Dahi inqilab banisinin büstü - Mənzər Niyarlının hekayəsi

28 May qələbəmizə ithaf olunur

 

 

Müəssisənin təsərrüfat işləri üzrə müdir müavini, həm də həmkarların sədri Şirzad müəllim səhər-səhər edilən telefon zəngindən diksinən kimi oldu. Zəng edən nazirlikdən idi. Məlumat verilirdi ki, yuxarıdan idarəyə yoxlama göndəriləcək. Tərs kimi, müdirləri Balaş Feyzullayev ezamiyyətdə idi. Müəssisənin elə də kəm-kəsiri olmadığı üçün Şirzad müəllimin təşvişə düşməyinin əsası yox idi. Ancaq bir şey onu narahat edirdi. Bilirdi ki, gələnlər mütləq otaqları gəzəcək, hətta ərinməyib akt zalına da boylanacaqlar. O akt zalında da... Elə məsələ də burasındaydı ki, elə o akt zalında... zalın yuxarı başında 50 ildən çox idi ki, pərçim olunmuş inqilab banisinin - Leninin metaldanmı, bürüncdənmi yoğrulmuş büstü idi. Şirzad müəllim özünü tələsik akt zalına saldı, xeylaq kişini nəzərdən keçirtdi. Sonra öz-özünə mızıldandı. "Bu yarımbədən kişini görsələr, qanımız gedəcək". Şirzad müəllim əvvəlcə müdiri, sonra da özünü möhkəmcə söydü. "Bu komissiya da vaxt tapdı gəlməyə". Onların qəfildən xəbərsiz-ətərsiz təşrif gətirmələri kişini əməlli-başlı çaşdırmışdı. Dönüb təzədən inqilab banisinin gülümsər üzünə baxdı. "Sən ölməyəsən, bizi ilişdirən, deyəsən, bu saqqallı, papağı dimdikli "babamız" olacaq. Niyə indiyə kimi bunu burdan rədd eləməmişik. Hmmm... Görünür, ona olan məhəbbətimizi hələ də ürəyimizdən çıxara bilməmişik. Uşaqlıqdan bizə kişinin "gözəl" əməllərindən, "xeyirxah" işlərindən bəhs edən əsərləri oxudardılar və ya məsələn, uşaqlara qayğı ilə yanaşmağını, ona gətirilən alma payını özü yeməyib uşaq baxçalarına göndərməyi, iməcliklərdə fəhlələrə qoşulub taxta-şalbanın bir ucundan yapışmağı, iş başında yuxusuz, yorğun görkəmi ilə insanların üzünə gülümsəməyi ona olan məhəbbətimizi birə min artırardı". Şirzad müəllim indi bunları yadına saldıqca əti ürpəşirdi. Əti ürpəşə-ürpəşə də "Böyük rəhbərimiz"in düz gözlərinin içinə baxdı. "Bəs, ay bizim "xilaskarımız", indi səni burda görsələr, mən nə deyəcəm. Deməzlər ki, neçə illərdir hər yerdən sənin başına ip salıb uçurublar. Sizə nə olub? Təzədən sosializmə qayıtmaq, o xəyalınızda yaşatdığınız kommunizmə addımlamaq istəyirsiniz? Bəlkə təzədən böyük qardaşımızın - rusun qoltuğunun altına sığınmaq arzusundasınız?

Şirzad müəllim akt zalının pəncərəsindən həyətə boylandı. Fəhlələrdən bir neçəsi həyətdə vurnuxurdular. İdarənin isə bircə maşını da gözə dəymirdi. Birdən tarix fakültəsini qurtarsa da, iş tapmadığı üçün mühafizəçi işləyən yaxın qohumu Ələsgər yadına düşdü. Tələsik mobil telefonu ilə Ələsgəri yanına çağırdı. Ələsgər beşcə dəqiqə keçməmişdi ki, Şirzad müəllimin yanında peyda oldu.          

- Sabahın xeyir, qağa. Bu səhər-səhər xeyirdimi?

