Hekayələr - Zemfira MƏHƏRRƏMLİ

 

On iki yaşın sevinci

 

- Ata, nə olar, az iç bu zəhrimarı! Ayaq altında diyirlənən boş araq şüşələrinə nifrətlə baxan yeniyetmə oğlunun bu fəryadına heç əhəmiyyət vermədi, sanki bu sözləri ona yox, daşa-divara deyirdilər. Şişkin gözlərini güclə açıb oğluna və evin bir küncündə çarpayıda yatan xəstə arvadına tərəf boylandı. Sərxoş ata hər şeyi qatı duman içində görürdü. Bu ailənin mizan-tərəzisi çoxdan pozulmuşdu. Evə kefli gələn kişi hər gecə yaratdığı qalmaqal, dava-dalaşla  kiçik yaşlı oğlunu, yüksək qan təzyiqindən əziyyət çəkən arvadını, hətta qonşuları da boğaza yığmışdı. Heç bir nəsihəti, yalvarışı vecinə almırdı.

Oğlunun "ata, sabah mənim ad günümdür, istərdim ki, bizim də süfrəmizdə gözəl yeməklər olsun, sinif yoldaşlarımla bu günü qeyd edim" deməsi də heç nəyi dəyişməmişdi. Bu sözləri söyləyib evdən həmişəki kimi yarıac, yarıtox çıxan oğlan məhəllədə yaşıdları ilə qarşılaşsa da, onlara bənd olmayıb yoluna davam etdi. Hara gedəcəyini heç özü də bilmirdi.

Başında qarışıq fikirlər dolaşırdı: "Niyə atası qeyri-normal həyat tərzi keçirir. Alkoqol düşkünü olduğu üçün onu işdən çıxarıblar. Əcaib hərəkətləri, kobud davranışı ilə anamı da xəstə edib. Belə həyat, görəsən, nə vaxt bitəcək?"

Əsən soyuq külək sanki iliyinə işləyirdi. Gödəkçəsinin yaxalığını qaldırdı, əllərini cibinə qoydu. Yenə də üşüyürdü. Parkın girəcəyində payız küləyinin sovurduğu xəzəl qalaqları qəribə bir gözəllik yaratmışdı. Ayaqlarını qızılı yarpaq topalarına çırparaq yeriyirdi. Gümüş rəngli, parıltılı bir əşya ayağına toxundu. Xəzəllərə tərəf əyilib diqqətlə baxdı. Təptəzə "Ayfon" telefonu idi.  Telefonu yerdən götürdü.  Hətta sevindi də. Ani olaraq düşündü ki, "bu bahalı telefonu satsam, xeyli pulum olar, evimizə çoxlu ərzaq, anama dava-dərman və təzə paltar alaram. Axı, sabah həm də ad günümdür". Elə bunları götür-qoy edirdi ki, əlindəki telefon zəng çaldı. Bu qəfil zəngdən yamanca diksindi. Telefonun ekranında bu sözlər yazılmışdı: "Anamın zəngi". Telefonu itirən şəxsin anasının zəngləri isə bir an ara vermirdi. Övladından nigaran qalan ana cavab almaq üçün israrla zəng edirdi.

"Axı, telefonu aça bilmərəm, cavab versəm, telefonu mütləq qaytarmalı olacağam. Bu, sanki oğurluq malı gizlədən, həyəcandan əlləri titrəyən oğlanın düşüncələri idi. Birdən öz anasını xatırlayıb qeyri-iradi telefonu açdı və cavab verdi.

- Kimsiniz, qızımın telefonu niyə sizdədir? Neçə saatdır ki, qızımla danışa bilmirəm. Onun başından bir tük əskik olsa... - Ana qırıq-qırıq danışır, qəhər onu boğurdu.

- Qızınız barəsində heç nə bilmirəm. On dəqiqə öncə bu telefonu xəzəllərin arasından tapmışam.

- Bəs mənim qızım hanı? Siz özünüz indi hardasınız? Parkın sağındakı kiçik bağda? Nə olar, mənə qızımdan bir xəbər deyin... Deməli, o, haradan keçibsə, telefonunu orada itirib. Yəqin yaxın məsafədədir. Telefonu söndürməyin lütfən... İndi maşına minib gəlirəm.

Oğlancığaz ananın təlaş dolu səsini dinləyə-dinləyə sövq-təbii qızın axtarışına çıxmışdı. Qaş qaralır, parkdan əl-ayaq çəkilirdi. Kiçik bağda da sakitlik idi. Yamyaşıl, sıx çətirli ağacların arasındakı skamyada tənha bir qızın oturduğunu görüncə, ona yaxınlaşdı. Gənc qızın bənizi qaçmışdı, solğun çöhrəsindən şiddətə məruz qaldığı duyulurdu. Ağ köynəyinin qolları kəsik-kəsik olmuş, pərişan saçları kürəyinə dağılmışdı.

