Bir dəfə atam Rəfail kişi mənə orta məktəbdə başına gələn maraqlı bir əhvalat danışmışdı. Onda mən İsi Məlikzadə adlı yazıçını tanımırdım, barəsində eşitməmişdim, atamın o söhbətinin üstündən nə qədər zaman keçdi, bilmirəm, orta məktəbin neçəncisə sinfindəydim, bir gün əlimə İsi müəllimin hekayələri düşdü, oxudum, gördüm ki, hekayələrin biri atamın orta məktəbdə başına gəlmiş o hadisəylə eynilə oxşarıdır (burada o dövrdə atamın İsi Məlikzadəni tanıması, oxuması tamamilə istisnadır, ola bilər ki, sonradan mən haqqında danışmışam, tanıyıb, bilib), hardasa tamamilə üst-üstə düşür.
İnsan talelərinin - atamla o hekayənin qəhrəmanının başlarına gələnlərin hədsiz eyniliyi -bu cür bənzərliyinin məni dərindən heyrətləndirməsi öz yerində dursun, elə bəlkə bu səbəbdən də İsi Məlikzadə Azərbaycan ədəbiyyatında mənə çox doğma olan yazıçılardan biridir, hətta deyərdim ki, birincisidir.
İsi Məlikzadənin ən son (təkrar) oxuduğum əsəri "Qırmızı yağış" romanıdır, ilk dəfə üç il bundan əvvəl oxumuşdum, amma deyim ki, ikinci oxu da mənim üçün elə öncəki oxunuşdakı kimi maraqlı və cəlbedici idi...
"Qırmızı yağış" Yovşanlı kəndindən, kənd sakinləri və hazırda bu torpaqda yaşamasalar da, bir vaxt orada doğulub böyümüş insanlardan danışır, o insanlardan ki, istəkləri-arzuları ürəklərində boğulub qalıb, bir cür düşünüb ayrı cür görünməyə məhkumdurlar, ancaq bunda təkcə onların yaşadığı dövr, rejim, cəmiyyət yox, həm də özləri günahkardır...
...Kolxozda hesabdar vəzifəsində çalışan Ələm Usuboğlu altmış yaşına çatanda raykomda şöbə müdiri işləyən kiçik qardaşı Əhədin təkidiylə təqaüdə çıxır. Təqaüdə yollanandan sonra Ələmi yaxıb-qovuran yeganə bir arzusu var; babası Yaşılxan kimi heyvandarlıqla məşğul olmaq, çoxdan ortadan qalxmış qoyunçuluq təsərrüfatını elliklə bərpa etmək, camaatla birlikdə qəribsədiyi dağların qucağına qayıtmaq. Hər gün bu barədə fikirləşir, ilk olaraq sirrini arvadına açır, lakin İnnab ərinin bu diləyinə soyuq, barmaqarası yanaşanda yenidən özünə həmfikir axtarışına çıxır, qonşusu amerikan Tanrıquludan tutmuş qardaşı Əhədə qədər öz arzusunu reallaşdırmağa yardım soraqlayır, oxu daşa dəyib heç nə əldə eləyə bilməyəndəsə birinci katib Şəfiyevin qəbuluna düşməyə can atır, bu zaman sadəlövhcəsinə inanır ki, Şəfiyev bacardığı köməyi ondan əsirgəməz, ancaq elə raykomun qəbul otağındaca Əhədin inadıyla nəticəsiz-filansız kəndə dönməli olur.
Hadisələrin lap yekunundasa arzusuna əlvida deyib milis sahə rəisi Qafarın bığını qırxdığına görə həbsə düşmüş qardaşı Vələdin beş-altı qoyununu da öz heyvanlarına qatıb otarmağa başlayır və qəti qərara gəlir ki, oğlu Yaşılxan yaylaqdan qayıdan kimi özü də ona qoşulub qoyunçuluğa getsin.
Amma mən də öz payıma deyim ki, doğrudan da mövcud şərait və şərtlər daxilində Ələmin öz arzusunu həyata keçirəcəyinə, nəsə bir uğur qazanacağına inanmaq sadəlövhlükdən savayı bir şey olmazdı.
Bəs Ələm niyə təqaüdə çıxanadək öz arzusunu qəlbində boğub, kolxozda hesabdar olduğu müddət ərzində bircə dəfə də ağzına alıb deməyib ki, köhnə tərəkəməlik dövrünə qayıtmaq, heyvandarlığı bərpa etmək lazımdır?
Yaşlaşandan, azacıq səlahiyyəti də əlindən çıxandan, fiziki imkanları da xeyli tükənəndən sonra ortalığa düşməyin bir faydası oldumu?
