Türk mifologiyasındakı "Yaradılış dastanı"nın motivləri əsasında
Hər şeydən öncə Su var idi... Bir də Tanrı Ülgən...
Tanrı Ülgən tək-tənha idi və yaman darıxırdı. Həyatında maraqlı heç nə yox idi.
Bir gün Sudan gələn bir səs:
- Tanrı Ülgən, yarat, - dedi.
Bu səs Tanrının anası, ağ paltarlı, gümüş saçlı, incə belli, uzun boylu, zərif olduğu qədər də ötkəm ruhlu Umay Ananın səsi idi. Həyat Ağacının sahibi Umay Ananın...
- Oğlum, Tanrı, niyə belə darıxırsan? Nə üçün bu qədər kədərlisən? - Umay Ana soruşdu.
- Çünki təkəm, Ana... Bir mənəm, bir də sular... Nə məşğul olmağa bir işim var, nə də əyləncəm... Çox darıxıram... Həyat mənim üçün mənasız görünür. Yalnızlıq məni çox sıxır.
- Oğlum, sən axı Tanrısan! Özün də hər şeyə qadirsən! Niyə darıxasan ki? Nə istəsən yarada, necə istəsən, idarə edə bilərsən. Bu kainat Sənin qüdrətinlə var olub! Ürəyin nə istəyir, et! Nə əmr etsən, olacaq! Sən Tanrısan! Sən Gücsən! Sən Yaradansan! Öz gücünə sahib çıx və bundan istifadə et! Yarat, yaşat!
Bu sözlər Tanrı Ülgənin xoşuna gəldi və o özünə bənzər bir varlıq yaratdı. Adını Erlik qoydu. Sahib olduğu nə güc vardısa, ona da verdi.
Ülgən yaratdığı ilk varlıqla qürur duyurdu. Onun sərhədsiz gücünü heyranlıqla seyr edirdi.
Sonra sulardan daş, torpaq, təbiət yaratdı.
Bir gün baxdı ki, bir ağac var, amma heç bir budağı yoxdur. Əmr etdi, ağacın doqquz budağı peyda oldu. Sonra da əmr etdi, doqquz budağın hər birinin kökündən bir insan yarandı. Beləcə, Tanrı getdikcə insanların sayını artırmağa başladı. Onlar üçün yaşam şərtləri müəyyənləşdirdi, qaydalar yazdı.
Günlər keçdikcə Ülgən hər dəfə yeni nələrsə yaratmağa və onları idarə etməyə çalışırdı...
Bir gün Erlik Tanrıdan insanları ona verməsini istədi. Tanrı Ülgən: "Yox! - dedi, - sən get öz işinlə məşğul ol!"
Bu söz Erlikin xoşuna gəlmədi. O, ürəyində öz tanrısından küsdü.
Bu hadisədən sonra zaman keçdikcə Ülgən ilə onun ilk yaratdığı və özü qədər güc bəxş etdiyi Erlik arasında problemlər yaranmağa başladı. Çünki Erlik insanları Tanrının onlar üçün qoyduğu qaydaları pozmağa sövq edirdi. Tanrının insanlara qadağa etdiyi meyvələri onlara yedirir, etməməli olduğu işləri etmələri üçün yoldan çıxarırdı. Bu cür həyat insanların xoşuna gəlirdi. Ona görə də zaman keçdikcə onlar Tanrıdan qopur və Erlikə doğru gedirdilər.
Bir gün Tanrı buna bərk qəzəbləndi və Erliki öz yanından qovdu:
- Bundan sonra günahlarını məndən gizlədənlər sənin, günahlarını səndən gizlədənlər isə mənim himayəmdə olacaqlar!
Sonralar insanlar Tanrı qədər gücə sahib olan varlığa, yəni Erlikə "Şeytan" deməyə başladılar.
Bir gün Erlik Göyün Tanrı Ülgənə məxsus olan qatına qalxdı və ona baş əyib bağışlanmasını dilədi: "Mənə izn ver, mən də özümə göylər yaradım, mənim də himayəmdə insanlarım olsun. Söz verirəm, sənin işlərinə qarışmayacağam".
Tanrı bu dəfə onu bağışladı.
Erlik özünə göylər yaratdı, insanlar yaratdı, onlara çox yaxşı günlər yaşatdı.
Şeytanın insanları Tanrı Ülgənin insanlarından daha azad, daha xoşbəxt, daha keyf içində ömür sürurdulər. Tanrının insanları isə çətinliklərlə, yasaqlarla, problemlərlə uğraşa-uğraşa yaşayırdılar.
Beləcə, yaradılışdan milyon illər keçdi. İnsanların, heyvanların, canlıların sayı gündən-günə artdı, çoxaldı... Çünki Tanrının yaratmaq ehtirası bitmirdi ki, bitmirdi. Hər gün onun ağlına bir fikir gəlir və o, yeni nələrsə yaradır, nəyisə dəyişdirir, nəyisə ləğv edirdi. Artıq Tanrı Ülgən öz yaratmaq gücü ilə lap balaca uşaq kimi oyun oynamağa başlamışdı. Bu bacarığı sayəsində əylənə bilirdi...
Əvvəllər yaratdıqlarına nəzarət edən, onları istiqamətləndirən Tanrı Ülgən elə bir gün gəlib yetişdi ki, onların taleyi ilə maraqlana, onları himayə edə bilmədi. Və beləcə, idarəetmə onun nəzarətindən çıxdı.
Tanrı kimi ölümsüz olan Erlik Şeytan isə öz işində idi. Zaman keçdikcə artıq Ülgənin insanları da onun yanına gəlir, onun himayəsi altında olan insanlarla qaynayıb-qarışmağa başlayırdılar. Onlara zövq verən, onları həyəcanlandıran işlərlə məşğul olmaqdan böyük sevinc hissi yaşayırdılar. Çünki hər bir insan Tanrı Ülgəndən yaranmışdı. Buna görə də Tanrının bütün ehtirasları onlarda da var idi. Onlar da qoyulan sərhədləri sevmirdilər. Və beləcə Nəfsin və içlərindəki Gücün əsirinə çevrilirdilər.
