Uşaq hekayələri - Nurlana İŞIQ

 

 

Burağan

 

İşıq tut ağacının altında oturmuşdu. Kürəyini də ağacın gövdəsinə söykəmişdi. Başının üstündəki yarpaqlar yelpik olub onu sərinlədirdilər. Üçrəng pişik də böyründə qıvrılıb xumarlanırdı. İşıq bu gün həmişəkindən sevincli idi. Anası onu çox tərifləmişdi. O, anasına irçəl bişirməyə yaxşıca kömək etmişdi. Birlikdə şipşirin bir gün keçirmişdilər. İndi o, yorulub lap əldən düşmüşdü.

İşıq tut çətirinin altında yenicə mürgü döyməyə başlamışdı ki, yarpaqların qəfil xışıltısına oyandı. Gözlərini açıb yerindən tərpənmədən diqqətlə ətrafı müşahidə etməyə başladı. Düz qabağında yaranan burağanın özüylə birgə iki dənə qurumuş yarpağı süpürüb göyə sovurduğunu gördü. İşığın bundan çox xoşu gəldi. O istədi ki, yenə belə bir səhnə olsun. Ancaq pişiyin gözləri qorxudan böyümüşdü. Ana təbiət elə bil İşığın ürəyini oxudu. Bir az ara verən sakitlikdən sonra sürətli külək daha güclü burağan yaratdı. Pişik caynaqlarını ağacın cadar gövdəsinə keçirib onu qucaqladı. Elə bil göy üzündən xortuma bənzər bir qara bulud ağzını yer üzünə dirədi və ağaclardakı bütün yarpaqları göyə sovurdu. Külək elə sürətlə və hay-küylə əsirdi ki, ağaclar acıqlarından başlarını yelləyirdilər. Tutun budaqlarındakı meyvələr tappıltı ilə yerə tökülürdü. İşıq bilmirdi ki, hansı birini tutub saxlasın, qırmızı ətəyini açıb ora-bura qaçırdı. Tutlar onun başına, üzünə, kürəyinə hər yerinə tökülürdü. Küləyin sürətinə gücü çatmayan İşığın qanı qaraldı. Həm də artıq onun ayaqları sözə baxmırdı. Küləyə qoşulub qaçırdılar. İşıq iki əlini ən yaxın budaqdan tutub müvazinətini saxlamaq istədi, ancaq burağan altdan yuxarı hər şeyi necə sovurdusa, uşağın pəncələri torpaqdan ayrıldı, o sağa-sola yelləndi. Qasırğa bir az da hirsləndi, uşağın yapışdığı budağı möhkəm-möhkəm silkələməyə başladı.

İşıq isə acıqla qışqırdı:

- Qorxmuram səndən, nə qədər istəyirsən coş, burul, mənim tutduğum budaq səndən güclüdür.

Bunu eşidən qasırğa kükrəyib ağacı kökündən tərpətdi. Ancaq ağac təmkinini pozmadı. O, İşığın qulağına əyilib pıçıldadı:

- Pəncəni köklərimin üstündən ayırma. Onda qasırğanın bizə gücü çatmaz. Balaca qızarmış barmaqlarıyla budaqdan yapışan İşıq var gücüylə ayaqlarını yerə toxundurdu, ağacın kökünə qüvvət gəldi. Külək hər şeyi anlamışdı, o sürətini azaltdı. Qasırğa isə yalnız özüylə yığdığı çör-çöpü apara bildi. Pişik yerə endi, yenə ağacın dibində xumarlanmağa başladı.

Ağac İşığa dedi: - Sağ ol ki, məni qoyub getmədin, köklərimi balaca pəncələrinlə qorudun.

 

Çinarın suyu

Dünyanın düz olmayan, suların buz olmayan vaxtı idi. Bizim Yer kürəsinin qabarıq köksündə şahid dağlar lal-dinməz dayanmışdılar. Sanki uzaqdan gəlib çıxmaq bilməyən qonaqlarını gözləyirdilər. Bu dağlar onlara söykənib dincələn yolçulara gördüklərini nağıl edirdilər. Bu əhvalatlardan birini onların dilindən mən də eşitmişəm:

Böyük Qafqaz dağlarından süd əmən ulu çinar enli yarpaqlarını kəndə çətir tutmuşdu. Bu kəndin adamları çox mehriban idilər: tanımadıqları adamları yolda görsələr, - xoş gəlmisiniz, bir loxma çörəyimizdən kəsin, -  deyərdilər, yolda uşaq yıxılsa, onu evə aparar, könlünü alana qədər buraxmazdılar, kim təndirə çörək yapsa, qonşusunu unutmazdı...  Kəndin camaatı ulu çinarı da çox sevirdi. O qədər çox ki, and içəndə - "Çinar haqqı" - deyirdilər, söz verib, əhd-peyman bağlayanda ağacın altına gedirdilər.

