Turan UĞUR
Azərbaycanın Xalq yazıçısı, publisisti, pedaqoqu, ədəbiyyatşünası və ictimai xadimi İsmayıl Şıxlı müəllifi olduğu monumental romanları ilə ədəbiyyat tariximizdə böyük iz buraxıb. "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam", "Namus qaçağı", "Ölüləri qəbiristanda basdırın", "Namərd gülləsi" və başqa əsərləri ilə oxucuların rəğbətini qazanan İsmayıl Şıxlını bu gün də minnətlə anır, ruhunu sayğı ilə yad edirik.
- "Mən Kürə aşiqəm, Kür mənə aşiq. Mən Kürə məftunam, Kür mənə məftun. Mən Kürə heyranam, Kür mənə heyran.
Ana Kür! Yaşa, Kürüm!
Hələ neçə ömür
Yaşadacaq könüllər səni!
Çünki zimistanın dağlara çəkildiyi vaxtlarda, sən bir gəlin kimi görünürsən öz yatağında, çünki sən təbiətin qucağında nazəninsən, gözəl Kürüm! Gözəlliyindən pay alsın dünyanın çayları, özəlliyindən nəsibini götürsün məmləkətin dənizləri, gurluğundan xəcil olsun elin suları-selləri, səni sevməyə və seçməyə dəyər, əsərlərimin baş obrazını mən bu cür salamlayıram, çünki Vətənimin həyatına bağlısan. Bu cür deyə bilərəmmi?
- Sən nəfəsi olmusan can gülşənimin, keçmişimin, bu günümün aynası Kür. Bu dünyada arzularımın dünyası Kür. Qovğalı, məlalı tariximizin şahidi, ey Ana Kürüm! Ey dəli, dəliqanlı Kürüm!"
- Bu sözləri dünən bu vədələr Kürlə qabaq-qənşər oturmuş, azman görkəmli, gözü eynəkli, qəlbi sazlı, dili sözlü bir kişi çayın qulağına pıçıldayarkən görmüşdüm. Aralarında elə dostanə söhbət gedirdi ki... Kürmü onda məst olmuşdu, omu Kürdə xumarlanmışdı - ayırd etmək çətin idi. Müdaxilə etməyə də adamın əli gəlmirdi.
"Bəs o hansı sənətin sahibi idi?" - deyə sual etsəniz, cavab verərdim - "müəllim". Kürün sahilində nəfəsini əllərinə hovxuran bu ağsaqqalın barmaqlarını isidib bu saat yazıya başlayacaq kimi görkəmi vardı. Üzündən doğma, məhrəm bir insanı xatırladırdı. Məndən olsaydı deyərdim ki, ədəbiyyat müəllimimdir. Lakin nagahan şəkildə çevrilib gözlərimə zillənən baxışından belə bir nidanı sezdim:
"Təkcə müəllimmi?" - deyə soran bu möhtərəm zatın əzəmətli görünüşünün arxasında sadədil, cəfakeş, ziyalı və nurlu bir şəxsiyyətin dayandığını görcək, öz beynimdən keçən "qaçaraq fikirlərimdən, tələsik proqnozumdan bir qədər utandım" - desəm və həmən də əhfinizə sığınsam yeridir. Bir qədər irəli addımlasam, ona sarı yaxınlaşsam, bu mübhəm sükutu pozub, mehriban və qəhrəman müsafirimizi tanıyacağıma əminəm. Amma mən nə karəyəm ki... Bunu düşünərkən ayaqlarım səndələdi, taqətsiz, yorğun yerişim büdrəyib, sanki məni tənə və qınaqla danlayan təhər oldu:
- "Ey biçarə, özünə gəl, qarşındakı bir müəllimdir, hələ onu tanı, yaxşıca dərk et, sonra özünü ortalığa atarsan". Ancaq bir qədər becid davranmağın da zamanı olduğunu anladım, axı istidən Kürün kənarında ovxalanmış, sıcaqdan cadar-cadar olmuş torpaq bu saat mənimlə xosunlaşaraq tezliklə günəşin üfüqdə qızaracağını xəbərləmişdi. Ayağıma yapışan bu saqqız yolların nahamarlığından fürsət tapıb üzünə diqqətlə baxa bildim. Məni sevindirdi... Ey dostlar, tanıyırammmmmmmm.
- Şıxlı İsmayıl, Baba İsmayıl, Şıx İsmayıl, Lələ İsmayıl, azman və ozan İsmayıl... Tanıyıram!