Tanrı Ülgən bir zamanlar darıxdığı, fərqli şeylər axtardığı, duyğularını əyləndirmək istədiyi kimi, insanlar da bu qədim duyğunun təsiri altında tez-tez darıxır, öz Yaradanlarına bənzədikləri üçün ondan qurtulmağın yollarını arayırdılar. İnsanlar öz tanrılarına oxşamışdılar, amma bir fərq var idi: onların Umay Anası yox idi. Onların, sadəcə, Tanrıları var idi... O da insanlara öz oyuncağı kimi baxır, onları qayda-qanun sərhədləri içərisində saxlayır, düşüncələrini, istəklərini nəzərə almırdı. O insanların öz istədiyi kimi olmalarını arzulayırdı. Yəni... Tanrı Ülgənin başı "yaratmaq-yaratmaq" oyununa elə qarışmışdı ki, yaratdıqlarının başsız qalmasının fərqində belə deyildi.
Zaman keçdikcə insanlar öz Tanrılarını unutmağa başladılar. Gün gəldi ki, artıq onu heç tanımadılar da... Belə olduqda özlərinə yeni tanrı uydurmaq fikrinə düşdülər. Özlərində yeni kəşf etdikləri Yaratmaq duyğusuna sarıldılar. Nəfslərinə sahib çıxa bilmədilər; bir-birlərinə düşmən kəsildilər; müharibələr, xəyanətlər, haqsızlıqlar etdilər; təbiəti məhv etməyə qalxdılar; hərə özünə torpaq sahəsi ayırıb onu genişləndirmək üçün bir-birini öldürməyə, hər cür ədalətsizlik etməyə başladı.
Bütün bunlar baş verdiyi zaman ölümsüz və hər şeyə qadir olan Tanrı öz məqamında oturub fərqli dünyalar yaratmaqla, kainatı genişləndirməklə məşğul idi. İnsanlar isə öz Tanrıları kimi içlərindəki sərhədsiz arzuları həyata keçirmək üçün bir-biri ilə yarışır, yeni güclər əldə edirdilər. Artıq dünya öz məhvərindən çıxmış, idarəolunmaz hala gəlmişdi. Gözü, sadəcə, öz arzu və istəklərini görən Tanrı yaratdığı insanlarından xəbərsiz yaşadığı müddətdə bəndələri onu axtarmaq, ona çatmaq üçün çox yollar adladı, inkişaf etdi, yeni icadlar ərsəyə gətirdilər. Qövmlərə, tayfalara, millətlərə, dinlərə, dövlətlərə bölündülər. Qana susadılar, Şeytanın təklif etdiyi şəhvətin əsiri oldular. çünki bu darıxdırıcı, yeknəsək həyatda insanlara, sadəcə, Şeytan Erlik yardımçı ola bilirdi.
Bütün bu baş verənləri min illər idi ki, kənardan izləyən Umay Ana günlərin bir günü dözə bilmədi. Oğluna səsləndi:
- Ey Ülgənim, haralardasan?! Başın nəyə qarışıb belə? Niyə yaratdığın insanlara, dünyana nəzarət etmirsən? Xəbərin varmı ki, sənin taxt-tacında indi Şeytan Erlik oturub və bütün dünyaya meydan oxuyur?
Ülgən cavab verdi:
- Ana, sən nə danışırsan?! Mənim dünyam öz axarındadır, hər şey nəzarətim altındadır. Mən ən sevdiyim, ən etibar etdiyim elçimə - Qam Ataya onlara yol göstərmək üçün tapşırıq vermişəm. O, özündən sonra mənim adımdan danışacaq insanlar yetişdirməli, sirlərimi onlara anlatmalıdır. Şeytan mənim mülkümdə at oynada bilməz! - deyə Tanrı Ülgən yenə də yaratmaqla məşğul olduğundan başını qaldırmadan cavab verdi.
Umay ana həqiqətləri oğluna deməyə məcbur oldu. Ona görə də daha sərt şəkildə dedi:
- Sən heç bilirsən ki, insanlıq tarixində nə qədər tanrılar, boqlar, qadlar, allahlar uydurulub? Amma insanlar yenə də sənə tapınıblar. Heç bilirsən ki, sənin adından nə qədər dinlər düzəldib? Bilirsən ki, insanlara ölümdən sonrakı dünyanınələrinsə müqabilində, az qala, satırlar? Bilirsən ki, yüz iyirmi dörd min şəxs özünü insanlara sənin elçin kimi təqdim edib? Bunların əksəriyyəti Şeytan Erlikin mərifəti olsa da, bəziləri məhz sənin mənafeyini qorumaq üçün edilmiş hərəkətlərdir. Onlar özlərindən yeni fikirlər uyduraraq məhz səni qorumağa çalışıblar. Sən olmasaydın belə, onlar yenə də özlərinə tanrı icad edəcək, ona tapınacaqdılar. İndi də Səndən xəbərsiz olan insanlar özlərinə Tanrı uydurublar. Axı onlar sənə çata bilmirlər, sənin qapın onların üzünə bağlıdır. Elçilərin, dediyin sözlər, qoyduğun qaydalar dildən-dilə keçərək mənasını dəyişib. İnsan isə öz yaradanını axtarmaq, tapmaq istəyir. Ona görə də bir az bilgili, vicdanlı, ağıllı fikir eşidən kimi ona inanır, o fikrin arxasınca gedir.
