Qonaq - Mübariz Cəfərlinin hekayəsi

 

 

 

Pişiklərə

 

Bir gün məsciddə oturub təsbeh çevirirdim, bekarçılıqdan dodaqaltı zikr eləyirdim. Seyid Qeybulla gəlib dedi ki, bu cavan səni görmək istəyir. Mən altdan-yuxarı onun yanındakı arıq, ucaboy, nazik saqqalı cavanı süzüb  döşəkçədə yer göstərərək:

- Əyləş, - dedim cavana.

Cavan bardaş qura bilməsə də,  suçlu-suçlu sağ ayağını irəli uzadaraq birtəhər oturdu, özünə dayaq verməkdən ötrü kürəyini də divara dirədi. Seyid Qeybulla çıxıb getdi.

- A bala, yerli adama oxşamırsan, kimsən, kimlərdənsən? - soruşdum.

- Elədi, şəhərdən qonaq gəlmişəm dayımgilə...

- Dayın kimdi?

- Əflatun müəllim. Tarixçi...

- Hə... Meylin çəkirsə, deyim, sənə bir çay gətirsinlər?

- Yox... - cavan etiraz elədi. - Sağ ol, molla əmi... Dünən dayımla söhbət eləyirdik, söz-sözü çəkdi, dayım da sizi yaman təriflədi...

- Sağ olsun... - gülümsündüm. - Nə  dedi?..

- Dedi ki, bizim kəndin mollası həddən ziyadə bilikli, ağıllı adamdı...

- Əflatun müəllimin ağılölçən tərəzisi var, deyəsən... - cavanın tutulduğunu görüb qımışdım. - Zarafat eləyirəm, adın nədi sənin?

- Vüsal...

- Vüsal, dayının dediklərini əşyayi-dəlil kimi görmək üçün gəlmisən? - yenə zarafata saldm. -  Mən öz ağlımı sənə nə təhər göstərim?

- Yox, molla əmi, mən dayıma çox inanıram, görünən dağa nə bələdçi? Dayım hər yetən haqqında elə şövqlə, ürəklə danışmaz... - Bilmədim  cavan "dağ" deyəndə kimi, nəyi nəzərdə tuturdu, mənim üzümə baxanda nə görmüşdü, ancaq boynuma alıram ku, onun dedikləri mənə ləzzət elədi, tərif də ürəyin, ruhun qidasıdı axı... Bir şərtlə ki, şit olmasın, əndazədən çıxmasın.

- Yaxşı, ay bala, mənim yanıma gəlməkdə məqsədin nədi?.. - xəbər aldım.

- İstəyirəm ki, mənim bir günahımı sıfırlayasız...

- O nə deməkdi? - təəccübləndim.

- Yəni elədiyim bir günahı yerli-yataqlı sizə danışım, siz də o günahı bağışlayasız ki, mən rahat nəfəs alım...

- Bizim dinimizdə elə şey yoxdu. Mən nəkarəyəm... Günahları bağışlayan Allahdı...

Cavan qızarıb çarəsiz-çarəsiz başını aşağı saldı.

- Amma günahını danışsan, mən yalnız məsləhət verə bilərəm. Fəqət elədiyin günahdan peşman olmağın özü  onun bağışlanmasına aparan ən qısa yoldu...

Yaxşı... - cavan əlacsız-əlacsız köks ötürdü. - Mən şəhərdə yaşayıram... - deyəsən, uzaqdan başlamaq istəyirdi. - Məlliməm dayım kimi... Dayım tarixçidi, mən riyaziyyat müəllimi...

Bu yerdə şeytan məni azdırdı, bekar olsam da, cavanın sözünü kəsdim:

- Əlqərəz... - səhv elədiyimi anlayıb sözümü dəbbələməyə çalışdım. - Üzdən uşaq görünürsən, mən elə bildim, sən orta məktəbi təzəcə qurtarmısan...

