Qarğaların dostluğu
İki qara qarğa çəmənlikdə dənlənirdi. Onların yanına bir ala qarğa qondu.
Ala qarğa dedi:
- Gəlin, dost olaq.
Qara qarğalar sevincdən qarıldaşdılar.
Birdən çəmənliyə iri bir çörək parçası düşdü. Ala qarğa çörəyi götürüb başqa bir çəmənliyə uçdu. O, çörəyi yeyib qurtarandan sonra dostlarının yanına qayıtdı.
Qara qarğalar daha qarıldaşmadılar.
Ayı və armud
Meşədə hayqırtı eşidildi.
- Uuuu, -aaaa.
Qalın yarpaqların arasında gizlənən armud qorxudan titrədi:
- Ayı mənim iyimi alıb. Bu saat ağaca dırmaşacaq.
Birdən ağlamağa oxşayan zarıltı eşidildi:
- Uyyy.
Armud fikirləşdi:
- Qaranlıqda ayağının altını görməyib. Kirpinin iynələri pəncəsinə batıb.
Sonra sakit bir uğultu səsi gəldi:
- Uğğğ.
- Aha, ağaca dırmaşıb.
- Uğğğ.
- Birinci budağı keçdi.
- Uğğğ.
- İkinciyə dırmaşdı.
Armudun əyləşdiyi nazik budaq tərpəndi. Ayı budağı özünə tərəf çəkdi.
Armud bir anlıq aşağı boylandı. Kirpinin ona baxan gözləri həyəcanla parıldayırdı. Daha gözləmək olmazdı. İkicə saniyə də keçsəydi, hər şey qurtaracaqdı.
Armud saplağından üzüldü. O qaranlıqda balaca ulduz kimi uçdu. Kirpinin iynələri onu elə göydəcə tutdu. Ayı nərə çəkdi.
- Uğğğ.
Ayı sürətlə aşağı düşməyə başladı. Amma gec idi. Kirpi kolluğun arasında gizlənə bilmişdi.
Pəri və Miri
Ananın bətninə iki uşaq düşmüşdü. Birinin adı Pəri, o birinin adı Miri idi. Miri çox narahat uşaq idi. Ananın bətnində Pərini bir küncə sıxışdırır və daim mızıldanırdı.
- Qırağa çəkil, mənim yerim dardır.
Yazıq Pəri nə qədər kənara çəkilirdisə, Miri narazı qalırdı.
Gün keçdi, ay dolandı, Miri ilə Pəri anadan doğuldular. Əvvəl Miri, sonra Pəri dünyaya gəldi.
Miri dedi:
- Mən böyük qardaşam. Səndən beş dəqiqə tez doğulmuşam.
Pəri dedi:
- Düz deyirsən, sənin sözün mənim üçün qanundur.
Onlar beləcə böyüdülər. Miri nə dedisə, Pəri razılaşdı. O qədər böyüdülər ki, axırda qocaldılar.
Bir gün Əzrayıl adlı bir cənab onlara qonaq gəldi.
Əzrayıl dedi:
- İkinizdən biriniz mənimlə getməlisiniz.
Miri dedi:
- Bacı, bütün ömrümüz boyu mən nə demişəmsə, sən etmisən. İndi sözü sənə verirəm.
Pəri dedi:
- Cənab, məni özünüzlə apara bilərsiniz. Çünki Miri ölsə, elə hesab edin ki, mən də ölmüşəm. Amma mən ölsəm, Miri bu dünyada hələ yaşaya bilər.
Əzrayıl dedi:
- Həmişə Miri deyən olub. Amma bu dəfə mən deyən olacaq.
Cənab Əzrayıl Pərinin göz yaşlarına baxmadı. Mirini özü ilə apardı. Amma cəmi beş dəqiqədən sonra qayıtdı və dedi:
- Miri o biri dünyanı dağıdır. Sən getməsən, sakitləşməyəcək.
Pəri sevinə-sevinə Əzrayılın dalına düşdü.
