Qara buludları qovan - Hekayə. Sevinc ELSEVƏR

 

 

Çiyələk! Çiyələk! Çiyələk! - çiyələk satanın səsi məhəllənin günorta sükutunu pozdu. Qadınlardan bir neçəsi balkonlara qaçdı, başlarını çıxarıb maşınının arxasında çiyələk satan cavan oğlana səsləndilər:

- Vedrəsini neçəyə verirsən?

- Vedrəsi səkkiz manata! Yaxşı mürəbbəlik çiyələklərdir.

Mətanət mürgüləyib divanda qalmışdı. Kondisioner işlək, üstü açıq... üşüdürdü, ancaq oyana bilmirdi yuxusundan. Yuxuda kəndlərini, həyətlərini, nənəsini görürdü. Nənəsi çiyələk talasının ortasında dayanıb ona sarı gülümsəyirdi. Mətanət yuxusunda uşaq deyildi, qəribədir ki, qırx yaşlarında qadın idi. Nənəsisə, elə şux, elə cavan, elə gümrah idi ki!

Mətanətin qulağı ayılmışdı, danışılanları eşidirdi. Ancaq gözləri, əlləri, qolları, sinəsi, ürəyi ayılmaq istəmirdi yuxudan. Evləri birinci mərtəbədəydi, düz pəncərənin altında qızğın alış-veriş gedirdi.

Üçüncü mərtəbədən olan qonşusunun səsini o saat tanıdı. Üzünü qabaq-qənşər qonşusunun pəncərəsinə tutub qışqırırdı:

- Ay qız, Sənubər, düş də, nə durmusan? Doğrudan da, əla çiyələkdir! Mən iki vedrə aldım, Qızqayıt üç vedrə!

Mətanətin yuxusu təzədən dərinləşdi. Yuxuyla ayıqlıq arasındakı ərafdan təmiz yuxu aləminə düşdü. Nənəsinin gülümsər çöhrəsi gah görünür, gah yox olurdu. Çiyələk ləklərinin arasında, mavi çit donda, nənəsi necə gerçək, necə canlı idi! Mətanət yuxusunda ağzını açıb söz deməyə qorxurdu. Elə bilirdi dinsə, sehr pozulacaq, nənəsi də, bu yuxu da, çiyələklər də yoxa çıxacaq. Mətanət yuxuda olduğunu aşkar bilirdi. Ancaq yuxusunun gerçək olduğuna da inanırdı.

- Çiyələk! Çiyələk! Dadlı, təzə çiyələk! Gəlin ha! - cavan kişinin çağırışı təzələndi.

Həyətdəki qadınlar bir-birini əvəz elədi. Çiyələk alanlar yuxarı qalxdılar, almayanlar aşağı endilər. Uşaqlar analarının böyrünü kəsdirib səs-səsə verdilər.

Bircə Mətanət yerindən tərpənmədi. Yenidən huşa getdi. Mavi, çit donlu nənəsi ləklərin arasında o qədər xoşbəxt idi ki, nə nənəsini, nə nənəsinin xoşbəxtliyini itirmək istəmirdi. Mətanət də nənəsinin xoşbəxt olduğu dövrlərdə ən bəxtəvər uşaq olmuşdu. Sonra bir şey qırılmışdı... düşüb itmişdi, Mətanət çox axtarsa da, tapa bilməmişdi itirdiyini. Ondan sonra güləndə də qəlbinin dərinliklərində həmişə qəribə bir boşluq hiss etmişdi. O boşluğu heç nəylə doldurmaq mümkün olmamışdı.

Qadınların, uşaqların sevinci qırmızı, dadlı, ətirli çiyələklər Mətanətin nisgilinə çevrilmişdi, dərdinin rəmzinə dönmüşdü. Hələ o vaxtlar ki, on yaşındaydı.

Mətanətgilin kəndinə də ilk dolu onda düşmüşdü. Dolu nədir, necə şeydir, Mətanət o vaxtlar görmüşdü, bilmişdi - atası evdən həmişəlik gedəndən sonra.

***

Mətanətin atası Mübariz kəndin topçusu idi. Qansız-qadasız, müharibəsiz zamanların topçusu. Ətraf kəndlərin heç birində top yox idi. Top təkcə onların kəndindəydi və topun dilini də yalnız Mübariz bilirdi. Başqa heç kəs.

