Alpay AZƏR
Xislət təkəbbür misalında. 1991-93-cü illərdə BDU-da məndən iki kurs yuxarı oxuyan F.F.-yə (abreviatura şərtidir) eyni zamanda qibtə və nifrət edirdim. Qibtəmin səbəbi onun milli-azadlıq hərəkatının gənc liderlərindən birisi kimi tələbələr qarşısında maraqlı, parlaq çıxışlar etməsi, oxuduğu məşhur əsərlərdən, tarixi şəxsiyyətlərdən yerində sitatlar gətirməsiydi. Həm də fəxr edirdim ki, bu cür tələbəylə eyni fakültədə, eyni universitetdə oxuyuram. "F.F. sizdə oxuyur?" başqa ali məktəblərdən olan hərəkatçı tanış, dost tələbələrin "uy daa" tonunda verdikləri bu suala fəxrlə cavab verirdim: "Hə, məndən iki kurs yuxarı oxuyur". - "Şəxsən özüylə tanışsan?" Həvəssiz "Hə" deyirdim, istəmirdim, bununla bağlı əlavə suallar eşidim, çünki yuxarıda qeyd etdiyim kimi, F.F.-yə həm də nifrət edirdim. Səbəb onun son dərəcə təkəbbürlü olmasıydı. Aşağı kurslarda oxuyan, hələ təzə-təzə siyasətlə maraqlanan tələbələrdən kimsə ona yaxınlaşıb dünyada, Azərbaycanda gedən proseslərlə bağlı suallar verəndə, dilucu bir-iki cümlə mızıldanıb az qala, "Sən kimsən ki, mənə sual verirsən?" ədasıyla üzünü yana çevirirdi. Bircə yaxına buraxdığı iki-üç müəllim və tələbəylə danışanda, özünü dartmırdı. İçimdə çoxlu suallar gəzdirsəm də, onu söhbətə tutub pərt vəziyyətə düşmək istəmirdim.
Elə bunları yazarkən, bircə dəfə onunla bağlı xoşbəxt anlar yaşadığımı qəfil xatırladım. 1991-ci ilin payız aylarından biriydi, tənəffüsdə T. müəllim və tələbələrə ölkədə gedən ictimai-siyasi proseslərlə bağlı nəsə danışırdı, yaxınlaşıb buna diqqətlə qulaq asmağa başladım. Söhbətin hansısa yerində millətçiliklə bağlı məşhur fransız sosioloqu Qüstav Lebondan sitat gətirdim, bu anda F.F. mənə göz vuraraq dedi: "Yaxşı deyib, hə?" - "Hə, hə," - deyib üç dəfə başımı tərpətdim, sevincdən alışıb-yanan gözlərimi ona zillədim. O isə yenidən üzünü T. müəllimə tutub söhbətə davam etdi. Artıq onu dinləmirdim, gözlərimi qırpmadan ona qulaq asanlara baxırdım, yəni gördüz, mən də nəsə bilirəm, ən əsası, F.F. bunu qiymətləndirdi. Bircə T. müəllim mənə baxdı, "Yaman sevinirsən ha" mənalı yüngül təbəssüm qondu sifətinə. Həmin axşam yatana qədər BDU-nun gənc fəxrinin Lebondan misal gətirməyimə neçə illərin dostu kimi mənə göz vurub reaksiya verməyini təkrar-təkrar xəyalımda canlandırdım.
1994-cü ildə təhsilimi davam etdirməkçün Sankt-Peterburqa getdim. Yeddi il orada oxudum, aspiranturaya daxil oldum, elmlər namizədi dərəcəsi alıb Bakıya qayıtdım.
İllər sonra həmin təkəbbürlü tipajla təxminən eyni vaxtda oxumuş köhnə dostum Nadirlə görüşdə söhbət ondan düşdü. Məlum oldu ki, hələ tələbəlik dövründə F.F. bir neçə gün dostumgilin evində qalıbmış, bir yerdə yeyib-içibmişlər, Nadir buna bir neçə dəfə maddi kömək edibmiş. Xülasə, dostum 2000-ci ilin payızında şəhərdə F.F.-ni görüb ona yaxınlaşır, salam verir, F.F. isə üzünü yana çevirir, dostum az qalır bunun yaxasından tutub desin, a kişi, mənəm e, Nadirəm, neçə gün evimdə qalmısan, tələbə olanda sənə köməyim dəyib. Tipaj candərdi "Hə, deyəsən, yadıma düşdün" mızıldanır, axırda dostum dilxor halda bu adamdan aralanır.
