Günahkar otlar, yaxud enerjinin saxlanması qanunu - Pritça. Hicran Hüseynova

 

 

Gedirdi. Getdikcə uzaqlaşırdı ruhunu cırmaqlayan, saçlarını codlaşdırıb taxta yonqarına döndərən küləkdən, gözünü oxşamayan cansız rənglərdən uzaqlaşırdı. Əyri üzlər, bulanıq gözlər arxada qalırdı uzaqlaşdıqca.

İstidən, yorğunluqdan nəfəsi təngiyirdi, mənzil başı isə... Nə mənzil başı, hansısa mənzil başı yoxdu axı, mənzil başını o özü seçməli, özü təyin etməliydi. Özü seçirdi hər şeyi- lap uşaqlıqdan bu günə qədər və yanılmırdı zənnində. İndi də yanılmaz, inşallah. Amma tozlu yollar da bezikdirici idi. Bircə hər şeydən tez bezib yorulmaq xasiyyəti olmasaydı...

Yenə özünü danladı, həm də kimi danlayacaqdı ki, arabada özündən başqa heç bir canlı yoxdu. Özüydü, bir də yaşamaq üşün lazım olan məişət əşyaları: göy stulu, qəhvəyi fincanı, qara çətiri,.. Ərzaq adına isə bir kisə buğda götürmüşdü özüylə. İndi boyat çörəyi yeyirdi, nə vaxtsa mənzil başına çatanda isə min bir əzab-əziyyətlə bu buğdanı üyüdüb un eləməli, çörək hazırlamalıydı özü üçün.

Hava isti, yol uzaq. Arabanı da necə gəldi sürürdü. Yol boyu oxuduğu şən, kədərli mahnılar təkərlərin cırıltısına qarışırdı. Əyri üzlər, bulanıq gözlərlə bərabər, axar-baxarlı çöllər, al-qırmızı güllər də getdikcə uzaqlaşır, geridə qalırdı. Bircə çəhrayı buludlar ayrılmırdı arabadan, gedəndə gedir, duranda dururdu.

Amma indi çəhrayı buludlara baxıb çəhrayı düşüncələrə dalmaq, çəhrayı nəğmələr oxumaq vaxtı deyildi. Ən azı ona görə ki, köhnə, yanıq çörək də qurtarmaq üzrə idi və o, arabanı saxlayıb hardasa bu yaxınlarda bir alaçıq qurmalı, tez-tələsik buğdanı üyüdüb çörək bişirməliydi. Qeyri-ixtiyari taxta ayaqaltının üstünə qoyduğu kisəyə sarı boylandı. İlahi! Kisə bomboşdu! Kisəni kim boşalda bilərdi axı, yollar boş, bir ins-cins yox... Möcüzədi, düşündü...

Yox, möcüzə deyilmiş heç də. Sadəcə, kisə böyrü üstə düşüb ağzı açılıbmış, buğda da, yəqin ki, yol boyu səpələnib...

Bir an duruxub nə edəcəyini bilmədi, az sonra dikəlib fikirlərini nizama saldı: indi səbəb-nəticə axtarmaq vaxtı deyil, ac qalmaq təhlükəsi var. Cəld geri qayıdıb, yola tökülən buğdanı təzədən kisəyə yığıb gətirməliydi.

Düşündüyü kimi də elədi. Uzun-uzun yollarla geri qayıtdı-özünü danlaya-danlaya. Yenə toz-torpağa bulandı üst-başı, yenə pozuldu fikirlərinin nizamı...

Boz yollar uzanır, buğdanın isə bir dənəsi belə görünmürdü. Bilmirdi kimi söysün, nəyi qarğısın. Axtarmaqdan bezib dayanmışdı ki, gözünə yaşıllıq dəydi. Sonra baxdı ki, çəmən deyil bu yaşıllıq, nazik xətt boyu uzanıb gedən otlardı. Arif adam idi, barmağını dişlədi; onun kisəsindən tökülən buğda, yaşıl otlar-bir sözlə, enerjinin saxlanması qanunu... Günahkar otlara baxıb yorğun-yorğun gülümsədi. İndi aclıq da qorxutmurdu onu.

Bircə şeyə mat qalmışdı: o, yolda olduğu müddətdə yağış yağmamışdı axı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!