Tərif və ya Astar küçəsinin sakinləri - Hekayə. Qərib MEHDİ

 

 

Astar küçəsi qısalığına görə döngə də adlandırıla bilərdi. Lakin bu işlə məşğul olanlar statusa əməl edərək onu küçə adlandırdılar. Çünki sonu qapanmırdı, başqa bir küçə ilə kəsişib yoxa çıxırdı. Dalanı böyük küçə - böyük ailənin üzvü hesab edilər. Küçə isə uzunluğundan, gödəkliyindən asılı olmayaraq müstəqilliyə malikdir. Astar küçəsi arzusundan da kəm deyildi.

Ölkələr, şəhərlər müxtəlif özəlliyi özündə əks etdirən tarixi hadisələri yaddaşına köçürən prospektləri, küçələri, hətta döngələri qoynuna alır. İrili-xırdalı bu məkanlar özlərinin fəxr olunan, seçilən yetirmələri ilə daha çox yadda qalır. Yarışma olsaydı, balaca Astar küçəsi də üç namizədini müsabiqəyə buraxa bilərdi.

Müəllim adı hər peşədən ucada dayandığı üçün ilk olaraq Feyzi müəllim ortalığa çıxarılmalıdır. Uzun illər bu peşədə saç ağartmış Feyzi müəllim orta məktəbdə coğrafiya fənnindən dərs deyir. Dünyanın iki yüzdən artıq dövlətinin adlarını birbaşa əzbər deyə bilər. Xəritədə çubuqla göstərdiyi uca dağları, yaşıl meşələri, dərin okeanları, dənizləri elə vəsf edir ki, eşidən əyani olaraq özünü həmin məkanlarda hiss edir. Hətta dərs dediyi şagirdlər zənn edirlər ki, Feyzi müəllim həmin yerləri qarış-qarış gəzib. Halbuki yazığın ayaqları yaşadığı şəhərdən başqa ayrı yerə dəyməyib.

Ona bələd olanlar Feyzi müəllimi əli təmiz, cibi təmiz bir ziyalı kimi tanıyırlar. 

Bu səbəbdən, adamlar, istər qonşuluqda, istər iş yerində, ədalətin yanında olmaqla Feyzi müəllimin rəğbətini qazanmağa çalışırdılar.

Feyzi müəllimin əməyi təqdirə layiq idi. O, şöhrət xəstəsi olmasa da, təlim-tərbiyə sahəsində çəkdiyi faydalı fəaliyyətinin qiymətləndirilməsi hissindən yan durmamışdı.

Müəllimin kimliyini, necəliyini şagirdlər müəyyənləşdirir. Hər bir şagirdin qəlbindəki "yöntəm maşınının" sükanı təmizliyinə, dürüstlüyünə, ədalətinə görə sevdikləri Feyzi müəllimin əlindəydi. Başqa müəllimlərin əksəriyyəti açıq-aşkar şagirdlərin valideynlərindən rüşvət alırdılar. Sanki tərəzi qoyub bilik qiymətini satırdılar. Feyzi müəllim isə belə çirkin şeylərdən yan duraraq özünü vicdanının çəki daşı kimi aparırdı.

Bir dəfə təbrik olunma meyarında əyriliyin acığına düz addım atıldı. Artıq orta və ali məktəbi bitirmiş, vəzifə sahibi olmuş bir qrup məzun keçmiş müəllimlərinin yubiley - ad gününə gözlənilməz bir hədiyyə ilə gəldilər. Onlar könüllü surətdə pul toplayaraq yaşa dolmuş müəllimlərinə hədiyyə olaraq az işlənmiş bir "Jiquli" maşını aldılar. Zənn etdilər ki, daha müəllimlərinin piyada gəzməyi bəsdir, bir az da maşınla gəzib-dolansın. Feyzi müəllimin müqaviməti məzunların niyyətini yenə bilmədi. İnandı ki, niyyət təmiz, umacaqsız olanda hədiyyə adamı günaha batırmır. Keçmiş şagirdlərinin səmimiyyətinə təslim oldu. Bundan sonra maşının təkərləri Feyzi müəllimin ayaqlarına çevrildi.

