Altıncı barmaq - Hekayə. Qafar CƏFƏRLİ

 

 

Açarın şaqqıltısı, ardıyca cırıltı səsindən sonra dəmir qapı aralandı. Tanımadığı kişiləri qapı ağzında görən cavan qadın bir addım geri çəkildi. Qolundan tutduğu 5-6 yaşında olan oğlan uşağı gah anasının ətəyindən tutub dartır, gah da ağzını büzüb üz-gözünü cürbəcür şəklə salır, iradəsiz halda əllərini və başını əyməklə səy-səy hərəkətlər edir, qırıq-qırıq, anlaşılmayan sözlər deyirdi.

Qəfil gəlişdən özünü itirən qadın təəccüblü baxışlarla uşağı özünə tərəf sıxdı:

- Sizə kim lazımdır?

Hamıdan irəlidə dayanan Əli Zaminli qamətini düzəldib cavab verdi:

- Kamil Paşayevin mənzili buradır?

Bu vaxt orta boylu, çəlimsiz, üzünü tük basmış, daraq üzünə həsrət qalmış dağınıq saçları az qala boynuna kimi uzanmış cavan oğlan əsəbi hərəkətlə qadını arxaya dartıb irəli keçdi:

- Eşidirəm sizi.

Yüngül bir itələmə ilə tirtap yerə uzanması şəksiz olan cavan oğlanın şəstlə, bir az da yekəxana danışığı Zaminlinin diqqətindən yayınmadı. Amma bu cür danışıqları eşitməyə adət etdiyindən söhbətə bir istilik gətirmək üçün zarafata keçdi:

- Sizdə Allah qonağını qapı ağzından qaytarırlar?

Cavan oğlan mülki formada olan Zaminlini və yanında dayanan orta yaşlı kişini başdan-ayağa süzdü, istehza ilə güldü və bu zaman siqaretdən sap-sarı saralmış dişləri göründü:

- Niyə belə deyirsiz? Xoş niyyətlə gəlmisizsə, deməli, evin yuxarı başında yeriniz var - dedi və kənara çəkilərək əli ilə mənzilin içərisini göstərdi. - Buyurun keçin.

Zaminli, orta yaşlı kişi, ardınca isə iki cavan polisin içəri keçməsindən cavan oğlana sanki od vurdular:

- Yox da, bu olmadı, biz belə danışmadıq. Bu cür Allah qonağı mənə lazım deyil. Xahiş edirəm mənzilimdən çıxın. Çıxın deyirəm sizə, gedin burdan.

Polis nəfərləri dərhal onun böyrünü kəsdilər. Zaminlinin bir işarəsinə bənd idilər ki, onu qol-boyun edib yerə sərsinlər. Zaminli vəziyyətdən çıxış yolu kimi səsinin yumşaq yerinə saldı:

- Kamil, sən niyə narahatsan? Bəlkə, biz bura xoş niyyətlə gəlmişik. Bəlkə, sənə və ailənə bir köməyimiz dəyə bilər.

- Mənə heç kimin köməyi lazım deyil. Rədd olun evimdən.

Yaşlı, nurani simalı bir qadın yan otaqdan çıxdı. Zaminli ilə qadının baxışları toqquşdu. Qadın günah etmiş uşaqlar kimi əllərini yana sallayıb başını aşağı dikdi. Kamilin bu hərəkəti cavabsız buraxıla bilməzdi. Qanunun sərt üzünü göstərməyin vaxtı çatmışdı. Zaminlinin simasındakı təbəssüm bir andaca əriyib yox oldu.

- Kamil, bu cür hərəkətlərin yersizdir. Görürsən ki, polis əməkdaşlarıyıq. Mən rayon polisinin rəis müavini Əli Zaminliyəm, yanımdakı əməliyyat müvəkkili Anar Orucov və polis nəfərləridir.

Zaminlinin işarəsi ilə Orucov əlindəki qovluqdan bir vərəq çıxarıb ona verdi.

- Buyur, yaşadığın evə baxış keçiriləcəyi barədə qərarla tanış ola bilərsən.