Adil məktəbə gedir
Qonşu otaqdan nənənin səsi eşidildi:
- Adil!
Səs eşidilən kimi otaqda şanapipik cani-dildən ağacları döyəcləməyə başladı:
-Tuqq, tuqq, tuqq, tuqq.
Yox, bu ağacdələn deyildi, Adil idi. Nənənin səsini eşidən kimi qonşu otağa qaçdı.
- Tez çantanı hazırla, məktəbə gecikirik.
Bu dəfə deyəsən ovçu tüfəngi dalbadal açıldı.
Part, part, part!..
Yox, otaqda ovçu nə gəzirdi. O, Adil idi. Özünü çantaya çatdırmaq üçün qaçmışdı.
- Vay, hesab həll olunmayıb.
- Dəftərlər göyərçin qanadlarını açır. Sonra kiçik nöqtələr ağ vərəqlərin üzərinə düzülür. Birdən Hacıleylək qanadlarını şappııldadır.
- Şappp.
Deməli hesab dəftəri örtüldü.
- Şak, şuk.
Deməli çantanın dəmir bəndi bağlandı. Dərhal özü boşaldan maşın daş dolu yükünü boşaltdı.
- Takkk, takkk, tukkk, tukkk, tukkk.
Bu Adildir. Dabanlarını döşəməyə döyə-döyə gəlib nənəsinin qarşısında dayandı.
Yola düşdülər.
Dərhal pianonun akkordları eşidildi.
- Dammm, dummm, dammm, dummm.
Adil nənəsindən qabaq pillələri düşür. Sonra yenidən geri qayıdır.
- Tappp, tuppp, tappp.
Orkestr simfoniya ifa edir. Dörd ayaq səsi eyni ahənglə pillələri düşür. İki ayaq Adilin, iki ayaq nənənin.
Onların önündə nəhəng bir qartalın qanadları açılır.
- Nənə, mən qaçdım.
Adil qartal qanadlarına oxşayan məktəbin qapılarından keçib siniflərinə qaçır.
Xeyirxah oğlan
Şəkərabad şəhərinin II sinif şagirdi Noğul hovuza yıxılan körpə uşağı xilas etmişdi. Hamı onun qoçaqlığından danışırdı. Şəkər Qoğala deyirdi:
- O, həm igiddir, həm də çox istedadlı oğlandır.
Qoğal qaşqabağını sallamışdı. Dodağının altında mızıldanıb deyirdi:
- Onun nə istedadı var ki? Sən istedad görməmisən.
Zəng vuruldu. Dərs yenicə başlamışdı ki, arxadan ağacdələnin səsi gəldi:
- Tuk, tuk, tuk.
Şəkərbura müəllim soruşdu.
- Bu nə səsdi belə?
Hamı susdu. Qoğal pəncərədən görünən tut ağacına baxdı.
Müəllim də pəncərədən çölə boylandı. Bəlkə doğrudan da ağacdələn fəsilləri səhv salıb. Yazda deyil, payızda qonaq gəlib?!
Dərsə davam etdilər. Birdən motosklet tırıltısı qulaq batırdı. Müəllim səsin haradan gəldiyini soruşdu. Hamı susdu. Qoğal küçəyə baxdı. Şəkərin rəngi ağardı. Müəllim düşündü ki, bəlkə doğrudan da küçədən motosklet keçdi. Dərs davam etdi:
Birdən təyyarə səsi eşidildi:
- Vıyyy. Müəllim qaşqabaqla sinfə göz gəzdirdi. Hamı susurdu. Qoğal pəncərəni açıb göyə baxırdı. Şəkərin qəzəbdən boğazı tutuldu. Göydə isə heç nə görünmürdü. Dərs davam etdi. Birdən məktəb zənginin səsi eşidildi:
- Dalaley, dalaley!!!
Uşaqlar tənəffüsə çıxdı. Amma başqa siniflər hələ də dərs keçirdi. Elə bil zəngin səsini eşitməmişdilər.
