Rəvan CAVİD
Həyat özü mətndi. Və biz bu mətnin həm obrazları, həm də müəllifləriyik. Bilirəm, müəllif mövzusunda bir az fikirlərimiz haçalana bilər. Siz göyə çəkərsiniz, mən yerə... Amma bununla mövzumuzun məğzi dəyişmir. Vacib olan da budur. Ayaqlarınızı binanın damından aşağı sallayıb meqapolisin işıqlı gecələrindən əla bir şeir yazmaq olar.
Ay dənizlə keçmişdən danışacaq, işıqforlar maşınlara "dayan-keç" təlimatı verəcək, mağazalarda sabah üçün rəfləri səliqəyə salan satıcılar "günün icmalı"ndan söhbət edəcək, külək uzaqdan öz şəhərini sevəcək. Yanınızdan sürətlə keçib gedən adamlar da sizin hekayənizin bir parçasıdır. Onlara qarşı biganə olmağı tərgidin. Metronun önündə gül satan qoca evə aparacağınız bir dəstə gül və təbəssümü sizə vermək üçün orada dayanıb, yolun sağındakı taksi sizi evə aparacaq, şəhər özü sizə xatırlamaq üçün kömək edəcək. Tanımadığımız bir yazıçının qeyd dəftərində artıq sözə çevrilmişik. Bizim masamızdakı güldan üçün aldığımız çiçəkləri o, sevgilimiz üçün, ya da xəstə anamız üçün aldığımızı yazıb artıq. Eynilə biz də. Metroda yanımızda əyləşən qaraqabaq adamın əhvalını yozmaq üçün ağlımızdan min cür ssenari keçiririk (yaxşı-pis). Əhvalat qurmaq üçün, hekayə yazmaq üçün dünyada yeddi milyard fərqli səbəb var. Zəngin, kasıb, bohem, yaradıcı, sadə, ağ, qara, şərqli, qərbli, mədəni, barbar və minlərlə bu cür xarakter.
İnsan bütün obrazların cəmidir. Bir də bu var, hə. Biz nə qədər bir-birimizdən fərqlənsək də, oynadığımız səhnə eyni olduğu üçün oxşar anları, təkrar hadisələri zaman-zaman yaşayırıq. Hər birimiz səhər işə getməmək üçün səbəb axtarırıq. Bezirik küçəyə çıxmaqdan. Bu, hər birimizdə olur. Hamımızda baş verir. Gələn telefon zənginə cavab verməmək həvəsi, kitabı kənara qoymaq istəyi, kompyuteri söndürüb şəhərə baxdığımız an. Həyatın yuxu olmasına inanmaq o qədər gözəldir ki... Ancaq gözlərimizin yalnız qapalı halında yuxu görəcəyimizə inandırdıqları üçün bu xoşbəxtlik uzun çəkmir. Yuxu olsa nə olardı ki?! Bir az həyəcanlı olardı, ən azı. Tarixə səyahət edərdik. Uzaq adamların yanında olardıq. İnsanları üzən səbəbləri yuxumuzdan çıxarardıq. Yuxu idarə olunanda gözəldir, deməli. Əslində, həyatın özü də belədir. Yəni hər şey müəllifin əlində - qələmində deyil. Başlayanda da dedik ki, obraz olmaqla yanaşı, həm də müəllifik biz. Bir səhifə sonrakı mətni dəyişə bilərik. İşdən məzuniyyət götürüb şimal rayonlarından birində təbiətlə baş-başa qalmaq olar, məsələn. Ya da şəhərin mərkəzindəki sənət atelyesində yeni rəsmlərə baxmaq olar. Məşhur bəstəkarın konsertinə bilet almaq ya da. Biz daha səliqəli görünərik həyatın mətnində. Baxın, insanın niyə yaşadığını da kəşf etdik. Daha yaxşı obraz olmaq üçün. Daha maraqlı səhnə oynamaq üçün.
