Hekayələr - Xeyrəddin QOCA

 

 

Azad "sənətkar"

(Bir "yazı-pozu əhli" ilə söhbət)

 

...Küçədə rastlaşdıq. Qəzetimizə yazı vermişdi. Soruşdum:

- Çap olunsa, qonorarını hansı ünvana yazaq?

- Poçta. "Dovostrebovaniya"...

- Ev ünvanını niyə demirsən?

- Mən dəvəsi ölmüş ərəbəm, evim-zadım yoxdur.

- Bəs, harada yaşayırsan?

- Naməkanam...

- Arvad-uşağın da yoxdur?

- Ev olmayandan sonra arvadı neynirəm? Aydın məsələdir ki, arvadım yoxdursa, deməli, uşağım da yoxdur.

- Evlənmək fikrin necə, var?

- Yox.

- Niyə?

- Heç özümü dolandıra bilmirəm.

- Nə üzərində işləyirsən?

- Çox mövzular var...

- Heç yazırsan?

- Yox, beynimdədir hamısı...

- Niyə beynindəkiləri kağıza köçürmürsən?

- Nə mənası var, onsuz da çap elətdirmək çətindir. Bir para kağız korlanır...

- Bir yerdə işləyirsən?

- Yox, azad sənətkaram!

- Bəs, necə dolanırsan?

- Allah ata-anamın canını sağ eləsin...

- Heç axırını düşünürsən?

- Hamının axırı necə, mən də elə...

- Başa düşmədim?

- Əşi, axırı ölümdür də...

 

 

Hərə bir cür pul qazanır

- Sən öləsən, qoymurlar kasıbkarlığımı eləyim də!... A bala, nə istəyirsiniz məndən? Mənə sataşana görüm Allah qənim olsun!.. Nə eləyirəm, əcəb eləyirəm, bacarana can qurban! Gedin, kimə istəyirsiniz şikayət eləyin. Xox, qorxdum sizdən!..

- A kişi, nə çıxmısan özündən? Düz deyirlər də...

- Nəyi düz deyirlər, ay... Demişdim, qoy qalsın!

- Gör necə acgözsən ki, kəfənə də kəf gəlirsən.

- Yalançının... Ağzımı açdırma ha!..

- A kişi, bu nədir, metr yarım əvəzinə bir metr otuz santimetr ağ vermisən mənə.

- Hə nə olsun, iyirmi santimetrlə varlanacaqsan?

- Ayıb deyil, a kişi? Adını da qoymusan mömin müsəlman. Məsciddə də oğurluq olar?

- A bala, bəlkə oğurlamamışam? Sadəcə səhv eləmişəm, hə?

- Əşi, necə olur həmişə sən səhv eləyirsən? Səndən başqa bu məsciddə molla-zad yoxdur?

- Var! Onu bil ki, mən iyirmi santimetr kəsirəm, onlar otuz!

- Elə bilirsən camaat bilmir ki, təzə evin, maşının, bağın hansı pulların hesabına başa gəlib?

- Dedim ki, əcəb eləyirəm!.. Mənə də Molla Qulaməli deyərlər, bu məsciddə mənim çomağımın qabağına ağac qoyan tapılmaz!

- Bununla nə demək istəyirsən, Molla Qulaməli?

- Demək istəyirəm, nə qədər başın əzilməyib, məndən uzaq ol!

- Bura bax, əşi, məni cin atına mindirmə, ha! Bu dəqiqə açaram sandığı, tökərəm pambığı!

- Nəyimi deycəksən, ay cüvəllağı?

- Nəyini deyəcəyəm? Məsciddə gülab satmağını! Ölülərin paltarını mənimsəməyini! Başqa mömin yoldaşlarının haqqından çırpışdırıb öz cibinə qoyduğunu! Ölü sahiblərindən daş-baş aldıqlarını! Yoxsa yenə deyim?

- Gədə, vallahi sənin başın gicişir?! Çəkil bərabərimdən! Yoxsa!..

- Deyəsən, sənin kimi fırıldaqçıların avam müsəlmanlardan pul qırmaq mövsümü olan məhərrəmlik başlayıb. Bunun üçün mənimlə belə danışırsan, hə?