Kamil nə baş verdiyini anlaya bilmirdi. Qorxu dolu təəccüblə polis əməkdaşlarına baxmaqda davam edir, arada sağ əlinin içi ilə alnının tərini silir, qurumuş dodaqlarını yalayırdı. Yaşlı qadın Kamilin qolundan tutub iri otağa tərəf çəkib apardı. Zaminli və digər polis əməkdaşları həmin otağa keçdilər. Zaminli sözünə davam etdi:

- Vətəndaş Kamil Paşayev, evdə qanunsuz narkotik maddə saxlamaqda və istifadə etməkdə şübhəlisiz. Qanunun tələbinə əsasən evdə narkotik maddə varsa, könüllü təqdim etməyinizi tələb edirik.

Kamilin alnından muncuq kimi düzülən tər damcıları hər iki yanağından üzü aşağı süzülürdü. Təkrar sorğuya da cavab vermədiyindən Zaminli şübhəli şəxs kimi Kamilin də iştirakı təmin edilməklə mənzilə baxış keçirilməsinə göstəriş verdi. Otaqlardan və mətbəxdən sonra polis əməkdaşları balkona çıxdılar. Zaminlinin bütün nəzəri orda, divara dayanmış tumbada idi. Orucov şəxsən tumbanı ələk-vələk etdi. Məyus halda başını tərpədəndə Zaminlinin dalağı sancdı. Kamilin bərəlmiş gözlərlə tumbaya zillənməsi Zaminlinin nəzərindən yayınmadı. Vanna otağı da "təmiz" çıxdı. Sonuncu baxış keçirilən yer ayaqyolu oldu. Beş dəqiqəyə kimi orda yubanan Orucov çölə çıxanda Zaminlini kənara çəkib qulağına nəsə pıçıldadı. Əsəb keçirtdiyi hiss olunsa da Zaminli təmkinini saxlamağa çalışırdı. Mənzilə baxışla bağlı protokol yazmaq barədə Orucova göstəriş verəndən sonra illərin yorğunu kimi otağın sol küncündəki əldə düzəlmə mizin kənarına qoyulmuş taburetə çökdü. Sorğu dolu nəzərləri yanbayan taburetdə oturub bütün əməliyyat boyu səsini çıxarmadan başını aşağı dikən yaşlı qadına yönəldi.

...Həmin gün yağışdan sonrakı qızmar günəşin istisi havada bir boğanaqlıq yaratmışdı. Nahar yeməyindən sonra kabinetinə qayıdan Əli Zaminli əhvalında bir narahatçılıq hiss etdi. Sakitləşib beynindəki yorğunluğu çıxartmaq üçün Polis Şöbəsinin qarşı tərəfində olan bağa keçdi. Çox sevdiyi nəhəng, qollu-budaqlı, sərinliyi onlarla adama bəs edən dəmirağacının altındakı bəzəkli taxta oturacaqda oturdu. Əllərini sinəsində çarpazlayıb ayaqlarını uzatdı, gözlərini yumub təxminən 700-800 metr aralıda olan dəniz tərəfdən gələn sərin mehdən doyunca ciyərlərinə çəkməyə başladı. Vaxtın keçən dəqiqələrini hiss etmədi. Birdən qulağının dibində həzin bir qadın səsi eşidildi:

- Ay bala, qurbanın olum, bir dəqiqə vaxtını ala bilərəm?

Zaminli gözlərini açdı və qarşısında ağ saçlı, üzündən nuranilik tökülən, əsil Şərq xanımı kimi gözəlliyini, təravətini hələ də itirməmiş ağbirçək bir qadın gördü və qeyri-iradi ayağa durdu. Tez qadının qolundan tutub oturacağa yönəltdi. Təxminən 65-70 yaşlarında olan qadının əynindəki paltar köhnə, rəngi solmuş olsa da təmiz idi. Başına bağladığı qəhvəyi rəngli yaylıq ağ saçlarını qucağına almışdı. Üzündəki qırışlar simasındakı təravəti heç də azaltmırdı. Onun qəmli- qüssəli, dərd adamı olması solğun simasından bilinirdi. Qadın astadan dilləndi.

- Oğlum, bağışla ki, istirahətinə mane oldum.

Zaminli xoş bir təbəssümlə ona zilləndi. Üzündə sevinc işartıları görünən qadın dərhal sözünə davam etdi:

- Eşitmişəm rayona təzə gəlmisən, hamı da səni tərifləyir. Gəldim ki, bəlkə, dərdimə bir çarə qılasan... Yaşımın da elə vaxtıdır ki, əcəl hər dəqiqə qapımı döyə bilər. 