Bu yurdun cavanları tez-tez dağa oduna gedərdilər. Onların arasında ən güclüsü Fərman adlı enlikürək bir pəhləvan idi. Onun yaraşığı, qədd-qaməti dillərə dastan idi. Üstəlik, bu cavan yaxşılığını da bir kimsədən əsirgəməzdi, vəfada, sədaqətdə tayı-bərabəri yox idi. Anası həmişə onu əzizləyəndə "Dağçiyinlim" deyərdi.

Bir dəfə cavanlar səhər tezdən Fərmanı da götürüb oduna gedirlər. Yaraqları çiyinlərindən aşırıb, zirvəyə sarı qalxırlar. Dağın sıx meşəliyinə çatanda yorulan cavanlar çinarın kölgəliyində otururlar, altından qaynayan soyuq suyundan içib, sərinləyirlər. Bir az zarafatlaşandan sonra dostları Fərmana deyirlər ki, bu ağacın ən yoğun budağını kəsə bilsə, pəhləvan ləqəbi ona halaldır. Oğlan başını qaldırıb, qonur gözlərini qıyıb əzəmətli ağacın asimanı dəlib keçən ən uca budağına baxır. Ağacın zəhmi onu tutur, birdən qolları boşalır. Baltanı yerə qoyub fikrə gedir. - Onun güclü budaqlarına sənin tərifli qollarının gücü çatmaz, ay pəhləvan! - deyib dostları gülüşürlər. Oğlan onun pəhləvanlığına söz deyən dostlarına dərs vermək istəyir. O, baltanı əlinə alıb bir zərbədə ağacın köksündəki ən yoğun qolunu gövdəsindən ayırır. Bu zaman meşəni qəribə bir səs bürüyür, quşlar səmada qiyyə çəkirlər. Hər yer yarpaq selinə bürünür. Pəhləvanın cansız bədənini görən dostlar heyrətlə və təlaşla qaçırlar.

Gün qızarır, saralır, yenidən qızarır, amma dağçiyinli oğul evə qayıtmır. Ana balasının dalınca başyuxarı qalxır. Fəhmi onu çinarın yanına gətirir. Qara yoğun budağın altında oğlunun yana düşmüş ağ boynunu görən ananın bəyaz kələğayısı süzülüb qara torpağa düşür, yaxınlaşıb diz çökür, balasının alnına tökülmüş qumral tellərini oxşayır, elə bir dil deyir ki, bu hadisəyə şahid olan dağlar yerindəcə quruyur. Bütün kənd dağdan gələn aha qulaq verir: "Bu Fərmanın anasının səsidir, hə, odur, qalxın dağa... dağa sarı, ay camaat...

Ana başını qaldırıb diqqətlə dövrəsində yaranan qələbəliyə baxır, sonra üzünü çinara tutur: "Ulu Çinar, anam Çinar, bu mismarı sənə çaxıram, sənə və balama bais olanları cəzasız, qoyma!"

Çinar bu hadisədən o qədər qəmlənir ki, altından qaynayan soyuq bulaq da quruyur. Nəsillər düşmən olur. Kənddə hamı bir-birindən küsür, ağaclar çətirlərini yığır, daha kölgə salmırlar. Yoldan keçən yolçulara heç kim salam vermir, yıxılanı qaldırmırlar.

Günlərin bir günü, saçlarının sonuncu teli ağaranda ana ağacın yanına gəlir, onun cadar gövdəsinə qabar olmuş əlləriylə sığal çəkir, mismarı tapıb çıxarır və alqış edir: "Hər kəsi bağışlayıram, sən də bağışla, çətirini yenə aç kəndin üstünə, bulağın gözünü qaynat, ulu çinar..."