O hadisədən bir il sonra Nadir dayanacaqda avtobus gözləyirmiş, qəfil F.F. ona yaxınlaşıb mehribancasına salamlaşır, kefini soruşur, özünü elə aparır, elə bil bir il öncə özünü dağ başına qoyan bu deyilmiş. Məlum olur ki, F.F. təcili iş axtarır, ehtiyac-filan bunu boğaza yığıb. "Tanış uşaqlardan birinə ağız açdım, bunu şirkətdə menecer kimi işə götürdülər," - Nadir dedi və ikimiz də bir növ, məzəmmətlə başımızı bulayıb güldük.
Bu söhbətdən bir neçə il sonra 90-lardan tanıdığım, saytlardan birində jurnalist işləyən tanışıma rast gəldim, necə oldusa, söhbət yenə gəldi çıxdı obrazımın üstünə. Məlum oldu ki, F.F. 2007-ci ildə Almaniyaya köçüb, hansısa şirkətdə menecer işləyir, feysbukda aktivdir. Tanışıma xatırlatdım ki, bəs yadında o vaxtlar yaman özündən razıydı, özünü hamıdan ağıllı sayırdı. "Yox, indi tamam dəyişib. İslamla, sufiliklə tanış olandan sonra, fundamental şəkildə dəyişib," - tanışım gülə-gülə dedi. "Hətta o dərəcədə?" - "Hə, hə, tamam dəyişib. Gir feysbuk profilinə, özün şahid olacaqsan buna". Düzü, eşitdiklərimə inana bilmirdim.
Elə həmin axşam F.F.-in feysbukda profilini tapdım, göz gəzdirdim, jurnalist tanışım haqlı idi. Statuslarında imam Əliyə (ra), imam Hüseynə (ra) sevgisindən danışan, arada Mövlanədən sitatlar gətirən bu adamın doğrudan dəyişdiyi qənaətinə gəldim və dostluq göndərdim. Qəbul etdi, inboksuna yazdım, bəs filankəsəm, təxminən eyni vaxtda BDU-da filan fakültədə oxumuşuq, hərəkatdan, Qarabağdan danışdıq, bir yerdə o dövrün siyasi romantikasının xiffətini çəkdik. Deyəsən, axırda yadına düşdüm. Bu adamın sadəliyi, həvəslə söhbət etməyi həm gözlənilməz oldu, həm də ləzzət elədi mənə.
Sonrakı günlər mən arada bunun statuslarına şərh yazdım, bəzilərini bəyəndim, o isə statuslarıma smayliklərlə belə reaksiya vermirdi. Fikirləşdim, heç yaxın dostlarım çox vaxt yazdıqlarıma şərh yazmır, bundan niyə diqqət umum.
Və bir dəfə F.F.-in ermənilərlə ağır döyüşdə şəhid olan tanınmış qəhrəmanlarımızdan birinin ailəsinə ev alıb hədiyyə edən, adının bilinməsini istəməyən bir iş adamını yersiz tənqid edən statusuna rast gəldim. Məzmunu təxminən belə idi: dünənə qədər bu iş adamı harda itmişdi, nə oldu döyüşçü şəhid olub məşhurlaşandan sonra özünü ortaya atdı. Bir təhər əsəbimi boğub mədəni şəkildə şərh yazdım: "Ay qardaş, axı bu iş adamı bəlkə heç əvvəllər o şəhid haqqında heç nə eşitməyib. Belə götürəndə, Azərbaycanda çox adam o qəhrəmanı əvvəllər tanımırdı. İkincisi, iş adamı axı öz adının açıqlanmasını istəməyib, yəni adını çəksəydi, mətbuata açıqlamalar versəydi, onda demək olardı ki, bunu reklam xatirinə edir". İki dəqiqə sonra F.F.-dən belə bir şərh gəldi. "Ay uşaq, mən bilirəm nə yazıram, mühazirə oxumağa ehtiyac yoxdu". Yenidən şərh yazası oldum: "Birincisi, mən uşaq deyiləm, uzağı, iki-üç yaş səndən kiçiyəm. İkincisi, mühazirəni universitetdə tələbələrə deyirəm". Bildim, nəsə sancan bir cavab yazacaq, elə də oldu. "Bu çürük fikirlərini özünə saxla. Necə olub sən mənim dostluğuma düşübsən, anlaya bilmirəm", az sonra məni dostluqdan çıxardı.