- Əgər sabahımız xeyir olsa. Keç otur, görüm neyləyək, nətər eyləyək. Balaş Feyzullayev də vaxt tapdı getməyə.

Ələsgər zalın divarlarına boya-boy söykənmiş stolların birini Şirzad müəllimin yanına çəkib oturdu.

- Nolub ki?

- Yuxarıdan komissiya gəlir. Avadanlıqları-zadı gözdən keçirəcəklər.

Ələsgər: - Gəlirlər, gəlsinlər də. Nəyimiz var göz qabağındadır. Yeyintimiz yox, Allaha şükür, ayıb işlərimiz yox. Nədən qorxacağıq.

- Mən də bilirəm ey. - Şirzad müəllim köksünü ötürdü. - Deyirsən, nədən qorxacağıq? Dönüb əlinin işarəsi ilə inqilab banisinin yarım bədənini göstərdi: - Bunu neyləyək? Özü də zalımın balası o qədər ağırdır ki, yerindən tərpətmək olmur. Aşağıya - həyətə düşürsək də, maşın tapa bilməyəcəm. İdarənin maşınları da iş dalınca gediblər.

- Deyirsən, yəni, komissiya gəlsə bura da başlarını soxacaqlar?

- Onlardan nə desən gözləmək olar. - Tarixi hadisələri yerli-yataqlı bilən Ələsgər, deyəsən, ürəyini boşaltmağa adam axtarırdı. İnqilab banisinin başına kinli-kinli baxaraq başladı, nə başladı:

- Neçə dəfə Balaş müəllimə, kefinin kök vaxtında dedim ki, gəlin bu qantökəni burdan rədd edək, elə bu gün-sabaha salırdı. Kişi bu Leninə necə vurulmuşdusa, onu yerindən tərpətməyə qoymurdu. Bu əclaf ürəyimizə yaman yol tapmışdı. Yalan-yalan ideyalar ilə. Sən demə, Azərbaycanın qəddar düşməni imiş. Bu əclafın rəhbərliyi ilə Azərbaycanın başına nə oyunlar gətirilmədi. Erməni Şaumyanın vasitəsilə daşnaqlara silah-sursat göndərib Bakıda dinc əhalini qırdırdı. Min doqquz yüz on səkkizinci ili deyirəm ey. Mart soyqırımını. Sonra da "XI Qızıl" adlandırdığı ordusunu silahlandırıb üstümüzə göndərdi. Müstəqilliyimizi əlimizdən aldı. Müsavatçıları bir-bir dənlətdi. Onun Şaumyana məktubları çıxıb ey arxivdən. Bakını, Bakı neftini, deyir, əldən vermək olmaz. Ələsgərin yarası təzələnmişdi. Əlinin işarəsi ilə "Böyük rəhbər"imizi göstərib: - Arsız-arsız, - dedi, - bizi qırana, bizim torpaqlarımızı işğal edənə heykəl də qoyuruq. Elə bunun hakimiyyəti dövründə o boyda Zəngəzuru ermənilərə verdilər ki, özlərinə dövlət qursunlar. Hələ də bu qansızların əməllərinin altını çəkirik. Sanki kişi bizi cənnətə aparacaqdı. Kommunizmə. İnqilab elədi, qanlar tökdü ki... Sonra da...

Şirzad müəllim ürək qızdırdığı dostuna qulaq asmaq halında deyildi. Əlini yelləyərək qalxıb Ələsgərin sözünü ağzında qoydu. Leninə yaxınlaşdı. Ağırlığını yoxlamaq istəyirdi. Yarım bədən büst elə bil yerə yapışqanla pərçim olunmuşdu. Çəkisi çox idi. Şirzad müəllim üzünü Ələsgərə tutub: - Ağırdır, Ələsgər, - dedi, - Bunu hələlik harda gizlətmək olar?

Ələsgər duruxdu, dostunun sözünü yarıda kəsməyindən incisə də üzünə vurmadı, əlini alnına aparıb ovuşdura-ovuşdura fikrə getdi.

