Nasirlik və dəlilik - Azər Qismət

Biopolyar düşgünlüklə yaradıcılıq arasında assosiativ əlaqə barədəki elmi məqalə ilk dəfə 1970-ci ildə dərc edildi, müzakilər qızğın həddə çatdı. Ancaq dəlilik və dahilik arasındakı əlaqənin tarixi isə çox qədimlərə gedib çıxır. Bu hələ Aristotelin vaxtında geniş şəkildə müzakirə olunub. Qədim yunanlar belə düşünürdülər ki, yaradıcılıq - Tanrıların və yaxud Zevsin qızlarından olan Muzanın bəxş etdiyi vergidir. Hər bir hadisəni göylərin iradəsi hesab edən qədim yunanlar yaradıcılıqdan da yan keçmirdilər. Onlara elə gəlirdi ki, yaradıcılıq Tanrıların insan dili ilə yerdəkilərə çatdırılmasıdır. Gözəl və ifadəli söz insana aid deyil, yalnız göylərin hakimlərinə məxsusdur. Belə miflər neçə minillər boyu sadə adamlar arasında dövr etdi. Məhz bu səbəbdən qədimdə yaradıcı adamlara, o cümlədən şair və nağılçılara qəribə baxışlarla nəzər salar, dəli adlandırıb rahat buraxmaz, daim izləyər, daim qorxu altında saxlayardılar: "Siz Tanrı deyilsiz. Yalnız onlar belə bəlağətli kəlmələr işlədə bilərlər".

Elə o vaxtdan biopolyar düşgünlüklə yaradıclıq arasında hansısa əlaqənin mövcud olması barədə sadə adamlarda müəyyən təsəvvür yarandı. Əlbəttə, qədim insanlar "biopolyar" sözünü biləcək qədər elmə malik deyildilər. Sadə dildə yaradıcı adamlara dəli deyər, bilməzdilər ki, neçə əsr sonra psixiatriyada bu elm mükəmməl qaydada tədris ediləcək. İndiki araşdırmalar qədim yunan və romalıların yaradıcı adamları barədə kifayət qədər təhlil aparmağı bacarıb. Buna misal olaraq dramaturqlar, romançılar, bioqraflar və rəssamlarda baş verən depressiyaları əsas götürürlər. Bəzi hallarda depressiya yaradıcı adamlara yeni qüvvə gətirir, beynin altşüurunda böyük təkanlara səbəb olur. Biz Məhəmməd Füzulinin şəxsində görə bilərik ki, ən yaxşı əsərlər dərdli vaxtlarda da qələmə alınır. Psixoloqlar hesab edir ki, beynində psixi pozğunluq yarananlar həyatı və dünyanı tamam yeni rəng çalarında görürlər. Başqalarının adi yazısına nisbətən belə əsərlər dünyanı həmişə maraqlandırıb.

