Rembonun faciəsi - Turan UĞUR

Ünlü fransız şairi Artur Rembo 15-21 yaş aralığında yazdığı şeirləri ilə dünya poeziyasını dibindən çalxalayıb, simvolizmin ədəbiyyatda ən böyük təmsilçisinə çevrilib. O, 37 illik həyatında ziddiyyətlər girdabında boğulan, səfil, sərgərdan, veyil ömür sürən şair kimi xatırlansa da, özündən sonrakı nəsillərə qoyduğu irslə bütün dövrlərdə maraqlı olub. Bu səbəbdən də Azərbaycan şairləri, tərcüməçiləri - Rəsul Rza, Ramiz Rövşən, Zahid Sarıtorpaq və başqaları Artur Rembo yaradıcılığına müraciət edib, onun poeziya nümunələrini ana dilimizə tərcümə ediblər. "Ədəbiyyat qəzeti" şair, ssenarist Turan Uğurun fransızcadan tərcümə etdiyi "Sərxoş gəmi" şeirini və şairə həsr etdiyi "Rembonun faciəsi" adlı essesini təqdim edir.

Turan UĞUR

 

Gül ətirli xanımlara balıq qoxulu yosunlardan libas düzəltməyin yalnız bir bəraəti ola bilər - "sevgi", ara-sıra ləngər vuran gəmini bir dəli sevgi uğruna, bir çılğın məhəbbət yolunda buz parçasına çırpmaq da olar, çırpılması gərəkdirsə. Qohumlaramı, uşaqlaramı, yoxsa uzaqlara səfərin var, ay gəmiçi dostum?

Bəs buz parçası önünə dikilmişsə, aqibətin necə olacaq, xəbərdarsanmı?  Varıb gedəcəyin məkanlar, yarıb üzəcəyin dalğalar səni xoşxəyal, sonundan arxayın eləməsin. Qismətin yaxınlar olsun, uzaqlar deyil,  səyahətlərin özündən başlasın, elə özündən-özünə kimi yolların  uzansın.

- Sapdırsınmı səni?

- Azdırsınmı səni?

- Bunumu istəyirsən, saqın unutma, dostum, sərxoşluq, məstanəlik sözdən, eşqdən olmalı, içkidən yox.

O gəminin sərnişini sərxoş nəzərə çarpır, bir qədər sərməst görünür indicə. Ayılın və oyanın,  gəmiçi yola düşüb, bu səfər sərnişinimizi hara aparacaq - deyə çox təlaşlı, çox gərginəm. Əsəbdən gözlərimə qan damır, hirsimdən barmaqlarım titrəyir, rabitəsiz sözlərim sərxoş insanlartəki səndələyə-səndələyə çıxır iki dodağımın arasından, bir sağa, bir sola burulub, ətrafındakıların tənəsi ilə üzləşir. Bir də narahatlığım ona görədir ki, o gəminin göyərtəsində gözümə dəyən bir şair övladıdır, onu daşa-qayaya, bəlkə də, aysberqə çırpacaq bu gəmi. Gec-tez bu baş verəcəksə, deməli, gəminin ünvanı yanlışdır, heyyyyyy, səsimə səs ver, Artur, heeyyy sözümə nəfəs ver, Rembo, nə üçün tələsirsən? Yeri gəlmişkən, bir şey mənə müəmma kimi görünür, axı nəyə görə bu dəmdə bir film qəhrəmanı bir şairə qənim kəsilsin, öz aramızdır yaman ağrılı faktdır. Şair boğulmağını  göz görə-görə seyr etmək faciədirsə, onun əcəl-mayallaq ölümünə müdaxilə etməmək nə qədər üzücüdürsə, söyləyəcəyim məqam da o qədər xəcalətli və rüsvayçıdır.