- Yox, molla əmi, iyirmi yeddi yaşım var mənim... - deyib mətləbə keçdi, görünür, "əlqərəz"imi qulaqardına vurmamışdı, day söhbəti birbaşa, kəsə, bəzək-düzəksiz danışırdı. - İlyarım qabaq bazar günü evdə tək idim. Çöl qapısı astaca döyüldü. Gözlükdən baxanda heç kəsi görməsəm də, qapını açdım. Baxdım ki, həyətimizin pişiyi qan içindədi, taqətsiz-taqətsiz qanlı başını qapıya vurduğundan mənzilimizin qapısının aşağısı da qana boyanıb. Əvvəl elə bildim maşın vurub pişiyi. Amma qonşular dedi ki, gecə itlər hücum eləyib bu pişiyin balalarına, pişik də balalarını qurtarmaq üçün itlərin qabağından qaçmayıb. İtlər pişiyi al qana bələsə də, ana öz balalarını xilas eləyə bilib. Ürəyim qan ağladı, pişiyi ehmalca nazik adyala büküb apardım heyvan həkiminə. Həkim tez ağrıkəsici iynə vurdu heyvana, pişik rahatlanıb yalvarıcı miyoltusunu kəsdi, sakitcə gözlərini yumdu. "Ağrikəsici öz yerində, doktor, - dedim dazbaş həkimə. - Tez bir çarə tapın ki, bu yazığın yaraları da sağalsın. İki balası var e, bunun..." Həkim təəssüflə başını buladı. "Heç nə eləmək olmaz, bunun qarnı cırılıb, içi mikrobla doludu, ayaqları da üzülüb, ən yaxşısı buna bir iynə vurmaqdı ki, çox əzab-əziyyət, ağrı çəkməsin, rahat ölsün". Həkim belə deyəndə qəfil gözümün yaşı sel kimi axdı. Həkimin yanındakı sarısaç sestra da məni bərk-bərk qucaqlayıb ağladı. Sestra iri döşlərini sinəmə sıxıb məni qucaqlayanda lapdan  içimə isti bir şirinlik doldu,  bədənimdən xoş bir gizilti keçdi, bağışla məni,  onu öpməkdən özümü güclə saxladım, istədim ki, pişik tamam sağalanacan beləcə qucaqlaşıb qalaq... Həkimsə, dediyindən dönmədi. "Bir azdan ağrıkəsicinin təsiri keçəcək, yazıq heyvan yenə ağrı içində qıvrılacaq, bir qərara gəlin". 

Eyvana çıxıb siqareti siqaretə caladım, fikirli-fikirli siqaret tüstülədə-tüstülədə anlayırdım ki, elə mən özüm də qan içində olan yaralı ana pişiyin rahat ölməyini istəyirəm. Ayaqsız pişiyə necə qulluq eləyəcəkdim? Beş-on dəqiqə sonra sarısaç sestra yanıma gəldi. "Pişiyin ölüsünü aparmaq istəyirsiz? - soruşdu. "Yox", - dedim.

Pişiyin balaları iki həftə bizim evdə qaldı. Sonra kimsə ya qəsdən, ya da təsadüfən çöl qapısını açıq qoymuşdu, pişiklər də qaçmışdı həyətə. Beləcə, ölən pişiyin balaları da yoxa çıxdı, ha axtardım o tifilləri, tapa bilmədim. Ya tələf olmuşdu anası ölən pişiklər, ya da kimsə götürüb aparmışdı saxlamağa... O vaxtdan elə bil ürəyimdən daş sallanıb,  işə də candərdi gedib-gəlirəm. Ana pişiyin ölümündə, onun balalarının itməyində özümü günahkar bilirəm. Molla əmi, bunun axırı nə olacaq? Açıq de, günahım böyükdü mənim?