Qoğal fəxrlə Şəkərdən soruşdu:
- Kim daha istedadlı və xeyirxahdır?! Mən, yoxsa Noğul?
Şəkər qəzəblə dedi:
- Noğulun xeyirxahlığı hamımızın başını uca etdi. O, bir uşağı ölümdən xilas etdi. Sənin xeyirxahlığın başımızı yerə soxdu. İndi Şəkərbura müəllimənin üzünə necə baxacayıq?
Onlar küsüşdülər. Sonra heç zaman bir skamyada oturmadılar.
Noğulun hesab dəftəri
Noğul tut ağacının altında əyləşib hesab dəftərinə nə isə yazırdı. Ağacdan bir tut dənəsi düşdü. Cücə onun üstünə cumdu. Amma bir xoruz daha cəld tərpəndi. Tut dənəsini yedi. Cücə bir dəfə "Cipp" eləməklə kifayətləndi.
Sonra yenə bir tut düşdü. Başqa bir xoruz hamını qabaqladı. Cücə yenə də "Cipp" elədi.
Külək əsdi. Budaqdan xeyli tut töküldü. Cücə hər tuta bir dəfə "cipp" elədi. Amma birini də yeyə bilmədi. Cücə hər dəfə "cipp" edəndə Noğul dəftərinə bir cızıq çəkdi.
Sonra sakitlik oldu. Noğul dəftərindəki cızıqları saydı. Orada iyirmi beş cızıq var idi.
Noğul dedi:
- Belə insafsızlıq olmaz. İyirmi beş dəfə "cipp" edəsən, bir tut da yeməyəsən?!
Sonra o, bütün toyuqları tut ağacının altından qovdu. Ağacdan bir tut düşdü. Cücə onu yedi. Amma daha "cipp" eləmədi. Sonra beş tut düşdü, daha sonra iyirmi tut. Cücənin "cipp" eləməyə vaxtı yox idi. O, tutun hamısını yedi.
Bircə iş pis oldu ki, Noğul cücənin neçə tut yediyini hesablaya bilmədi. Qanı qaraldı. Cücə bunu başa düşdü və yediyi tutların sayı qədər "cipp" elədi. Onun "cip"ləri gözəl bir nəğməni xatırlatdı.
Aysu və Cansu
Aysu və Cansu rəfiqə idilər. Onlar rəqqasə olmaq istəyirdilər. Buna görə də rəqs dərnəyinə yazıldılar.
Birinci məşğələdən çıxıb evlərinə qayıdanda Aysu dedi:
- Mən daha məşqə gəlməyəcəyəm.
- Niyə? - deyə Cansu heyrətləndi.
- Yox, məndən rəqqasə olmaz. Ayaqlarımı düz ata bilmirəm. Elə hey büdrəyirəm. - O, qollarını və ayaqlarını göstərib əlavə etdi:
- Bir bax, qollarım və ayaqlarım yanıma düşür. Elə yorulmuşam ki.
- Bir az səbirli olsan, öyrənərsən. Anam deyir ki, səbir bütün dərdlərin dərmanıdır.
- Yox, fikrim qətidi. Sabah piano dərnəyinə gedəcəm.
Aysu səhərisi piano dərnəyinə getdi.
Cansu isə anasının sözünü unutmadı. Müəllimin hərəkətlərinə diqqət etdi. Yorulmağına fikir vermədi. Dərsdən sonra müəllimin tapşırdığı hərəkətləri dəfələrlə təkrarladı. Doğrudur, hərəkətləri çətinliklə öyrənirdi, çox yorulurdu. Amma hər şeyə dözdü.
Aysu isə piano dərnəyinə də getmədi.
- Barmaqlarım sözümə baxmır. "Do" vururam, "re" çıxır, - dedi.