- Buyur ana, eşidirəm sizi.

Qadın arıq, damarları şişib üzə çıxan əli ilə yaylığının ucunu azca dartıb arxaya verdi, ağarmış saçlarını qulaqlarının arxasında gizlətdi. Nəzərləri məchul bir nöqtədə ilişib qaldı, handan-hana sözə başladı:

- Mən oğlumu tutdurmaq üçün sənin yanına gəlmişəm.

Zaminli eşitdiklərinin fərqinə vara bilmədiyindən duruxub qaldı, nə deyəcəyini bilmədi. Bir təhər özünü toparlamağa çalışdı:

- Ananın oğlunu tutdurması təcrübəmdə az təsadüf olunub. Hər halda, səbəbi maraqlıdır.

Eşitdiklərini təsdiq edirmiş kimi qadın başını tərpətdi və dərhal da dilləndi:

- Əlbəttə, sən haqlısan. Onda uzunçuluq eləsəm də, gərək, məni bağışlayasan.

- Heç narahat olmayın.

Qadın yaylığının ucu ilə alnını, yanaqlarını və çənəsini silib bir müddət ətrafa baxdı, sonra Zaminliyə tərəf çevrilib sözə başladı:

- Mənim adım Xoşbəxt, soyadım Paşayevadır. Həyat yoldaşım rayonda ilk şirkət açanlardan olub. İmkanımız çox yaxşı idi, ailəmlə həsəd aparılası bir həyat yaşayırdıq, amma... Hər şey yoldaşımın qəfil ölümündən sonra dəyişdi. İçkidən, o zəhrimar araqdan onda qaraciyərin sirrozu tapıldı. Xəstəliyi bilinəndə artıq çox gec idi. Rusiyada, İranda həkim qalmadı ki, ona baxmasın, xeyri olmadı. Nə qazanmışdısa, hamısını özü ilə apardı. Həmin vaxtı qızım Nigar ailə qurub gəlin köçmüş, bir neçə ilin həsrəti olan oğlum Kamil isə nişanlı idi. Ali təhsili olsa da, iş tapa bilməmişdi. Bir gün Kamil toy pulu qazanmaq üçün Rusiyaya getmək istədiyini dedi, naəlaclıqdan razılaşdım. İki illik ayrılıqdan sonra gecə-gündüz yalvar-yaxarıb onu geri qaytara bildim. Azacıq pul da gətirmişdi. Bir təhər onun üçün toy edib evləndirdim. Gəlinim Gülüş çox abırlı, həyalı, zəhmətkeş bir gəlindir, qızım qədər onu istəyirəm. Heyf o baladan, onu da bədbəxt elədim. Bunu Allah mənə bağışlamaz.

Xoşbəxt xanım susdu, kövrəldiyi, hətta gözlərinin yaşardığı hiss olundu. Tez üzünü yana çevirib yaylığının ucu ilə gözlərini sildi, kövrək bir səslə üzrxahlıq etdi:

- Siz Allah bağışlayın. Dərdli çox danışan olar, elə bilər ki, ondan başqa heç kimin dərdi yoxdur, hamı da borcludur ki, onu dinləsin.

Zaminli fikrini cəmləşdirmək üçün ona yardım etdi:

- Siz gəlinə neyləmisiz ki, o, bədbəxt oldu?

- Mən başıdaşlı, mən qaragünlü neyləyə bilərəm ki? - Qeyri-iradi səsinin tonu qalxdı və bunu özü də anladı. Peşmançılıq hissindən üzünə bir qızartı gəldi. Astaca sözünə davam etdi:

- Neylədi oğlum elədi... Xalxın qızı evimə ayaq basandan bu vaxta kimi bir gün görmədi. Bircə oğul balası var, indi altı yaşındadır, həm laldı, həm də ağıldan kəm. Elə lova düşmüşük ki, uşağı müalicəyə də apara bilmirik. Bu dərdə daha dözmək olmur, ay bala.