Sən heç bilirsən ki, insanların əlində sənin adından yazılan nə qədər kitab var? Xəbərin var ki, insanlar yüzlərlə din arasında bölünüblər? Din uğrunda müharibələr aparır, o kitabların Tanrı kitabı olduğuna inanırlar? Heç bilirsən ki, sənin adından yazılan kitablarda qadın deyilən kutsal varlığın kişinin qabırğasından yarandığı yazılıb? Buna inanan insan oğlu min illərdir ki, qadını əzir, alçaldır? Hətta zaman olub ki, qadınlara "şeytan" deyib, diri-diri basdırıb və yandırıblar... Olsun ki, Erlikə ilk uyan məhz qadın olub... Amma bu səbəb vermir axı qadını şeytanın özü hesab edəsən... Axı sənin yaratdığın Erlik də kişi idi. Necə olur ki, Tanrını doğan ana - qadın kişi cinsindən bu qədər fərqləndirilir? Dışlanır və əzilir? "Ana haqqı, Tanrı haqqıdır", - deməmişdimmi mən sənə? Bilirsənmi ki, insanlar min illərdir, xüsusi mərasimlər, bayramlar təşkil edib heyvanları, insanları sənin üçün qurban kəsirlər? Hətta sənin şərəfinə xüsusi törənlər keçirərək adamları belə qruban kəsənlər, qanını sənə içirənlər olub? Xəbərin varmı ki, bu gün dünyada "ağa" və "qul" anlayışı hökm sürür? Güclülərin zəifləri parçaladığından xəbərin varmı? Bilirsənmi ki, artıq Yerdə insan üçün yaşam şərtləri ağırlaşıb? Təbiət öz gücünü itirib, dünya məhvə doğru gedir? Şeytan öz gücü sayəsində dünyaya tanrılıq edəcək şəbəkələr qurub? Xəbərin varmı ki, insanlar özlərini millətlərə ayırıblar? Hər biri də özünü ali millət elan edib? Birinin digərinə ağalıq etdiyini necə, bilirsənmi? Axı sən insanları 9 budaqdan yaratmışdın... Onlara millət, cins, din fərqi qoymamışdın... Törən pozulub, Ülgən! Pozulub nədir, hətta tari-mar olub! Bunların günahkarı sən deyilsənmi? Niyə Şeytana bu qədər güc verdin? Niyə özünə belə bir rəqib yaratdın? Niyə onu dəfələrlə bağışladın? Nə idi axı sənin əl-qolunu bağlayan?! Mən bunu hələ də anlaya bilmirəm. Axı o gücü sənə verdiyim zaman: "Ona təkcə sən sahib olmalısan", - demişdim. Sən o qədər təkəbbürlü, o qədər özündənrazı, qürurlu idin ki, elə zənn etdin, yaratdıqların sənə tapınacaq və heç kim sənə güc gələ bilməyəcək... Amma Şeytan bu gün sənin rolunu çox məharətlə oynayır. Sən isə başını qaldırıb mənə belə baxmağa zaman ayıra bilmirsən.
Tanrı Ülgənin də insan kimi tənqidə tabı yox idi... Bu qədər problemlər, bu qədər iradlar deyildiyi zaman əvvəlcə özünümüdafiəyə qalxdı, insanların başına gələnlərə yox, onların nələrə düçar olduğuna yox, məhz öz hissiyyatının tapdandığı məqama ilişib qaldı. Eynilə insan kimi... Çünki insana məhz Tanrı nəfəs vermiş, ona öz duyğularını yükləmişdi... Axı insan Tanrı Ülgənin darıxmaq hissindən yaranan oyuncaq, əyləncə vasitəsi idi. İnsan Tanrının özünüifadə forması idi! O öz bənzərini yaratmışdı!
- Mümkün deyil belə bir vəziyyət yaransın! Çünki mən hər şeyə nəzarət edirəm! Heç kim mənim iradəm olmadan heç nə edə bilməz! Heç kimdə belə bir cürət və cəsarət yoxdur! Mən öz nüfuzuma, öz bacarığıma əminəm! Mən yeri-göyü yaradanam, mən Tanrıyam! - deyə o hayqırdı.
Bu hayqırışdan yer-göy silkələndi, ildırımlar çaxdı, sular göyə yüksəldi, fırtınalar qopdu...
Bir qədər sonra Ülgən iki əli ilə başını tutub fikrə qərq oldu! Umay Ana isə onu bu acı həqiqətlər içində buraxıb varlıqdan yoxluğa çəkildi.
Kainat silkələndiyi həmin anlarda Ülgən sükuta dalmış, Umay Ananın həqiqət hayqırtısından sonra düşünməyə başlamış, etiraf edə bilməsə də, anlamış, bütün bunları necəsə nizama salacağı ilə bağlı qərar vermişdi. Ona görə də, bir anlıq da olsa, insanları eşitmək istəmişdi. Və bu istəklə də birdən-birə milyonlarla insanın səsini duymuşdu:
- Ey Yaradan, haradasan?!
- Ya Rəbb, kömək ol!
- Ya Allah, özün yet imdada!
- Ey Uca Tanrı, sən hər şeyə qadirsən...
Beləcə, qaçan da, qovan da Onu səsləyirdi. Kimisi bir tikə çörəyə görə, kimisi canını qurtarmaq üçün, kimisi üst-üstə gələn faciələrə görə, kimisi də əlindən alınmış xoşbəxtliyi görə... İnsanlardan bəziləri də qarşılaşdıqları haqsızlığa görə Tanrını qınayır, onu ittiham edirdlər.
Bu səslər Ülgəni dəhşətə gətirdi. "Necə ola bilər ki, mən indiyə qədər bu səsləri eşitməmişəm, eşitmək istəməmişəm?" - deyə o özündən soruşdu. "Bu necə dünyadır, bu necə insanlıqdır? Axı mən belə düşünməmişdim, hər yaratdığıma yaşam haqqı vermişdim..." - deyə fikirləşdi.
Ülgən qəfildən qərar verdi. Yerə enmək, insanlara qarışmaq, onları tanımaq, deyilənlərin düz olub-olmadığını öz gözləri ilə görmək istədi. Amma... O hansı üzlə insanların qarşısına çıxacaqdı? Bax bunun fərqində deyildi.
* * *
Ülgən Tanrı Yerə insan cildində, otuz-otuz beş yaşlı gənc qiyafəsində endi. İnsanların arasında dolaşdı, müşahidə etdi, olanları anlamağa çalışdı. "Bunlar niyə ora-bura tələsirlər, görəsən, nə üçün bu qədər ora-bura gedib-gəlirlər, istəkləri nədir?" sualına cavab tapa bilmədi.
Əslində, o, yaratdıqlarının özü kimi ölümsüz olmadığını anlasaydı, hər şey aydın olardı. Axı insan üçün zaman anlayışı var idi... Zaman dəyərli idi...
Birdən qulağına ilahi bir səs gəldi. Eşitdiyi musiqi onu valeh etdi. Özü belə təəccübləndi yaratdığının gözəlliyinə...
Musiqi sədaları səmada elə süzülürdü ki, sanki bədəni ilə həmahəng idi. Ülgən qeyri-ixtiyari səsə doğru getdi. İnsanlar da onun kimi səsə doğru gedir, bir yerə toplaşırdılar. Ülgən açıq havada, qara pərdələrin qarşısında, bəyaz işıqların altında, dumanlar içində rəqs edən bir qız gördü. Rəqs o qədər məlahətli və həzin idi ki, adam ayağının altına belə, baxmağı unudurdu. Heç kim gözünü bu ağ geyimli, uzun boylu, qızılı saçlı, badam yesə, boylu görünəcək qızdan çəkə bilmirdi. Hər kəs sanki yerindəcə donmuşdu. Hamı rəqsi izləyirdi.