Astar küçəsinin sayılıb-seçilən ikinci yetirməsi polis podpolkovniki Əhməd Əhmədovdur. O, bu vəzifəyə rəvan yolla yüksəlməyib. Çoxuşaqlı, kasıb ailənin ən diribaşı idi. Bu çeviklik gələcək həyatını müəyyənləşdirməkdə həlledici rol oynayıb. Atası yarıtmaz bənnalıq peşəsi ilə məşğul idi. Onun-bunun uçuq-sökük divarlarını birtəhər sahmana salırdı. Təzə ev tikmək, yaxşı sement və ya gəc suvağı çəkmək işini ona etibar etmirdilər. Kişi birtəhər balalarına çörək pulu qazanırdı. Əhməd fərasətinə görə kasıb ailənin içindən tez sivrilib çıxdı. Orta məktəbi bitirəndən sonra imtahan verib polis məktəbinə düzəldi. Tək bircə il Feyzi müəllim ona dərs demişdi. Elə yol seçməkdə bu da ona bəs eləmişdi.

Əhməd Əhmədov xeyli müddət kənar yerlərdə "uçaskovu" - sahə müvəkkili rütbəsində çalışdı. Çiynindəki paqonda kiçik ulduzların sayını son həddə - dördə çatdırdı. Bu da ona bəs eləmədi. O, keçmişin ağrılı-acılı günlərindən çox aralanmaq istəyirdi. Elə bu istək onu Polis Akademiyasına aparıb çıxardı. Oranı da yüksək qiymətlərlə bitirdi. Əvvəlcə çiynindəki dörd xırda ulduzu "yumurlayıb" bir iri ulduza çevirdi. Yəni mayor oldu. Sonra çiynindəki qoşa xətli paqona iri ulduz endirdi. Bu dəfə polis podpolkovniki sayıldı. Bu rütbə ilə bir neçə rayonda rəis müavini işlədi. Və günlərin birində kiçik bir rayona polis rəisi təyin olundu. Bu onun üçün qələbə idi. Ancaq hələ son hədd deyildi. Qarşıda daha yüksək rütbə çətin aşılan dağ kimi onu gözləyirdi. İnadı və səbri hesabına inanırdı ki, günlərin birində o dağı da aşacaqdır.

Əhmədov öz istəyilə doğma şəhərindən uzaqlarda çalışırdı. O, haradasa oxumuşdu ki, heç kim öz yurdunda peyğəmbər ola bilmir. Bununla belə, başqa bir məsələ də vardı. Hiss edirdi ki, imkanlı ailədən çıxmadığına görə onu lazımınca saymır, qabağına qaçmır, əlini sıxmırdılar. Bu hal ona toxunurdu. Sağlıq olsun...

Rəis hərdən ata ocağına ziyarətə gəlirdi. Həm də "əyani vəsait" kimi gəlirdi. Qoy qonşular görsünlər ki, dünənki burnu selikli uşaq fərasəti sayəsində bu gün Günbatmaz rayonunun polis idarəsinin rəisidir. İndi o, Astar küçəsindən çıxan barmaqsayılı vəzifəlilərdən biridir. Özü də onun səlahiyyətinə xahiş etmək yox, əmr vermək hüququ daxildir. Deməli, küçə öz yetirməsi ilə sevinməli, onu hər yanda təbliğ etməli, tərifləməlidirlər. Ancaq Astarlılar onunla qədərincə öyünmürdülər. Belə demək daha düzgün olar: nə ondan, nə də ona doğru qaçırdılar. Əhməd Əhmədov özlüyündə bunu belə yozurdu: "Görünür, rütbənin dozasını bir az da qaldırmaq lazımdır. Astarlılar bəyə yox, xana baş endirənlərin törəmələridir. O gün də gələcək".

Bu ayama gizlin, pıçıltı ilə deyilirdi. Balaca bir uşaq - Dul Saranın oğlu Yetim Saday bunu aşkara çıxardı. Rəis də ustalıq elədi, təhqirin qabağından qaçmadı. Necə olmuşdu bu əhvalat? Biz deyək, siz də eşidin.

Rəis hər dəfə Dul Saranın evinin yanından keçəndə qapı ehtiyatla aralanır. Oradan Yetim Sadayın əvvəlcə burnu, sonra təhqiramiz söz səsləndirən ağzı görünürdü: "İt Əhməd!.." Rəis uşağın səsləndirdiyi bu təhqiri aydınca eşidirdi. Ancaq belə bir hadisə baş verməmiş kimi yerişini davam etdirirdi (O, doğma küçəsində xidməti maşınından istifadə etmirdi).

