- Yəqin yuyuruq.
Bilal Zakirov əlini-əlinə vurdu:
- Afərin, Məmməd, arif adamsan, o dəqiqə tapdın, əlbəttə, yuyuruq. Deməli, belə. Bilin və agah olun, sabah günorta yeməyinə bir şey gətirməyin, nöşün ki, mən hazırlıqlı gələcəyəm. Yarpaq dolmasından, soyutma ətdən, pendir, göy-göyərti və araqdan belə hər şey olacaq. Nə edəcəyik? Yaxşı-yaxşı yeyib, üstündən də yüz-yüz araq vurub, Bilal Zakirovun ad gününü bir yerdə qeyd edəcəyik.
Bilal Zakirov bunları deyib ayağa qalxdı:
- Hə, yoldaşlar, bu gün məni üzrlü hesab edin. Sabaha hazırlıq görməliyəm. Dükan-bazara baş çəkmək lazımdır. Di xudahafiz, getdim.
Bilal Zakirov çıxdı.
O gedəndən sonra otaqdakılar məşvərət etməyə başladılar. Bahərdin dedi:
- Kişi qonaqlıq verir. Biz də gərək onunçun hədiyyə alaq.
Bu dəfə Xanım dilləndi:
- Burada nə var ki? Birinci dəfə deyil ki... Hərəyə beş-altı manat qoysaq, hədiyyə məsələsi həll olunacaq.
- Bəs nə alaq?
Bu sualı Məmməd verdi. Cavabında Soltan dedi:
- Bir köynək, bir qalstuk. Bu nağddır.
Məmməd əlavə etdi:
- Bu Bilal Zakirovla 20-25 manata xudmani bir maqnitofon görmüşəm. Radiosu da var. Bilalın xoşuna gəlmişdi. Dedi: "Əlimə pul düşsəydi, buncuğazı alardım. Çox əmiri şeydir. Hara gedirsən, olur sənə yar-yoldaş"
İşçilər həmin hədiyyələri alıb yaxşı-yaxşı bükdülər. Ertəsi gün idarənin qarşısında bir taksi dayandı. Bilal Zakirov cavan oğlanların ikisini çağırıb kömək istədi. Birisində yarpaq dolması, o birində qovurma ət, başqa birində soyutma toyuq olan qazanlar, pendir, duzlu xiyar-pomidor, mineral su, araq... otağa daşındı.
Araq bir dənə idi. Məmməd cibindən 6 manat verib bir araq da aldı. Yaxşıca yeyib-içdilər, Bilal Zakirovu təbrik etdilər, ona uzun ömür dilədilər. Sonra hədiyyəsini verdilər.
Bir neçə gün ötdü. Bilal Zakirov iş yerində özündən razı halda yazı masasının arxasında əyləşmişdi. Adəti üzrə ətrafı gözdən keçirdi. Hamı yerində idi. Məmməd, Xanım, Soltan, Bahərdin, Gülsənəm, bir də Elnur. Bilal Zakirov cibindən bir siyahı çıxarıb dedi:
- Əziz yoldaşlar, sizli-bizli mənim ad günümü keçirdik. Mən də sağ olum, siz də. Amma həllini gözləyən bir məsələ qalıb.
Bilal Zakirov hamının diqqət kəsildiyini görüb sözünə davam etdi:
- Deməli, belə. Ad günü üçün iki kilo quzu əti, iki kilo dana əti, yarım kilo Bərdə pendiri, bir kilo duzlu xiyar-pomidor, bir kilo təzə xiyar, bir kilo da təzə pomidor...
Ad günündə süfrəyə nə düzülmüşdüsə, hamısının adı çəkildi. Sonra Bilal Zakirov sözünün canını dedi:
- Bütün bu aldıqlarıma 54 manat 45 qəpik xərc çəkmişəm. Sizdən xahişim budur ki, həmin pulu yığıb mənə verəsiniz.
Otaqdakılar bir-birlərinə baxdılar. Bilmədilər nə cavab versinlər. Bilal Zakirov onlardan səs çıxmadığını görüb ayağa qalxdı, xudahafizləşib otağı tərk etdi. O gedəndən sonra işçilər sanki yuxuda idilər - ayıldılar. Çox ölçüb-biçəndən sonra axır ki, bir qərara gəldilər...
Ertəsi gün Bilal Zakirov üzünü iş yoldaşlarına tutub:
- Hə, yoldaşlar, vəziyyət necədir? Pulları yığdınız?
Məmməd əlini cibinə atdı, bir əllilik və bir beşlik çıxarıb irəli yeridi:
- Bilal Zakirov, biz hazır. Bu da pulunuz.
Bilal Zakirov pulları almaq istəyəndə Məmməd əlini geri çəkdi:
- Belə olmaz, Bilal müəllim, tələsməyin, bir az hövsələli olun. Qonaqlığınızın müqabilində biz də sizin üçün maqnitofon, köynək və qalstuk almışıq. Təxminən çəkdiyiniz xərc qədərdir. Onların pulunu qaytarın, biz də sizin pulları verək.