Onun gözlərindən yaş gəlsə də, ağlamağı kənardan heç hiss olunmurdu. Zaminli məəttəl qalmışdı: səssiz-səmirsiz necə ağlamaq olarmış? Xoşbəxt xanım yanıqlı bir səslə sözünə davam etdi:

- Sən demə oğlum Rusiyadan narkoman kimi qayıdıb. Nə mən bilmişəm, nə də ki,o vaxtı nişanlısı, indi isə arvadı olan Gülüş. Toydan sonra Kamilin bir işlə məşğul olmaması, hər gün evə sərxoş gəlməsinə bir müddət əhəmiyyət vermədim. Ta o vaxta kimi Gülüş oğlumun qollarında iynə yerlərinin durmadan artdığını, gecələr ağrı kəsici dərman kimi noxud boyda qara rəngli bir həb atdığını deyənə qədər. Sonralar ev əşyalarının bir-bir yox olduğunu gördük. İşə düzəlmək bəhanəsi ilə arvadının bütün qır-qızılını da götürüb apardı.

Xoşbəxt xanım sol əlini irəli uzadıb dərisi soyulub yöndəmsiz halda bitişmiş adsız barmağını Zaminliyə göstərdi:

- Pul verə bilmədiyim üçün barmağımdakı üzüyü istədi, imtina edəndə üzükdən tutub elə dartdı ki, barmağımın dərisi də onun əlində qaldı.

Zaminli hələ də təəccüblə onun irəli uzanmış barmağına baxırdı. Xoşbəxt xanım susdu. Heç biri danışmağa tələsmirdi. Bir azdan onun istehza dolu səsi eşidildi:

- Sən qismətə bax, mənim adım Xoşbəxt, gəlinimin adı isə Gülüş. Mən xoşbəxtliyə, gəlinim isə gülüşə həsrət qaldıq... Nə isə,... bunlar olub keçənlərdir. İndi isə oğlumun tutulmağını istəyirəm.

Xoşbəxt xanımın son xahişi şikayətə gəlməyini oğlundan gizlətmək barədə oldu. Razılaşdıqları kimi evə gedib oğlunun balkonda, tumbada gizlətdiyi tiryəki, onu əritmək üçün qaşıq və alışqanı, şprisi yerində görüb dərhal Zaminlinin verdiyi nömrəyə zəng edərək şərtləşdikləri sözü deyəndən sonra əməliyyat qrupu mənzilə daxil olacaqdı...

Orucov protokolu imzalatmaq üçün Kamilə təqdim edəndə Xoşbəxt xanım başını qaldırdı və Zaminli ilə nəzərləri toqquşdu. Qadının üzündəki iztirabı, ağrını görməmək, duymamaq mümkün deyildi. Bütün bunlar olmazın əzablar çəkib canı boğaza yığılan, son anda isə analıq hissi hər şeyə qalib gələn, tumbada gizlədilənləri ayaqyoluna atmaqla yeganə oğlunu həbsdə görə bilməyən ananın keçirtdiyi hisslər idi. Yalvarış dolu, imdad diləyən baxışı isə Zaminlidən bağışlanmasını xahiş edirdi: "Neyləyim, ürəyimlə bacara bilmədim. Allah-Təala səbəbsiz heç nə eləməz. Əgər bu altıncı barmağı mənə veribsə, deməli, onu gəzdirməyə borcluyam, lap çirkin görünsə belə. Bağışla məni oğul!"

Zaminli mənzildən çıxanda Kamilə ürək sözlərini deməyi də unutmadı:

- Özünə, anana, həyat yoldaşına yazığın gəlmirsə, gəlməsin, heç olmasa xəstə oğlunu düşün, ona yazığın gəlsin. Belə getsə həyatını həbsxanada bitirəcəksən.

Bayaqdan bütün diqqəti Zaminlidə olan uşaq qəfil atasına sarılıb hönkürdü. İlk dəfə rastlaşdığı bu haldan şaşırıb qalan Kamil onu qucaqlayıb üz-gözünü duz kimi yalamağa başladı. Xoşbəxt və Gülüş təəccübdən yerlərində donub qalmışdılar.

Şahidi olduğu səhnədən üzünə xəfif bir təbəssüm qonan Zaminli mənzilin giriş qapısına tərəf addımladı. Arxadan Kamilin göz yaşları içində hıçqırıqla dediyi və mənzilin divarlarında əks-səda verən səsi eşidilirdi:

"- Oğlum, bağışla məni, nə olar, bağışla. Bax, söz verirəm, söz verirəm ki, bir də o zəhrimara əl vurmaram. Sənin yanından heç yerə getmərəm. İnan mənə oğlum, inan".

 

Lənkəran

24-25 iyun 2017


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!