- Hə, harda? - Sən belə şeylərdə arif adamsan. Bunu burda rədd eləmək lazımdır. Görsələr, deyəcəklər ki, bu bolşevik köpəkoğlunu, bu qansızı indiyə kimi niyə yerindən tərpətməmisiz?

Ələsgər nə düşündüsə, yerindən dik atıldı. Gülmirənin, - dedi, - Xadimələrin otağında, - Gülmirə baş xadimə sayılırdı. Xadimələrə süpürgə, əski parçası, yuyucu toz, döşəmə ağacları ilə təmin edirdi.   

Ələsgər:

- Qağa, - dedi, - Sən heç fikir-zad eləmə. Yaxındadırsa, çağırım gəlsin.

Şirzad müəllim Gülmirənin adını eşidəndə üz-gözünü turşutdu.

- Onan aram yoxdu. Gəlib yenə zəhləmi tökəcək.

- Niyə? Nə olub ki?

- Əşi, pul söhbətidir. Sora deyərəm.

- Mən ölüm, nə məsələdir? - Ələsgər əl çəkmədi. Şirzad müəllim istədi, söhbətdən yayınsın. Nə desin? Desin ki, Gülmirə onun əlindən zəncir çeynəyir. Bir aydı onu qarabaqara izləyir ki, onunla xadimələrə çatacaq bayram pullarını versin. Ələsgərə nə desin ki, o qadınlar bayramına - "8 Mart" bayramına yığılan pulun dalına keçmişəm. Maşınımın təkəri dağılmışdı, ona xərcləmişəm. Desin ki, idarənin qadınları, Gülmirə qarışıq harda məni görürlər, üstümə şığıyırlar, az qalır ki, məni dövrələyib döysünlər. İndi də xadimələr Gülmirəni qabağa verirlər ki, məndən o pulları qopartsınlar.

Şirzad müəllim nə fikirləşdisə də əhvalatı Ələsgərə açmalı oldu.

- Bilirsən nə var, - dedi. - Ələsgər, o bayram pullarını yemişəm. Ancaq nə vaxt olsa, canım üçün qaytaracam. İndi əlim aşağıdır. Sən ki, mənim xasiyyətimi bilirsən. Əlimə pul düşən kimi verəcəm.

Ələsgər daha çox dərinə getmədi. Şirzad müəllim köksünü ötürüb sözü dəyişdi: - O süpürgə qoyulan otaqlar balaca döyül ki? - soruşdu. - Xadimələrin oturduğu yeri deyirəm. Bu boyda zırpıltını ora necə yerləşdirəcəyik.            

- Çox asan. Süpürgədi, ağac-uğacdı, toz dərmanları-zadıdı. Hələlik aparıb zirzəmiyə yerləşdirərik. Bunu da qoyarıq ora.

Şirzad müəllim əlacsız-əlacsız razılaşdı: - Yaxşı, nə deyirəm ki, çağır gəlsin. Ələsgər tələsik qalxıb otaqdan çıxdı. İki dəqiqə keçməmişdi ki, Gülmirə ilə qayıtdı. Gülmirə ayağını akt zalına qoyan kimi Şirzad müəllimi görüb üstünə şığıdı: - Hə, deyəsən, işin düşüb mənə. Qoy müdirimiz gəlsin, hamısını deyəcəm. Bayramdan bir aydır keçib, bayram payımızı vermirsən, dalına keçmisən.

Şirzad müəllim mızıldandı. - Verəcəm də. Nolub? İdarənin vəziyyəti ağırdı. Pulumuz olan kimi verəcəm.

- Nə vaxt? O bayram pulu çoxdan yığılıb ey. Məlumatımız var.

- Əşi, ay qız, demişəm, əlimiz aşağıdır, verəcəm, dedim, verəcəm.