- Eybi yoxdur, öyrənərsən, - deyə Cansu rəfiqəsinə ürək-dirək verdi. Aysu dedi:
- Yaxşısı budur mən rəsm dərnəyinə yazılım. Orda hər şey özümdən asılı olacaq. Nə istəsəm, çəkə biləcəyəm. Rəssamlıq da pis sənət deyil.
Dostlar bir müddət ayrı düşdülər. Dərnəkləri müxtəlif gündə olduğu üçün bir-birini görə bilmirdilər.
Bir neçə aydan sonra məktəbdə konsert oldu. Aysu ilə Cansu görüşdülər. Cansu soruşdu:
- Rəssam ola bildinmi?
- Məndə rəssamlıq istedadı yox imiş, - Aysu dilləndi.
Konsertin aparıcısının səsi onların söhbətini yarımçıq qoydu. Aparıcı Cansunu səhnəyə çağırdı. Musiqi çalınan kimi qız oynamağa başladı. O, elə gözəl oynayırdı ki, elə bil nəhəng bir kəpənək süzürdü. Bədənini məharətlə oynadır, özünü əsl rəqqasələrə oxşadırdı.
Alqış səsləri salonu bürüdü. Aysu sevincindən ağladı. Səhnəyə çıxıb rəfiqəsini öpdü və dedi:
- Sən bunları necə öyrəndin? Axı mənimlə dərnəyə gedəndə ayaqların bir-birinə dolaşırdı.
Cansu belə cavab verdi:
- Səbirlə məşq etdim, çətinliklərə dözdüm.
- Heyif ki, mən səbirli ola bilmirəm, - deyə Aysu təəssüfləndi. - Yoxsa indi ikimizi də alqışlayardılar.
- Gec deyil, - Cansu rəfiqəsinin ruhdan düşməsini istəmədi. - Sabah məşqlərə gəl. Hökmən rəqqasə olacaqsan.
Aysu rəfiqəsini qucaqlayıb bir də öpdü.
Kişi sözü
Noğulla Şəkər məktəbə gedirdilər. Noğul dedi:
- Kimsə mənim rəsm dəftərimdəki şəkilləri cırıb. Əlimə düşsə, saçlarımı yolacam.
Şəkər susdu.
Onlar uca bir çinarın altında dayandılar. Bir sincab budaqdan-budağa tullanırdı.
- Bəlkə Sincab bilir?
- Nəyi?
- Sənin rəsm dəftərini cıran adamı. Qoy onu çağıraq.
Noğul dedi:
- Sincab, ay Sincab!
Sincab budaqdan-budağa tullanmağında davam etdi.
Noğul yenə qışqırdı:
- Sincab, ay Sincab, karsan?
Şəkər dedi:
- Sincabı adam dilində çağırmazlar!
- Bəs hansı dildə çağırarlar?
- Qoz dilində, - deyə Şəkər dilləndi.
- Qoz dilində?
- Hə də!
Şəkər cibindən üç qoz çıxartdı. Onları bir-birinə sürtdü. Qəribə səs çıxdı. "Xırrrr,xırrrr". Sincab dərhal aşağı düşdü.
Şəkər qozu sındırıb ləpələdi və ovcunda tutdu. Sincab ləpəni tez yeyib, yenə də çinarın başına dırmaşdı.
Noğul dedi:
- Sincab sənə nə dedi? Mənim dəftərimi kim cırıb?
Şəkər dedi:
- Sincab dedi ki, qoy Noğul and içsin ki, dəftərini cıran adamın adını biləndən sonra onu incitməyəcək.
- Hə, söz verirəm.
- Kişi kimi?
-Hə, də kişi kimi!
Şəkər dedi:
- Dünən kimin saçını yolmuşdun?
- Heç kimin! Hə, sənin!
- Dəftəri də mən cırmışam.
Noğul Şəkərin saçlarını dartmaq istədi. Amma yadına düşdü ki, kişi kimi söz verib.
Dedi:
- Bir də sənin saçını yolmaram.
- Mən də sənin dəftərini cırmaram.
Onlar əl-ələ verib məktəbə getdilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!