Mətanət tez-tez atasıyla qürur duyurdu. Bəs necə? Onun atasının hesabına kəndlərinə dolu düşmür, əkinlər xarab olmur, əkinçilərin üzü gülürdü.

Kəndin üzərini qara buludlar alan kimi Mübariz sehrli maşınının arxasına keçir, top atıb qara buludları kəndin üzərindən qovurdu. Sonra tezliklə günəş qaçan qara buludların arxasından çıxır, həmişəki kimi uşaqlara, güllərə, çiçəklərə "gülümsəyir", qızılı saçlarını kəndin üzərinə, dağların ətəyinə sərirdi.

Mətanətin atası sehrli çubuğu olan nağıl qəhrəmanıydı uşaqların gözündə. Nənəsi bu dünyada ən çox oğluyla fəxr eləyir, oğluyla nəfəs alırdı.

Mübariz öz əlləriylə həyətdə uşaqlar üçün çiyələk əkmişdi. Çiyələklərə bütün ailə qulluq eləyirdi, anası, atası, nənəsi, hətta Mətanət özü. Çiyələk ləklərini sulamaq Mətanətin  ən sevdiyi məşğuliyyətiydi. Tez-tez nənəsinin dalına düşər, mavi, çit donundan yapışaraq, ləklərin arasında yıxılmamağa çalışardı. Dünyada Mətanət üçün bu iki rəngdən: mavi səmanın, qırmızı çiyələyin rəngindən gözəl heç nə ola bilməzdi.

Müharibə başladı. Mübarizi də topuyla birgə cəbhəyə yolladılar. Belə baxanda Mübariz yenə də həmişə gördüyü işi görürdü. O, indi də yurdun üzərindən qara buludları qovurdu. Sehrli nağıl qəhrəmanı, qara buludları qovan cəngavər idi o.

Mətanət tez-tez atasını yuxuda görürdü. Qara, nəhəng topuyla. Qapqara buludları qovanda!

Günlərdən birində qara buludlar kəndlərinin üstünü alanda Mətanətin atası çox uzaqlarda idi. Göyün üzü qaralanda nənəsi əlini gözünün üstünə qoyub üfüqlərə tamaşa eləyərək köks ötürdü. Çiyələklər ləklərdə təzə-təzə qızarmağa başlayırdı, yetişmələrinə hələ var idi. Kal da olsa, nənəsi ala-qırmızı çiyələklərdən bir neçəsini dərib ovcunda Mətanətə uzatdı.

Mətanət çiyələkləri əvvəlcə burnuna yaxınlaşdırdı, qoxladı, ətrini ciyərlərinə çəkdi. Yeməyə qıymadı.

Birdən ona elə gəldi ki, kimsə ona daş atdı. Mətanət çox təəccübləndi.

- Ay nənə, kimsə daş atdı!

Bunun dalınca bərk bir şey əvvəlcə başına, sonra baş barmağına elə çırpıldı ki, ağrıdan uşağın gözündən qığılcım çıxdı. Mətanət qışqırdı:

- Ay nənə, başıma daş düşdü!

- Qaç evə, bala, qaç, tez ol! Doludur bu!

Mətanət qaçıb özünü evə çatdırdı. Ancaq ürəyi bayırda çiyələklərlə birgə dolunun altında qalan nənəsinin yanındaydı. Qız pəncərəyə yaxınlaşıb burnunu soyumuş şüşəyə söykədi. Nənəsi çiyələk ləklərinin içində oturub ağlayırdı. Qadının mavi donunun ətəkləri həmin o bərk, adama dəyəndə incidən buz parçalarıyla dolmuşdu. Nənəsi ətəyini əlinə alıb içini çiyələklərlə doldurardı... dolu kəndlərini vurmasaydı, çiyələk ləkləri məhv olmasaydı, sehrli topu olan atası yurdun o başındakı qara buludları qovmağa getməsəydi...

 

***

Bayırdan gələn səs hələ də susmamışdı:

- Gəlin ha! Dadlı çiyələkdən qalmadı!

Göz qapaqlarının arxasındakı dünyada Mətanətin mavi, çit donlu, gülümsər çöhrəli nənəsi ovuclarını yetişmiş çiyələklərlə doldurub ona sarı uzatmışdı. Səma masmaviydi, çiyələklər al-qırmızı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!