Essevari fikirlər - Onuncu silsilə - Alpay AZƏR

Alpay AZƏR

 

Roman, yoxsa hekayə? Bir dəfə canlı klassiklərimizdən (ironiyasız) biri, tanınmış nasirimiz "Əsas romandı, ay dost, indi yaxşı romanlar yazmaq lazımdı," - dedi. Onda hələ roman yazmamışdım, dostumunsa, dörd romanı nəşr olunmuşdu, haqqında layiqli tərifli məqalələr çıxmşdı. Etiraz tonunda mızıldandım: "Niyə? Yaxşı hekayənin öz yeri var". - "Düzdü, amma yadında saxla, roman nasirin pasportudu," - bu fikrində əminliyini çatdırmaqçün əlini masaya bərk vurdu. Mövzunu uzatmaq istəmədim.

Həmin söhbətdən üç il sonra qələm dostum msn-ə təzəcə yazdığı hekayəsini atıb, mümkün qədər tez oxuyub fikir bildirməyimi xahiş etdi. Beş səhifəlik yazını on beş dəqiqəyə oxuyub buna: "Əladı, təbrik edirəm səni. Bəlkə də, son beş ildə yerli müəlliflərdən oxuduğum beş ən yaxşı hekayədən biridi" yazdım, yazdığım yalançı tərif deyildi. "Haqlısan, amma bu hekayə son beş ildə oxuduğun ən yaxşı beş yox, ən yaxşı yek hekayə ola bilər.)) Zarafat bir yana, bu hekayəm bəlkə də, nə vaxtsa, yazacağım iki roman gücündədir," - dörd roman müəllifi, beşincini yazmağa hazırlaşan dostum yazdı. "Bəs o vaxt deyirdin", davamını yazmadım, bu sözləri silərək dostuma eləcə gülüş işarəsi göndərdim.

 

***

Əclafcasına yaxşı yazanlar. "Əclafcasına yaxşı yazıb", "Əclaf çox yaxşı yazıb", bir istedadlı nasir başqa istedadlı həmkarının əsəri haqda bu sözləri ürəkdən deyəndə, sifətində eyni zamanda həsəd, bəzən cüzi paxıllıq, sevgi və ehtirasın harmoniyasını görən dərin müşahidəçi sonucda etiraf edənin pis niyyətli adam olmadığı qənaətinə gəlir. Adətən, o sözləri deyən adamın sifətində, həm də təbəssüm olur ki, onda "əclaf", "əclafcasına" sözləri çox şirin və məhrəm səslənir.

 

***

Keçmişin boyat dadı. Keçmişlə, ötən yaşantılarla bağlı yazılan mətnlər, həm də həyatı boyat dadda bizə qaytarır.

 

***

Xoşbəxtliyi itirmək qorxusu, yoxsa zamandan qopmamaq istəyi. Keçən əsrin 70-80-ci illərində Bakıda Rudolf Bakinski (Aqanov) adlı məşhur erməni "qanuni oğru" yaşayıb. Qarabağ hadisələrindən sonra Moskvaya köçüb və 1999-cu ildə bəzi versiyalara görə, Rusiya cinayət aləminin məşhur avtoritetlərindən biri Ded Xasanın əmriylə öldürülüb. Youtubda bu adamla bağlı bir neçə videoya baxandan sonra, altındakı şərhləri maraqla oxumuşdum. Bir vaxtlar Bakının Zavakzalnı, Montin küçələrində yaşamış, Sovet dövrünün nostalgiyasından çıxmaq istəməyən azərbaycanlılar və ermənilər, necə deyərlər, bu şərhlərdə qol-boyun olmuşdular. Hər iki tərəf bir-birinə bol-bol kompliment yazır, xalqlar arasında düşmənçilik səpənlərə lənət yağdırırdı. Öz zamanlarından qopmaq istəməyən azərbaycanlılarla ermənilərin səmimiliyinə şübhə etməmişdim. Əvvəllər bu cür azərbaycanlıların bir-ikisiylə ünsiyyətim olmuşdu. Onlara "Axı Bakıda yaşayan ermənilərdən bəziləri elə o vaxt gizlicə ermənilərin "Krunk" təşkilatına pul göndərirdilər" deməyimə "Vallah, mən tanıdıqlarım elə deyildi" reaksiyası verməklə, onlar qopmaq istəmədikləri zamana sanki sadiq qalmaq istəyirdilər.

 

***

Kiçik və böyük yalanlar. Geniş yayılmış miflərdən biri kiçik yalanlar söyləyənlərin böyük yalanları deyə bilməsidir. Kiçik yalana standart misal: bir qız iş yoldaşına öz nişan mərasimindən tort payı verir, iş yoldaşı o tortu ofisdən çıxanda, yolda rastlaşdığı dilənçiyə verir və səhərisi nişanlı qız soruşanda ki, bişirdiyim tortdan yedin, necə idi? İş yoldaşı: "əlaydı, inşallah, toyunda da yeyərik", - deyir. Yəni, o, rəfiqəsi inciməsin deyə, xoş bir yalan uydurmağa məcbur oldu. Kritik durumda, qarşı tərəfə ziyan vurmayacaq dərəcədə kiçik yalan söyləyən adam, məhz elə əxlaq səbəbindən, başqasına ziyan vuracağının fərqində olduğundan, böyük yalanı söyləməkdən çəkinə bilər.

