Konstantin Paustovskinin "Teleqramma" sərlövhəli bir hekayəsi var. Hekayənin baş qəhrəmanı Katerina meqapolisdən uzaq bir kənddə yaşayır. O, məşhur bir rəssamın qızıdır. Atasının sağlığında Peterburqda, Parisdə qalıb, bir çox mədəni tədbirlərin iştirakçısı olub, hətta Hüqonun dəfn mərasimində iştirak edib. Amma bəla burasındadır ki, ucqar kənddə bu duyğusal xatirələri bölüşəcək adam yoxdur. Ətrafındakı adamlar Hüqonun adını belə eşitməyiblər. Heç kəs onun söylədiklərinin fərqində deyil.
Belə bir əhvalat bu yaxınlarda mənim də başıma gəldi: Xoş bir təsadüf nəticəsində 70-ci illərin futbol əfsanələri ilə şəkil çəkdirdim. Amma düşünəndə, bu fotonu qürur hissi ilə göstərəcəyim adam xatırlaya bilmədim. Zaman və dəyərlər sürətlə dəyişir. İndikilər ondakıları tanımırlar.
İnsanın ətrafında onun yaşadığı duyğuları, bioqrafiyasının məğzini təşkil edən xatirələri anlayan adamlar yoxdursa, demək insan öz zaman və məkanından çıxıb başqa zaman və məkan müstəvisinə düşüb. Orada isə o qəribdir, öz evində olsa belə, o, zaman və məkan qəribidir.
Sufilər deyir, haqq danışan yox, dinləyəndir. Dinləyən, yəni söyləniləni anlayıb başa düşən. Nəql edilən mətnin dəyəri də məhz onu dinləyənin qavrama qabiliyyətinə bərabərdir.
Güman ki, cəmiyyətdəki təbəqələşməni insanın tutduğu mövqedən çox, məhz dinləmə-anlama problemi müəyyənləşdirir.
İnsanı anlayan yoxdursa, insan da yoxdur, o, olduğu yerdə mövcuddur, amma yaşamır. Belə vəziyyətdə insanın danışmağıyla susmağı eynidir. Bəlkə də susmağı daha yaxşıdır, çünki sükutun dilini hər kəs özü bildiyi kimi anlayır.
Paustovskinin adı çəkilən hekayəsinin qəhrəmanı dərin depressiyaya düşür, öz içinə qapılır, aylarla evdən çıxmır, çünki onun xatirələri ətrafındakı adamların qulağına və qəlbinə yaddır, həmin insanların dünyaları, dünyagörüşləri çox məhduddur, kəndi əhatə edən çöllərdən, dərə-təpədən o yana getmir. Bu dar çərçivədə onlar şad-xürrəm yaşayırlar, sevincləri də, qəmləri də bu dar məkana sığır; hamı bir-birini yaxşı anlayır, onlar balaca dünyanın övladlarıdır. Katya isə yüksək materiyadan danışır, xatirələri də bambaşqa aləmdən xəbər verir. Daha doğrusu, artıq danışmır, susur, onu dinləyib anlaya biləcək insanın (şəhərdə yaşayan qızının) yolunu gözləyir, o isə gəlib çıxmır.
Mən isə keçmiş zamanların futbol əfsanələrinin şəklini göstərib qürurlanmağa adam tapa bilmədiymə görə Katya ilə eyni müstəvidə olsam da, vəziyyətim kökündən fərqlidir; ətrafımdakı yeni nəslin dünyası hədsiz-hüdudsuzdur, bütün aləmi, hələ aləmdən də o yanı əhatə edir. Hər tərəfdən axıb gələn informasiya bolluğunda keçmiş zamanların duyğusal xatirələri itib batır, görünməz olur. Keçmiş futbolçuların vurduğu top fəza və zaman sonsuzluğunda itir.