Acı təbəssümlə başımı bulayıb fikrən doxsanıncı illərə qayıtdım, təkəbbürlü F.F. fakültəmizin dəhliziylə heç kimə baxmadan gedir, arada əsəbi-əsəbi öz-özüylə danışır, sanki beynində ölkənin taleyilə bağlı ciddi bir məsələni çözür, zatən o vaxt belə şeylərə iddialıydı. Qısası, xislət öz sözünü demişdi. Hərçənd düşündüm ki, F.F. bir vaxtlar çox güman, təkəbbürün pis şey olduğunu dərk edib İslamı, sufiliyi seçibmiş. Bəlkə də sonralar mənə verdiyi cavablarını, feysbukda dostluqdan çıxarmağını fikirləşəndə, təkəbbürlü hərəkət etdiyi qənaətinə gəlibmiş. Sonda on illər keçsə də, insanın öz xislətindən xilas olmağın çətin məsələ olduğunu anladım.
***
Reaktiv paxıllıq. Bir dəfə votsap statusumda hekayələrim haqda yazılan məqalənin linkini paylaşmışdım. İstedadlı qələm dostlarımdan birinin həmin paylaşıma cavab olaraq mənə yazdığı "Bəs bizim pisakalar (rusca: cızmaqara yazanlar) nə vaxt son kitabımdan yazacaq?" sözlərini oxuyanda şok olmuşdum. Bir ildən çox tanıdığım, hardasa dörd-beş dəfə görüşüb söhbət etdiyim bu adamdan belə reaksiyanı heç gözləmirdim. Söhbətlərimizdə, vatsap yazışmalarımızda o, özümlə, bir neçə hekayəmlə bağlı xoş sözlər demişdi mənə, üstəlik, bir dəfə təmənnasız hekayəmi fransız dilinə tərcümə etmişdi. Nəhayət, dünya ədəbiyyatında söz demiş Avropa ölkələrinin birində yaşayan bir yazıçı A.İ. qələm dostumun ilk kitabına rəy yazmışdı. "Axı sənin son kitabın haqqında bizim H.F. məqalə yazıb. Üstəlik, ilk kitabına A.İ. kimi dünya şöhrətli yazıçı rəy yazıb, başa düşmürəm, mənə niyə əsəbiləşirsən," - votsapda ona cavab olaraq yazdım. Heç nə yazmadı. Onu deyim, dostumun yazdıqlarını ancaq dərin intellekti olanlar, sənət fəlsəfəsini dərk edənlər anlaya bilər.
Bir müddət sonra onun vatsap paylaşımıma reaksiyasını özümçün təhlil edəndə, belə bir qənaətə gəldim: bu adamda paxıllıq sadəcə, instinktiv səviyyədə baş vermişdi, yəni paxıllıq ona daimi xas olan cəhət deyildi, çox güman, bunun pis ovqatında votsap statusum rastına çıxmışdı deyə, hirsini mənim üstümə tökmüşdü, çünki paxıl adama başqasına uğur arzu etmək, təmənnasız yaxşılıq etmək kimi cəhətlər xas olmur.
Bu məsələnin üstündən bir neçə ay sonra haqlı olduğuma əmin oldum. Votsap yazışmalarımızın birində dostum mənə məşhur yazıçının onun bir şeiriylə bağlı "Sən dahisən" cümləsinin şəklini mənə atdı. Ona "Bəs bu adam niyə səni feysbukda təbliğ etmir?" yazdım. "Ədəbiyyatda heç bir iddiam yoxdu," - qısaca yazdı.
***
Fanilik duyğusu. 2022, iyul, avtobusla iki günlük Zaqatala-Balakən-Qax-Şəki turundan qayıdırıq. Mehriban kollektivimiz var, təşkilatçılardan biri yol boyu cürbəcür oyunlarla, tapmacalarla bizi əyləndirir. İki şən qadın tez-tez milli rəqslər sifariş verirlər, ortaya düşüb, - orta deyəndə avtobus salonunun dar yolu, - həvəslə oynayırlar. Avtobusumuz kənd qəbiristanlığının yanından keçəndə, mən gah uzaqlaşan qəbirlərə, gah da rəqs edən kök qadınlara baxıram. Qəbirlərin əbədi susqunluğu, hərəkətsizliyi ilə qadınların şaqraq, ritmik rəqsləri arasında, daha dəqiq desəm, ölüm və həyat arasında ziddiyyət var. Digər tərəfdən, bu şeylər bir-birini tamamlayır, gec-tez avtobusda rəqs edən o qadınlar da qəbiristanlığa köçəcəklər.