Bu hadisədən sonra gecə vaxtı dağdan buzayaqlı bir adam enir kəndə. O, iki dəfə ayağını ağacın dibinə vurur. Həmin yerdən bulaq qaynamağa başlayır. Sonra o adam dağlara çəkilir, çinarın suyu isə indi də buz kimi soyuqdur, bütün azarlılara şəfadır. 

               

 

Fillərin salamı

Bayram ərəfəsində Bakıya xaricdən yeni sirk truppası gəlmişdi. Ayçilin valideynləri bu tamaşaya bilet almışdılar. Qız sevinirdi ki, vətənində olmayan heyvanları canlı görəcək. Reklamlarda da eşitmişdi ki, bu möhtəşəm səfərdə hamı iştirak edəcək - ta xortumludan tutmuş hörgüclüyə qədər.

Sirkin qabağında şirin-şəkər uşaqlar və onların həyəcanlı valideynləri teatrın qapısının açılmasını gözləyirdilər. İnsanlar bir az tez gəlmişdilər ki, yolda tıxaca düşüb tamaşaya gecikməsinlər, nəhayət, qırmızı-qara formalı şəxs çöhrəsində böyük gülüşlə sirkin qapılarını açdı.

 Ayçilin valideynləri yuxarıya - amfiteatr quruluşunda olan zala qalxıb nömrələnmiş oturacaqlarını tapdılar. İki min dörd yüz oturacağı olan zal, demək olar ki, dolmuşdu.      Sirk başladı. Burunlarına qırmızı topcuqlar taxmış klounlar adamları bir az əyləndirib getdilər və at oynadanlar gəldilər. Ağ donlu, şəvə saçlı bir qız yəhərsiz atın üstündə ayaq üstə dayanmışdı. Birdən o əzələləri parıldayan köhlən atın üzərində sürətlə meydançanı dövrə vurmağa başladı. Artist hər dəfə Ayçilin qarşısından keçəndə o, elə bilirdi ki, qız indi təpəsi üstə aşacaq. Həyəcanlanan Ayçil sanki tikan üstdə oturmuşdu, ancaq bu artistin üzündəki sakit təbəssüm, həyəcansız ifadəni görəndən sonra o, bir az sakitləşdi. Qız isə cürbəcür akrobatik hərəkətlər edərək qıvraq atın yəhərsiz belində gah atılıb-düşür, gah da əllərini açıb dimdik dayanırdı. Sonra o elə atın üstündəcə tamaşaçılara əl edərək zalı tərk etdi. Və budur, Ayçilin ən sevdiyi heyvanlar - fillər ağır-ağır dairəvi meydana təşrif buyurdular. Qədim ərəb şeyxlərini xatırladan başı çalmalı artistlər Şərq simfoniyasının sədaları altında zalın çevrəsini fillərlə birgə fırlanmağa başladılar. Sonra boyunlarına gül çələngləri asılmış bu fillər oturanları salamlaladılar; onlar centlmenlər kimi bir dizlərini yerə qoyub baş əydilər və xortumlarını yuxarı qaldırdılar. Bu hərəkəti artistlərin göstərişilə fırlanaraq bir neçə dəfə təkrarladılar. Zaldan alqış səsləri qopdu. Ancaq anası Ayçilə tərəf çevriləndə onun baxışlarının donduğunu gördü. Ana belə baxışları həyatın hansısa dərin bir epizodundan heyrətlənən böyük insanlarda görmüşdü.

O, narahat oldu və qızına dedi:

- Qızım, fillər səni salamlayır.

Ayçil fikrə getmişdi, susurdu...

Tamaşa bitdi, ana yolboyu qızının kədərli üzünə baxırdı, ancaq heç nə demirdi. Axşam Ayçilin otağına keçib, ondan niyə kefinin olmadığını soruşdu:

- Ana, mən böyüyəndə sirkləri qadağan edəcəyəm.

- Niyə, günəş qızım?

- Sən görmədin? Sahibləri fillərin ayaqlarından nazik kəndirlə vururdular ki, onlar baş əyib bizi salamlasınlar. Dünyada kiməsə belə salamlaşmaq öyrətmək olmaz, ana. 

Ana incinmiş qızının biləklərindən öpdü:

- Bu dünyanı sənin kimi uşaqlar xilas edəcəklər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!