Uzaq keçmişi və uzaq gələcəyi yaxın eləməyi bacaran Kamal Talıbzadə müdrikliyi - Məhərrəm QASIMLI

 

 

Ustad Kamal Talıbzadənin ədəbi-mədəni və elmi portretini gözlərimin qarşısına gətirərkən onun nurlu çöhrəsinin işığı adamı inandırır ki, bu böyük insan və xeyirxah alim yanın dadır, lap yaxınındadır. O bunu öz ömür yolu və həyat missiyası ilə qazanmışdır. Kamal Talıbzadənin ömür yolu sıradan bir yaşam gedişatının xronikası deyildi. Bu yol uzaqlardan başlanan - Şeyx Talıb, Abdulla Şaiq, Yusif  Talıbzadə xətti ilə gələn bir milli mücadilə yolu idi. Bir ucu Xorasana, bir ucu Borçalıya, bir ucu Təbrizə, İstanbula, bir ucu orta Asiyaya - Turan bozqırlarına uzanan bir yolda nələr olmuşdu, nə mücadilə və savaşlar baş vermişdi, bunu Talıbzadələr nəsli, Talıbzadələr şəcərəsi onillər və qərinələr boyu günbəgün, saatbasaat öz taleləri ilə yaşamışdı. Atası Abdulla Şaiqin və əmisi Yusif Talıbzadənin türkçülük, turançılıq düşüncəsi Kamal müəllimə, demək olar ki, irsən keçmişdi, onun ruhunda, milli varlığında milli-tarixi kimlik düşüncəsi yuvalanmışdı. Atası və əmisinin bu yoldakı fəaliyyətini yazı və sənədlərini o, az qala bir ömür boyu öz arxivində gizli  şəkildə qoruyub saxlamışdı. Sovet dönəmində bu fakt, sənədləri qorumaq və gizli saxlamaq da bir hünər idi. Ahıl çağlarında atasının və əmisinin turançı-türkçü düşüncələrini əks etdirən "Arazdan Turana" kitabını nəşr etdirib üzə çıxararkən, Kamal müəllim sanki həyatının ən mübarək işini gerçəkləşdirirdi. Çünki onun təmsil olunduğu Talıbzadələr sülaləsi müstəqil Azərbaycan dövlətinin simasında öz milli-ideoloji qayələrinə yetişmişdilər. Müqəddəs, mübarək yolu ulu babaları başlamışdı, uğurlu nəticəni isə sülalənin sonbeşiyi akademik Kamal Talıbzadə yaşamışdı…

Mən bu yazını niyə belə başladım?! Əvvəldə də söylədiyim kimi, Kamal müəllimin nurlu çöhrəsi uzaq keçmişi və uzaq gələcəyi də yaxın eləməyi bacarırdı, onunla söhbətləşdiyin zaman uzaqlardakı dünənki və gələcəkdəki sabahı aydın görə bilirdin, ata-babalarından ona miras qalan tarixi bilgiləri o öz varlığında nəhəng bir aysberq kimi ağır-ağır daşıyır və bu günümüzə çatdıra bilirdi. Bu mənada, Kamal Talıbzadə canlı bir ensiklopediya və sirli bir salnamə səciyyəsi daşıyırdı.

Yeniyetməlik çağlarından ta ağsaqqal dönəminədək çoxsaylı hadisə və əhvalatların şahidiydi. Ədəbi-mədəni həyatımızın XX əsrdəki bütün olub-olmuşları onun gözünün qabağından keçmişdi, bir çox hadisələri görüb yaşamışdı, repressiya illərini, sonrakı dönəm sovet totalitarizmi bəlalarının ağrılarını canında gəzdirirdi. Sovet dönəminin sonlarında 1980-90-cı illərdə biz gənclər bir çox hadisələrin gerçək mahiyyətini ondan öyrənib bilirdik. Mübahisəli bir məsələ ortaya çıxan kimi hamı üzünü Kamal müəllimə tuturdu.

Akademik Kamal Talıbzadə nəhəng elm bilicisi, yüksək səviyyəli filoloji hazırlığa malik, uzaqgörən elm təşkilatçısı idi. Ədəbiyyat İnstitutunun tarixi mənzərəsini onun qədər dərindən bilən araşdırıcı yox idi. Uzun illər institutumuzun şöbə müdiri, direktor müavini və direktoru olmuşdu. Sadəlik, səmimiyyət və təvazökarlıq Kamal müəllimin əsas göstəricisiydi.

Bu mehriban, qayğıkeş insanın elmi prinsipiallığına, obyektivliyinə, təşkilatçılıq bacarığına da söz ola bilməzdi. Çox həssas adamıydı. Adamları zərgər dəqiqliyi ilə tanıyır və qiymətləndirirdi. Ömür-gün yoldaşı Rəfiqə xanım da təbiət və xasiyyətcə Kamal müəllimə bənzər bir adamıydı. Yeri gəlmişkən, Rəfiqə Talıbzadə 1975-ci ildə Universitetdə məndən qəbul imtahanı götürüb "əla"qiymət vermişdi, elə imtahandaca "bu oğlanın yaxşı gələcəyi olacaq" sözlərini söyləməkdən də çəkinməmişdi. Sonralar mən Akademiyada aspirantiurada oxuyarkən bu əhvalatı Kamal müəllimə danışdım. Rəfiqə xanım biləndə ki onun seçdiyi tələbə gəlib aspirant olub, çox sevinmişdi. Kamal müəllimin ailəsi - özü, xanımı, eləcə də mənimlə aspirant yoldaşı olmuş qızı Ülkər xanım  mənim gözümdə həmişə müqəddəs bir ocağı təmsil ediblər. Kamal müəllim halal yaşamağı sevən, doğru-dürüstlüyü özünün və çevrəsindəkilərinin həyat devizinə çevirən bir şəxsiyyət idi.

Kamal müəllim misilsiz bir ədəbiyyat tarixçisiydi. Ədəbi tənqid tarixinin ayrıca bir elm sahəsi kimi biçimlənib inkişaf etməsində onun rolu danılmazdır. Bu istiqamətə diqqət yetirilməsində Səməd Vurğunun  tövsiyəsini həmişə ehtiram və qədirşunaslıqla xatırlayırdı.

Mən ustadım akademik Kamal Talıbzadədən elm və sənətin incəliklərinə dair çox mətləblər öyrənmişəm, onun məsləhətlərindən hər zaman faydalanmışam, bu günün özündə belə bəhrələnirəm.

O, Azərbaycan mədəniyyətinin elə tarixi-ədəbi və elmi simalarındandır ki, özü olmayanda belə xatirəsinin işığı, nuru özündən sonra gələnləri çəkib irəli aparmaq gücündədir. Böyük alim və mütəfəkkir üçün bundan dəyərli heç bir şey yoxdur. Akademik Kamal Talıbzadənin kübarlığı, müdrik ağsaqqallığı hər zaman onun arxasınca gedənlər üçün bir örnəkdir.

İşığın, nurun, xeyirxahlığın, çöhrənin xeyirxah təbəssümü heç zaman tükənməyəcək, böyük ustad!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!