Bəşər həyatında qədim zamanlardan bəri üç cürə dostluq mövcuddur: ürək dostu, çörək dostu, gərək dostu. Amma sən demə, yaxşıdan yaxşı bir dost da varmış, çəkilib çox gendə dayanıbmış. Tanınmağa tələsmirmiş, özünü qəsdən gizlədibmiş.
Elə ki, cavanlıq ötür, orta yaş arxada qalır, zalım qocalıq ömrə qədəm basır; yəni gözlərin görməyi zəifləyir, qulaq ağır eşidir, əllər titrəyir, ayaqlar yerimir, məzlum insan çaxılıb evdə dörd divar arasında qalır, dostların, tanışların, qohumların gəl-gedişi azalır, əhvallaşmaq seyrəlir (kimi qınayasan, şəxsi qayğılar qədərindən artıqdır), adam tənhalıqdan darıxır, yaşamaqdan bezir. Bax onda sadiq dost peyda olur, buyurub beynin içində bardaş qurur, öz kinolentini işə salır, ömürdən olub-keçənləri, irili-xırdalı əhvalatları, başa gəlmişləri göz önündə canlandırır. Ürək sıxıntılarını aradan götürəcək yaşamaq həvəsini artırır. Nədir o? Oxucuları intizarda saxlamayaq. Allah verən mübarək adını bildirək.
Bu sadiq dostun adı - yaddaşdır. O, insanın həyatda qazandığı uğurları, sevincləri, yaxşılıqları xatırladıb hələ yaşamağa həvəsləndirir.
Əlbəttə, belə yaddaş Ulu tanrı tərəfindən hər kəsə bəxş edilmir. Allah insanı cəzalandırmaq istəyəndə ilk növbədə yaddaşını əlindən alır. Əfsuslar olsun ki, şeytan xislətli paxıl-qarnıqurdlu bəndələr də hədsiz qədərdir. Yaxşılardan qat-qat artıqdırlar. Onlar barədə geniş söhbət açmağa lüzum bilmirəm. Çünki növbəti bir yazımı onlara həsr etməyə ümidliyəm.
Eşq olsun həyatı insana sevdirən, ali qocalıq dostu olan sadiq yaddaşa! Nə yaxşı ki, belə dost varmış, ömürdən ötən mənalı günlərdən yadigarmış!
Təvəqqə
Bir gün olmayacam bu dünyada mən,
Həyata əlvida deyəcəm səssiz.
Mürdəşir biçəcək üç arşın kəfən,
Məzar libasını geyəcəm səssiz.
Dostlar, dərd çəkməyin o anlarda siz,
Salın yadınıza mən necə varam.
Qəbrimin üstündə dedikləriniz
Halal qismətimə qatmasın haram.
Bol-bol təriflərə nə ehtiyac var?
Saxta mədhiyyələr bezdirib məni.
Riyadan hər zaman gəzmişəm kənar,
Heç vaxt sevməmişəm şit söz deyəni.
Bir rütbə dalınca yüyürməmişəm,
Mənim tox nəfsimi qınamaz heç kim.
Coşub, kin qılıncı siyirməmişəm,
Çağlayıb könlümdə insana sevgim.
Alçaqlar önündə alçalmadım heç,
Dik tutdum həmişə məğrur başımı.
Yalançı bütlərə əl çalmadım heç
Ehtiyac kəssə də daim qarşımı.
Yaşadım ən ülvi bir diləklə mən,
Dedim qoy nəsillər bilsin qədrimi.
Hərarətlə qucsun boynumu Vətən.
Hopum yaddaşlara mərd insan kimi.
Budur, əzizlərim, sizdən təvəqqəm,
Haqqım nəyə çatır, söyləyin onu.
Nəcib qəlbinizə xal salmasın qəm,
Xoş əhvalla duyun dost yoxluğunu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!