Dünyanı çiynində daşıyan dostum - Ülviyyə Heydərova. Günel Eminlinin xatirəsinə

 

Onu tanıyandan indiki zamanda gülə-gülə, sevinə-sevinə, gələcək zamanda isə ümidlə danışırdıq. Səsimiz, gülüşümüz dünyanı götürərdi. İndi elə susmuşam ki. Əvəzində əllərim "danışır". Qulaqlığımda onun sevimli müğənnisi Edit Piafı dinləyə-dinləyə hər şeyi keçmiş zamanda düşünürəm, fikirləşdikcə yaddaşımla bərabər cümlələrim də keçmişə boylanır. Yox, səhv edirəm. Günel Eminli nə zamana sığırdı, nə də dünyaya.

Onu oxuyandan mən də Edif Piafı, tatar babası Rudolf Nuriyevi sevməyə başladım. Təbii, onun kimi sevə bilməzdim. Günelin sevgisini, ehtiramını heç kim təkrarlara bilməzdi. Günel Piafa, Rudiyə vurğun idi. Yoxsa ki, onlara niyə esse yazsın ki. Sənəti söz olsa da, bizdən fərqli mətbuatda işləmirdi. Odur ki, ancaq istədiyi sənət adamından yazırdı. Təmənnasız, qonorarsız.

Ətrafını ədəbiyyata çevirmişdi. Hər şeyə də məhz ədəbiyyat gözüylə baxırdı, hətta gəzdiyi şəhərlərdə belə gözü sevdiyi şeiri, nəsri axtarırdı. Şabalıd qoxulu İstanbulunda Orxan Pamukun "Məsumiyyət muzeyi"nə getmişdi, Drezdendə "Kitabi-Dədə Qorqud"u ziyarət eləmişdi. Hətta bir şəkil də çəkdirmişdi. Yerdə oturub "Dədə Qorqud"un nüsxələrinə heyran-heyran baxırdı.

O, həyata da, tanıdığı, hətta tanımadığı insanlara da nurundan paylayırdı. Təkcə bununlamı kifayətlənirdi? Yox, əlbəttə ki. Günel Eminli dünyanı elə bil dolu bədənində gəzdirirdi. Toppuş əlləri sanki planetə sığal çəkirdi. Nəinki iri, parlaq gözləri, hətta qara qıvrım saçları da dünyaya "gülümsəyirdi". Gəzəndə yeri titrədərdi. Hündür boyu ilə dünyanı sevgisiylə çiynində daşıyırdı. Heç birimiz o gücdə, o ürəkdə deyilik. Heç bir işimizdə ona çata da bilməzdik. Bunun üçün, sözün hər mənasında, Günel Eminli böyüklüyündə olmaq lazım idi. O gələndə zarafata salırdım, boyum onun boyuna çatsın, onu qucaqlayıb bağrıma basım deyə, ayağımın altına stul qoyurdum. Bax, bu cür nəhəng idi mənim dostum.   

Günel Eminli həm də "qayğı" sözünün sinonimi idi. Əlacı olsaydı, dünyanın susuz insanlarını suyla, acları yeməklə, evsizləri evlə təmin edərdi. Ətrafında kömək eləmədiyi, qayğı göstərmədiyi, təsəlli vermədiyi insan, demək olar ki, yox idi. Çünki bağışlamağı sevirdi. O qədər sevdi ki, axırda ömrünü də dünyaya bağışladı. Anası Mülayim xala, atası Bəylər əmi onu elə sevmək, yazmaq, yaxşılıq etmək, yaşamaq, özü də doyunca yaşamaq üçün dünyaya gətirmişdi. İndi onun ömrü hekayələrinə, esselərinə, şeirlərinə və bir də xatirələrimizə qarışıb.

Eminesko, indi qulaqlığımda sənin Piafın "Milord" oxuyur...

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!