Çiçəklərin rəqsi
Qış hələ qurtarmamışdı. Həyətdə qar ərimiş, bahar havası duyulsa da, xəfif külək əsir, tumurcuqları azacıq bilinən ağac və kolları silkələyirdi.
Çiçək evə girəndə televizorda qızlar rəqs edirdilər. Musiqidən xoşlanan Çiçək də onlara qoşuldu. Nənəsi hələ də əlindəki çömçə ilə pəncərələrin qabağındakı dibçəklərdə olan çiçəklərin dibinə su tökürdü.
Oynaq musiqi sədaları altında bir az rəqs edəndən sonra Çiçək nənəsinin yanına qaçdı:
- Nənə, musiqi çalınır, mən oynayırdım. Bəs bu çiçəklər niyə oynamırdı?
Nənəsi bir az fikirləşib:
- Bax, quzum, çiçəklər musiqi ilə yox, küləyin, ya da mehin əsməsi ilə oynayırlar, - deyib pəncərənin bir tağını açdı və pəncərədəki pərdədə olan gül-çiçək şəkilləri ilə bərabər dibçəkdəki çiçəklərin rəqsini Çiçəyə göstərdi.
Başa düşdüm
Dərsimi hazırlayırdım. Mətndə çoxlu sözlər var idi. Tapşırığa görə "Ş" ilə başlayan sözləri seçib ayırmalı və şifahi olaraq onların mənasını izah etmək lazım idi. Mətndə qoyun, şişək, ildırım, şimşək sözləri də var idi.
Mən şişək və şimşək sözlərini "Ş" hərfi ilə başlayan sözlərin sırasına yazdım. Ancaq sözlərin mənasını bilmədim. Qonşu otaqda babam bir neçə kişi ilə söhbət edirdi. Mənim babam müəllim olmuşdu, təqaüdə çıxandan sonra dərs deməsə də, onun keçmiş tələbələri tez-tez onu ziyarətə gələr, yazdıqları şeir və hekayələri ona oxuyub məsləhət alardılar. Bəzən mən də boş vaxtım olanda onların yanına, qonaq otağına gələr, babamın yanında oturub müzakirələrə qulaq asmışam. Başa düşdüyüm o olub ki, qonaqlar babamın dedikləri ilə razılaşıblar.
Mən kitabı götürüb, qonaqların yanına gəlib kitabı babama uzatdım. O tapşırığın mətninə göz gəzdirəndən sonra - anladım, - dedi.
- Sən şişək və şimşəyin nə olduğunu bilmirsən, bir neçə dəqiqə otur söhbətə qulaq as, mən sənə kömək edəcəyəm.
Mən də qonaqların söhbətinə qulaq asmağa başladım. Söhbət Qarabağın azad edilməsindən, bu sahədə şair və yazıçıların məsuliyyətindən gedirdi. Babam isə əlinin altındakı şagird dəftərini götürub nəsə yazmağa başladı.
Bir neçə dəqiqədən sonra bir vərəq cırıb mənə uzatdı, - get öz otağında oxu, - dedi. Mən tələsik otağıma çatıb ortadan qatlanmış vərəqi açıb oxumağa başladım. Babam yazmışdı:
Şişək cavan qoyundur,
Hələ verməyib bala.
Yunundandır şişəyin
Sənin döşəyin bala.
Şimşəyi ildırımdan,
Oğul səsindən ayır.
Şimşək sakitcə "qaçır",
İldırım guruldayır.
Babamın bu yazısından şişəyin və şimşəyin nə olduğunu başa düşdüm.
Düz kərpiclər
Qəlib arxada buraxdığı kərpicləri görüb sevindi, necə şümal, düzgün dördbucaqlı idilər.
- Hə, gözəllər, bax belə. Sizin və mənim sayəmdə yaraşıqlı evlər tikiləcək, insanlar rahat yaşayacaqlar.
Kərpiclərdən biri onun sözünü kəsdi:
- Bura bax, Qəlib, indiyə qədər torpağı samanla qarışdırıb, ayaqlayıb palçıq halına salan kişi idi. Bu gün bir uşaq da ona qoşulub, balacadır, o, bizi necə yetişdirəcək?