Qıza yaxınlaşıb:

- Siz telefonunuzu itirmisiz? - deyə soruşdu.

Qız qəfil sualdan diksindi:

- Bunu hardan bildiniz?

- Sizin "Ayfon"u tapmışam. Alın, ananızla danışın.

Gözlənilməz təklifdən şaşıran qız ağlamsınaraq anasına bunları nəql edirdi:

- İki nəfər üstümə şığıdı. Ətrafda kimsə gözə dəymirdi. Başıma-gözümə vurmağa başladılar. Məndən pulumu və telefonumu istəyirdilər. Lap vəhşiləşmişdilər. Yekəpər oğlan çantamı alıb qaçanda o birisi də onun dalınca yüyürdü. Mən cibimdə gizlədiyim telefonumu gücüm çatınca uzağa - xəzəl tökülmüş dar cığıra tulladım. Düşündüm ki, sonra özüm tapıb sənə zəng edərəm, dalımca gələrsən. Nə illah etdimsə, gözümə dəymədi, heç cürə tapa bilmədim. Üzgün görkəmdə və pulsuz evə necə qayıdaydım? Sonrası isə artıq sənə bəllidir... Kaş belə bir qardaşım olaydı, ana...

Ertəsi gün səhər sərxoş kişinin qapısı döyüldü. Başı bədəni üstündə güclə dayanan, gecəki kefliliyindən bir az ayılan kişi gözəl geyimli, şux qamətli bir xanımı kandarda görəndə təəccübünü gizlədə bilmədi. Qadın gətirdiyi hədiyyələri, pal-paltarı, ərzaq bağlamalarını və zərfin içinə qoyduğu pulu elə dəhlizdəki kiçik masanın üstünə düzüb:

- Çox tərbiyəli, ağıllı oğlunuz var, - dedi. Onun yerinə başqası olsaydı, tapdığı bahalı telefonu heç qaytarmaq barədə düşünməzdi. Üstəlik o, hələ oğru-cibgirlərin əlindən qurtulmuş qızımı bu telefonla tapmaqda mənə kömək eləyib. Daha hansını deyim... Kaş mənim də belə bir fərasətli, zirək oğlum olaydı... Hədiyyələr onundur. Bu azyaşlı, saf ürəkli oğlanın yaxşılığını heç vaxt unutmarıq.

Oğlunun ünvanına birnəfəsə deyilən xoş sözləri, alqışı eşidən ata yerində donub qalmışdı. Dumanlı gözləri ilə bu çağırılmayan qonağa baxır, yaraşıqlı, qədd-qamətli xanımın söylədiklərini dinləyirdi. Qonağın hüzur dolu səsi o qədər məlahətli idi ki! Evin bir küncündə, çarpayıda yatan xəstə ana yorğan-döşəkdən silkinib ayağa qalxmış, dəhlizə çıxmışdı. Maraqlı mənzərə idi. 

Hekayəmizin azyaşlı qəhrəmanı isə gözə dəymirdi. O, dəhlizə açılan qapının arxasında dayanıb ötən günün olayları barədə düşünürdü. Qızına görə dünən sıxıntı keçirən ana ilə də görüşməliydi. O, irəli yeriyib qadınla köhnə tanışlar kimi salamlaşdı və onu içəri dəvət etdi:

- Təsadüfə baxın ki, bu gün mənim ad günümdü, on iki yaşım tamam olur. Gəlin, birlikdə qeyd edək!

 

Kimsəsizin dərdini özününkü bil...

 

Qonşu məhəllədəki yataqxanada neçə ildir ki, qaçqınlar yaşayır. Bət-bənizi qaçmış, çirkli eyvanları, sınıq-salxaq qapı-pəncərələri ilə gözümüzü yağır edən, Birinci Qarabağ savaşından ağır miras qalmış bu binada, dünyanın, bəlkə, ən gözdən-nəzərdən kənar guşəsində gözə dəyən adamların başı daim qeylü-qallıydı. Üzbəüz binada yaşadığımız üçün buraya girib-çıxanların, gündəlik ruzisini evinə daşıyan, ağır çantalarını çiynindən çıxarıb qırıq-sökük pillələri qaçaraq qalxan uşaqların səs-küyünə çoxdan alışmışdıq.