Əvvəlcə insanların səsə yığışdığını düşünən Ülgən artıq onların rəqsin və qızın gözəlliyinə tamaşa etdiklərini anladı. O, qıza tamaşa edə-edə qeyri-ixtiyari səhnəyə yaxınlaşdı və düz qarşısında dayanaraq bu gözəlliyi seyr etməyə başladı. Ülgən öz yaratdığına heyran olmuşdu.
"Bu nə səs, bu nə rəqs, bu nə gözəllik! Bütün bunları mənmi yaratmışam, bütün bunlar mənimmi əsərimdir? Əgər belədirsə, niyə özüm bütün bunlardan məhrumam?" - deyə düşündü.
Rəqqasənin əlləri havada qıvrılarkən saçları sanki Ülgənin üzünü oxşayırdı! Bundan valeh olan Ülgən bir anlıq hər şeyi unutdu və qızı götürərək öz məqamına çəkilmək istədi. O, gözlərini qırpmadan qıza baxdı. Bir anlıq onların baxışları toqquşdu. Ağ geyimli gözəl yerindəcə donub qaldı... Sonra ikisi də gülümsədi. Ülgən öz baxışları və gücü ilə qızı özünə aşiq etdi. Sevgi duyğusunu yaradan Tanrı belə, bu duyğunun necə yaşandığının fərqində deyildi.
Beləcə, rəqs bitdi, alqışlar göyə ucaldı. Sonra işıqlar söndü və qız səhnənin arxasına keçdi. Hər kəs dağılışdı, amma səhnənin önündə yerindəcə donub qalan Ülgən bu gözəl duyğudan qopa bilmədi. O, sakitcə dayanıb hələ də səhnəyə baxır, elə bil yenə də qızı seyr edirdi.
Bir müddət sonra qız ona doğru gəlib salam verdi. Gözlərində qızın izini qoruyan Tanrı Ülgən düşündü ki, görəsən, belə bir gözəlliyi necə yaradıb və bundan niyə xəbərsizdir? O özünü məzəmmət etdi.
Sonra onlar qızın təklifi ilə birlikdə gəzişməyə başladılar.
- Deyəsən, buralara yadsınız. Birinci dəfədir, gəlirsiniz bura, elədir? - qız soruşdu.
- Hə, çox təəssüf ki, birinci dəfədir, - Ülgən cavab verdi.
- Haralardan gəlib, haralara gedirsiniz? - qız yenə də nazlı-nazlı sükutu pozdu.
- Sənin olmadığın yerlərdən, tanımadığın yerlərdən gəlirəm.
Qız bunun bir iltifat olduğunu düşünərək gülümsədi.
Onlar bir qədər də səssiz-səmirsiz dolaşdılar. Birdən Ülgən öz ətrafında qəribə bir enerji hiss etdi. İstilik gəldiyini duydu. Qızın əlinə yaxın olan əli sanki od tutub yandı. Yanağı istidən pörtdü. Tanrı: "Lənət şeytana", - deyib fikrini cəmləməyə çalışdı. Sonra ikisi də güldü. Gülmə səbəbini, sadəcə, onların hər biri özü bilirdi.
Artıq Ay öz şüalarını dənizin üstünə salmışdı. Suda üzən işıqlar göz qamaşdırırdı. Xəfif yel əsirdi. Onlar sakitcə daşların üstündə oturub səmaya baxırdılar. Tanrı kainatın böyüklüyünə, ulduzların parıltısına tamaşa edə-edə təəccüblənmirdi, amma qızın alma kimi gözləri onu dəli etmişdi. Baxmaqdan doymur, özündən ixtiyarsız gülümsəyirdi.
Qız da özündə deyildi. Necə olduğunu, niyə olduğunu bilmədən Ülgənin qarşısında təslim olmuş, özünü onun ixtiyarına vermişdi.
Qız onun əlindən tutub başını gənc, yaraşıqlı, müdrik görünüşlü Ülgənin çiyninə qoydu. Sanki min illərin həsrətini çıxarırdı. Sonra qəfildən yerindən durub Tanrının əlindən yapışdı:
- Rəqsi sevirsənmi? - soruşdu.
Sözsüz ki, Ülgən cavabı "bəli" oldu. Qız: "Gəl gedək" - deyərək Ülgəni, gecədən xeyli keçməsinə baxmayaraq, hələ də dəniz kənarında əylənən, rəqsdən özünü itirən gənclərin olduğu yerə apardı. Onlar topa-topa, əllərində şərab işıqların altında oyanıyır, öpüşür, şənlənirdilər.
Qız hərəsinə bir badə şərab götürdü. İçməyə başladılar. Qız arada Ülgənin qulağına nəsə deyir, rəqsə dəvət edirdi. Ülgən isə məst olmuş şəkildə ətrafı seyr edirdi. Bir neçə badə içəndən sonra şərabın sehri ilə artıq o da gənclərə qoşuldu və qızılı saçlı qızla rəqs etməyə başladı. O bu sərbəstliyinin məhz sehrli içkidən olduğunun fərqində idi. "Axı mən bu cür məstedici maye yaratmamışdım. Deməli, insan ona verilən ağıldan bu cür yararlanıb", - deyə ağlından keçirdi. Və öz-özünə yaratdığının bu cür zəkalı olduğu ilə qürurlandı da.
Düşüncəsi yerində olsa da, cismi onun sözünə baxmırdı. Ağlı və duyğuları bir-birinə yad idi. Ülgən bunu başa düşə bilmirdi: "Bu nə cür haldır ki, başqa cür düşünüb, başqa cür hərəkət edirəm?" O dərk edə bilmirdi ki, doğrudanmı, bunu da özü yaratmışdı? Axı bunları necə etmişdi? Bununla nə vaxt məşğul olmuşdu? Hansı eksperimentin nəticəsi idi bu sehrli su?!
Qəfildən hərəkətli musiqi dayandı, həzin və sakit bir səs yüksəldi. Bu zaman o, əllərini nazik və yumşaq parçanın üzərindən qızın belinə sardı və onlar birlikdə rəqs etməyə başladılar. Gözləri xumarlanan qız Tanrının gözünün içinə baxa-baxa onu elə zərif öpdü ki, Ülgən dodaqları ilə beyni arasındakı incə tellərin necə titrədiyini hiss etdi. Öpüş kimi gözəl duyğuya yad olan Ülgən bunu yenə də təkrarladı, bir dahab təkrarladı...
