Rəngsiz qadın - NARGİS - NARGİS

NARGİS

Bezdirici gecələrdə sənin barəndə düşünürdüm. Harda səhv etmişdim?

Mən hamıya görə səhv olanı doğru olaraq qəbul etməklə kreativlik etdiyimi düşünərkən saçmalamışdım. Hamının səhvini mənim sevgim belə doğruya çevirə bilməzdi. Artıq fərqində idim əvəzolunmaz xətam, səni sevən ürəyim məntiqimlə baş verən müharibədən sağ-salamat çıxmayacaqdı. Ürəyimdə mövcud yara izlərini tək-tək bezmədən, usanmadan ülgüclə dərinləşdirdin. Bundan görünür zövq alırdın. Mənim üçün sənin ağlasığmaz əyləncələrin belə müqəddəs idi. Xəstəlikli bir eşq idi bu. Və bundan qurtulmaq üçün müraciət olunan çıxış yollarının sonu çıxmaz sokak, sonu uçurum...

Əslində etriraf edim ki, mən bu xəstəlikdən qurtulmaq istəmirdim. Yəni bu xəstəlikli eşq mənim həyat eşqimi yemləyirdi. Axı "hər səhv bakirədir, təkrarı zövq adlanar, xəta yox!".

Sən də dönə-dönə təkrarlanırdın. Mən ağıllanmırdım. Hər dəfə sənin uçurumlarından düşərkən aşağı dizlərimi keçdim, ürəyim qanayırdı. Ancaq mən məntiqimi dinləmirdim heç vaxt. Özümə verdiyim sözləri sənin baxışlarınla qarşılaşanadək möhkəm tuturdum. Dönə-dönə unudurdum vədlərimi. Sən həmişə 1-0 öndə idin. Sənin yanında həmişə susurdu haqlılığım. Mən məntiqimi ən ədalətsiz şəkildə cəzalandırırdım. Adını eşq qoymuşdum. Amma bu fərqli idi. Sənə olan duyğularımın adı, dadı, səsi, rəngi fərqli idi. Mən bunu heç vaxt tam şəkildə sözlərə tökə bilmirdim, bilməyəcəkdim də. Mümkünsüzlüklərlə yaşayırdım. Mən romantik deyildim qətiyyən. Sən xaric hər şeydə yola gətirilməsi mümkün olmayan realist idim. Bircə mövzu sən olanda aludəçilərdən fərqim qalmırdı mənim. Sən mənim zaafım, narkotikim idin. Məni öldürdüyünü bilə-bilə səni vururdum şah damarıma. Sən isə yavaş-yavaş öldürürdün məni. Sən uzaq idin, sən yasaq idin, sən patologiya idin, bəli, tam olaraq patalogiya idin…

Sən mənasızlıqlarımda gizlətdiyim məna idin. Beynimdə adın hər an, hər saniyə dolaşırdı. Dilimdən sənin adın asıldıqca özümdən iyrənirdim. Necə kəsib atardım ki səni ömrümdən? Yaşanmışlıqlara nifrət edib yaşamaq çətindir, əvəzolunmazım...

Özümə nifrət etmək daha asan idi, bilirsən?

Mən çıxmazlarımda solğun-solğun yaşayırdım. Bu solğunluğum  insanların rəngarəng iradlarına  tuş gəlirdi. Rəngsizləşirdim yavaş-yavaş...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!