İsmayıl Şıxlı sevgisini bir az da təhtəlşüurumuzda mürgüyə qalmış mental kodlarımızda arayaq. Sovet ideologiyasının ənənələrimizi qamçıladığı zamanda, Novruz bayramını ədəbiyyatımıza gətirən kişi idi İsmayıl müəllim. Ədəbiyyatımıza, sonra da kinomuza. "Dəli Kür"dən söhbət gedir. Bayram şölənlərinin, göstərilərinin, adətlərinin təbii, sanballı, koloritli çıxması üçün Novruz səhnələrinin çəkilişində yazıçı özü şəxsən iştirak etmiş, "baca-baca gəzmək", "xurcun atmaq" kimi təzahüratlara diqqət kəsilib, necə deyərlər, hər şeyi seçib-sonalamışdı İsmayıl Şıxlı.
Ancaq tələsməyək, İsmayıl Şıxlının "Dəli Kür"ə gedən yolu 1919-cu ilin martın 22-indən başlayırdı. Novruz günlərində xalqımıza ərməğan olunan sevgili yazıçımızın doğulduğu yer Qazağın İkinci Şıxlı kəndidir. Şəcərəsi, nəsli Şıxlinskilərin mübarək soy və boyu ilə qovuşurdu. Hərb tariximizin nəhəng siması olan, artilleriya generalı Əliağa Şıxlinskinin yaxın qohumu idi. Qazaxda dünyaya gəlmək, zatən biixtiyar şəkildə saza və sözə doğuluşdan könül verməkdir. Belə də tərif verə bilərik: "Bəbəlikdən babalığa gedən yolda sazı çiyində, sözü dildə görənlərə" - Qazax elində doğulanlar deyirlər. Bir də lap çağa yaşından qamçılanmaq vardı taleyində. Bəy nəslinin nümayəndəsi kimi atası Qəhrəmanı və qohumlarının qanını it qanına döndərən sovet başbilənləri cəfalı günlər yazdılar Şıxlinskilərin taleyinə.
Aşıq naşı əlindən,
Ağlar naşı əlindən.
Yastıq şikayət eylər
Gözüm yaşı əlindən.
Aşıq yamana gələ,
Dərdin yamana gələ.
Yaxşı yaxşıya gedə
Yaman yamana gələ.
Dağlarda qar qalandı,
Yağdıqca qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.
Tariximizin belə dözülməz anlarında xalqın sinəsi bu cür bayatılarımızla qövr etməzmi?! Bu yanğılı misralarımız Şıxlı nəslinin könlünü dağlayanları hədəf alsın. Alsın da, yağıların əlləri daim qoynunda, gözləri müdam yollarda olsun!
Yeniyetmə çağlarında İsmayıl Şıxlıya "xoş gördük" - deyən ilk növbədə qonşu Kosalar kəndinin camaatı oldu, müəllimləri - Mirqasımın, Əlinin timsalında savadlı, dünyagörüşlü, həyatı bilən kişilər gənc İsmayıla yol göstərdilər. O da bu öyüdləri cavabsız qoymadan, "Yol tutan, bal tutar" deyibən yola çıxdı; elm, poeziya və nəsr yoluna. Çox sualın cavabını hələ gənc çağlarından əxz etmişdi, görüb-götürmüş, cavan yaşlarında hörmət, ehtiram qazanmışdı. "Bezi söz, qeybəti söhbət yerinə" satanların ahını almışdı İsmayıl Şıxlı. "Nəsihətlə gülə-gülə gəlməyənləri, müsibətlə döyə-döyə gətirərlər" devizini rəhbər tutanlardan idi. Amma cəsarət və rəşadət nümunəsi kimi yaşamağı öz həyat kredosu bildi ömrü boyunca. Qorxunu kişiliyə yaraşdırmadı. 1941-ci ilin iyununda dava başlayarkən, Pedaqoji İnstitutda dövlət imtahanı verməyə macal tapmamışdı. Nolsun ki... Əvəzində başqa imtahan gözləyirdi onu - "hərb imtahanı". Hələ cəbhəyə yollanıb müsəlləh əsgər kimi vətənin keşiyində duranda vur-tut 22-23 yaşı vardı. "Kerç sahillərində", "Səhəri gözləyirik", "Konserv qutuları", "Haralısan, ay oğlan?" cəbhə illərindən oxucular üçün ərməğan edilən gündəliklərdir.