 

***

Albom, sosial şəbəkələrdə paylaşımlar özünütəsdiq ifadəsi kimi. Ağ-qara, sonra rəngli şəkillər, fotoatelyedə keçirdiyimiz həyəcan: fotoqrafın "Başını bu tərəfə elə, bir az başını yuxarı... Bir az da... Gözlərimizi qırpmırıq. Əla, - şəhadət barmağını qaldırıb, - Bir, iki, üç" deməsi, həmin anlarda qırpmamaqçün hər iki gözümüzə güc verməyimiz, bir-birinə sıxılan dişlərimiz, sifətimizdəki süni təbəssüm, nəhayət, ikiayaqlı fotoaparatdam çıxan "çıq" səsi və biz dərindən nəfəs alıb ayağa dururuq. Sonra həyəcanımızın növbəti mərhələsi başlayır, birdən iki gün sonra şəkilləri götürməkçün fotoatelyeyə gələndə, fotoqraf "Heyif, plyonkalar yandı, sizi bir də çəkməli olacam" eşitmək qorxumuz.

Keçən əsrin 80-ci illərinin əvvəlləridir, yay tətilində Xanlar (indiki Göygöl) rayonundayam. Ana babam bazar günü səhər mənə, qardaşıma və xalaoğluma deyir ki, hazırlaşın, bir azdan şəkil çəkdirməyə gedəcəyik; nənəmə tapşırır, hər üçümüzü yaxşı geyindirsin. Əvvəlcə, bizi dəlləkxanaya aparıb saçlarımızı qırxdırır, sonra fotoatelyeyə gedirik. Özü kostyumda, qalstukda ortada, nəvələr onun yanında oturur. Sonra fotoatelyedəki həyəcanlı sevincimizi bir növ qeyd etməkçün babam bizi parka, yumru dəmir qablarda "plombir" dondurması yeməyə aparır.

İndi mənə, nədənsə, elə gəlir ki, dondurma, həm də fotoatelyedəki gərginliyi aradan qaldırmaq üçün bir vasitə idi. Tutaq ki, biz həmin gün tək dondurma yeməyə getsəydik, onda bu, sırf dad həzziylə bağlı olacaqdı. Amma həmin gün bərbərxanada saçlarımızı qırxdırmağımız, dondurma yeməyimiz sırf şəkilçəkmə hadisəsi ilə bağlı idi. Saç qırxdırma iki gün sonra çıxacaq şəkildə yaxşı düşməyimiz üçün idisə, ləzzətli "plombir" yeməyimiz babamın şəkil çəkdirməyimizin şərəfinə verdiyi qonaqlıq idi.

Ailə albomları bir ömrün hansısa anının, həm də uzun bir dövrün təsdiq formasıdır. Yadıma gəlir, 1988-ci ildə əmimgil Ermənistanın Mığrı rayonundan qovulanda, Bakıda bunları atama demişdi: "Yaxşı ki, albomları götürdüm. Onlar kənddə qalsaydı, ürəyim partlayardı". Yaşı yetmişi keçən əmimin onda 37 yaşı var idi. O vaxt albomları götürə bilməsəydi, ürəyi partlamazdı, amma albomların onunçün əziz, dəyərli olmağına şübhəm yox idi.

Təxminən həmin illərdə düyməni basan kimi hazır olan şəkillər çəkən "Polaroid" fotoaparatı meydana çıxdı. Orta təbəqədən ala bildiyi bu fotoaparatdan çıxan şəkillər, düzü, elə də keyfiyyətli olmurdu, gündüz çəkilən şəkillərdə fon alatoran olurdu, amma istənilən halda, bir dəqiqəyə şəklin hazır olması o dövrdə möcüzə sayılırdı.

İndi telefonla şəkil çəkəndə həyəcanlanmırsan, onların itmə şansı demək olar ki, yoxdur, telefonla çəkilənləri fləşkada, telefonda, sərt diskdə saxlayırsan, feysbukda yerləşdirirsən, öz e-mailindən özünə, yaxınların e-mailinə yollayırsan, ən azından, uzun müddətə onların itməməsinə inanırsan. Üstəlik, votçap paylaşımına qoyduğun şəkillərə kimlərin baxıb-baxmamağıyla onların sənə olan diqqətini müəyyən edə bilirsən. Maraqlıdır ki, şəkillərin əlçatanlığı, çoxlu şəkil çəkmək insanları bezdirmir, fotomaniya, selfimaniya baş alıb gedir. Sadəcə, onların çoxluğu və tənbəllik səbəbindən şəkilləri yığıb-yığışdırmaq olmur, kompüterdə o qovluqdan bu qovluğa səpələnirlər, köç edirlər.