Bu mətnin içində bizi dəyişən səbəblər var, bir də bizi məhv edən. Bircə abzaslıq ömrümüz ola bilər, əsərin sonuna qədər yaşaya da, gizli kod kimi hər əlli səhifədən bir görünüb, sonra yenə yoxa çıxa da bilərik. Redaktor, bizi incitmədən, kəsib çıxara da bilər. Bilmirəm, hər halda bu səbəbləri biz özümüz yaradırıq. Bəlkə də, arzularımız üçündür dünyanı tanımağımız. Gördüyümüz hər şey, tanıdığımız hər kəs bizə arzularımız üçün kömək edir. Heç nə artıq, ya əksik deyil. Necə var elə. Duyğusallığı, şıltaqlığı, dəliliyi, xoşbəxtliyi, susqunluğu ilə bütöv olaraq gözəldir. Dəyər vermək, dəyərləndirmək, dəyərli olmaq lazımdır.
Hələ də ayaqlarınızı binadan sallayıb şəhərə baxırsınızsa, başınızı yuxarı qaldırıb ulduzlara da baxın. Səmaya baxanda gördüyümüz ulduzların üzərində dayananda biz də elə görünürük yəqin. İşıltılı, kiçik. Hər ulduzun öz taleyi var. Bizə öyrətmişdilər ki, əslində, ulduzlar gördüyümüz qədər kiçik deyil. Onlar Yerdən də böyük olur. Ulduzların üzərində dayanan adamlara da bizim haqqımızda elə deyirlər. "O adamlar balaca görünür, amma çox böyükdürlər!" Biz ulduzların böyük olduğu həqiqətini böyüdükcə öyrəndik. Deməli, orada (ulduzlarda - səmada) bizim haqqımızda deyilənlər də həqiqətdir. İçimizdəki ulduz boyda həyatı kəşf etmək, kəşf edəcəyimiz anı gözləmək lazımdır. Həm gözləmək, həm də onun varlığına inanmaq.
Bir Kor kitabxana müdiri deyirdi ki, mətn idarə olunan yuxudur. Onun obrazlarını istədiyimiz yerlərə apara, istədiyimiz adamlarla görüşdürə bilərik. Yetər ki, öncədən o obraz üçün qurduğumuz taleyin finalı eyni olsun. Bizim müəllif də elədir. Bəlli bir ssenari üzərindən bizimlə bərabər çox əla bir hekayə qurur. Həm də milyardlarla hekayəni eyni vaxtda yaza bilmək bacarığı da var. Gəlin, müəllifdən danışmayaq (çünki bir az da müəmma məsələsidir bu). Əsas obrazlardır - yəni bizik. Bir az da rəssam olan müəllifimiz hekayələrin sonunda qürubu çəkir. Yeni hekayə başlayanda günəş rəsmi ilə başlayır. Biz özümüz isə öz hekayəmizi günəşli, ya günəşsiz fəsillərə bölmürük. Binanın dalanında dayanan qoca üçün hekayə gecələr başlayır. Evində tok-şouya baxan xanım üçün isə hekayə eynidir. Onun üçün fərqi yoxdu gecədir, ya gündüz.
Çox tez-tez eşidirik, nəyi yazmaq yox, necə yazmaq önəmlidir. İnanmayın. Vacib olan fərqli nəsə tapmaqdı. Dediyimiz kimi (bildiyimiz kimi), yeddi milyarddan çox hadisə var. Biz hekayəmiz üçün maraqlı süjet tapmalıyıq, maraqlı adamları (obrazları) yığmalıyıq o süjetin içinə. Fərqli məkanlarda fərqli söhbətlər edib, beynimizi həmişə fərqli nələrləsə dolduranda, onsuz da "necə yazmaq" özü alınacaq. Şərqli bir qoca deyirdi ki, mən adamları pritçalara bölürəm və hələ təkrar pritça oxumamışam. Bax bizim də dediyimiz bu idi.
Hələ də binanın damındasınızsa, hələ də şəhərə baxırsınızsa, təcili yardım siqnalına hürküb fikirdən ayıldınızsa, şəhəri hələ də işıqlı görə bilirsinizsə, evə dönüb masanızın önünə keçin. Yeni hekayə yazmaq üçün çox yaxşı fikirləriniz var. Elə birinci bu şəhərdən və özünüzdən başlaya bilərsiniz. Obrazlar axtarmağa dəyməz. Mətn düşünmək isə vaxtınızı alacaq. Yaşamaq sizə kifayət edər. Gözəgörünməz müəllifinizlə bərabər bundan sonrakı günlər üçün yaxşı bir əhvalat quracağınıza əminəm. Axtarışınızı dayandırın. Həyat mətndir, biz özümüz obrazıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!