Sonra şərab içdi və dəfələrlə təkrarladı... Ülgən qızın onu dəniz kənarına, kimsəsiz bir yerə səslədiyini hiss edirdi. Yer üzünə nə üçün gəldiyini, hansı məqsədlərlə ayaq basdığını unutmasa da, çarəsizcə onun istədiklərini edir, onunla birlikdə, onunla eyni anda nəfəs alırdı. Çünki dodaqları o qədər mükəmməl bütövləşmişdi ki, Ülgən qızı öz cismində hiss edirdi. Vəhdəti-vücüd idilər.
Sonra qumsalda elə sevişdilər, elə sevişdilər ki... Ülgən öz tanrılığını unutdu. Bəli, o sevgini məhz belə yaratmışdı: ruh və cismin vəhdəti, iki insanın bir canda bütövləşməsi kimi...
Sonra durub gənclərin yandırdığı ocağın başına gəldilər. O, günəşin doğuşunu qızın dizlərinə baş qoyaraq izlədi. Necə yuxuya getmişdisə, heç xəbəri belə olmamışdı. Gözlərini açanda ağ və incə əllər saçlarında dolaşırdı...
Artıq onun ağlı və duyğuları birləşmişdi, birgə çalışırdı. Tanrı sanki yenidən doğulmuşdu. Hər halda, özünü belə hiss edirdi. Milyon illərin qayğısı, çalışqanlığı onu elə məhv etmişdi ki, bütün bu zövqlərdən məhrum olmuşdu! Bu böyüklükdə kainatı yaradan, ona sahib olan Tanrı Ülgən sanki birinci dəfə idi ki, yaratdıqlarının fərqinə varırdı. Dincliyin nə olduğunu, Sevginin nə olduğunu hiss edirdi...
Tanrı Ülgən ayağa qalxıb Günəşin doğuşunu ilk dəfə görən adamlar kimi çaşqn-aşqın ətrafa boylandı. Sonra yavaş-yavaş şəhərə doğru irəliləməyə başladı. Birdən yadına düşdü ki, Erliki tapmalı, onunla hesablaşmalı, insanların vəziyyəti haqqında ondan məlumat almalıdır. Elə bu düşüncələrlə addımlayırdı ki, yol kənarında qucağında balaca bir uşaqla dayanmış dilənçi qadına rast gəldi. Qadın xəstə körpəsini göstərərək gəlib-keçəndən yardım dilənirdi.
- Övladım anadan kor doğulub... Sizi and verirəm Yaradana, kömək edin, müalicəyə gücüm çatmır, - deyə qadın məsum bir şəkildə yalvarırdı.
"Necə olur bu? Niyə mən körpənin dünyaya kor gəlməsinə izn vermişəm?! Necə olub ki, bu, diqqətimdən yayınıb?! Axı Umay ana buna izn vermirdi. O ki həmişə körpələrin doğulmasını öz nəzarətində saxlayırdı. Bu ananın nə suçu var ki, onu belə bir əzaba düçar etmişəm? Bəs bir gün bu qadın ölsə, onda uşağın taleyi necə olacaq?" - deyə Ülgən öz-özünə düşündü. Amma nə qədər düşündüsə, yenə də bu hərəkətinin səbəbini anlaya bilmədi.
"Ax, Şeytan Erlik, ax! Bütün bunlar sənin əməllərindir! Sənin! Hələ gör bu çarəsiz qadın necə də məni səsləyir, necə də mənə olan ümidini itirməyib..."
Vicdan duyğusunun oyanması onu daha da incitdi. Ülgən "ümid" adlı bir hissi yaratdığına görə sevinsə də, bunun o qədər uğurlu bir kəşf olmadığına qərar verdi. Axı ümid yalnız çarəsizlərin dadına çatan hiss idi.
Ülgən bu mənzərəni yaddaşına köçürərək yoluna davam etdi. Hara və niyə getdiyini heç özü də bilmirdi. Bir qədər sonra susadığını hiss etdi. Gözünə bir restoran sataşdı və o elə ilk gördüyü masadaca əyləşib su istədi.
Bu vaxt sağında oturan iki nəfərin mübahisəsini eşitdi. Bir də gördü ki, onlar əlbəyaxa olub savaşırlar. Və... Birdən ayıldı ki, onlardan biri yemək bıçağı ilə digərinin boğazını kəsdi. Hər yer qan gölünə döndü. Uşaqlar, qadınlar qorxudan ora-bura qaçışdılar.
Qatili birtəhər tutdular. O, etdiyinə görə peşiman deyildi və uca səslə deyirdi:
- Kimsə mənim dinimə dil uzada bilməz! İsa Tanrının oğludur!.. Varsa da, yoxsa da, tək bir din var. O da xristianlıqdır! Bütün dünya Tanrının tək oğluna sayğılı olmalı, kitabına sitayiş etməlidir!
Qarşı tərəfdən ölənin dostlarından biri ona cavab verdi:
- Dünyanın sahibi Mehdi əlzaman zühur edəcək, dünya hökmranlığını bərpa edəcək! Ələhəmdülillah, hər kəs müsəlman olacaq. Siz Şeytanın əsiri olmusunuz, Şeytan sizi ram edib.
Ülgən bunları eşitdikcə anasının narazılığının və xəbərdarlığının səbəbini anlayırdı. Dünyanın heç yaşanılacaq vəziyyətdə olmadığı qərarına gəlirdi. Demək ki, anası haqlı idi və bütün bunların birbaşa suçlusu Ülgənnin özü sayılırdı. Gör necə bir toplum yaratmışdı... Bu necə idarəçilik idi, necə nəfs idi, necə bir hərislik duyğusu idi insanlara yükləmişdi?
Ülgənin beynində ildırımlar çaxdı. Bu vəziyyətdən necə çıxacağı ilə bağlı heç bir fikri yox idi. Görəsən, bu qədər əziyyətdən sonra sevə-sevə qurub-yaratdığı bu xanimanı bir göz qırpımındaca məhv etməli idimi? Yox, bu, mümkün deyildi. Çünki O öz şah əsərini sevirdi. Axı milyon illərdir gözünü qırpmadan, başını yuxarı qaldırmadan onu yaratmaqla məşğul olmuşdu... Bu gözəlim dünyanı qurmuşdu. İndi onu necə dağıda bilərdi? Bu dağılmanı necə görməzdən gələ bilərdi? Bir də Tanrının işi yaratmaq idi... O indi necə dağıtmaqla məşğul ola bilərdi?!