Bilal Zakirov key-key Məmmədin, sonra o biri yoldaşların üzünə baxdı. Yoldaşlar başlarını tərpədirdilər. Yəni Məmməd deyəndir.
Töhmət
Kolxozçular kənd klubuna yığışmışdılar. Axır ki, kolxoz sədri Əjdəroğlu gəlib çıxdı. Qanı qara idi. Zəhmini göstərmək üçün üzünü turşutmuşdu, yoxsa, doğrudan da ciddi məsələ vardı - bilmədilər.
- Belə işləmək olmaz. Hərə öz kefindədir. Biz bir söz deyirik, siz öz bildiyinizi edirsiniz. İnsanda vicdan olar, məsuliyyət olar.
Əjdəroğlu bir-iki adamı danlayandan sonra Hümmətəlini ayağa qaldırdı:
- Briqadir, sən hara baxırsan? Pambıq tarlasının alağı hələ də təmizlənməyib. Gözünü döymə, cavab ver.
Hümmətəli günahkar adamlar kimi başını aşağı saldı:
- Yoldaş sədr...
- Mızıldama. Ucadan danış.
Hümmətəli özünü toplayıb:
- Yoldaş sədr, xəbəriniz vardı. Mən xəstəxanadan dünən çıxmışam... - dedi.
- Tarlanı kimə tapşırmışdın?
Hümmətəli başını geri döndərib baxdı:
- Mərdana.
Sədr bu dəfə Mərdanın üstünə qışqırdı:
- Alağı niyə vurub qurtarmamısınız?
Mərdan əlini sinəsində çarpazladı:
- Çatdıra bilmədik, yoldaş sədr. Səhvimizi düzəldərik.
Əjdəroğlu səsini bir az da qaldırdı:
- Araq vurmaqdan başın ayılanda? Otur, töhmət verirəm sənə.
Töhmət sözünü eşidən Mərdanı tər basdı. Yaşarın yanını basdı:
- Ə, bu töhmət nədir nalladı mənə?
Sədr eşitməsin deyə Yaşar astaca:
- Bənd olma, - dedi.
Mərdan sakitləşmək bilmədən:
- Necə bənd olma, - dedi. - Görmədin, dədəmi yandırdı, töhmət verdi?! Nədir axı bu töhmət?
Sədrin ona acıqlanacağından qorxan Yaşar pıçıltı ilə:
- Boş şeydir, - dedi. - Bir kağıza yazıb tikəcəklər şəxsi işinə.
Mərdanı dərd aldı:
- Vay... işimə tikəcəklər? Qızım kollecdə, oğlum institutda oxuyur. Onları məktəbdən qovmazlar?
- Yox, yox.
- Arvadım tibb məntəqəsində işləyir, birdən onu işdən çıxararlar ha...
Mərdan əl çəkmək bilmirdi. Yaşar bilmirdi onu necə sakitləşdirsin. Danışmağa da qorxurdu. Sədr onların iclasda danışdığını görüb ağzından çıxanı deyəcək, arvad-uşağın içində rüsvayi-cahan edəcəkdi.
- İşdən çıxarmazlar.
- Oğlum əsgərlikdədir. Mənim töhmətimə görə onu qauptvaxta salmazlar ki?
- Ay qonşu, oğlunla nə işləri? O orada, sən burada...
Mərdan sorğu-sualını davam etdirməkdə idi:
- Yaşar, birdən məni məhkəməyə çağırıb, iş kəsərlər e...
- Çağırmazlar. Töhmətə görə adamı tutmurlar.
- Tutmurlar? Amma cərimə kəsə bilərlər. Sən necə fikirləşirsən? Oxumuş adamsan.
- Töhmət üstündə adamı cərimə etmirlər. Yazıb qoyacaqlar şəxsi işinə.
- Bu köpək oğlu məni lap dəli elədi. Elə belə məndən əl çəkməyəcəklər yəqin. Sən bilən, evimi əlimdən almazlar?
- Yox.
- Bəs torpaq sahəmi?
- Yox.
- Bəs bu töhmətdən sonra durub evimə gedə bilərəm?
- Əlbəttə.
Mərdan bu sözdən sonra özünə gəldi. Sakitləşdi.
Bu zaman sədr sözünü yekunlaşdırıb üzünü kolxozçulara tutdu:
- Sualı olan var?
Mərdan əlini qaldırdı.
- Buyur.
Mərdan ayağa qalxıb:
- Yoldaş sədr, sualım yoxdur, amma deyiləsi sözüm var. Böyüyümüzsən. Nə desən, haqlısan. Günahımız var. Düzəldərik. Mənə də yaxşı eləyib töhmət verdin. Vallah, düz sözümdü. Töhmətlə işlər düzəlirsə, töhmətin birini də ver.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!