"Ötən günlər" dəftərindən
Bir qalın qovluq kağız-kuğuz qalaqlanıb qalmışdı yazı masamın üstündə. Neçə gün idi ki, baxıb gözdən keçirməyə vaxtım-macalım olmamışdı, əlim çatmamışdı. Həvəslə ya könülsüz, içindəkiləri oxumalıydım, həm də diqqətlə. Çünki hər müraciətin, məktubun arxasında bir insanın ümidi, ya ehtiyacı, ya əlindən alınmış haqqı, ya da qəzəbi, bəzən isə əfsus ki, hikkəsi, təkəbbürü dayananlar da olurdu.
Məktublardan birinin yuxarısında yazılmış: "1937-ci ildə anadan olmuş..." qeydi diqqətimi cəlb elədi. Bu yaşda bir ixtiyarın şikayəti nədən olardı? İlk ağlıma gələn: - Yəqin maddi durumu yaxşı deyil, ya da baxanı, qulluq edəni yoxdur. Bəlkə də kəndin-kəsəyin qayğılarından yazır, nə çox çatışmazlıqlar, onları diqqətə çatdırır, - deyə özlüyümdə düşündüm. Hələ müəllifin adına, soyadına fikir vermədən mətni oxumağa keçdim. Müraciət (şikayət) əl xətti ilə yazılmışdı. Yazı xəttinin qarışıq olmasından anladım ki, mətn müəllifin öz dəsti-xətti ilə yazdıqlarındır. Qarmaqarışıq olsa da, ancaq daha diqqətlə baxdıqda oxumaq çətin də olsa mümkün idi.
Beləcə, oxumağa başladım. Elə ilk bir neçə cümlədən sonra anladım ki, ilk ehtimalımda yanılmışam. Yaşı səksəni çoxdan addamış bu ərizəçi, öz həmkəndlisi, qonşusu olan gənc bir məmurdan şikayət edirdi. Tələbi isə müraciətinin səbəbindən çox-çox ağır idi. İxtiyar əsaslı və ağlabatan bir səbəb göstərə bilməsə də o gənc adamın dərhal işdən çıxarılmasını tələb edirdi.
Şikayətçinin soyadını bir də oxudum: "Əfrəddin Dilqəm oğlu" yazılmışdı, familya-filan göstərilməmişdi.
Götürüb şikayət məktubunu üzü üstə çevirdim. Fikrə daldım, xatirələrim məni çox-çox uzaqlara apardı. İllər əvvəlki bir əhvalat yadıma düşdü...
***
...Özümə görə hörmətli, mötəbər bir mövqe tutmaq, ani bir məqam atəşi ilə alışan vaxtlarım idi. Burasını da etiraf edim ki, bəxtim gətirmişdi, yaşıma rəğmən tez pərvazlanmışdım... O illərdəki quruluşun sayılan, "dabandan qan alan" rəhbər məsul vəzifələrindən olan bir təşkilata, Rayon Xalq Nəzarət Komitəsinə sədrlik edirdim. Bir gün yazı masamın üstündəki qırmızı qovluğu açıb sancaqla tikilən üst-üstə qalaqlanmış məktubları gözdən keçirməyə başladım. Protokol qaydası üzrə sıra ilə qeydə alınıb düzülən məktubların düz dördüncüsünün yuxarıdan sol küncündə qırmızı qələmlə "yerində yoxlayıb nəticəsini bildirmək" göstərişi yazılmışdı. Görünür, məktubun mətnində xüsusi əhəmiyyətli hesab edilən ciddi bir məsələ varmış ki, dərkənarın bir küncündə, mötərizədə "icra müddəti - 10 gün" sözləri də əlavə edilmişdi. Rəhbərlikdən, yuxarılardan daxil olmuş bu şikayət məktubunun arxasında həm də ərizəçinin öz dəsti-xətti ilə bəlli imzası da durduğundandı ki, rəhbərlik tərəfindən xüsusi nəzarətə alınmışdı. Yəni, bu müraciət "anonim" deyildi...
***
Fərhad adı ilə bu tərəflərdə məşhur olan, imzası "yuxarılarda" da yaxşı tanınan bir vətəndaşın məktubu idi. Məktəbin direktorundan şikayət edirdi. Şikayətçini mən də yaxşı tanıyırdım. İkinci cahan savaşından, düşmən mərmisindən qopan qəlpəni ömrünün sonunacan sol ayağının diz qapağında gəzdirən, savaşdan sonra da hələ neçə il orduda kiçik komandir kimi qulluq edən atamın yanında əsgərlik etmişdi. Nə bilim, görünür, yaxşı əsgər olmamışdı ki, hər dəfə məni görəndə "qardaşoğlu" deyə-deyə öz komandirindən - atamdan az qala giley-güzar edər, "dabanımdan qan alıb", - deyə yarızarafat, yarıciddi deyinib danışardı, giley-güzar edərdi...