 

***

Meyxana olsun-olmasın? Bir çox sənət adamlarının dediyi kimi, kütləvi mədəniyyət fenomeni meyxananın ciddi sənətə aidiyyəti yoxdur və onlar meyxananın kütləviləşdirilməsinin, ən əsası, telekanallarda yarışların keçirilməsinin əleyhinə olmaqda haqlıdır. Amma məni bir məsələ düşündürür: tutaq ki, meyxananı telekanallardan yığışdırsalar, onun xalq arasında kütləviləşməsi azalacaqmı? Ola bilsin, müəyyən qədər hə, amma əminəm ki, ciddi ədəbiyyatı dərk etməyə intellekti və savadı çatmayanlar ömrü boyu meyxana aşiqləri olaraq qalacaqlar.

Bəllidir ki, meyxana mənanın yox, formanın, intonasiyanın təcəssümüdür. Mən mağarda deyişən meyxanaçılara qulaq asan cavan, qoca, uşağın sifətindəki heyrəti, xoşbəxtliyi, azarkeşlik etdikləri adamların dediyi uğurlu bəndlərə bərkdən əl çaldıqlarını görəndə, onlardakı enerji mənə keçir və xəyalən özümü həmin adamların yanında hiss edirəm, evdə otura-otura çırtıq çalıram,  bir sözlə, xoşbəxt oluram. Eyni zamanda meyxananın mağarlardan, şadlıq saraylarından çıxmamasını istəyirəm.

***

Sevinc qəhəri. "Bala, sən universitetə qəbul oldun", valideynlər övladlarını müjdələyən kimi telefonun hər iki tərəfində səsləri titrəyən ata-bala, ya ana-balanın qəhərlənməsinin səbəblərindən biri valideynin yeni və ən əsası, həyatın böyük və məsuliyyətli mərhələsinə qədəm qoymasını hiss etməsidir. Telefonun o başındakı övladın qəhəri isə sadəcə, ata, ya anasının doluxsunmasına bir reaksiyadır.

 

***

Pislik etmək qorxusu, yoxsa...? Füzulu küçəsindəki yeraltı keçidlərin birində tez-tez on dörd-on altı yaş arasında bir oğlan görürdüm. Oturaq vəziyyətdə yanından ötüb-keçənlərdən pul umurdu, düzü, tez-tez gördüyümüz dilənçilər kimi əlini uzatmırdı, nəsə demirdi, başını aşağı salıb sakitcə dilənirdi. Mən də, elə başqaları da iki-üç dəfə ona pul vermişdim, başını qaldırmadan "sağ ol" demişdi.

Bir dəfə həmin keçiddə yerləşən bukinist mağazasında işləyən kişiyə yaxınlaşıb oğlanla bağlı bir-iki sual verdim. "Kimdi?", "Ata-anası varmı?", "Ona pul versəm məsləhətdi, yoxsa, ərzaq alıb verim?" Cavabları belə oldu: "Tanımıram", "Bilmirəm", "Özünüz baxın da". 

Bu quru və müəmmalı cavablardan sonra mən bir neçə dəfə oradan keçərkən, həmin oğlanı görsəm də, əlimi cibimə salmadım, səbəb həmin suallara cavab tapmamağım idi. Nəhayət, bir gün səbrim daraldı, "Yox, nəyin bahasına olursa-olsun, bu oğlanla bağlı məlumat almalıyam", - deyib yenə bukinistə tərəf üz tutdum. Həmin satıcıya yaxınlaşıb salamlaşandan sonra bu dəfə sualı ritorik formada verdim, o ümidlə ki, bildiyini deyəcək: "Yəni, bu oğlan haqda heç nə bilmirsiz?" Yenə də keçən dəfəki soyuqqanlılıqla cavab verdi: "Heç bir məlumatım yoxdu." - Keçən dəfə də bu sualı vermişdim, yenə də eyni şeyi soruşdum: "Ona pul verim, yoxsa, ərzaq alım?" Çiyinlərini çəkib heç nə demədi, bu jest hardasa, "Bir də o oğlanla bağlı mənə sual vermə" mənasını verirdi.

Bir müddət sonra sosial sığınacaqla əlaqəsi olan bir tanışımla söhbət zamanı bildim ki, həmin yeniyetmə narkoman imiş. Elə həmin an bukinistdəki satıcının suallarıma könülsüz cavab verməsinin səbəbi mənə bəlli oldu. O, içindəki tərəddüdü heç cürə çözə bilməmişdi: görünür, əmin imiş ki, həqiqəti desə, mən yeniyetməyə nə pul, nə də ərzaq alıb verəcəm. Eyni zamanda nəsə deməliydi, "nəsələr"sə, onun müəmmalı cavablarıydı, bu cavablarla o, güman ki, uşağın ac qala biləcəyinə görə məsuliyyət daşımaq istəmirmiş. Nə də onun xeyrinə heç nə deməmişdi, çünki narkoman olduğunu bilirdi... Sonralar həmin oğlanı keçiddə görmədim.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!