Məzuniyyət günlərinin yalqızlığında, yaxud Adil Cəmillə xəyali söhbət - Sərvaz Hüseynoğlu yazır

 

Əzizim Adil, indi avqust ayıdı və məzuniyyət günlərinin yalqızlığında qələm dostumuz Kəramətin "Qovsalar, hardasa tapalar səni" düşüncəsi boyunca düşünüb-daşınmağın tam yeridi.

Tam yeridi sənin aşağıdakı dördcə misralıq şeirinin iç ağrısından boylanıb yaşanmış ömrün hər anını, dəqiqəsini, saatını, gününü, həftəsini, ayını, ilini və illərini yenidən göz önünə gətirməyin. Anmaq, xatırlamaq və o ötənləri yenidən yaşamaq üçün:

 

Dəhşətdir - öncədən

Biləsən öləcəyini.

Dəhşətdir - biləsən

Allahın biləcəyini.

 

Məzuniyyət tənhalığının sıxıntı əsintiləri kimi Sənə ünvanladığım şeirə (əslində, şeirdən çox pünhan hal-əhvallaşmaya) cavab olaraq elə bu günlərdəcə qələmə aldığın misralardı. Əslində, hər ikimiz niyə, nədən yazdığımızın fərqindəyik. Bu da bir ayrı iç söhbətinin mövzusudur. İndilikdəsə, tez-tez aramızdan keçən bir dodaqqaçdının açıqlamasını bəyan edirəm ki, darıxan hallarımda həmişə əl telefonunun nömrəsinə bir tel göndərirəm ki, "Adil, Sərvaz müəllimdi..."

Bir qayda  olaraq sən də o biri başdan gülümsəyə-gülümsəyə cavab verirsən ki, "Eşidirəm, Sərvaz müəllim!" Vəssalam. Gün boyunca xoş bir əhval yaşamaq üçün bu ikicə kəlməlik söz bəs edir. Çünki hər ikimiz niyə, nədən gülümsədiyimizin səbəbini çox gözəl bilirik. Və bir-birimizlə bu ikicə kəlməlik sözlə anlaşmağımızın bir özgə zövqü var. Elə həmin ovqatlaca da qələmə almışdım aşağıdakı misraları və bu misralar əslində məzuniyyət günlərinin ilk sənsizlik əhvali-ruhiyyəsinin əsintiləridir:

 

Sərvaz müəllimdi, Adil, necəsən? -

Bilirəm dodağın nə üçün qaçır...

Hər dəfə adını belə çəkməyim

İllərdi o kövrək qəlbini açır.

 

Mən kənd uşağıyam, adətim budu,

Sadəcə, "sən" deyib qalıram, ustad.

Köhnə kişilərin təzə ətrini

Həmişə mən səndən alıram, ustad.

 

Nə yaxşı Şuşaya biz qoşa getdik,

Hər cığır önündə min huşa getdik.

Atalı-analı xatirələrlə

Sükut içindəcə baş-başa getdik.

 

Yadımda əbədi yaxşlıqların,

Vəsmədi, sürmədi, həna kimidi.

Məni bu dünyaya ikinci dəfə

Yenidən gətirən ana kimidi.

 

Sərvaz müəllimdi, Adil, necəsən? -

Bilirəm, dodağın xəfifcə qaçır.

Çox fikir eləmə, o böyük Kişi

Böyük olanların qapısın açır...

 

Hə, bu hal-əhvalaşmaya cavab olaraq qələmə alıbsan "Dəhşətdir öncədən biləsən öləcəyini, Dəhşətdir biləsən Allahın biləcəyini" misralarını. Görürsən, bir dodaqqaçımı hal-əhvallaşma necə möhtəşəm, bənzərsiz bir şeirin var olmasına vəsilə olur... Elə bu var olan o dördcə misralıq şeirin havasınaca ömür-gün yollarında bizə həyan olan yaxşılar - Anar, Elçin, Qəzənfər Paşayev, Sabir Rüstəmxanlı, Qərib Mehdi, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Xəlil Yusifli, Sabir Əliyev, Mürşüd Məmmədli haqqında olan ürək söhbətlərimizi edirik. Kəlbəcəri, Laçını xatırlayırıq. Ortaq dostumuz Kəramət Şükürovu haqqımız çatan ərklə asıb-kəsirik. Hər dəfə də mən bir az da irəli gedərəm. "Onu öldürəcəm, asıb-kəsəcəm, qətlə yetirəcəm" - deyib dururam. Çünki indiki yaşamıyla o, öz içində böyük bir şairə qəsd edir. Onu öldürür. Mən o qəsdin qisasını almaq istəyirəm Kəramətdən. Çünki o, mənim tanıdığım, sevdiyim ən gözəl şairdi. Və o gözəl şairə edilən qəsdi heç cür sinirə, qəbul edə bilmirəm. Səbəbi uzun ayların, illərin söhbətidi. İndilikdəsə məzuniyyət günlərinin lap ilk saatlarında Sənə ünvanladığım bu yazıya yenə də Kəramətin ağrılı və məntiqli misralarıyla nöqtə qoyuram:

 

Müsəlman kişiylə

Müsəlman qadın

Ömrü boyu ev tikir,

Ev də yarımçıq qalır həmişə!

 

P.S. İki gün əvvəl Azər Turanla telefonla danışırdın. Danışıq boyunca Azərin haldan-hala düşən, boğulub-qaralan sifəti heç getmir gözlərim önündən.

...Yenə də Ağacəfər Həsənliylə oturmuşduq və fərqindəydik ki, sənsiz olmur. Söhbətimizin girişi yoxuydu.

Sərvaz müəllimdi, Adil, necəsən? Məzuniyyət günlərinin bu ilk saatlarında darıxıram və təbəssümünə böyük ehtiyacım var...

Bax, yenə Kəramətin misralarını xatırlatdın mənə:

 

Tanrı sevgi yaradıb ki,

Darıxmasın bəndələri.

 

Hə, ürəyincədimi? Di gülümsə görüm!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!