...Necə oldusa birgün atamdan Fərhadla aralarındakı bu "ərkyana səmimiyyətin" səbəbini soruşdum. Kişinin dodaqları qaçdı, qımışdı: - Həə, Fərhadı deyirsən? - Sonra da astadan: - Özü yaxşı bilir, əziyyətini az çəkməmişəm... - demişdi.
Atamın sualıma bu yarımçıq cavabından sonra nə mən dinmişdim, nə də o bir söz demişdi...
Atamın sualıma bu yarımçıq cavabının səbəblərini mən sonralar bildim.
Sən demə, o Fərhad... Nə isə....
***
Rəhbərlik tərəfindən ciddi nəzarətə alınan o məktubu şəxsən özüm araşdırmalıydım, təbii ki, rəsmi cavabını da öz qaydasında. Bircə qalırdı bu şikayətçinin məktubunu ətraflı -əhatəli araşdırıb tutarlı bir rəy yazmaq üçün savadlı bir mütəxəssis tapmaq. Elə ilk ağlıma gələn Şahmirzə müəllim oldu. O zamanlar o dövrün təhsil sistemini ondan yaxşı bilən bir pedaqoq və təşkilatçı tanımırdım. Dağ cüssəli bu kişi ötən dövrdə, əllinci illərdə etibarlı təhsil almış mükəmməl, eyni zamanda qərəzsiz ziyalılardan biri idi. Vəziyyəti anladıb niyyətimi Şahmirzə müəllimə söylədim, məsələnin yoxlanılıb araşdırılmasında yardım etməsini rica etdim. Kişi də "baş üstə" deyib razılığını verdi.
Bizlərlə od-ocaq qonşusu Xahəgah kəndində zəmanəmizdən əvvəlkilərini, ötüb keçənlərini, keçmişlərini eşidib bildiyim, bizim bu dövrümüzə düşənləri isə gözləri ilə görüb tanıdığım bir ailə var idi. Mirzəmməd kişinin ailəsi. Oğlanlarından biri Vəkil, dava illərində Şahmirzə müəllimlə cəbhə yoldaşı olmuşdu. Bax, Şahmirzə müəllim Mirzəmmədin oğlu o Vəkildən həmişə elə şövqlə danışırdı ki, qanlı-qadalı bütün olub keçənləri, ötmüş hadisələri, o anları sanki təzədən yaşayırdı. Vəkil çox güclü-qüvvətli oğlan idi, pəhləvandı, - deyirdi. İki atla yedəyə qoşulub daşınan topu Vəkil tək başına çəkib aparırdı. Oğul idi ey, deyirdi, oğul, əsil igiddir!
***
Şahmirzə əmi danışardı ki, döyüşlərin birində düşmənin atdığı top mərmisi Vəkilin ayağını dibindən qopardır. Vəkilsə yerə düşmüş o qılçasını qanlı əlləri ilə qucağına alıb tək ayağı üstə düşmənə qarşı irəli hərəkət edibmiş...
***
Yazılan şikayət məktubunun sadəcə yoxlanılıb araşdırılmaqla, quruca bir arayışla sona çatmayacağını, sanki əvvəlcədən bilirdim. Aydın idi ki, "dostunun", əsgərlik yoldaşının oğlu olmağım bir yana lap doğmaca qardaşının oğlu da olsam, bu "üsyankar - davakar" kişi haqq bildiyinə özünü üstün qalib kimi görünməli, ya da "qalib" olmağa qadir olduğunu cümlə camiəyə sübuta yetirməliydi. Ancaq necə? Əks halda o daha Fərhad olmazdı ki.
***
Dağ kəndinə, həm də süfrəsinin açıq, qonaqpərvərliyi ilə, kasıbının da süfrəsinin gələn qonaq üçün dəbdəsi dillər əzbəri olan kəndə yolun düşə və o kəndin duzun-çörəyindən kəsib dadmadan geri dönəsən? Ağla-gümana gələsi iş deyildi. İşdi-şayət belə bir hadisə baş versə, eşidən-bilən bir mərvə də nə gördüklərinə, nə deyilənlərə inanardı.