***
Nəsrdə uydurma, quramaçılıq problemi. Bir dəfə təzəcə yazıb bitirdiyim hekayəmi qələm dostum Ataqama yolladım ki, oxuyub fikrini desin. Oxudu, müzakirə prosesində verdiyim suallardan biri hekayəmdə bir detalın nə qədər həyat reallığına uyğun olub-olmamasıydı. Bilmirdim, o detalı silim, yoxsa saxlayım, əlli-əlli faiz nisbətində qalmışdım. Hekayəmi oxuyan dostum detalın mətndə qalmasını məsləhət bildi. Yenidən ona "Yox e, nəsə mənə süni gəlir. Həm də elə bilirəm, oxucular o detala inanmayacaq. O biri tərəfdən, mən də sizin kimi detalın qalmasını istəyirəm, heyfim gəlir onu silməyə". - "Bəy, sənin oxucuları inandırmaq kimi öhdəliyin yoxdu," - yazdı.
Realist nəsrin vacib və çətin cəhətlərindən biri məhz mətndəki yazıçı uydurmasının, təxəyyülünün nəticəsi olan detal(lar)ın həyat reallıqlarıyla uzlaşması məsələsidir. Yəni nasir mümkün qədər peşəkar oxucunun, ədəbiyyat adamının "Nə oldu elə məhz bu obraz avtoqəzaya düşdü öldü", "Nə oldu elə məhz əsərin bu yerində müharibə başladı" tipli tənqidlərindən uzaq olmaq üçün yeri gələndə, süni dramatizmdən qaçıb adi detallardan istifadə etməlidir. Amma istedadlı nasir Ataqam bir məsələdə haqlıdır: yazar bütün hallarda oxucunun zövqündən, onun düşüncə ehtimallarından asılı olmamamalıdır.
***
Öz bildiyini elə. Ədəbi cameədə təcrübəli nasirlərin cavan qələm dostlarının əsərlərini oxuyub öz məsləhətlərini verdikdən sonra belə bir cümlə işlətdiklərinin yazı adamlarının çoxu şahidi olub. "Bütün bu dediklərimə baxmayaraq, sonda öz bildiyini elə". Sanki bunu deyənlər öncəki məsləhətlərinin bir o qədər dəyərli olmadığı mesajını verir. Bəlkə, səhvəm, amma məni bir sual düşündürür: məsləhət verirsənsə, "özün bildiyini elə" nə deməkdi? Sonucda məsləhət alan gənc nasir nə etsin? Məsləhətlərə əməl etsinmi? Burda ümid ancaq qalır fəhmə, yəni, o sözləri deyən adam hansında daha çox səmimidir, məsləhətində, yoxsa "Öz bildiyini elə" deməyində.
***
Yazılı və səsli mesaj. Bəzən kiminsə votsapına yazılı mesaj göndərəndən, cavab alandan sonra, uzun cümlələr yazmağa səbrimiz çatmır, tez düyməni basıb səsli mesaj yollayırıq. (Səsli mesajı tez dinləyək deyə, sağ olsunlar, onun sürətini artırmağı da icad etdilər.) Bu zaman öncə yazılı mesajda "Salam necəsən, qardaş?" sualını yazmağımıza baxmayaraq, səsli mesajda "Bir daha salam" deyirik. Biz sanki yazdığımız sözlərlə nəyisə tam demirik, bizə elə gəlir, o sözlərlə danışdığımız adam tam qane olmur, ona görə səslə dediklərimizi yazmaqla içimizdəki yüngül narahatlığı (üstəgəl "Birdən yazdıqlarımı unudar?" kimi absurd kompleksimiz) aradan qaldırırıq.
***
Saundtreksiz film. Saundtreksiz film duzsuz yemək kimi bir şeydir. Bəzi filmlərdə isə saundtrek filmçün ədviyyatdır. Mark Zaxarovun çəkdiyi 4 seriyalı "12 stul" filminə bəstəkar Qennadi Qladkovun yazdığı melodiyalar, Ostap Benderi oynayan Andrey Mironovun ifası, plastik rəqsləri, ya ümumiyyətlə, musiqi fonu olmasaydı, film yəqin ki, duzsuz-dadsız olardı. Bəzən melodiyaya o qədər vurulursan ki, (günlərlə yutubda eşitmək "mərəzi") rejissor, ssenarist, ya aktyora görə yox, bəstəkarın yazdığı başqa saundtrekləri dinləməkçün yeni filmləri tapıb baxırsan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!