Axı nə üçün? Nə üçün məşhur fransız şairi, ən yaxşı şeirlərini 15-21 yaşlarında yazan, Rembo adını tələffüz edəndə ilk növbədə ağlımıza şair deyil, 80-ci illərin uydurma kino qəhrəmanı Rembo təsəvvürdə canlanır? Axı sözün qüdrətini silahın qüvvəsindən üstün bilənlər yetərincədir aramızda, ona görə bu sual tez-tələsik cavabına qovuşmalıdır. Bəli, yubanmadan ona görə tez həllini tapmalıdır ki, simvolizmin ən ünlü şairi - Artur Rembo əldəqayırma kino personajı - Con Remboya uduzmasın. Amma bir gerçəklik də var ki, bu amil Fransa şairi Artur Rembo haqqında esse yazmağıma bilavasitə haqq qazandırmış olur.

Şarlevil - ən ucqar, koloritli tipik fransız qəsəbəsi. XIX əsr mənzərəsini gözünüzdə canlandırın. Dəstə-dəstə, bölük-bölük kilsəyə gedən ailələr gəlir göz önünə. Mən olmamışam bu şəhərdə, amma görənlər deyir ki, sıradan bir yerdir Şarlevil. Adi şəhərlərin, ən ucqar qəsəbələrin, hətta kəndlərin dünya tarixinə töhfələri az olmur heç də. Nə demək istəyirlər bununla? Bəlkə iri komunnalara, məşhur paytaxtlara

"biz də varıq, məmləkətin hər qarış torpağı müqəddəs hesab edilməlidir", bunumu demək istəyirlər? Bəlkə Artur Rembo kimi dünya poeziyasını silkələyən şairləri yetirən Şarlevil kimi kiçik yerlər Paris kimi, London kimi, Berlin kimi şəhərlərə:

"Gəl, duelə, payını qoyum ortaya, çıx get, zira, vətən ancaq insan olan yerdə bir məna kəsb edir, əzəməti, böyüklüyü, miqyası önəmli deyil" - demək istəmişlər. Hər halda, 8 yaşında şeir yazmağa başlayan, 15-21 yaş aralığında ən seçkin şeirlərini yazan Artur Rembo kimiləri nadir tapıntıdır. Bunları təsdiqləyərlər: kimlər, nələr? - göyərçinlər, yunan allahları, zanbaqlar, bir də yaşıl tala boyunca gümüştək parlayan çaylar.

Bu sarışın, gözləri lacivərd uşaq evin ən mağmın, ən üzüyola övladı idi. Anasının tələbkarlığına sözsüz və şəksiz əməl edən Artur itaətkar bir dindar kimi  böyüyürdü. Mürəbbiyəsinin onda şeir yazmaq həvəsini oyatması təqdir ediləsi haldır. Görünür, qeyri-adi nə isə görübmüş bu balaca, cazibədar oğlanda. Bəlkə zahirən yaraşıqlı olan Arturun gözlərinin ənginliyində batan günəşi görübmüş?! Mənalı, uzun yolçəkən baxışlarında kaş ki, gözəl pərilər, işvəli qızlar, nazlı xanımlar bulunsaydı və boğulsaydı, ancaq təəssüf ki, bunu Remboya şamil edə bilmirik, gənclik və gələcək sevgisi fərqli olan şairi, bəlkə də bu əcaib xarizması şairlik taxtından salıb da, hətta Olimp Allahlarının onu  xilas etməyə gücü, qüvvəsi də çatmayıb.

Mən şair Rembonun zahiri gözəlliyində Tanrı əlindən çox Olimp ilahələrinin sığalını görürəm. Bu səbəbdən şairin qələmi kiçik dişli şanə kimi misralarına tumar verirdi. Onun mavi gözlərində dənizi seyr edirəm, cazibəsində seyrəlib gedən pərəstişkarlarının üsyanı indi də qulaqlarımı batırır.

Mən şair Rembonun şəxsi faciəsini azadlıq vurğunu olmasında görürəm... Və onun da fərqindəyəm ki, Artur Rembo hürr yaşamağı, azad həyatı ona görə seçmişdi ki, baxsın görsün hürriyyətdən, sərbəstlikdən o yana nə var?