- Heyvanlara qarşı rəhmli olmaq imandandı... - uzaqdan başladım ki, sərrast cavab verməkdən ötrü vaxt qazanım. - Pişik seçilmiş heyvandı, seçilmiş olduğuna görə arxası yerə dəymir, onun rəvan xorultusu adamın əsəblərini sakitləşdirir, ruhunu dincəldir. Belə rəvayət eləyirlər ki, Həzrəti Peyğəmbərimiz bir dəfə əbasının üstündə yatan pişik balasını oyatmamaq üçün geyiminin pişik yatan hissəsini kəsərək ehmalca ayağa qalxıb. Qədim Misirdə pişik başlı insan şəkillərinə rast gəlinirdi ki, bu da onların yer üzünün qədim sakinlərindən biri olduğunu sübut eləyirdi. Sənin danışdıqlarına gəlincə, bu, qədərdi, - dedim. - O heyvanların yazısı, qədəri...  Bizm qana bilmədiyimiz çox mətləblər var. Yerin-göyün Sahibi məsləhət bilsəydi, o pişikləri xilas eləyərdi.

Riyaziyyat müəllimi  diqqətlə mənim üzümə baxdı:

- Molla əmi, mənə təsəlli vermək üçün belə deyirsən?

Mən baxışlarımı yayındırıb:

- Yox, - dedim, - için rahat olsun... Bəd fikirləşib qəlbində şeytana yer vermə... Əstəğfrüllah, bütün hallarda, Allah şeytandan güclüdü, çünki yaradılan yaradandan üstün ola bilməz...

- İşə bax e... - Əflatun müəllimin bacısı oğlu dodaqaltı mızıldandı. - Mən həmişə yiyəsiz heyvanlara, xüsusən, pişiklərə can yandırmışam, ancaq biri qəflətən  maşınımın altında qalıb tələf oldu, bir pişik balası neçə il qabaq mənim başısoyuqluğumdan öldü, bunlar da ki, yoxa çıxdı, bilinmədi ölüblər, ya salamatdılar...

- Adətən elə olur... - dedim. - Hər gün ehmal-ehmal silib,  ürəyin əsə-əsə yerinə qoyduğun qiymətli güldan  bir dəfə hökmən əlindən düşüb çilik-çilik olmalıdı. Elə  bu səbəbdən, adətən evin, ailənin əziz-xələf böyüyən tək övladları başıbəlalı olur...

Əflatun müəllimin bacısı oğlu əllərini yerə dayaq verib ayağa qalxdı, sakitcə, bir az da soyuq-soyuq xudahafizləşib getdi. Bilmədim dediklərimdən ağlı bir şey kəsdi, ya yox...

Bundan bir həftə keçmişdi ki, məscidə gedəndə Əflatun müəllimlə rastlaşdım, xoş-beşdən, hal-əhvaldan sonra sözarası xəbər aldım:

Vüsal nətəhərdi, ay Əflatun?

Əflatun müəllim tutulub:

- Vüsal kimdi? - soruşdu.

Onun qırımından çaşdım, dilim dolaşdı:

- Vüsal da... Sənin bacın oğlu...

Heyrətdən Əflatun müəllimin gözləri kəlləsinə çıxdı:

- Bacıoğlu nədi, ay molla, sən bizim nəsil-kökümüzü yaxşı tanıyırsan axı, mənim bacım var ki, bacımoğlu da ola?

Burası ağlıma gəlməmişdi, əlacsızlıqdan zarafata saldım:

- Gərək bağışlayasan, qocalıq məni huşsuz eləyib... Fikrim qalıb ehsanın, nəzir-niyazın yanında...

- Olur elə şeylər... - Əflatun müəllim gülüb dərinə getmədi. - Özünə böhtan atma, sən dünya malına tamah salan deyilsən. Fikir-xəyalla da çox yükləmə baş-beynini, ay molla...

...Üstünü vurmasam da, pərt olmuşdum. Öz-özümdən xoflana-xoflana adının Vüsal olduğunu deyən cavanı gözümün qabağına gətirməyə çalışsam da, bir şey çıxmadı, sanki anidən göz, şəkil yaddaşım korşalmışdı.

Day məscidə gələndən sonra da Seyid Qeybulladan heç nə soruşmadım...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!