Bir gün dərs dediyim məktəbdən çıxıb evə gələndə yataqxananın girişinin rəngbərəng lentlərlə, çiçəklərlə bəzədildiyini gördüm. Doğrusu, çox sevindim. Qaçqın-köçkün qonşularımızın bomboz, yeknəsəq həyatına bir istilik, yeni nəfəs qatılacağı içimə xoş hisslər doldurmuşdu. Qarşıma çıxan ağbirçək anadan "Kimin xeyir işidir?" - deyə soruşdum. "Rəna bu gün gəlin köçür" cavabını eşitdim. Rənanın nənəsinin çuxura düşmüş gözlərində sevinc işartıları açıq-aşkar duyulurdu:

- Müəllimə, sizi də məclisimizə dəvət edirik, - deyib getdi.

Bu dəvətə görə, əslində qürurlandım. Düşündüm ki, axar-baxarlı yurd yerini, isti ev-eşiyini itirmiş, şəhərin bir küncündə, darısqal yataqxanaya sığınmış bir ailəyə hansısa hədiyyəmlə yardımçı ola bilərəm. Üzügülər, mehriban Rənaya kiçik siniflərdə dərs demişdim, xətri mənə əziz idi. Qızcığaz gözümüzün qabağında böyümüşdü. Bu gün isə o, ağ gəlin duvağına bürünüb gəlin köçəcək, bir evin çırağını yandıracaqdı.

Evdə qərar tuta bilmirdim, toy evinə getməyə tələsirdim. Yataqxananın ikinci mərtəbəsinə qalxanda xeyli qonaq-qara ilə, amma nədənsə narahat bir mənzərə ilə qarşılaşdım. Hərə bir tərəfə vurnuxur, nəyisə axtarırdı. İçəri girib Rənanın anası və özü ilə görüşdüm. Onların da təlaş dolu çöhrəsi gözümdən yayınmadı:

- Nə olub, nə baş verib?! - deyə soruşdum.

- Elə bir işə düşmüşük ki, müəllimə, bilmirik, nə edək! Rənanın nişan üzüyü itib. Neçə saatdır ki, hər yeri axtarırıq, tapılmır ki, tapılmır.

Qızın anası doluxsunmuş gözlərini yaylığının ucuyla sildi:

- Nişan üzüksüz də gəlin köçər?! Başıma haranın daşını töküm?!

Rənanın isə həyəcandan sanki dili tutulmuşdu. Güc-bəla ilə:

- İndi mən nə edim? - deyib köksümə sığındı.  

Gətirdiyim xonçanı hələ də əlimdə tutmuşdum. Heç mən də nə edəcəyimi bilmirdim. Rənanı bağrıma basıb yanında oturdum. Başımda yüz fikir dolanırdı: çətin duruma düşən qıza necə kömək edim?

Vaxt keçir, köhnə divar saatının aramsız çaqqıldayan əqrəbləri toya lap az qaldığını yadımıza salırdı. Xeyir işə gələn qohum-əqrəbanın əndişəsi, itiyini axtaranların səs-küyü gərginlik yaradırdı.

Ani olaraq ağlıma bir fikir gəldi. Rənanın anasına:

- Beş-on dəqiqəyə qayıdıram, - deyib pillələri sürətlə endim.

Binaya çatıb, mənzilimə necə qalxdığımı indi güclə xatırlayıram. Bəzəkli incə qutuda saxladığım təzə nişan üzüyünü paltar dolabımdakı mücrüdən götürüb evdən çıxdım.

Əsgərlikdən yenicə qayıtmış oğlum üçün arzu-kamla aldığım nişan üzüyünü əlimdə bərk-bərk tutmuşdum. İti addımlarla gedir, sanki yüyürürdüm. Rəhmətlik anamın "kimsəsizin dərdini həmişə özününkü bil" nəsihətini yaddaşımda çözələyirdim. Qutudakı üzüyü Rənanın barmağına taxanda ağ paltarlı mələyə elə bil dünyanı bağışladılar. Hamı təəccüb içində bir-birinə baxırdı. Qız anasının sevinc və həyəcandan dili söz tutmur, necə təşəkkür edəcəyini bilmirdi.

Elə bu vaxt "Vağzalı"nın gur sədaları ətrafa yayıldı. Oğlan adamı gəlini aparmağa gəlmişdi...

Qız köçürən ananın göz yaşları titrəyən yanağı boyunca süzülürdü. Mən də kövrəlmişdim, sevinc göz yaşlarıma hakim ola bilmirdim.

Bu hadisədən xeyli vaxt ötüb. Amma bu olayı indi də xoş bir duyğutək xatırlayıram. Odlu Qarabağ cəbhələrinin udduğu gənc həyat yoldaşımın surəti gözüm önündən çəkilmir. Atasız böyütdüyüm oğlum az sonra ailə qurarkən uca Yaradanın mənə yox yerdən necə qapılar açdığını, Allahın bu xeyir işə də zamin olduğunu heç vaxt unutmuram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!