"Gecə-gündüz alman tanklarının əleyhinə xəndəklər qazır, dəmir dirəklər basdırır, tikanlı məftillər çəkirdik. Biz imkan vermirdik ki, almanlar Mozdokdan bu yana Dərbəndə irəliləsinlər. Biz Xəzər sahilindən Qara dəniz sahilinə, Tuapse tərəfə, oradan Krasnodar şəhərinə doğru irəlilədik. İrəlilədik demək düz deyil, əslində, biz bu yolları dizin-dizin süründük, qarış-qarış keçdik" (Cəbhə gündəlikləri)
Bütün bunlara insanı tir-tir titrədən, dəli kimi silkələyən, içdən təbii şəkildə silkinib çıxmış məhrəm yazıçı xatirələri də deyə bilərik.
"Ayrılan yollar"a qədər uzanan kəşfiyyat xarakterli yazıları, yeni üslub arayışları idi bütün bunlar. Axı ədəbi cameədə müəllim bildiyi Mehdi Hüseyn ona "konkret müşahidələrini qələmə al" demişdi. Deməli, yazıçı müşahidələri və konkret yazıçı yaşantıları adlandıracağımız bir roman da var - "Ayrılan yollar".
1954-55-ci illərdə yazılan "Ayrılan yollar" bir növ 1950-ci illərə qədər yaranan, kolxozçu, pambıqçı könlünə məlhəm sayılan, indi hardasa gülüş doğuracaq qədər bəsit səslənən:
"Qol çırmayıb sən tarlaya çıxanda,
Səs yayılır hər mahala Sürəyya.
Ağ pambığı becərəndə, yığanda,
Gəlməyəsən heç zavala, Sürəyya"
- kimi mətnlərin qəhrəmanları "əməyin azad, diləyin azad" - deyib meydan sulayırdılar. Biz ona görə İsmayıl Şıxlı, İsa Muğanna, bir qədər sonra Anar, Elçin, Mövlud Süleymanlı, Fərman Kərimzadə kimi yazıçılara minnətdar duyğular bəsləyirik ki, prozamızı pambıq tarlaları təki ayaqaltı olmaqdan xilas etdilər. Onların önündə İsmayıl Şıxlı gedirdi ki, monumental əsərləri ilə, pafosdan, bər-bəzəkli, bəzək-düzəkli sətirlərdən qaçıb, özündən sonra gələnlərə də işıq tutdu. Və bu işığı elə saçdı ki, arxada gələnlərin gözləri qamaşmadı.
Çətin məqamlarda isə bir an belə durmadı, duruxmadı, sinəsini önə verib, "Azərbaycan" jurnalının redaktoru kimi yeni nəsil yazıçıların əsərlərinə yol açırdı. Yazıçı Anarın "Anlamaq dərdi" və "Şəhərin yay günləri" yazılarını nəşr etdirən məhz İsmayıl Şıxlı olub. O, bir çox mənfi stereotipləri, müşkül sayılan ənənələri "Dəli Kür" romanı ilə sındıra bilib. Əsərin 1957-1967-ci illərdə - 10 il müddətinə yazıldığı qeyd edilsə də, yazıçının övladı Elçin bəylə söhbət zamanı romanın deyildiyi vaxtdan bir qədər əvvəl; yəni il yarım, iki il tez bitdiyi qənaətinə gələ bildik. Lakin istənilən halda böyük zəhmət və vaxt hesabına ərsəyə gələn "Dəli Kür" "İlklər romanı" sayılır. İsmayıl Şıxlı romanda öz nəslinin, öz mahalının tərcümeyi-halını dəqiqliklə, dürüstlüklə və bədii priyomlarla verə bilib. Bu əsər "hadisə" - deyə biləcəyimiz əsərlərdəndir və bu cəhətdən tək-tük romanlardandır. İsmayıl müəllim üç müəllim nəslinin tarixçəsini verərkən, Kürü "dəli" çağırmasının tarixini keçmişimizin qanlı-qadalı, dərdli-bəlalı olması kimi izah edib. Görəsən, Ana Kürü, Dəli Kür kimi görməkdə yazıçının hansı səbəbləri vardı? İsmayıl Şıxlı bu nüansı əsər boyu gizli xətlə cızmış - deyə düşünürəm. Başı bəlalar, günü məlalar çəkmiş tariximizin, yurdumuzun hayqırtısını Dəli Kürün dəliliyində, bağırtısında, iniltisində vermiş ədibimiz. Ey dəli Kürüm, dəliqanlı Kürüm, sənə deyəcəklərim var! Çoxları bilməz, sən axı tanıqsan, tanıqsan ki, filmdə görüntüyə alınan ehtişamlı, məğrur Kür çayının görüntüləri İsmayıl Şıxlının özünə məxsusdur. Özü seçmişdi o mənzərələri İsmayıl müəllim, şəxsən özü bulmuş, özü çəkmişdi. "Dəli Kür" romanını xalqımızın eposları ilə yanaşı tutmaqda əsaslar var. Bütov bir dövrü:
XIX əsrin sonu XX əsrin əvvəllərinin bütün ictimai-sosial, mədəni mənzərələrini ortaya qoyur bu əsər. Miqyası, nəhəngliyi ilə seçkin bir nümunədir. Ən əsası, millidir, xalqa yaxındır. Hadisələr, epizodlar yox, xarakterlər yığnağıdır bu roman. Cahandar ağa, Şahnigar, Zərnigar, Mələk, Şamxal, Əşrəf, Allahyar, Molla Sadıx və s. Hə, birdəki Rus Əhməd. Kimisinə görə, bu, "firəng Əhməd" ləqəbli Əhməd bəy Ağaoğlunun, kiminə görə, "Rus Əhməd" ayamalı Əhməd bəy Cavanşirin prototipidir. "Dəli Kür"ün Rus Əhmədini belə də çağırmaq olar - ziyalı, maarifpərvər, yurdsevər birisi.