Yəqin ki, saatlarla sükuta qərq olan nənə-babaları görmüsünüz. Onlar bir-iki dəfə xatirələrini danışandan sonra başa düşürlər ki, bu əhvalatlar sonrakı nəsli, nəvələri maraqlandırmır, nəvələr onların söhbətlərinin emosional yükünü heç vəch ilə duya bilmirlər. Onları bir-birindən ayıran keçmiş zamanla indiki zamandan əlavə həm də real dünyayla virtual dünyadır. Qocalar keçmişdə qalıb, nəvələr isə virtual aləmdə uçurlar. Onlar bir-birini görsələr də eşitmirlər, anlamırlar. Ayrı-ayrı dünyaların sakinləri kimi, bir-birinin qarşısında kabuslar kimi dolaşırlar. Qocalar bunu cavanlardan tez anlayır və öz evlərində, doğmalar içində qəribləşərək Katya kimi öz içlərinə çəkilirlər. Daha danışanı dinləyən, anlayan yoxdur, hər kəs öz aləminə sığınıb. Başqa sözlə, insanlar bir evdə, bir damın altında yaşasalar da paralel zaman və məkanlarda yaşayırlar, zahirən bir yerdə olsalar da, daxilən tək-tənhadırlar.
Alber Kamyunun "Yad" povestindəki Merso ilə anasının problemi də bu qəbildəndir. Yaşlı ana hər gün səhərdən axşamadək evdə oturub oğlunun yolunu gözləyir. Axşam yorğun-arğın qayıdan oğlundan soruşur, iş günün necə keçdi? Merso deyir, yaxşı. Bununla da ana və oğul arasında söhbət bitir. Onların artıq danışıb-bölüşəcəkləri mövzu yoxdur, ani görüşdən və ənənəvi sual-cavabdan sonra hər kəs öz aləminə çəkilir.
Molla Nəsrəddinin məşhur bir lətifəsi "Teleqramma" hekayəsinin baş qəhrəmanının düşdüyü vəziyyətə daha yaxındır: Kəndə bir nəfər alim gəlir. Elin ən savadlı adamını soruşur və onunla söhbətləşmək niyyətində olduğunu bildirir. Kənd Molla Nəsrəddini qabağa verir. Alim Mollanın biliyini sınamaq məqsədi ilə yer kürəsinin ovallığına işarə olaraq dairə şəkli çəkir. Nəsrəddin şəklin tən ortasından dairəyə bir düz xətt əlavə edir. Alim düz xəttin yanından qısa bir düz xətt də çəkir. Nəticədə həm Molla Nəsrəddin, həm də alim razı qalır. Alimdən nəyin baş verdiyini soruşanda, izah edib deyir ki, molla çox savadlı adam imiş. Mən yer kürəsinin şəklini çəkdim. Dünyagörüşü çox geniş olan Nəsrəddin bunu həmin an başa düşüb yer kürəsinin tən ortasından ekvator xətti əlavə etdi. Mən də həmin xəttin yanından qısa bir xətt çəkib dedim ki, yerin üçdə bir hissəsi sudur.
Həmin əhvalatı Molla Nəsrəddin belə izah edir: Alim bir dənə tava şəkli çəkdi, bildim ki, tavada bişən qayğanağa işarə edir. Mən də ortadan bir xəttə çəkib dedim ki, qayğanağın yarısı mənimdir. Amma o çox gəvəzə adam çıxdı, bir xətt də çəkib dedi, üçdə bir payı mənimdir. Mən də qonağın xətrinə dəymədim, dedim, olur, olsun.
Katerinanı dinləyənlər də Molla Nəsrəddin alimi başa düşdüyü kimi hər şeyi "başa düşürlər". Katya da öz növbəsində onların "başa düşdüyünü" başa düşüb susur.
Hər şey köhnəlir, deyirlər. Hər şeyi köhnəldən hər şeyin təzələnməsidir. Zaman da su kimidir, axdıqca təzələnir. Beləliklə, nə Konstantin Paustovskinin "Teleqramma" hekayəsindəki Katya Hüqonun dəfn mərasimindən danışmağa, xatirələrini bölüşməyə münasib bir adam tapa bilir, nə də mən - 70-ci illərin əfsanəvi futbolçularla çəkdirdiyim şəkli fəxarətlə göstərməyə həmsöhbət.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!