Rəisin ata evinə növbəti ziyarət günü. Yenə pay-piyada küçənin başına doğru addımlayır, rastlaşdığı qonşularla ayaq saxlayıb əhval-pürsanlıq edirdi. Dul Saranın evinin bərabərinə çatanda yenə qapı azacıq aralandı. Oradan Yetim Sadayın atmacası eşidildi: "İt Əhməd!.." Və sonra qapını kip örtüb dinşəməyə başladı. Uşağı "İt Əhməd" deyilişinin reaksiyası maraqlandırırdı. Zənn edirdi ki, rəis bu dəfə də acı sözü sinirəcək. Ancaq belə olmadı. Rəisin ciddi və zəhmli səsi eşidildi:

- Saday, çölə çıx!

Saday qaçıb gizlənə də bilərdi. Ancaq amiranə deyilmiş zəhmli səsin təsiri qarşısında planını reallaşdıra bilmədi. Yetim qapını açıb qorxudan əsə-əsə rəisin qənşərinə çıxdı. İstədi günahını yumaq üçün üzrxahlıq etsin. Bacarmadı. Dili ağzında qurudu, nə qədər cəhd etsə də, söz tutmaq üçün hərlənmədi. Gözləri köməyinə çatdı. Ağlamağa başladı. Rəisin səsi yumşaldı:

- Niyə mənə "İt Əhməd" deyirsən?

Yetim Saday çalışsa da, sellənən göz yaşlarını saxlaya bilmirdi. Sakitləşib suala cavab vermək istəyirdi. Axır ki, dili söz tutdu:

- Bilmirəm...

Rəis nəzərdə tutduğu fikrini davam etdirdi:

- Sənə Feyzi müəllim dərs keçməyib. Düzmü deyirəm?

Yetimin atlanan sinəsi yavaş-yavaş səngiyirdi:

- Hə... Bizə coğrafiyanı Salman müəllim öyrədib.

Rəis:

- Salafan Salmanı yaxşı tanıyıram. Həmişə torbasını məktəbə boş gətirib dolu aparardı. Dünyanı tanıtsa da, adamları tanıdan deyildi. Heyf deyil Feyzi müəllimdən... - "İt Əhməd" əlini cibinə salıb eşələdi, oradan bir bahalı şokalad çıxarıb Yetim Sadaya uzatdı. - Məni təriflədiyin üçün al ağzını şirin elə.

Yetim Saday mükafata əl uzatmadı, tərəddüd etdi. Fikirləşdi ki, görəsən, rəis bu sözləri ürəkdənmi deyir? Axı hansı xoş yanaşmasına görə Saday ağzını şirin eləməliydi? Rəis qərarından dönmədi:

- Al, al deyirəm sənə. Sən bundan sonra da mənə "İt Əhməd" deyə bilərsən. "Qoç Koroğlu" ola bilər, "İt Əhməd" ola bilməz? At... "İt..." İkisi də yaxşı heyvandır. İt də at kimi insana xüsusilə, polis işçilərinə, savaşan əsgərlərə yardım edən heyvandır".

Yetim Sadaydan səs çıxmadı, nə "hə", nə də "yox". Bununla da onların söhbəti bitdi. Əhməd Əhmədov istədiyini, bir az da açıq desək, umduğunu cəzasız buraxdığı uşaqdan ala bilmədi. Onda yaşlının gözündə necə böyüyə bilərdi? Bunları kiçikdən də, böyükdən də ummaqda özünü haqlı sanırdı. Axı o, Astar küçəsindən çıxmış iki-üç irəlidə gedənlərdən biriydi.

İstər yay olsun, istər qış, günəşli havalarda alçaq kətilini götürüb evinin dalında oturar, necə deyərlər, gələnin qabağına, gedənin dalına baxar, başını asta-asta tərpədib mənalı-mənalı gülümsəyər. Atmacalı söz dilindən, şaqqıltılı təsbeh əlindən, tüstülü siqaret damağından düşməzdi.

Paşa kişi məclislərdə yerini bilirdi. Dəvətsiz keçib ona məxsus olan yerdə oturardı. Bu yer məclisin fəxri yeri hesab olunurdu. Yəni, yasda mollanın, toyda tamadanın sağ tərəfi ona məxsus idi. Literli "kreslonun" sahibi kimi imtiyazından gərəyincə istifadə edirdi. Açıq desək, kimliyi hesaba alınan, ictimai çəkisi ilə barışılan bu adam nə yasda aza pulu, nə də toyda nəmər salardı. Xəcalət hissi keçirmədən məccani yeyib-içib qarnını bərkidərdi.