- Ay dəli müsəlman, əl çək yaxamdan! Məni qana salma deyirəm sənə! Hərə bir cür pul qazanır! Mənim də gəlirim ölülərdəndir!.. Ay mərdimazar, naxələf, qoymazsan dolanaq!?

 

 

Köhnə müdirin "istedadı"

İşə təzə göndərilmişdim. Elə bil, məni gözləyirlərmiş kimi, başladılar idarəmizi yoxlamağa. Müdirimiz Qəmbərov da nədənsə, başladı məndən şübhələnməyə. Məni yanına çağırdı, üzümə tərs-tərs baxıb dedi:

- Nə oldu bala, qələt elədik səni işə götürdük?

Doğrusu, əvvəlcə özümü itirdim, cavab verməyə söz tapmadım. Boğazım qurudu, dilim kilidləndi, handan-hana özümü ələ alıb dilləndim:

- Yoldaş Qəmbərov, mənim təqsirim nədir axı?

O, tapança kimi açıldı:

- Özünü bilməməzliyə qoyma, ə! Guya bilmirəm ki, yoxlamanı sən təşkil elətdirmisən?

And içib özümü oda-közə vurdum ki, mənim heç nədən xəbərim yoxdur, kişi inanmaq əvəzinə daha da qızışdı:

- Sənin kimi uşaq-muşaqları çox görmüşəm, bala. Onu da bil ki, bu xəmir çox su aparacaq...

Bir neçə gündən sonra müdirimin şələ-küləsini qoltuğuna verib dedilər: "Get, səndən bu boyda idarəyə rəhbər olmaz!" Qəmbərov axırıncı dəfə mənimlə görüşüb acıqlı-acıqlı:

- Qoymayacağam səni burada işləməyə! - deyərək, qapını çırpıb getdi.

Bu əhvalatdan sonra hər gün idarənin işçilərindən bir-ikisi mənə yaxınlaşıb qulağıma pıçıldayırdı:

- Yıxdın da, dağ boyda kişini...

Açığını deyim ki, özüm-özümdən şübhələnməyə başlamışdım. Gecə-güdüz fikirləşirdim ki, bəlkə Qəmbərovun haqqında haradasa söz-zad danışmışam? Yoxsa, bu adamlar niyə ancaq məndən şübhələnirlər? Amma heç nə yadıma düşmürdü. Mən ki, təzə işçi idim, Qəmbərovu əməlli-başlı tanımadığım halda onun barəsində nə danışa bilərdim?!

Amma sonralar onun işdən çıxarılmasının səbəbini öyrəndim. Heç demə kişi idarədə oturub fırıldaqla məşğul olurmuş...

Bir müddətdən sonra idarəmizə təzə müdir göndərdilər. Kişi bir-iki gün işləmişdi ki, Qəmbərov haradansa özünü yetirdi. Salam-kəlamsız keçdi təzə müdirin kabinetinə, başladılar söhbətə. Kabinetin azca aralı qalan qapısını da çəkib içəridən bağladılar ki, onların nə danışdıqlarını biz işçilər eşitməyək.

Qəmbərov gedəndən sonra təzə müdir məni yanına çağırıb, sualı-sual dalınca yağdırdı, iş-gücümlə, keçmiş-keçənimlə, hətta ölüb-itənlərimlə maraqlandı. Lap axırda bildirdi:

- Doğrudur, Qəmbərov barəndə bir-iki söz danışdı, amma mən görürəm yaxşı oğlana oxşayırsan, get, başını sal aşağı, işini gör...

Təzə müdir az bir müddətdə böyük hörmət-izzət sahibi oldu. Daha o "kəsən başın" sorğu-sualı yox idi. O, bu hörməti çox asanlıqla, özü demişkən, "şirin dillə" qazanmışdı. Vəzifəcə özündən böyük, yaxud kiçik adamlar ona zəng vuranda, hal-əhvalını soruşanda o, bir qayda olaraq, bu sözləri işlədirdi: "Kölgənizdə dolanırıq də, yoldaş filankəs...", "başımızın böyüyüsünüz", "ağsaqqal köməyinizə ehtiyacımız var..." və s.