Ülgən sanki depressiyaya düşmüşdü. Beyni işləmirdi. İçindəki qəzəbi çox çətinliklə ram etməyə çalışırdı. O özünü təmkinli olmağa çağırır, çıxış yolunu tapacağına ümid edirdi. Axı o Yaradan idi. Məsələn, istəsə, insanlıq adına yendən barış yarada bilərdi... O bunu bacarardı və yeganə təsəllisi də elə bu idi...
"İsa kimdir, Mehdi kimdir? İnsanlar bunları necə uydurublar? Axı mənim yeganə məhrum olduğum duyğu atalıq duyğusu idi... Bu necə ola bilərdi ki, mənim oğlum olsun? Mehdi nə vaxtdan zamanın sahibi olub? İnsanları buna kim inandırıb? Kim uydurub bütün bunları?"
Ülgən düşünə-düşünə özündən asılı olmayaraq, axşan olduğu yerə gəlib çıxdı. Amma nə o ecazkar musiqi var idi, nə rəqs edənlər, nə də gözəl rəqsi ilə onu məftun etmiş qız... Tanrı bir anlıq özünü boşluqda hiss etdi... Gözü qızı axtardı. Axı o burada olmalı idi.
"Axı mən niyə ondan soruşmadım ki, səni harda görə bilərəm? Deyəsən, aşiq olmuşam", - düşündü və gülümsədi. Sonra da fikirləşdi ki, yaratdığına aşiq olmaq ona xas xasiyyətidir... Buna təəccüblənmək lazım deyil. Niyə də olmasın?! Dünya onun şah əsərdirsə, bu gözəl qız da onun şah damarı ola bilər...
Birdən darıxdığını hiss etdi. Ogünkü unudulmaz gecəni xatırladı. Necə rahat olduğunu düşündü. "Bu nə qarışıq duyğulardır belə, mən yaşayıram? - deyə özünə sual verdi. - Dünya qalıb bir yana, gör mən nəyin dərdini çəkirəm? Sadə bir qızın. Yəni bu qədərmi sadəlövhəm?"
Deyəsən, o, Yerin özündə müəyyən dalğalar yaratdığını, insanın bu dalğalardan çıxa bilmədiyini unutmuşdu. İndi isə özü də bu dalğaların içində idi və artıq insan kimi düşünməyə başlamışdı. Bu qədər faciənin içində o qızın dodaqlarını, incə belini, üzünə toxunan saçlarını xatırlayır, yenidən hiss edirdi. Yaşadığı həzzi unuda bilmirdi. Bunun adı Sevgi idi, Tutqu idi. Böyük Yaradanın indiyə qədər heç vaxt yaşamadığı bir Duyğu idi.
O, son anda yaşadığı həzzi gözləri önünə gətirdi... Dejavü yaşandı. Ona elə gəldi ki, bu həzzi ikinci dəfə hiss edir. Çünki bu duyğu tam olaraq ona yad deyildi. Sanki bildiyi, nə zamansa hiss etdiyi bir duyğunun eynini hiss edirdi.
"Bəlkə də, düz deyirlər: İsa mənim oğlum olub. Amma bunu necə unuda bilərdim axı? Görəsən, insanlar niyə İsanın Tanrının oğlu olduğunu deyirlər? Yox, yox, bu, mümkün deyil, ola bilməz! Tanrı unutqan ola bilməz!"
"Tanrı unutqan ola bilməz" fikrinə özlüyündə güldü. Çünki çox yaxşı bilirdi ki, unutqandır. Çünki unutduğu o qədər şeylər vardı ki... Məgər yaratdığı Yeri, insanları min illərdir ki, unutmamışdımı?!
Ülgən bu düşüncələr içərisində dəniz kənarına gəlib çıxdı. Burada gənclər yenə də əylənirdilər. Başgicəlləndirici musiqinin təsirindən özlərini itirmişdilər. Ülgənin gözləri onların arasında qızılı saçlı qızı axtardı. Hər sarı saçlı qızın üzünə baxdı. Amma tapmadı, qız yox idi...
Və bu dəfə ayaqları onu sevişdikləri məkana - qumsala gətirib çıxardı. Qız burada idi. Ayaqlarını suya salıb dalğaların gətirdiyi köpüklərlə oynayırdı. Tanrı heç nə demədən, sakitcə onun yanında əyləşdi. Ay işığında qəmgin baxışlarla uzaqları seyr edən qızın çöhrəsində sanki işıq yandı. O, Ülgənə sarılıb ağladı:
- Səni bir də görə bilməyəcəyimi düşünmüşdüm. Axı mənim Tanrım, mənim sahibim olmusan. Dünəndən sonra dünyanı sənsiz təsəvvür edə bilmirəm. Sanki möcüzəsən. Məni məndən almısan. Sanki yarandığım gündən ancaq səni axtarmışam. Əvvəllər ruhumda həmişə kədər hiss etmişəm. Amma indi bütövləşmiş kimiyəm. Bircə günün içində bunun necə belə olduğunu təsəvvür edə bilmirəm. Məni buraxma, yalvarıram sənə! Kimsən, nəçisən, hardan gəlib, hara gedirsən, bilmirəm. Amma məni buraxma.
Ülgənin ilk gördüyü azad ruhlu qızdan əsər-əlamət qalmamışdı. Qız artıq onun köləsi kimi davranırdı. Düzdür, bu, Ülgənin xoşuna gəlirdi... Amma qıza aşiq olma səbəbi bu deyildi axı... O, qızın sərbəst gülüşünə, azad rəqsinə aşiq olmuşdu. Çünki bu duyğular ona yad idi. Onları heç vaxt yaşamamışdı. İndi isə qızın göz yaşları onu özünü Tanrı kimi hiss etməyə vadar edirdi.
Ülgən qızın göz yaşlarını silib gözlərindən öpdü. O, artıq öz dərdlərini, problemlərini unutmuşdu. Qıza təsəlli olmaq istəyir, amma bunu necə edəcəyini təsəvvür belə edə bilmirdi.
Nədənsə, qız da qəlbən Ülgənin dərin kədərə büründüyünü hiss edir, sükutunun və kədərinin səbəbini öyrənməyə can atırdı. Söhbətə hardan və necə başlayacağını müəyyən etməyə çalışır, amma bacarmırdı.
Birdən Ülgən hiss etdi ki, sanki içində başqa bir adam var. Elə bil ruhunda iki şəxs yaşayır. Biri görünən, biri isə lap dərinliklərdə gizlənən "mən". Görünən onun ağlı, məntiqi idi. İçindəki isə ruhu, "mən"i... O nə qədər özlüyündə: "Mən Yerə Şeytanı tapmağa və ona dərs verməyə gəlmişəm", - desə də, ikinci "mən"i ona imkan vermir, qızla vaxt keçirməyin nə qədər gözəl olduğunu pıçıldayırdı.