Paşa kişi məlumat dağarcığı hesab edilirdi. Kimin yaxasının harda cırıldığını, kimin ayağının harda qırıldığını soruşsan, düppədüz deyərdi.

Sahə müvəkkili "Məlumat Bürosu" ilə tez-tez təmasa girirdi. Baş verən xoşagəlməz hadisələrin açımında ondan nəsə çəkməyə, mövqeyini öyrənməyə çalışırdı. Əksər halda dedikləri düz çıxırdı. Hətta onu polisə işləyən agent kimi də qəbul edirdilər. Məsələlər çözülüb başa çatanda bilirdilər ki, Paşa kişi haqqın tərəfində yer alıb.

 

***

Astar küçəsi bu gün bir nigaranlığa hamilə idi. Bunu üzdən də duymaq olardı. Bu gün podpolkovnik Əhməd Əhmədov yenidən ata ocağına ziyarətə gəlmişdi. O, xidməti maşınını həyətdə qoyub piyada küçənin başına çıxmışdı. Maraqla ətrafına boylanırdı. Qonşuların bəziləri yaxın gəlib onunla görüşür, dilucu da olsa əhval-pürsanlıq edir, bəziləri isə o boyda kişini görməzliyə vurub yayınırdı.

Rəis bütövlükdə qonşuların bu münasibətini yetərli saymırdı. Axı o, bu balaca küçənin böyük yetirməsi idi. Nədən hamılıqla onunla öyünmürdülər? Görünür, rütbəsi qədərincə yüksək deyildi. Sağlıq olsun...

Proqnoz Paşa da bu gün evin günərliyində öz "vəzifə kreslosunda" - kiçik kətilində oturub ətrafı seyr edirdi. Görünüşündə heç nə dəyişməmişdi: başında bozarmış papaq, əlində şaqqıltılı dənəvər təsbeh, damağında tüstülənən siqaret. Vəzifədə irəli gedənlərə yerində sayan qonşuların görüşməsi, onunla fəxr etmələri qanacaqdan sayılardı. Ancaq nə "Məlumat Bürosu" rəisin ayağına, nə də rəis Paşa kişinin "hüzuruna" buyurdu. Sadəcə, başlarını tərpətməklə salamlaşdılar. Rəisin görkəmindəki qüruru asan sezmək olsa da, Proqnoz Paşanın dodağında oynayan müəmmalı təbəssümdən bir məna hasil etmək çətin idi. Görəsən, belə ünsiyyət tərzindən kim qazanacaqdı? Umacaq təmin olunmayanda münasibət belə olur.

Bu gün Feyzi müəllim bazarlıqla bağlı ev tapşırıqlarını yerinə yetirmək üçün keçmiş şagirdlərinin ona bağışladığı işlənmiş "Jiquli" maşınına minib səfərə çıxmalıydı. Atının nalına - maşınının təkərinə nəzər yetirmədən sükan arxasında oturub motoru işə saldı. Əyləci azad elədi. Sürət dəyişəni nizamladı. Hərəkətə keçmək üçün maşına qaz verdi. Artırılan qazla hərəkətin balansı pozuldu. Feyzi müəllim buna əhəmiyyət vermədi. Maşın ağır-ağır hərəkətə keçdi. Lap yaralı əsgər kimi asta-asta sürünürdü. Bu qayda ilə maşın küçənin başına - polis geyimində olan Əhməd Əhmədova yaxınlaşdı. Hərəkətin anormal olduğunu dördyolun kəsişməsində dayanan rəis də, evinin dalında özünü günə verən "Proqnoz Paşa" da gördü. Hər ikisi xəbərdarlığa hazır idi. Rəis daha tez dilləndi:

- Feyzi müəllim, nə etdiyinizdir? Arxa təkərin - şinin çökdüyünü görmürsünüz? Maşını sağa çəkib saxlayın. Yoxsa bu gedişlə qəza törədərsiniz.