Gülmirə deyinməyə başladı: - İki yetim böyüdürəm. Gözümü o pula dikmişdim. Uşaqlara ayaqqabı-zad alacaqdım. Vallah, arvaddar da sənün əlünnən zəncir çeynəyir. Deyirlər, Şirzad müəllim pulumuzu yeyib, üstündən də su içib.

Ələsgər dostuna bələd idi. Bilirdi ki, idarənin malına göz dikməsə də, həlləm-qəlləmliyi vardı. Pullarını çox vaxt içki dostlarına xərcləyərdi. Əlində pulu olmayanda da işçilərə verilən mükafatları xırıt eləyirdi. Ancaq adamın Allahı var, maaşını alan kimi xərclədiyi pulu irişə-irişə adamlara qaytarardı. Ələsgər Gülmirəni sakitləşdirmək üçün şirin dilini işə saldı. Xeylaq qadını təriflədikdən sonra əsas mətləbə keçdi:

- Gülmirə xanım, - dedi, - komissiya qapının ağzındadır. İndilərdə gəlməlidirlər. İstəyirik ki, bu "babamızın" başını sənin o süpürgə-zad yığırsız ha, o çay içdiyiniz yerə, həmin otağa aparıb qoyaq. Bir-iki günlüyə... Narahat olmayın, ora girən olmayacaq. Komissiya gedən kimi başı götürüb sənin şey-şüylərini də gətirib yerinə düzərik.

Gülmirə eşidəndə ki, Lenini onun otağına aparırlar, əvvəlcə çaş-baş qalsa da, sonra hirsi tamamilə soyudu. Hətta sevincindən qışqırmaq da istədi. Çoxdan idi ki, bu kişini qaralamışdı. Lakin sevincini içində boğaraq: - Nə deyirəm ki, - dedi, - ancaq o dostuna deginən, bizim bayram hədiyyəmizi versin, verməsə özüm bilirəm, neyləyəcəm.

- Onu da həll edərik, Gülmirə bacı. Sən get oranı boşalt, mən də gedim fəhlə gətirim. Gülmirəni yola salandan sonra Ələsgər zaldan çıxıb pilləkənləri dörd-dörd düşüb bir anın içində üç-dörd fəhlə ilə qayıtdı. Yarım saat çəkmədi ki, inqilab banisinin yarım bədənini zor-güc qaldırıb Gülmirənin boşaltdığı otaqda yerləşdirdilər. Leninin başını xadimələrin otağında yerləşdirəndə Gülmirə dilini dinc qoymayaraq Ələsgərdən bic-bic soruşdu: - Sən dədeyin canı bu kişi neçə kilo olar? Yəni, deyirsən, çox ağırdı.

- Mən nə bilim. Təxminən iki yüz kilo olar. Yerindən zor-güclə tərpədə bilmişik.

- Əla. Nə yaxşı. - Gülmirənin gözləri par-par parladı. - Çoxdan idi ki, xadimələrdən birinə zalı təmizlədəndə gözü qalırdı kişinin yarım bədənində. Bu metal parçasına baxdıqca ürəyində çox şeyləri vara-vurd eləyirdi. İndi əlinə yaxşı fürsət düşmüşdü. "Eybi yoxdu. Şirzad müəllim, sən ki, biz yetimlərin pulunu kəsdin, mən də bunun əvəzini səndən on qat çıxacağam. Əgər çıxmasam, dədəmin qızı döyüləm. Qoy mənə nə deyirlər desinlər".

***

Həmin gün idarəyə komissiya gəldi. Bir-iki günə yoxlamalarını qurtarıb getdi. Şirzad müəllimin üstündən elə bil dağ götürüldü. Hər şey qaydasınca oldu.

İnqilab banisini gətirib xadimələrin otağına yerləşdirən kimi Gülmirə qadınlara tapşırdı ki, evə getməsinlər. İş vaxtının qurtarmasına az qalmış hər birindən beş manat alıb, dörd pəzəvəng fəhlə və maşın tutub Leninin yarım bədənini metalların təhvil verilən məntəqəsinə apardılar və xeylaq pulla geri qayıtdılar. İnqilab banisi, deyəsən, yaxşı qiymətə satılmışdı. Qadınların kefi kök idi. O günü Gülmirəylə xadimələr ömürlərində bu qədər pul görməmişdilər. Gülmirə Şirzadın acığına pulu xadimələrlə dədə malı kimi bölüşdürdü. Sonra hamılıqla dükan-bazara qaçdılar.