"Sən yaratdığına aşiq olmusan! Xoşbəxtliyin də buradadır. Ona sarıl, ondan uzaqlaşma! Həqiqətin budur, gerçəklik budur! Nə vaxta qədər özünü yox, başqalarını düşünəcəksən?! İstədiyini yaşa. Məgər onunla olanda xoşbəxt deyildinmi? Məgər ona toxunanda başqa nəsə düşünə bilirdinmi? Yox, etiraf et! Ona görə də Anı yaşa!"
İçindəki bu "mən" Tanrını iki yol arasında qoymuşdu.
"Axı bu necə ola bilər? Niyə insan bu cür ikiüzlüdür? Niyə bu fikirlərin ikisini də mən eyni anda ağlımdan keçirirəm? Niyə tək deyiləm, vahid deyiləm? Axı bu ikililik insanı məhv edə bilər... Onlar bu duyğularla necə başa çıxırlar, görəsən? Onunla necə yaşayırlar? Bir özləri üçün, bir də başqaları üçün yaşamaq nə qədər də çətindir... Çətinlik bir yana, eyni zamanda da səmimiyətdən uzaqdır... Axı mən təkəm və yaratdıqlarım da bir-birnə heç bənzəmir. Yoxsa bütün məsələ duyğulardadır? Bəlkə, mən duyğuları yaradanda onları yanlış kodlaşdırmışam? Hamıda eyni cürmü olur bu?" - deyə Ülgən özünə çoxlu suallar verdi. Amma eyni zamanda da qızın əllərini tumarladı.
Görəsən o, bütün bunları qıza necə deyə bilərdi?
"Mənim başqa, daha ümdə işlərim var... Şeytanı tapıb onunla hesablaşmalıyam. Mən səni sevə bilmərəm, çünki daha ali mqəsədlərim var. İnsanlar bilsə ki, Tanrıyam və gəlib bir qıza aşiq olmuşam, heç bilirsən, mənə nə deyərlər? O zaman birmənalı şəkildə Tanrı olduğuma inanmazlar... Məndən üz döndərərlər".
Birdən Ülgən yenə gülümsədi. Bayaqdan sakitcə onu izləyən qız söhbət etməyə bəhanə axtarırmış kimi soruşdu:
- Niyə güldün?
Ülgən gülümsəyə-gülümsəyə başını buladı və heç nə demədi. Çünki etdiyi hərəkətin izahı yox idi. Əgər səbəbi bilsəydi, qız ona lağ edə, "Sən necə Tanrısan?" - deyib gülə bilərdi. Hətta deyərdi ki, Tanrımız sənsənsə, lənət olsun bu dünyaya.
Qız çox israr etsə də, Ülgən gülümsəməsinin gerçək səbəbini demədi... Amma çarəsiz qalıb özündən başqa bir şey uydurdu: elə qəşəng yalan danışdı ki, sonda özü də dediklərinə inandı.
- Fikirləşdim ki, görəsən, birdən mən Şeytan olsaydım və sən də bunu bilsəydin, nə edərdin?
Qız dedi:
- Qətiyyən inanmazdım... Çünki... Əgər sən şeytansansa, onda bəs mən kiməm?
Qız bunu elə ciddi-ciddi dedi ki, Ülgən, az qala, inanacaqdı. Onlar bu sözə birlikdə gülüşdülər. Amma şübhə qəfildən onun içini yeməyə başladı. Bəlkə, elə, doğrudan da, şeytan məhz bu qızdır, bilərəkdən yoluna çıxıb.
- Sən Şeytan ola bilməzsən axı... - o dedi.
- Niyə ki? Şeytan məgər həmişə pis işlərlə məşğul olmalıdır?
- Şeytanın xisləti bu deyilmi? Şeytan Tanrsına belə üz çevirmiş varlıqdır, ondan insanlıq nə xeyir görə bilər ki?
- Mən belə düşünmürəm... Axı Tanrı da Şeytana böyük haqsızlıq edib. İllərdir ona xidmət edən bir varlığı torpaqdan yaratdığı insana baş əyməyə vadar edib... Məgər bu, Tanrının ədalətsizliyi deyilmi? Ona sadiq olan varlığı, yardımçısını, hətta ən sevdiyi birini, sağ əlini bu cür sındırmaq nə qədər düzgündür? Axı Tanrı özü sərhədsiz və əngindir. Bu qədər kainatı yaradan tanrıdırsa, o təkəbbürlü ola bilməzdi...
Tanrı təəccüb və şübhə dolu baxışlarla qıza baxdı. Ona qarşı sevgisi o qədər güclü idi ki, birbaşa sərt cavab verməkdən çəkindi. Əslində, içindəki "mən" ona dedi ki, qız haqlıdır. Amma Tanrı Ülgən öz "eqo"sunu yenə bilmədi, mübahisəni davam etdirdi:
- Axı bu, insanın anlaya biləcəyi həqiqət deyil. İnsan Tanrını necə başa düşə bilər? Tanrı Gücdür: nə istəsə, olar. Şeytan onun dediyini birmənalı qəbul etməli, ona baş əyməli idi. Nə olsun ki, Tanrı onu çox sevirdi, ona hörməti vardı? Axı onu da Tanrı yaratmışdı. Öz gücünü, sahib olduğu hər şeyi ona vermişdi. Bu, nankorluq deyilsə, bəs nədir?
- Amma gərək Tanrı da tanrılığını biləydi. O qədər sadiq mələyini zəif bir bəndəyə niyə dəyişirdi? Məncə, Tanrı Şeytanı sevirdi. Öz mələklərinin yanında güclü olduğunu sübut etmək üçün onu öz yanından qovdu. Elə olmasaydı, öldürər və insanları ikitirəlik arasında qoymazdı. Bütün güclərini onun əlindən alar, gücsüz buraxardı. Şəxsən mən həm ona sonsuz güc verib, həm də bütün problemləri o edibmiş kimi, günahlarını Şeytanın üzərinə atmağı Tanrıya yaraşdırmadım, - deyə qəhqəhə çəkdi.