***
...Sübh erkən rayon mərkəzində Şahmirzə müəllimlə görüşüb Qayalı kəndinə yola düşdük. Dağlar qapısını ötüb Nisli körpüsündən sola, Rəzgov yaylalarına tərəf sal qayaların arası ilə qalxan quş uçmaz, el ötməz dimdik yoqquşu qalxdıqca nəriltisi dərin dərələrdə əks-səda verən "UAZ" maşınında dağın belinə qalxdıq. Burdan, bu zirvədən üzü aşağılar, Lerik, Lənkəran və Yardımlı tərəflərə səpələnən kəndləri ovucda əl içi kimi görünür. Kim olursan ol, o zirvəyə qalxıb oradan o əsrarəngiz mənzərəni, arxadan Savalanın qarlı zirvələrinin sol çiynində Pirasora dağlarının, dağın döşünə çiyin tutan ağ evlərinin günəş ziyaları toxunduqca bərq vurub alışan evlərinin damlarının tamaşasına durub sonra da yerindəcə dönüb heykələ dönməmək mümkünsüzdür. Təbiətdən beləcə səhər sovqatımızı alıb ruhumuza yaylanın xoş havasını ürəyimizə çilədikdən sonra kəndə endik. Səkkiz sinifli təhsil ocağına.
***
Məktəbdə gəlişimizdən xəbərsiz idilər. Ancaq elə "müəllifindən" "fırtına" qoparacaq bir şikayət məktubunu yazıb "yuxarılara" göndərildiyindən də xəbərdar imişlər. Bəlkə də elə o səbəbdən idi ki, əvvəlcədən hazırlıqlı imişlər, ilk baxışdan işlər qismən də olsa qaydasında görünürdü, məktəb səliqəli-sahmanlı idi, kitab-dəftər, sənədlər qaydasında idi. Uşaqlar siniflərdə, müəllimlər də öz yerindəydi. Qalırdı şikayətçinin məktubunda göstərilənlərin, ərizədəki - "kağız-kuğuzun" vəziyyətinə baxıb sərf-nəzər etmək. Bu işlər də ki, ömrününün ən qaynar illərini rayonda təhsilin təşkilatlanmasına həsr edən Şahmirzə müəllim üçün çətin bir məsələ deyildi.
Ərizəçini, - şikayətçi "dostumuzu" axtardıq. Qulluq işləri ilə bağlı qonşu kəndlərə getdiyini, evdə olmadığını dedilər. Şahmirzə müəllimlə qısa məşvərətdən sonra qərara gəldik ki, vaxt itirməyək, öz araşdırmamızı aparaq. "Dostumuzun", səbəbkarın da ardınca xəbər saldırdıq ki,vaxtında gəlib çatsa, yetişsə, araşdırmada elə özü də iştirak edə bilər, yox əgər gecikərsə araşdırmalarımızın nəticələrilə, əlbəttə, arayışımızla onu da tanış edərik.
***
Elə bəri başdan burasını da deyim ki, məsələyə belə həssas və incəliklə yanaşmağın təşəbbüskarı elə mən özüm idim, lovğalanmaq, özündən demək olmasın, həm də özümü göstərməliydim. Bu təfəkkür o vaxtlar o yaşdakıların yeri gələndə güclü tərəfi olduğu kimi, həm də zəif yerləri idi. Ancaq dünya görmüş, bu eldə-elatda yaşayan adamların nəinki özlərini, yeddi arxa dönənlərinin də "cikini-bikini" yaxşı bilən Şahmirzə müəllim mənə nəsə bir sirr açırmış kimi mübhəm tərzdə, ancaq açıq, odlu bir bəlağətlə: - Qardaş oğlu, - dedi, - mən o "dostumuz"un nə yuvanın quşu olduğunu yaxşı bilirəm. Deyirsən, vaxt itirməyək, işimizə başlayaq, sözüm yoxdur. Ancaq o "zat" gəlib bizə bu "yükü" qaldırıb yenidən çatdıracaq, - deyə bir xəbərdarlıq da eləmişdi.
Mən də dəlillərimi izah edəndən sonra: - Vaxt itirə bilmərik, - dedim - sonrasına baxarıq...
Bir neçə saatın ərzində, necə deyərlər, məktəbin "altını üstünə" çevirib nə faktlar var idisə ortalığa qoyduq.
Şahmirzə müəllim: - Qardaş oğlu, məktubda yazılan kimi dərs jurnallarının oğurlanması düzdür, digər xırda-para nöqsanlar da var. Ancaq jurnalların itdiyini sənədləşdirib məktəb gözətçisini işdən çıxarıblar, aidiyyatlı işçilərə də cəza veriblər, yeni sinif jurnalları açıblar. İşdə belə xətalar olur. Və bunlar da qalır təftişçinin "rəhminə"...
Şahmirzə müəllimin sözünün alt qatı vardı, bilirdim, təftişçi deyəndə, əlbəttə, özünü yox, məni nəzərdə tutur.