Qəlib cavab verdi:
- Sizi kim hazırlayır hazırlasın, təki can yandırsın.
Palçıqla Qəlibin söhbətini başa düşən kərpickəsən onların söhbətini belə yekunlaşdırdı:
- Mən oğlumla əlimizdən gələni etdik. Nə qədər ki, Qəlib korlanmayıb, düzdür, siz də gözəl və düz olacaqsınız, - dedi.
Rəvayətin sehrində
Babamla mən şəlaləyə çatanda axşamçağı idi. Şəlaləni göstərməyi babamdan mən xahiş etmişdim. Onsuz da arıxanada görüləcək elə bir işimiz də yox idi. Pətəkləri dünən süzmüşdük. Bu gün istirahət etdiyimizdən babamın dəfələrlə mənə səmtini göstərdiyi qayaların arasındakı şəlalənin yanına aparmasının səbəbkarı da mən idim. Şəlalə arıxanadan xeyli uzaqda idi. Ona görə də ora çatmağımız axşamçağına təsadüf etdi.
Qayaların arasından xeyli ucadan tökülən su yerə çatmağa az qalmış öz bütövlüyünü itirib gah kiçik bulaq kimi, gah da damcılar şəklində yerə çatırdı. Mənzərə çox gözəl idi, ətrafı qayalarla və xırda kollarla əhatə olunmuşdu. Şəlalənin gözəlliyi məni məftun etmişdi. Su tökülən yerin yanında qulaq başqa səs eşitməsə də, bir neçə addım aralı nisbətən uca səslə danışmaq və deyiləni eşitmək olardı. Babam:
- Belə yerdə bir tikə çörək yemək ləzzət verər, - deyib arxasına asdığı çantanı açıb süfrə saldı. Mənim fikrim isə şəlalənin, bu gözəl möcüzənin yanında idi.
Biz yeməyə başlayanda dərənin içi ilə bizə tərəf, üzü yuxarı şəlaləyə tərəf ağ bulud parçaları axmağa başladı. Babam:
- Tələsməliyik, birazdan buranı duman basacaq, ancaq mən bura gələn bütün cığırları tanıyıram, - deyib üzümə baxdı.
- Bəlkə çörəyimizi yeyə-yeyə sənə bir rəvayət danışım, sənə də maraqlı olar.
- Danış, baba, danış. Əgər şəlaləylə bağlılığı olsa, lap yaxşı olar.
- Danışacağım əhvalat bütünlüklə şəlaləylə bağlıdı, - deyib babam söhbətini belə davam etdirdi: - Çox qədim zamanlarda iki dağ pərisi var imiş. Onlar adından məlum olduğu kimi, dağlarda bir-birindən aralı yaşayır, təsadüfən şəlaləyə həm görüşüb dərdləşməyə, həm də yuyunmağa gələrmişlər. Qayalar və kollar onları yad gözlərdən, naməhrəmlərdən mühafizə edərmiş. Pərilər yuyunduqları zaman kofta və tumanlarını da yuyub qayaların üstünə sərərək qurudub gedəndə geyərmişlər. Bir dəfə onlar yuyunduqları zaman çox həssas olduqlarından yad səslər eşitmiş, tumanlarını geyinmək istərkən onların hələ də yaş olduğunu görmüşlər. Nə edəcəklərini bilməyən pərilər öz tanrılarından çıxış yolu diləmişlər. Birdən ətrafı duman bürümüş, yad səslər uzaqlaşmış, pərilər isə dua etməyə başlamışlar:
- Nə olar, ulu Tanrı, məsləhət bildiyin kimi tuman olmasın, duman olsun demişlər.
Bu gün də belə, bu rəvayəti bilən xalqlar dumana - örtük, geyim mənasını verən tuman deyirlər. Babam söhbətini buraya çatdırana qədər duman da artıq bizə çatmışdı. Biz çörəyimizi yeyib süfrəni yığışdırdıq. Duman isə getdikcə sıxlaşırdı. Babam bir cığıra düşüb dərə aşağı enməyə başladı. Mən onun arxasınca getsəm də, fikrim gördüyüm şəlalənin gözəlliyi və eşitdiyim rəvayətin sehrində qalmışdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!