Müdirin yaltaqlığı hamımızı təngə gətirmişdi, ancaq canımızı dişimizə tutub bir təhər dözürdük. Dözürdük deyəndə ki, işçilərimiz bir-bir ərizə yazıb işdən gedirdilər. Əvəzində təzələri gəlirdi. Köhnə işçilərdən təkcə mən qalmışdım. Nəhayət, müdir mənimlə də haqq-hesabı çürütmək məqsədilə bir gün dedi:

- Gəl, kişi kimi açıq söhbət eləyək...

- Buyurun.

- Daha səninlə işləmək istəmirəm. Yaxşısı budur, sən də o biri işçilər kimi ərizəni yaz, narazılıqsız-filansız çıx, get.

Hirs vurdu təpəmə, istədim ağzıma gələni deyim, lakin özümü bir təhər saxladım. Fikirləşdim ki, onsuz da təzə müdirin haqsızlığı haqqında kimə desəm inanmayacaq, üstəlik özümü hörmətdən salacağam. Bir də ki, onunla işləməyə heç həvəsim qalmamışdı. Odur ki, ərizəmi yazıb işdən çıxdım.

Kadrlar şöbəsindən sənədlərimi götürəndə dəhlizdə köhnə müdirimlə rastlaşdım. O, istehzalı baxışlarla məni süzərək dedi:

- Hə, gördün, mənə sataşmaq nə deməkdir, a bala?

 

"Bloknotlu" və "Bloknotsuz" mollalar

Keçmişdə kəndlərdə savadlı adamlar mollalıq eləyərdilər. İndi savadsızlar başlarına əmmamə qoyub, çiyinlərinə əba salıb, qiyafələrini dəyişib olurlar molla. Başlayırlar Xudavəndi-aləmin əmrini "yerinə yetirib" nəf toplamağa, külfət dolandırmağa. Özü də yaxşı bilirlər ki, indi məxluqatı aldadıb pul qazanmaq çox çətindir, odur ki, fikirləşib fırıldaq yollar tapırlar. Məsələn, Molla Məmmədhəsən kimi. Ona çox yerdə "bloknotlu molla" deyirlər. Kişi bu adı təsadüfi qazanmamışdır. Onu tez-tez şəhərin küçələrində boş-bekar gəzən görərsiniz. Hansı tanışına rast gəlsə onunla elə səmimi, elə ürəkdən əl verib görüşər ki, deyərsən yer üzündə bu kişidən mehriban adam yoxdur. Ayrılanda da görüşdüyü adama məsləhət verər ki, ölüb-itənlərinə yasin oxutdursun, fatihə verdirsin. Həmin adam da özünü əziyyətə salıb uzağa getmir, elə küçədəcə Molla Məmmədhəsənin haqqını verib, adını onun "bloknot"una yazdırır. Molla da söz verir ki, gedib evdə rəhmətliyin ruhuna  dua oxuyacaq . Amma hələ "sifarişçilərdən" bircəciyi də bilmir ki, Molla Məmmədhəsən evə çatandan sonra verdiyi vədə əməl edir, yoxsa, yox?..

Molla Mirələsgər iki şeyə görə Molla Məmmədhəsəndən fərqlənir. Əvvəla, ona görə ki, Molla Mirələsgərin xüsusi "bloknotu" yoxdur. O, elə "bloknot"suz da baş dolandırmaq qabiliyyətinə malikdir. İkincisi, Mirələsgər məscidin "ştatnı" mollasıdır. Ancaq hər iki mollanın bir-birinə oxşayan cəhətləri eyni üsulla pul qazanmalarıdır.

Hər iki molla qazanc dalınca qəbristanlığa gedir, cümə axşamlarında başda oturur. Bir sözlə, o savadlı mollaların çörəklərinə bais olurlar.

Görəsən, Molla Məmmədhəsənlə Molla Mirələsgər bu dünyada həlləm-qəlləm işlərlə məşğul olduqları üçün o dünyaya köçəndə cənnətə gedəcəklər, yoxsa cəhənnəmə?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!