Psixoloq Can Filip Raştonun araşdırmaları sübut etdi ki, yaradıcılıqla intellekt arasında korrelyasiya mövcuddur. Digər araşdırmada isə yazılır ki, yaradıcılıq potensialı şəxsiyyətin özünün psixi dəyişkənliyi ilə nəticələnir. Uzun illər belə bir fikir hakim idi ki, beynin prefrontal qabığı ikitərəfli şəkildə fəaliyyətdədir. Belə elmi mövqe üzərində qəti şəkildə qalınırdı. Lakin sonrakı araşdırmaların nəticələri barədə məlumat veriləndə adamların yaradıcı şəxslərə hörməti artdı. Əslində, buna hörmət də demək olmazdı. Sadəcə, belə adamların sadə adamlardan fərqləndiyi üzə çıxdı. Xüsusilə, standart çərçivədən kənara çıxan yaradıcılara daha dəli gözü ilə nəzər salınmadı. Araşdırmanın nəticəsi sensasiyalı xəbərlər sırasında birinci oldu: şizotipik şəxslərdə beynin sağ yarımkürəsi sola nisbətən daha aktiv inkişaf edib. Belə çıxdı ki, sağ yarımkürənin inkişafı beynin hərtərəfli işləməsinə gətirib çıxarır. Bu hipotezə əsasən şizotipik insanlarda ambidekstriya onların üstün cəhətidir. Ambidekstriya - hər iki əlin eyni dərəcədə funksionallığa sahib olmasıdır. Sol əl sağ əl qədər bütün hərəkətləri yerinə yetirir. Mark Bateu və Adriana Furnhamın son üç araşdırması da neçə il müzakirə mövzusuna çevrildi: Şizotipik pozuntulu adamlarla hipomanikal sindrom və yaradıcılıq arasında əlaqə var. Buna yaradıcı adamların beyninin biopolyar pozuntusu da deyirlər. Üstəlik bura depressiv narahatlığı da əlavə etsək, vəziyyət daha da qəlizləşir. Xüsusilə belə əlaqə yazıçılar, şairlər və rəssamlarda daha çox özünü göstərir. Key Redfild Cemisonun "Alova toxunarkən: Manikal-depressiv psixoz və artistik çılğınlıq" əsərində xüsusilə hər çür peşə sahibləri arasında əhval-ruhiyyə zamanı nələrin baş verdiyini xüsusilə qabardıb. O, həmçinin bəzi yaradıcı adamların -Ernest Heminquey, Virciniya Vulf, bəstəkar Robert Şuman, eləcə də məşhur rəssam Mikelancelonun həyatında baş verən qeyri-sabit epizodlardan söz açıb. Heminqueyin hansı səbəbdən özünü öldürməsi, depressiyadan əziyyət çəkən Virciniya Vulfun suda boğulması, intihara əl atan və psixiatriya xəstəxanasında ömrünü başa vuran Robert Şuman barədə çoxlarının bilmədiyi xırdalıqlar ictimaiyyətə çatdırıldı. Yaradıcılıq və dəlilik arasındakı əlaqə barədə İsveç mütəxəssislərinin Karolina institutundakı tədqiqatları da az rol oynamadı. Tədqiqat zamanı 1 milyona yaxın insan müayinə edilmişdi. Bəzi faktorların araşdırması göstərdi ki, yazıçılarda biopolyar pozuntulara, şizofreniyaya, unipolyar depressiyaya, alkoqol və narkotik maddələrdən istifadəyə, o cümlədən intihara  meyillilik çoxdur. Rəqqaslar və fotoqraflar da bu sırada ilk yerləri tuturlar. "Psixiatrik araşdırma" jurnalında qeyd olunur ki, yaradıcı insanın şəxsiyyətindəki dəyişiklik  o adamların şizofreniya tərkibindəki müxtəlif xəstəliklərə istiqamətlənməsindən irəli gəlir. Ola bilsin ki, yaxın qohumlarından kimsə ya bundan, ya autizmdən əziyyət çəkir. Psixoloq, doktor Robert Epşteoyn yaradıcı adamların stress hallarının necə qorxulu olmasından çox yazıb: "Onlar stress vaxtı heç nə yaza bilmirlər".

Yaradıcılıqda əhval-ruhiyyə faktoru da əsasdır. Araşdırmaların nəticəsi onu da deməyə əsas verir ki, dahiyanə əsərlər yazıçının əhvalının xoş vaxtına düşən anlarda yazılır. Şizofrenik əlamətlər 2 halda özünü göstərir. Birincisi, yaradıcı insan möhtəşəm əsər yaratmaq istəyir, lakin bunu bacarmır. O halda depressiyaya düşür, içkiyə qurşanır. Söz oynatmaq, orijinal ifadə düşünüb tapmağın əlacını müxtəlif spirtli içkilərdə axtarır. İkinci hal isə maddi problemlə bağlıdır. Şair və yazıçıların qeyri-adi istedadları olsa da, maddi problem stress hallarını gücləndirir. Dünya ölkələrində belə faktorlar özünü qabarıq göstərib. Yaradıcı insanların böyüdüyü mühit, yaxud uşaqlıqda aldığı psixoloji yara da əsərlərinə təsir edir. Ona görə də hər bir əsər əhval-ruhiyyənin yüksək olmasından, ailə xoşbəxtliyi və psixoloji cəhətdən sağlamlığından irəli gəlir. Yaradıcı insanların manikal-depressiv psixoz halında yaşamasını qələmə aldıqları əsərlərdə də görmək olar. Belə xəstəlik əsərlərə də sirayət edir. Manikal-depressiv psixoza yoluxan insanlara elə gəlir ki, onları izləyirlər, qeyri-adekvat davranış, qəfil coşqunluq nümayiş etdirirlər. Belə yazıçıların əsərlərinin dialoqlarındakı coşqunluğu da həmin xəstəliklə əlaqələndirirlər. Biopolyar düşkünlüyə yoluxan yaradıcı insanlar maniyanın ağır növündən əziyyət çəkirlər. Maniya - depressiya xəstəlik aşırı həddə olanda baş verir. Belə vəziyyətlərdə şair və yazıçılar sözlərini ifadə etməkdə çətinlik çəkirlər. Biopolyar düşkünlüyə tutulanlar hipomaniya ilə yoluxanda isə əks hadisələr yaşanır. Həmin anlarda yaradıcı insanlarda elə dahiyanə fikirlər formalaşır ki, buna yalnız təəccüblənirlər: "Doğrudanmı bu mənəm?". İkinci tipdə olanlar istər poeziya, istərsə də dizayn işlərində inanılmaz orijinallıq nümayiş etdirirlər.