O pulla Gülmirə uşaqlarının əyin-başlarına təzələdi. O pulla ət, toyuq, kartof, kolbasa, şirniyyat, mer-meyvə aldı. Ömründə ilk dəfə taksiyə mindi, aldıqlarını evinə daşıdı. Xadimələr də İnqilab banisinin pulu ilə evlərinə yaxşıca bazarlıq elədilər.

Yoxlamadan bir həftə keçməmişdi ki, Şirzad müəllim evində divana yayxınıb televizora baxırdı. Birdən kanalların birində aparıcı qız küçədə gözə dəyən dəmir tullantılarından danışdıqdan sonra metallom məntəqəsinin fəaliyyətindən də məlumat verəndə Şirzad müəllim dikəlib qulaqlarını şəklədi. "Vay, dadi bidad, əlimin aşağı vaxtında niyə ağlıma gəlməyib ki, bu "dahi" inqilab banisini aparıb xırıd eləməyim?". Bax ey, kilosu bu qiymətədirsə, gör nə qədər pul eləyər. Şirzad müəllimin səhərə qədər gözünə yuxu getmədi. "Gərək, lap tez durum. Müdirin də gələn vaxtıdı. O gəlməmiş bu işi həll eləmək lazımdır. Yoxsa aldığım pula da şərik çıxa bilər". Şirzad müəllim içkiyə meyilli olduğu üçün, hətta xəyalında həmin pulla dostları ilə restoranların birində "ley-pey" olduğu anları yadına saldı, kefi duruldu, hətta öz-özünə gülümsədi də.

 

***

Şirzad müəllim səhərin gözü açılmamış yatağından qalxdı. Səhər naharını alayarımçıq edib işə qaçdı. Bilirdi ki, xadimələr obaşdan, saat səkkiz olmamış iş başında olacaqdı. Şirzad müəllim kabinetinə keçməmiş özünü birbaşa xadimələrin otağına saldı. Gülmirə xadimələrlə oturub şirin-şirin bahalı şokaladla çay içirdilər. Şirzad müəllim qadınlarla ağızucu salamlaşıb otağa göz gəzdirdi. Leninin yarım bədəni yox idi. Şirzad müəllimin başından elə bil alov qalxdı.

- Az, Gülmirə, baş hanı?

- Nəyi deyirsiz, Şirzad müəllim?

- Guya bilmirsən, Lenin babamızın başını soruşuram da.

- Nəyinə lazımdır?

- Ay qız, necə yəni nəyinə lazımdır? - Şirzad müəllim təzədən otağın künc-bucağına baxdı. Süpürgələrdən, döşəmə ağaclarından savayı gözünə heç nə dəymədi.

- Bəri bax, Şirzad müəllim. - Gülmirə ayağa qalxıb sinəsini qabağa verdi. - Heç kişini axtarıb eləmə. Demirdüz ki, bu baş başımızı ağrıda bilər. Biz də, bax, kişini qızlarla aparıb təhvil verdik metal məntəqəsinə. Nədi? Nə baxırsan? Pis iş görmüşük. Sən ki, bizim bayram payımızı vermədin, eybi yoxdu. Halal xoşun olsun. Heç bizə o qəpik-quruş lazım deyil.

Şirzad müəllim suyu süzülmüş otaqdan çıxanda Gülmirənin arxadan dediyi sözləri qulaqlarını aldı.

- Ay Şirzad müəllim, deyirəm Allah Leninə rəhmət eləsin. Ömründə bircə dəfə kişinin xeyrini gördük. Doğurdan da kişinin başı bahalı başlardan imiş.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!