Sayğıdəyər ziyalımız Elçin Şıxlı ilə söhbət zamanı bu nüansı da öyrənmiş olduq ki, sən demə, "Rus Əhməd" Qazaxda məşhur ziyalı nəsli kimi tanınan Seyidovların nümayəndəsidir - Molla Seyidin nəvəsi, Yusif kişinin oğlu, ruhunu sayğı ilə andığımız pedaqoq, ziyalı Əhməd Seyidovun prototipidir.
Əslində, "hər bir elm fədaisindən, maarifçi soydaşımızdan bu obrazda pay var" - desək, qətiyyən səhv etmərik. Bəs yazıçı "Dəli Kür" filmini necə görürdü? Ədibin böyük oğlu Elçin Şıxlı ilə bu haqda xeyli söhbət etmək imkanı bulurkən, həm də yeni-yeni faktlar öyrənə bildik. Əslində, filmin romanla müqayisədəki sönük durmasının səbəbləri çox idi. Yəqin ki, çuğulların, danos yazanların "əməkləri" olmasaydı, 2 seriyalı, rəngli və tam şəkildə monumental bir ekran əsəri görə bilərdik. Cinni Cəfər qoşunu kimi ortalığa doluşan, hər vəchlə yuxarılara qarayaxmalar yazıb, yarınmağa çalışan, "Dəli Kür"ün önünə keçmək istəyənlər, belə əcaib sonluğa malik film görməkdən məmnun olmuşlarmı?!
- Olmuşlar, fəqət İsmayıl Şıxlıya olan sevginin önünə keçə bilməmişlər. Sevgi bu - Ümidənin ümid dolu məhəbbəti və oxucu eşqi Şıxlını şıx kimi insana çevirmiş, "Namərd gülləsi", "Namus qaçağı", "Ölüləri qəbiristanda basdırın" kimi hekayələrin, "Ayrılan yollar", "Ölən dünyam" təki romanların müəllifinə sonsuz dualar, alqışlar qıldırmışdı. Hikməti-xuda deyilən şey budursa, bir az da Ümidə ilə yazıçının taleyindən danışmalı, danışıb da xeyli düşünməli, düşünərkən 22 mart tarixli İsmayıl və Ümidə Şıxlının təvəllüdlərindən tutmuş soyadlarına qədər ölçülüb-biçilən həyat tarixçəsinə ehtiram bəslənməlidir.
Ümidə xanım həyat yoldaşı idi İsmayıl Şıxlının. Təvəllüdləri fərqli olsa da, hər ikisi eyni gündə, martın 22-də Novruz bayramı günlərində doğulmuşlar. Yazıçının son günlərində "Ölən dünyam" romanını məhz İsmayıl Şıxlının diktəsi ilə Ümidə xanım yazmışdı. Axı son illərində İsmayıl müəllimin uzaqgörən gözləri nurunu itirmişdi, ona görə də Ümidə xanım yazıçıya həyat yoldaşı olmaqla kifayətlənməmiş, həm də ona qələm yoldaşı olmuşdu.