Eyni zamanda, altmış bir yaşlı Ələm yaşadığı bu illər boyu raykomun birinci katibi Şəfiyev kimi "qoca qurd" bir yana dursun, əlində-ovcunda böyütdüyü qardaşı Əhədi tanımayacaq qədər təcrübəsizdir, niyə?
Əhədin sözünə qulaq asıb yazıq Əbilin ölüm hökmünə qol çəkən də elə Ələm özü deyildimi?
Ancaq bir gün gəlir, Əhəd vəzifədən qovularkən Ələmin haqlı olaraq heç tükü də tərpənmir, heç buna təəssüflənmir də ("Amma qəribə idi ki, Əhədin dərdi Ələmi zərrə qədər də ağrıtmırdı"), Ələm bir ona için-için yanır ki, Vələd həbsə atılıb və bu səbəbdən onun iki körpə balası atasız qalıb...
Bunu, hər halda, Ələmin daxili böyüklüyünün bir işartısı kimi qiymətləndirirəm.
Ələmin ruhi xəstə olan digər qardaşı Əbil Əhədin vəzifə sevdasının güdazına gedir; kəndin "oğraşları və biqeyrətləri" Əbilin ağzına dil atırlar ki, İran şahının qızının çoxdandır başına düşmüş sevdasından əl çəksin, elə öz yerlərinin böyüyü, baş biləni olan Şəfiyevin Bakıdakı qızını alıb özünə arvad eləsin, bu fikir ağlına mismar kimi batan Əbil də durmadan-dayanmadan hər yerdə bu barədə danışır, qardaşı Ələmi Şəfiyevin qapısına elçi göndərəcəyini, tezliklə onun qızıyla evlənəcəyini aləmə hay vurur, Əhəd bu xəbəri eşidəndə hürkür ki, söz-söhbət Şəfiyevin qulağına çatsa, onun üçün heç də yaxşı olmayacaq, karyerasıyla ömürlük sağollaşmaq məcburiyyətində qalacaq:
"Dünəndən bəri Əhəd özünə yer tapa bilmirdi: Şəfiyevə indi çatdırarlar, bir azdan çatdırarlar. Hər dəfə Şəfiyev onu yanına çağıranda Əhədin ürəyi qırılıb düşürdü ayaqlarının altına və Əhəd başlayırdı kəmağıl qardaşını qarğımağa: "Kaş öləydi bu. Bunun yaşamağının kimə xeyri var? Heç olmasa lal olaydı, kar olaydı".
Ona görə də, bayquş kimi bir gecə vaxtı kəndə cumub Əbili Şuşaya, ruhi xəstəxanaya yollamaqdan ötrü qardaşları Ələmə və Vələdə dil töküb birtəhər onların saqqızını oğurlayır, lakin hər şey onun istədiyi kimi bitsə də, Əbili Şuşaya rahatlıqla yola salacağı barədə qardaşlarına verdiyi sözü tapdalayır, yük maşınının kuzovunda Şuşaya göndərilən yazıq Əbil xəstəxanaya çatmamış yolda kuzovdan yıxılıb canını tapşırır.
Əhəd hər necə olsa öz cəzasına çatır, elə bir əhvalat baş verir ki, gələcək planlarının üstündən birdəfəlik qara xətt çəkilir (bu onun üçün elə ölüm kimi bir şeydi).
Belə ki, Vələd kolxoz sədri Kamandarın kürəkəni milis Qafarın bığını qayçılayıb (Qafarın öz kreslosundan yararlanıb onu təhqir etməsini bu yolla "mükafatlandırır") özü üç il müddətinə azadlıqdan məhrum edilir. Qafar paqonları çıxarılıb işdən qovulur, Əhəd də dəhşətli faciə, bədbəxtlik kimi qarşıladığı bir şeylə üzləşir- rayon "Tarix və diyarşünaslıq muzeyi"nə müdir göndərilir.
Bu hadisələr sırasında böyük qardaş Ələmə o da gün kimi aydın olur ki, sən demə, Əhəd təqaüdə çıxması üçün onu dilə tutanda, istirahətə getməsi üçün ona yalvarıb-yaxaranda heç də Ələmin qayğısını çəkmirmiş, dərdi o imiş ki, birdən Ələm işdə bir xəta-zad törədər, bununla da Əhədin vəzifədə yüksəlməsinə problem yaranar.