Elə sən deyən bir şey yoxmuş, azadlıqdan o yana azğınlıq gəlir, dalınca da uçurum. O zamankı şairlərin dağınıq, veyil, sərsəri həyat sürməsi də bu  həvəsdən yaranmışdı. "Parnas"a qoşulmağının ən ümdə səbəbi bu idi. Hə, düz oxudunuz - "Parnas". El-aləm  Parisə üz tuturdu, Artur isə "Parnas"a. Xeyr, dostlar, "Parnas" şəhər adı deyil. Ola bilsin "Parnas" adı sizə və şeir həvəskarlarına təzə bir şey söyləmir. Ərz edim ki,  bu, dağ adıdır, mövcud olmayan dağın adı. Amma qədim yunan sivilizasiyası ilə tanış olanlar bilməmiş deyillər ki, qədim Yunanıstanda şairlər hansısa dağa simvolik olaraq "Parnas" deyərmişlər. Görünür, süni şəkildə belə dağ yaratmaq eşqi bohem həyatı keçirən fransız şairlərinin ən ülvi arzusu olub. Rembo "Mən bütün Parnaslıları sevirəm" deyəndə azadlıq sevənləri, gözəllik eşqində qovrulanları qəsd edərdi.

"Günəş və şəhvət" şeiri ilə gözəllik ilahəsi  Afroditaya ithafda bulunan Rembo ilk simvolik nümunələri ilə Avropa romantizminin məzarını qazır, az sinni, balaca canı ilə o əhvalda yaranan şeirləri tarixin məzarlığına gömürdü. Özü də gecə vaxtı bunu edərdi. Şeir yazmağı gecələr olardı axı. Hər kəs yatmışkən, hər evin çırağı sönmüşkən, hər şəhər uzun yuxuya dalmışkən... Qarşıdakı çörəkxananın pəncərəsi altında ac uşaq dayanmışkən, çörəkçinin kündə xəmirlərinə gözünü zilləmişkən...

Lap həyəcandan ürəyim uçundu.

Rembonun işıqlı dünyası yox idi. Dekadenslərə qoşulmuşdu. Kitab oğurlayır, küçələrdə, tinlərdə gecələyir, yaraşıqlı yeniyetmə gedib, bədheybət birisi gəlmişdi. İçdiyi içkilər ömrünü tədricən içib bitirmiş, mənfi vərdişləri sanki qanına yerikləmişdi. Qocalığı gəncliyində, hüzursuzluğu xoşbəxtliyində yaşayıb tükəndirən Rembo şairliyi fövqəlinsan qiyafəsində, fövqəlbəşər biçimində görürdü. Şəninə söylənilən cümlələr ona qol-qanad vermir, əksinə, qol-qanadını sındırırdı. Nə üçün Hüqonun ona "Kiçik Şekspir" deməyi Rembonu zərrə qədər böyütmürdü? Bəs çağdaşı, məşhur fransız şairi Pol Verlenin onu şöhrətli şair kimi Parisə dəvət etməsi nədən soraq verirdi? Əlbəttə ki, gələcək iztirablardan, sonrakı çəlpəşik olaylardan, utancverici hadisələrdən. Üstüörtülü adını "yaşıl pəri" adlandırım, necə olsa gün işığına çıxar bir gün.

Şairin dağınıq, veyil həyat tərzi seçməyinin səbəbini onun həyata baxışında görmək olar. Artur Rembo bu mənada tək deyildi. Şarl Bodler, Pol Verlen və başqaları da səfil, bohem həyatın ağuşunda, girdabında məhv olub gedirdilər. Dekadenslərin sevdiyi içkilərdən ən məşhuru belə adlanırdı: "yaşıl pəri". Beyni dumanlandırmaq üçün bu vasitə əvəzsiz idi. Bəli, "yaşıl pəri", "yaşıl pəri" - ehhhh öz muzasını,  ilham pərisini "yaşıl pəri"yə dəyişən hər kəsi Rembonun aqibəti gözləyir.