Dünyada məşhur olan bəzi insanlar biopolyar düşkünlükdən əziyyət çəkiblər. Məsələnin maraqlı tərəfi ondadır ki, bu onların gündəlik həyat tərzinə çevrilib və heç nədən şübhələnmədən adi qəbul ediblər. Bu sırada Lyudviq van Bethoveni, Virciniya Vulfu, Ernest Heminqueyi, İsaak Nyutonu, Cudi Harlend və Robert Şumanı misal çəkmək olar. Belə düşkünlər cəsarətli əsərlər yazmaqdan qorxmurlar. Sözlərini kökaltı deyil, açıq-aydın yazır, bir sözlə, eyham üsullarından yararlanmağı özlərinə sığışdırmırlar. Eyhamlı və ikibaşlı əsərlər yazanlar isə manikal-depressiv psixozlardır. Onlara elə gəlir ki, cəsarətli ifadələrlə bol əsərlər qələmə alsalar, elə indicə qapını döyüb ya fiziki təzyiqə məruz qoyacaq, ya da həbs edəcəklər. Beləliklə, hipomaniyaya yoluxanlar manikal-depressiv psixozlara gülürlər. Amma xəbərləri yoxdur ki, özləri də bir başqa cür xəstədirlər. Belə xəstəliklər yaradıcı insanların şəxsiyyətlərinin formalaşmasında öz izini qoyur.

Key Redfild Cemisonun "Alova toxunarkən: Manikal-depressiv psxioz və artistik çılğınlıq" əsərində yaradıcı insanların biopolyar, yoxsa təkpolyar şəxsiyyətinə malik olmalarını müsahibələri, məktubları, avtobioqrafiyalarına əsasən müəyyən edib. Dünyanın məşhur klinikalarının psixiatrları biopolyar düşkünlüklə yaradıcılıq arasında əlaqəni tamlıqla sübut edə bilmirlər. 2005-ci ildə Stenford universitetində aparılan araşdırmalar uşaqların istedadına əsasən təkmilləşmişdi. Uşaqların qarşısında fiqurlar düzüblər. Biopolyar düşkünlüyə malik uşaqlar sadə və simmetrik fiqurdan imtina edib mürəkkəb quruluşlulara üstünlük veriblər. Xarakterində heç bir pozğunluq müşahidə edilməyən uşaqlar isə sadə fiqurları götürüblər.

Jurnalist Kristofer Zar öz əsərində yazırdı ki, yaradıcı insan hansı sahədə çalışırsa-çalışsın, özünün dəliliyini qabarıq şəkildə göstərir. O, sübut edirdi ki, Çarlz Şults, Çarli Parker, Lenni Bryus, Mikelancelo, Madonna, Endi Uorhol, Emi Uaynhausun şəxsi acıları onları dahilik zirvəsinə qaldırıb. Şəxsi acılar isə çox adamın dahiliyinə yol açıb. Hələ də izahını tapmayan, beyin axını ilə zəngin "Uillis" əsərinin müəllifi Ceyms Coysun övladı şizofreniyadan əziyyət çəkib. Övladı yan otaqda qışqıranda, yazıçı ağlamamaq üçün bütün hisslərini əsərlərinə köçürüb. Məşhur fizik Albert Eynşteynin oğlu da psixi gərginlik içində qovrulub. Deyilənə görə bu ona atasından keçib. İngilis filosof neorealist, ateist, riyaziyyatçı, ictimai xadim Bertran Rasselin ailə üzvləri, yaxın qohumları arasında psixi pozğunluqdan əziyyət çəkənlər çox olub. Filosofun bibisi, dayısı, oğlu və nəvəsi də bu qəbildəndir. Psixiatrlar hesab edir ki, Uinston Çörçill, Vinsent van Qoq və Edqar Po da biopolyar düşkünlükdən əziyyət çəkib. Yaxud, Coan Qrinberq "Mən sizə heç vaxt qızılgüllü bağ söz verməmişəm" əsərində öz həyatını qələmə alıb. Sadəcə, qəhrəmanın adı dəyişdirilib. Çox sonralar məlum oldu ki, yazıçı ABŞ-ın Merilənd ştatının Rokvill şəhərindəki məşhur psixi pozğunluqdan əziyyət çəkənlərin xəstəxanasında müalicə alıb. O da aydınlaşdı ki, gələcəyin nasirinin müalicə həkimi dünyaca məşhur psixoanalitik Frid Fromm-Reyhman olub. 1981-ci ildə 2 psixiatr Coan Qrinberqin əsərini oxuyandan sonra bu nəticəyə gəldilər ki, o, dəli deyil, yalnız depressiya və somatik düşkünlükdən əziyyət çəkib. Romanda qəhrəmanın psixi xəstəliyi ilə yaradıcılığı arasındakı kontrast əksini tapıb. Qrinberq qəti şəkildə əmin idi ki, onun potensialı çiçəklənib. Amma bu onun psixi gərginliyi ilə ortaya çıxmayıb. Psixiatrlar isə bunun əksini söylədilər.

 

Azər QİSMƏT


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!