Həm də həyasızlığa bax ki, Əbilin məhvini düzüb-qoşmuş Əhəd utanıb-qızarmaq, başını aşağı salıb mənəvi əzab çəkmək yerinə, işdən qovulmasına səbəb olmuş əhvalat baş verənədək, raykomun üçüncü katibliyi uğrunda apardığı "gərgin mübarizə"sini davam etdirir, onu vəzifədə irəli darta biləcək hər kəslə ittifaqa girir, sonbeşik qardaşları Vələdi möhkəm alçaltmış Qafarın qayınatası, kolxoz sədri Kamandardan da ehtiyatlanıb qardaşını müdafiə eləmir, ağzına su alıb susur, özünü bilməməzliyə-görməməzliyə vurur, hər zaman Şəfiyevə yaltaqlanmağı həyatının kişilik borcu sayması da ki, öz yerində.
Romanda digər bir konflikt də var; Ələmin oğlanlarından Saday qonşu Tanrıqulunun qızı Şikəstəyə söz vermişdi ki, əsgərlikdən qayıdıb onunla evlənəcək, lakin nəinki vədini yerinə yetirir, hətta bir də kənddə xəbər tuturlar ki, Saday əsgərlikdə evlənib, Nataşa adlı bir rus qızıyla ortalıqda peyda olub.
Sadayın ilk yaxın təmasda olduğu, görüb-götürdüyü qadın Nataşadır, elə bu yaxınlıq da kifayətdir ki, Saday "yolunu azsın".
Yəni, əsgərliyə gedənədək qadın bədəni tanımayan, uzaq başı hərdən Şikəstənin əlindən tutmaq xoşbəxtliyini dadan Sadaya Nataşayla ilk ciddi əlaqəsindən sonra elə gəlir ki, bu dünyada Nataşadan ayrı qadın-filan yoxdur. Nataşada olan şirinlik heç bir qız-qadında, o cümlədən, Şikəstədə belə ola bilməz.
Şikəstə Sadayın evlənməsi xəbərinə çox kəskin reaksiya verir, hədsiz sarsılır; "tüpürüm eşqə-məhəbbətə, bütün oğlanlara, heç vaxt ərə getməyəcəyəm" - deməsinə baxmayaraq, kənddə bir də səs yayılır ki, bəs əmək qəhrəmanı, zəhmətkeş, intizamlı Şikəstə Svarşik Siraca qoşulub qaçıb. Eşidənlər gözəl anlayır ki, Şikəstə bu hərəkəti Sadaya sonsuz nifrətindən eləyib, özünü Sadayın acığına bu dərəcədə alçaldıb, yoxsa ki, Sirac kimi bir yaramaza qoşulub qaçmağın ayrı nə adı ola bilərdi ki?!
Ancaq Sadayın da hamilə Nataşanın ardınca Yovşanlıdan ayrılıb Rusiyaya, Nataşanın elinə-obasına üz tutmasına əsasən belə düşünmək mümkündür ki, Şikəstə çox tələsib, çünki acıq verilən və ya veriləcək adam (Saday) artıq çox uzaqlardadır. Şikəstəyə olan mənəvi borcunusa ona, Tanrıqulunun böyük qızı Qənirənin əri Məminin bərbərxanasının qarşısında bircə kəlmə "bağışla" sözüylə azca da olsa ödəməyə çalışıb, vəssalam.
Yeri gəlmişkən, bu əhvalatların gedişində belə məlum olur ki, sən demə, bu qələbəliyin arasında ağlı başında olanlardan rus qızı Nataşadan daha insani, mənəvi cəhətdən daha dürüst kimsə yoxdur, ümumiyyətlə, oralarda əslində Nataşadan savayı əsl insan mövcud deyil, hamısı bu vaxtadək boy-buxunlarından utanmadan riyakarlıqla, yaxınlarını və özgələri aldatmaqla məşğul olublar, istər İnnabı, istər Sadayı, Kamandarı, Məmisi və qeyriləri olsun, Nataşanın Yovşanlıda ünsiyyət qurduğu yeganə Allah bəndəsi bu dünyanın alabic-alabic işlərindən xəbərsiz bir xəstə Əbil idi ki, o da yuxarıda dediyimiz kimi, Əhədin tülkülüyü sayəsində faciəli şəkildə ölmüşdü...
...Əsərin finalında, Ələmin Tanrıquluyla bir yerdə qoyun otararkən gözlərinə lap uzaq üfüqdə qırmızı rəngli yağış görünməsi isə, nəyin xəbərçisiydi görəsən?
Bəlkə Ələmin gözlərinə o qırmızı yağışın görünməsi bir vəhydi. Onun da Nataşa kimi, "əli Allahın əlində olan" Əbil kimi olduğunun, olacağının əlamətiydi, sorağıydı?
Kim bilir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!