Şair 21 yaşına kimi özünün ən məşhur şeirlərini yazmışdı. "Duyum", "Heyranlıq", "Sərxoş gəmi", "Cəhənnəmdə bir yay",  "Aydınlatma" - dillər əzbəri idi. Qəribəsi budur ki, adı olduqca populyar olan şairlər var ki, onlar şeir yazmağa 20-30, hətta 40 yaşlarında başlayıblar. Necə olur ki, 15-16-17 yaşlarında dünya ədəbi dillərinə tərcümə olunasan, yeni istiqamət tapasan, yazdıqlarınla mükafatlara layiq görüləsən, lakin Tanrı mükafatından yoxsun qalasan. Təbii ki, kiminsə inancı, ələlxüsus da bu, şairdisə onun həyat baxışlarını müzakirə etmək fikrindən min kilometr uzağam, fəqət bütün ölçüləri, ülgüləri tapdamaq, ənənələrin üstündən çalın-çarpaz xətt çəkmək, hər kəsi qara-qara düşündürməli, düşündürərkən uzun, məntiqli təhlillərə baş qoşdurmalı, ən əsası isə yaşananlardan nəticə çıxarılmalıdır. 

"Bura öpüş ocağı, bura ehtiras yeri" - deyibən yersiz xəyalların, yönsüz xülyaların qoynunda məst olmaq olar, amma ölçü-biçi, əndazə də yaxşı şeydir axı. Necə deyərlər - ey azadlığı - "azğınlıq", sərbəstliyi "sərməstlik" bilənlər, könlünüz rahatdırmı?

Bəs hara üz qoymuşdu şair Rembo, Afrikaya - Efiopiaya, Misirə. Bu qaçışı özündən qaçış idi, "əlvida!"nı hər şeyə və hər kəsə söyləmişdi. Doğma şəhərinə, doğma ölkəsinə, doğma insanlarına, "zəngin olub dönəcəyəm" - deyib getmişdi, amma pulsuz idi, "güclü olub dönəcəyəm" - deyib yollanmışdı, ancaq zəif idi, "sağlam olub dönəcəyəm" - deyib qaçmışdı, lakin xəstə idi. Qəlbindəki inciklik yarası, ayağındakı qurşun yarasından daha iyrənc, daha əzablı görünürdü. Bu arada xərçəng xəstəliyi şair qapısının kandarında dayanmışdı. Aldığı güllə yarasının çürüməsi başlamış, bir qılçası kəsilmişdi, mənfi vərdişləri mənfi gərdişlərə əl vermişdi, salam, dar ağacı söyləyib, əvəzində eşitdiyi əleyküm-salam olmuşdu; Qara libaslı ölüm, siyah əlbisəli əcəl qapının ağzını kəsdirib dayanmış, qırsaqqız, zəhlətökən adamlar kimi əlini qoynuna qoyub gözləməkdən sanki həzz almışdı.

Bu da 1891-ci il... Bu da 37 yaşın... Bu da səndən gözləntilərin sona çatdığı an. Şarlevil-Mezyer qəsəbəsində, Burbon küçəsi-73-də doğulan Artur Rembo, Burbonlara layiq kral ömrü yox, şairlərə xas səfil ömrü yaşadın. Bir udum su kimi içildin, bir bənd şeir kimi oxundun.

Əcəlindən həm özün, həm də ölüm məmnun göründü. Bu gözlənilən olaydan hər kəs razı imiş sən demə, təkcə oxucularından, Rembo poeziyasını sevənlərdən, bir də uzaq yola çıxan sərxoş gəmidən savayı. Sərxoşluğu faciəsimi bu gəminin?!

- Bəli, faciəsi: gəmi gedir, gedir, batır, batır, şair batır, şair ölür, batan şair, ölən şair, veyil gəmi, sərbəst gəmi, sərməst gəmi, sərxoş gəmi...

Səni iki sözlə bu cür ifadə edəcəm, ay sərxoş gəmi. Adın Rembo olsun, soyadın isə faciə: Yəni, "Rembonun faciəsi" Lap film adına  bənzədi. Deyilmi?!

 

Artur Rembo

Sərxoş gəmi

Yetər, yetər ağladığım artıq doymuşam,

Günəş də, ay da heçdir, hər şey kədərə qalsın.

Sevgi hüsran deməkdir, görürsənmi sərxoşam,

Bu gəmi parçalansın, dəniz canımı alsın.

Avropanın suları könlümün ünvanıdır,

Bir çuxura yığılmış ayaz gecəsi olsun.

Başım üstə çömbələn bu hüznlü çocuğun,

May kəpənəyinə bənzər kağız gəmisi olsun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!