Hekayə
İki amerikalı otelin önündə dayanmışdı. Bu zaman otaqlara gedib-gələn şəxslərin heç biri onlara tanış deyildi. Otaqları ikinci mərtəbədə, üzü dənizəydi. Otelin yaxınlığında park vardı. Parkda dörd bir yanı xurma ağacları və skamyalarla tutulan bir müharibə abidəsi də vardı. Hava xoş olan zaman həmişə bir rəssam üçayaqlı molbertini götürüb gələrdi ora. Ağacların böyüməsi, üzü bağa olan otelin yaşıl rəngi və dəniz onu heyrətləndirərdi. Hətta italyanlar bu bürünc müharibə abidəsini görməyə gəlirdilər. Bu abidə yağış yağan vaxtlar qəribə şəkildə parıldayırdı.
Yağışlı hava idi... Damcılar xurma ağaclarının budaqlarından asılmışdı. Ensiz torpaq yolda su çalalara yığılmışdı. Abidə meydanının yanından maşınlar ötüb keçirdi. Meydanın qarşısındaki kafenin önündə bir qarson dayanıb oğrun-oğrun meydana baxırdı.
Amerikalı xanımsa pəncərənin önündə durub çölü seyr edirdi. Çöldə, düz pəncərənin aşağısında, yaşıl masanın altında islanmış bir pişik balası büzüşmüşdü. Pişik çalışırdı ki, islanmasın. Bu vaxt pəncərədən baxan amerikalı xanım aşağı düşüb, pişik balasını gətirmək istədiyini dedi. Taxtın üstünə uzanmış həyat yoldaşı "özüm gətirərəm" deyib qalxmaq istədi.
"Yox! Özüm gedib gətirərəm. Yazıq pişik, girib masanın altına ki, islanmasın", - xanım dedi.
Həyat yoldaşı döşəyin üstündə iki yastığa dirsəklənib mütaliəyə davam etdi. Aşağı mərtəbəyə enən xanım ofisin önündən keçəndə otel sahibi - hündürboy qoca kişi ayağa qalxıb ona təzim etdi.
Xanım otel sahibindən xoşlandı:
- Yağış yağır...
Otel sahibi:
- Bəli, bəli, madam. Pis havadır.
Dəhlizin sonunda işıqlı bir otaqda masanın arxasında oturmuş kişi ayağa qalxmışdı. Onun mətanəti və qulluq tərzi xanımın ürəyini oxşamışdı. Otelin sahibinin bu həssaslığını unuda bilmirdi. Onun qoca siması, böyük əlləri olduqca çəkici görünürdü. Onu düşünə-düşünə çölə nəzər saldı. Plaşa bürünmüş bir kişi kafenin önündən keçirdi. Pişik bu ətrafda sağ tərəfdə olmalı idi. Bəlkə də balkonun altına girmişdi. Xanım giriş qapısının önündə dayanmaq istəyirdi ki, başının üstündə bir çətir açıldı. Onları bura gələrkən otaqlarına yerləşdirmiş qulluqçu idi. Qulluqçu xanım gülümsünüb italyanca "islanmayın" - dedi. Onu otelin sahibi göndərmişdi. Xanım qulluqçu ilə birgə ensiz torpaq yolu addımlayıb pişiyin olduğu yerə çatdılar.
Orada yağış altında yuyulmuş, yaşıl rəngli masa vardı. Amma pişik yox idi. Ümidləri puç oldu.
Qulluqçu qadın onun üzünə baxdı:
- Nə istəyirdiz, madam?
- Burda bir pişik vardı...
- Pişik?
- Hə. Pişik.
Qulluqçu güldü:
- Bir pişik… bir pişik yağış altında?
- Bəli, bu masanın altında. Ohh… ürəyim elə istəyirdi onu. Ürəyim bir balaca pişik istəyir.
O, ingiliscə danışdıqca, qulluqçu qadının üzü dəyişirdi:
- Gəlin, xanım. Gərək qayıdaq otelə, yoxsa islanacağıq.
Onlar torpaq yoldan qayıdıb, otelə girdilər. Qulluqçu çətiri bağlasın deyə, çöldə dayandı. Qız ofisin önündən keçərkən həmin kişi ayağa durub yenə təzim elədi. Qızın içində nəsə bir hiss oyandı. Bir an içində özünü yüksək və dəyərli bildi. Pillələrdən yuxarı çıxdı, otağın qapısını açdı. Corc hələ də taxtda uzanıb mütaliə ilə məşğul idi. Kitabı yerə qoydu:
- Tapa bildin?
- Getmişdi.
Con mütaliəyə ara verib gözlərini dincəldirdi.
- Maraqlıdı, hara getmiş ola bilər?..
Xanım taxtın üstündə oturdu:
- Çox istəyirdim onu götürəm. Bilmirəm niyə bu qədər çox istəyirdim. O yazıq pişiyin balasını istəyirdim. Niyə axı bir kiçik pişik yağış altında qalsın.
Corc yenə mütaliəsinə davam etdi. Xanım gedib güzgünün qabağında oturdu və əl güzgüsündə özünə baxdı. Diqqətlə yanağını gözdən keçirdi. Növbəylə hər iki üzünə baxdı:
- Səncə, saçlarımı uzatsam, yaxşı olarmı?
Corc başını qaldırdı:
- Mən elə bu cür xoşlayıram.
- Çox bezdiricidi. Balaca oğlan uşağına bənzəməkdən yoruldum.
Corc taxtın üstündə bir az tərpəşdi. Gözünü qıza zilləmişdi.
- Məncə, çox-çox yaxşı görünürsən.
Xanım güzgüsünü masanın üstünə qoyub, pəncərəyə sarı getdi, çölə baxdı. Hava qaralmışdı.
- Elə istəyirəm ki, saçlarımı arxadan möhkəm-möhkəm bağlayam. Elə bağlayam ki, saçlarımı hiss edə biləm. Ürəyim istəyirdi, bir kiçik pişiyim olaydı, ətəyimin üstündə oturaydı. Onu sığallayanda xor-xor xoruldayaydı.
- Yaxşı da...
- Ürəyim üstündə şamlar yanan masada gümüş qaşıqla xörək yemək istəyir. Ürəyim istəyir bahar gəlsin, saçlarımı güzgü qabağında yuyum. Bir də bir kiçik pişik, bir neçə dəst də təzə paltar.
- Yaxşısı, çənəni bağla, bir şey götür oxu özünçün, - Corc dedi.
Xanımı pəncərədən çölə baxırdı. Gecə düşmüşdü, yağışın damlaları hələ də xurma ağaclarının budaqlarından süzülürdü.
- Nə olur-olsun, ürəyim pişik istəyir. Ürəyim istəyir, başa düşürsən? Lap elə indi istəyirəm. Saçlarımı uzada bilməyəcəmsə, ya bir kiçik əyləncəm olmayacaqsa, ən azı bir pişiyim olsun!
Corc daha ona qulaq asmırdı, kitabını oxuyurdu. Xanım pəncərədən düz meydanı işıqladan nöqtəyə baxırdı… kimsə qapını döydü. Corc kitabdan gözünü ayırıb "buyurun" - dedi.
Qapının arxasında qulluqçu dayanmışdı. Qucağında bir ala-bula böyük pişik vardı. Pişik bərk-bərk ona yapışmışdı. "Üzürlü sayın! Otel sahibi buyurdu ki, bunu xanım üçün gətirim", - qulluqçu dedi.
Çevirən: Ümid Nəccari
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!