Feyzi müəllim maşında baş verən namünasibliyi indi duydu. Maşını sağa çəkib saxladı. Sükanın arxasından sivrilib yerə düşəndə gördü ki, həqiqətən arxadakı sol təkər tamam boşalıb. Necə olmuşdu ki, o, bu nasazlığı hiss etməmişdi? Deməli, peşəkar sürücü deyil. Daha bunun başqa yozumu yoxdur. Rəis isə sürücüyə qüsur tutmadı, əksinə, toxtaqlıq verdi:

- Eybi yoxdur. Olan işdir. Yaxşı ki, qüsur ana yola çıxmamış aşkarlandı. Özünü itirən Feyzi müəllim donub qalmışdı. O, nə edəcəyini kəsdirə bilmirdi. Rəis qəti hərəkətə keçməklə müəllimi özünə qapanmadan xilas etdi:

- Fikir eləməyin. Bu saat hər şeyi qaydasına qoyarıq. Maşın əvvəlkindən də saz hala gələr. Yəqin maşının yüklüyündə ehtiyat təkəriniz və qaldırıcınız var?

Təzə-təzə özünə gələn Feyzi müəllim rəisin sualını cavablandırdı:

- Var... Necə ki?.. Nə etmək fikrindəsiniz?

Rəis?

- Yüklüyü açın. İndi biləcəksiniz.

Rəis adəti üzrə səliqəli polis geyimində olsa da fikrində qəti idi. O, pencəyini, papağını çıxarıb maşının arxa oturacağına qoydu. Sonra geri dönüb domkratı və ehtiyat təkəri çıxartdı. Feyzi müəllim indi tam ayıldı. Deyəsən, şəxsən cənab Əhməd Əhmədov təkbaşına maşını nasazlıqdan xilas eləmək fikrindədir. Bu formada, bu vəzifədə fəhləliyə baş qoymaq, təkər dəyişmək ona yaraşardımı? Yox! Qətiyyən yox! Feyzi müəllim irəli yeriyib alətləri onun əlindən almaq istədi.

- Siz nə edirsiniz? Bir düşünün, təkər dəyişmək sizə yaraşarmı? Yaxında təkər təmirçiləri var. 

Müəlliminin xətri onun üçün əziz idi. Ancaq bu dəfə əzizlik işə keçmədi. İşini davam etdirdi. Əli ilə işlədi, dili ilə müəlliminə cavab verdi:

- Fəhləlik nədir, hətta sizin nökəriniz də olmaq mənə yaraşar.

Bu qətiyyətli sözlərdən sonra Feyzi müəllim müqaviməti dayandırdı. Yarım saat keçməmiş mismar batıb zay etmiş təkərin yerinə salamatı yerləşdirildi. Üstəlik zədəli olan şin də içlik ilə (kamerlə) bərabər təmir olunub ehtiyat yerə yerləşdirildi. Feyzi müəllim təşəkkür dolu baxışlarla astadan dilləndi:

- Daha mən gedə bilərəmmi?

Görünməmiş xidmətdir! Bu hörmətə, qayğıya əvəz tapmaq çətindir. İndi rəis yüngülcə nəfəsini dərdi:

- Bəli. Yaxşı olar ki, tələsməyəsiniz. Gözümdən qaçmadı. Mismar batmış təkəriniz lap keçəlləyib. Sizi yenə darda qoya bilər. İcazənizlə yaxındakı marketdən təzə bir təkər alıb maşına tullayacam.

Feyzi müəllim az qala üsyana qalxdı:

- Nə danışdığınızdır? Əziyyət çəkməyinizin müqabilində xəcalət hissi məni tərk eləmir. Rəis qaşlarını dartıb özündən razı halda gülümsündü:

- Əksinə, borclu qalan mənəm. Bu xidmət sizin bir dərsdə çəkdiyiniz əziyyətə əvəz ola bilməz.

Feyzi müəllim onu yeni təklifindən daşındırmaq üçün sözünü təkrarladı:

- Xahiş edirəm!.. Xahiş edirəm əziyyətinizə son verəsiniz.

Rəis yumşalmış kimi göründü:

- Yaxşı, baxarıq...

Birdən-birə araya sükut çökdü. Əslində ikisi də sözlü idi. Müəllim necə təşəkkür edəcəyi barədə, orijinal gediş barədə düşünürdü. Rəis isə bu zəhmətin müqabilində gözlədiyini, umduğunu almamışdı.