Tanrı Ülgən söz tapa bilmədi. Özünə etiraf etməkdən isə çəkindi: qız haqlı idi. Özü o qədər çərçivə içərisində olmuşdu ki, sanki Şeytanın azadlığına, çılğınlığına, hətta dikbaşlığına belə sayğı duyurdu. Amma onu qovmasaydı, xanimanında üsyan qalxar, digərləri də onun üzünə durar, hər kəsin gözünə zəif görünərdi. O zaman Umay Anaya nə cavab verərdi? Ona görə də Şeytanı öldürmədi, yaşatdı: həm də özünün istəyib edə bilmədiklərini etməsinə heyranlıq duya-duya yaşatdı. Çünki Tanrını Ana doğmuş, şeytanı isə Tanrı yaratmışdı. Hərəsi öz taleyini yaşamağa məcbur idi.
- Axı Şeytan insanları yoldan çıxarır, qadağan olan hər şeyi onlara yaşadır. Onları hərisliyə sövq edir, etməyəcəkləri işləri gördürür. Bu isə dünya düzənini pozur.
- Düzən? Sən çox gülməlisən! Nə düzən? Hansı düzəndən danışırsan? Məgər dünyada düzən var? Hər yer xaosdur. Əgər düzən istəyirdisə, o zaman Tanrı insanı elə yaradardı ki, onlar robot olardı. Sadəcə, proqramlaşdırıldıqları kimi rəftar edərdilər. Amma Tanrı Ülgen özü insanı belə yaradıb. Sonra da Şeytan onu yoldan çıxardı demək düzgün deyil. Bir tərəfdən deyir, hər kəsə şüur, ağıl vermişəm, bir tərəfdən də deyir, alın yazısı, dünya düzəni, nə bilim nə... Şeytanın insanların qəlbinə girməsinə kim icazə verib? Yoxsa Tanrı yaratdığını sınamaq üçün virus və antivurusmu icad edib? Ha, ha, ha, nə qəşəng tapdım: antivirus...
Qız yenə də ciddiləşdi və sözünə davam etdi:
- Məncə, insan öz azadlığını, arzularını içində boğaraq süni həyat yaşayır. Məsələn, sənin nə üçün buralarda olduğunu bilmirəm. Bəlkə də, hansısa vacib bir iş dalınca gəlmisən, görməli olduğun çox önəmli işlər var. Bəlkə də, ailən, uşağın var. Amma məni görüb bağlandın. Hər işini kənara qoyub mənimlə olmaq istədin. Düzünü de, məgər mənimlə olanda özünü xoşbəxt hiss etmədin? Hər şeyi, bütün qayğılarını, düşüncələrini unutmadın?
- Hə, səni görəndən qəribə duyğular içindəyəm: kim olduğumu da, nə iş gördüyümü də unutmuşam. Yanında olmaq, səni dinləmək, səninlə olmaq istəyirəm. Əlindən tutmaq, vecsiz adamlar kimi yaşamaq istəyirəm.
- Bax elə mən də bayaqdan bunu deyirəm: sən məndən zövq alırsan, mənimlə xoş anlar yaşayırsan... Mən səni getdiyin yoldan döndərmişəm. Onda deməli, bu, şeytan əməlidir? Məgər bunu şeytan edir?
Tanrı susdu, cavab verə bilmədi. Qızın gözlərinin içində azdı, sanki gedəcəyi bütün yollar birdən-birə yoxa çıxdı...
- Axı burada şeytanlıq nə var? Sən indi içindən keçəni yaşayırsan... Əslində isə, cəmiyyət üçün başqa cür yaşamalıydın. Əgər bunu şeytan edibsə, mən onu tanısaydım, təşəkkür edib bağrıma basardım. Çünki o, insanın azad ruhudur. Çünki mən səni görəndən xoşbəxtəm... Mən də bütün görməli olduğum işləri kənara qoymuşam... Qeyri-ixtiyari... Sənin yanında olmaq istəyirəm və bu an çox xoşbəxtəm. Bundan həzz alıram. Yaşasın Şeytan! Yaşasın xoşbəxtlik gətirən, sərhədləri dağıdan, arzuların gerçəkləşməsinə dəstək verən Şeytan! Yaşasın! Dünya var olduqca yaşasın! Mən hətta buna görə Tanrıya da minnətdaram: yaxşı ki o, Şeytanı yaradıb və yaşadır!
Bunu deyən qız Ülgənin əlindən tutub dənizə tərəf qaçmağa başladı. Elə çılğın və xoşbəxt idi ki, Ülgən bu mənzərəyə lap mat qalmışdı. Ona Şeytan deməyə də dili gəlmirdi.
"Əgər doğrudan da, bu Şeytandırsa... Mən necə gözəl Şeytan yaratmışam", - deyə Tanrı düşündü və gülümsədi. Sonra da qıza qoşulub yarandığı suların qoynuna doğru qaçdı...
* * *
Həmin gün səhəri Tanrı öz xanimanına çəkildi. Yerdən əlini üzdü, idarəçilikdən imtina etdi. Yeri Şeytanla baş-başa buraxdı. Onu axtarmaqdan da vaz keçdi. Bəlkə, tapmaqdan qorxdu, bəlkə, üz-üzə gəlib daha ağır ittihamlar eşitməkdən çəkindi, bilinmir... Bəlkə də, ona haqq verdi, öz yaratdığı ilə qürurlandı... Dərk olunmur... Amma səbəb hər nə idisə, bunu özü də anlamadı. Çünki yaratdıqlarına hökm edə bilməyəcəyini gördü. İnsanın artıq çox inkişaf etdiyini, hətta Tanrı qədər yaradıcılığa sahib olduğunun fərqinə vardı. Ona görə də insanlığı öz yalanları ilə baş-başa buraxdı. Düşündü ki, qoy onlar öz uydurduqları tanrılarla və Şeytanla birlikdə xoşbəxt olsunlar.
"Onların düzənini pozmaq olmaz. Şeytan dünyanı məndən daha yaxşı idarə edir... Qoy belə də davam etsin".
Bu, Tanrının, bir növ, özünüdərki, özünükəşfi idi.
"İnsana bu qədər geniş imkanları verib onu cilovlamaq düzgün deyil. Yaratdıqlarım mənim etdiyim səhvləri təkrarlayırlar. Mənsə tənhalığa çəkilirəm, özümə sığınıram... Çünki nə mən onları başa düşürəm, nə də onlar məni başa düşə bilirlər... Heç bilməyəcəklər... Çünki artıq gecdir..."
Amma...
Tanrının beynini yenə də bir sual məşğul edirdi:
"Görəsən, o qız Şeytan idimi?"
Monteneqro, Tivat,
07.07.2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!