O qələmə 76 illik həyatında hər zaman sadiq qalmış İsmayıl Şıxlı. Xatirələr çözələndikcə, keçmişə dönüb nələrisə xatırladıqca, bir də ədibin hansı hobbiləri olmuş, bunu bilməkdə fayda var. Balığa getməyi sevərmişlər. Dəniz ola, dostların ola, sən olasan, amma 1965-ci ilə kimi. İsmayıl Şıxlının bu məşğuliyyətindən üz döndərməsinin səbəbi dostluğa sədaqəti olub. 1965-ci ildə dünyadan köçən Mehdi Hüseyndən sonra balıq ovuna "tövbə" deyən Şıxlı, bu şakərindən bilmərrə əl götürüb. Amma başqa vərdişi onu heç zaman tərk etməyib - yağışlı havaya olan sevgisini nəzərdə tuturam. Görünür, "Dəli Kür"dəki epizodda Kürdən əyilib su götürən Mələyə qarşı Cahandarı vəcdə gətirən vəhşi şəhvətində, onun şəbi-yelda təki çiyinlərə düşən islaq tellərinin siqlətində, Cahandar ağanın qızışmış, idarəolunmaz gözlərində sezilən yazıçı töhmətində də yağmurdan nələrsə varmış.
Son romanı kimi "Ölən dünyam" "Dəli Kür" qədər nəhəng və fundamentaldır. Ən azından ona görə ki, ruhu rahatlıq içində, cismi firavan şəkildə uyuyan İsmayıl Şıxlının dünyası ölmədi. Övladları - Elçinin, Fərruxun, nəvələri - Ayxanın, Toğrulun, Salatının, Ayselin, nəticələri - İsmayılın, İsgəndərin ömründə uzanır gedir.
- Hara qədər?
- Əlbəttə, məhşərə qədər, Ümidənin ümid dolu istiqbalına qədər, uzanır və gedir. Şıxlıların şıx kimi, ağır-batman, ulu bildiyimiz şəcərəsi yol alıb Türkün ən ulu tarixinə qədər uzanmaqdadır, Azərbaycanın yenidən müstəqilliyinə qovuşmaqda imzası olan bir zat kimi. "Sapı özümüzdən olan baltalar" deyiminə olan həmmüəlliflik onun yurddaş kimi, vətəndaş kimi dəyanətindən irəli gəlirdi. Təkcə bu fakta görə mən torpaq, yurd sevgisinin adına İsmayıl deyirəm, soyadına Şıxlı.
- Azərbaycan istiqlalında mütləqdir ki, İsmayıl Şıxlının payı var. O, siyasətçi deyildi, lakin heç vədə xalqın ağrı-acısına etinasız qalmazdı. Qarabağdakı gərgin döyüşlər vaxtı, Qazağın sərhəd zonasına yaxın bağda bir kətil tapıb əyləşmiş, təxminən 1-2 saat çay içib, soyuqqanlığı, mərdliyi, vətənsevərliyi ilə təlaş və təşviş içində olanlara örnək olmuşdu İsmayıl Şıxlı. Ətrafdakılar:
- "Kişi Bakıdan gəlib qızğın döyüşlərin, şiddətli atışmaların içində rahatca çay içirsə, deməli, möhkəm olmaq lazımdır" - demişlər.
- Mən Kürə aşiqəm, Kür mənə aşiq. Mən Kürə məftunam, Kür mənə məftun. Mən Kürə heyranam, Kür mənə heyran.
Ana Kür!.. Yaşa, Kürüm!
Hələ neçə ömür
Yaşadacaq könüllər səni!
Yadınızdadırsa, yazımın əvvəlində yazıçının Kürlə dialoqu zamanı biqəfil bu sözlərin üstünə gəlib çıxmışdım. Sizi bir qədər intizarda qoymağımın səbəbi indi bəllidir. O da bəlli olur ki, İsmayıl müəllimə lap yaxınlaşdıqca onun kimliyi, şəxsiyyəti gün kimi ortaya çıxır. İndi yaxşı tanıdım qəhrəmanımızı. Qəhrəman kişinin oğlu İsmayıl Şıxlıya deyəcəklərim mütləq olacaq:
- Mən sizi tanıyıram. Məğrur görkəminizdən, müəllim eynəyinizdən, həlim səsinizdən, yazıçı duyumunuzdan, mən sizi incə ruhunuzdan tanıyıram, bir dədə, bir lələ kimi. Deməli, tanış olduq, möhtərəm İsmayıl müəllim - bu sizsiniz. Şıx kimi kişi, İsmayıl Şıxlı.
- Ey sözə yaraşıq kişi, siz bizim üçün dirisiniz, ölülərdən fərqli olaraq dirilər xəyal qurarlar, arzu edərlər, bu an kaş sizin də mənə olan arzularınızı eşidə biləydim, kaş...
- Bəli, İsmayıl müəllim, mən sizi eşitdim...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!