Feyzi müəllim rəislə bundan əvvəl qarşılaşdığını yadına saldı. Onda cənab rəis ona xatırlatmışdı: "Bu küçənin iki nəfər gözəgəlim yetirməsi var - biri sizsiniz, biri mən. Mən qonşularımdan özümə qarşı sayğı görmürəm. Halbuki onlar məni görəndə qarşıma yüyürməlidirlər. Qulluğumda durmağa can atmalıdırlar. Azyaşlılara da görk nümunəsi göstərməlidirlər. 

Proqnoz Paşa da öz müşahidəsində idi. O, bu sükut duelinin necə nəticələnəcəyini gözləyirdi. Görəsən, qalib tərəf kim, məğlub tərəf kim olacaqdı?

Astar küçəsinin iki diqqət çəkən nümayəndəsi üz-üzə dayanmışdı - biri xidmət edən, o biri xidmət olunan. Nə baş verməli, nə deyilməliydi ki, ikisi də razı qalsın. Rəis qarşı tərəfə sözünü işi ilə demişdi. Müəllimin isə gücü ancaq sözə çatardı. Bəlkə, başqa variantı da vardı? Feyzi müəllim bu variantları da fikrindən keçirirdi. Təşəkkürünü qarşı tərəfə necə bildirməli? Çəkdiyi zəhmətə görə rəisə pul təklif etmək olarmı? Yox!.. Yox!.. Əsla!.. Bu təhqirə bərabər qaba gediş olardı. Qonaqlığa dəvət eləmək necə? Bu üsul da özünü doğrultmaz. Əslində, rəis qocaman müəllimə qonaqlıq vermək, ona süfrə açmaq xidməti göstərmək, sağlığına badə qaldırmaq fürsətini buraxmazdı. Hələ ki, bu xoşbəxtlik cənab rəisə nəsib olmayıb. Bəlkə, bundan sonra. Birdən Feyzi müəllimin nəzərləri cənab rəisin maşındakı pencəyinin çiynindəki iki iri göz kimi parıldayan iki iri ulduzuna sataşdı. Deməli, podpolkovnik!.. Sevincdən az qaldı qəşş eləsin. Tapmışdı. Savadsızlıq savadlı müəllimi dardan qurtaracaqdı. O, əlini uzadıb təşəkkür əlaməti olaraq podpolkovnikin əlini sıxdı:

- Çıxılmaz vəziyyətimə yardımçı olduğunuz üçün sizə ürəkdən təşəkkür edirəm, cənab polkovnik!

Necə? "Polkovnik?". Fərəhdən rəisin bu sözü eşidən qulaqları alışıb yanmağa başladı. O, arzuladığını Feyzi müəllimin dilindən eşitmişdi. O, Feyzi müəllimin çaşdığına inanmaq istəmirdi. Nə şəkildə deyildiyindən asılı olmayaraq bu müraciət Əhməd Əhmədovu qanadlandırdı. Deməli, bu deyiliş bu müqəddəs adamın dilinə haqdan enmişdi. Deməli, təzəlikcə nəsə müjdəli bir xəbər çıxacaqdı. O, polkovnik rütbəsində orta tutumlu bir rayona və ya şəhərə polis idarəsinin rəisi əmri ilə mükafatlanacaqdı. Əhmədov müəllimin "müqəddəs səhvinə" düzəliş vermədən cavab təşəkküründə bulundu:

- Sizin xidmətinizdə durmaq mənə ancaq şərəf gətirər!

Baş verənləri Proqnoz Paşa da maraqla seyr edirdi. Dodaqlarında istehzalı bir təbəssüm oynayırdı.

 

***

Feyzi müəllim ana yoldan ayrılıb Astar küçəsinə buruldu. Günəş qüruba doğru üz tutmuşdu. Günəşin zəifləmiş şəfəqləri onun bozarmış papağı ilə oynayırdı. Sürəti alınmış maşın Proqnoz Paşanın qarşısında dayandı. Feyzi müəllim Paşanın gözləri önündə baş verənləri ayaqda buraxıb sürətlə ötüb keçmək istəmirdi. Ola bilməzdi ki, qonşusunun ona deyiləcək sözü olmasın. Əlbəttə, sözü vardı. Proqnozunu incələməyi müəllimin mühakiməsinə buraxdı. Müəmmalı gülüşlə fikrini qonşusunun nəzərinə çatdırdı:

- Müəllim, təkəriniz bir də buraxsa, Əhməd Əhmədov general olacaq...

Feyzi müəllim də gülümsəməyə məcbur oldu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!