Gün yarıdan ötürdü, uzaq yol, dağ havası... Əlbəttə, belə yerdə iştah özünü tez büruzə verir. Arada Şahmirzə müəllim qulağıma pıçıldayıb:
- Məktəb direktoru evində nahar hazırlatdırmağa bizdən icazə istəyir, nə deyək, - deyə soruşmuşdu, ardınca da: - elimizin adət-ənənəsini bilirsən də, kəndə gəlib ağsaqqal-qarasaqqal birisinin süfrəsində oturmamaq, çörək kəsməmək heç nəinki "Şəhrətük", heç "Vəzəro" çayının gur suyu ilə də yuyulmayan qəbahət sayılar. Sonra da xüsusi bir vurğu ilə: - əlbəttə, kənddə yoxlamanın-filanın, işin-gücün duz-çörək kəsməyə dəxli yoxdur, - deyə ağsaqqal məsləhəti də verdi.
***
Yır-yığış eləyib məktəbdən çıxa-çıxdaydıq ki, ətrafdakı səs-küydən Fərhad kişinin gəlhagəl xəbəri yetişdi. Kişi döngəni dönüb, indicə görünəcək, - dedilər. Əlimizdəki bar-boğçamızı yerə qoyduq, ayaq saxladıq, durub gözlədik. Fərhad kişinin çiyni, sonra başı göründü. Gövdəsi də ardınca. Çatıb salam verib əl uzatdı, görüşdük. Mətləbi uzatmadan:
- Müraciətinlə əlaqədar səhərdən buradayıq, - deyə izahat verməyə başlamışdım ki, kişi əlini qaldırıb açıq ovcunu mənə tərəf tuşlayaraq sözümü kəsib:
- Hə, bilirəm, hər şeydən xəbərim var. Səhərdən buradasız, yazıb büküb hər şeyi də yerbəyer eləmisiz, yəqin ki, akt da yazmısız. O biri əli ilə məktəbin müəllimlərini göstərib: - Yəqin ki, onlar da olanları yalanlayıblar. Sonra da çiyni üstdən bir qədər geridə, kənarda dayanmış direktora tərəf dönüb: - İndi də Talıbın , (müəllim yox ey), direktorun evinə yeyib-içməyə gedirsiniz, - deyə ucadan danışa-danışa kəsib-doğradı.
Onu altdan yuxarı diqqətlə süzdüm. Çopur üzü qızarmışdı. Uzun çənəsi də az qala qabağa çıxmışdı. İlk dəfə idi ki, bu kişinin boynunun önə tərəf əyri olduğunu hiss etdim. Deməli, həmişə altdan yuxarı baxmasının da səbəbi bu imiş. Və bir adamı, sən demə, olduğu kimi görüb tanımaq üçün adamı tərpədən, içdən baxmağa yönəldən nəsə bir məqam olmalıymış...
Hamı susurdu, bu şəxsin belə qırmızılığına heyrət içində yerlərində donub qalmışdılar. Cavab vermək, havasatı "durultmaq" lazım idi.
Mən əyləşdiyim yerdə səndəlimi daha da rahatlayıb, çılğın təbiətimə rəğmən (əlbəttə, o zamanlardakı yaşımdan qaynaqlanan) astadan və təmkinlə:
- Fərhad kişi, düz eşitmisən, sənədlərə də baxmışıq, işimizi də yekunlaşdırmışıq. Sonra da ətrafdakı müəllimləri, direktoru göstərib: - Bax, bu kişilər də araşdırmamıza başlamazdan qabaq bizimlə birlikdə şəxsən iştirak eləmək üçün səni axtarıblar, evinə də adam yollamışdıq: - Dedilər ki, bəs qonşu kəndlərə getmisən, kənddə yoxsan. İndi gəlib çıxmısan, kağızlar da, sənədlər də, apardığımız qeydlər də burdadır - Sənədləri ona tərəf itələyib:
- Buyur, tanış ol, nədən narazı qalsan, təkrar birlikdə yoxlamağa hazırıq. Vaxtımız çoxdur, heç yerə tələsmirik: - Onu da əlavə elədim ki, nə yaxşı oldu ki, gəldin. Onsuz da səninlə görüşmədən geri dönməyəcəkdik. Kişinin üzünə baxdım, izahatım, məni sorğuya çəkməyi xoşuna gəlmişdi.
Azca fasilə verib sözümə davam elədim:
- Ancaq sənin dediyin o məsələ ki var, o yeyib içmək məsələsi, orası yazdığın kimi deyil. Biz bu kəndə nə direktorun, nə sənin, bax, heç bir ağsaqqalın da evində çörək kəsmərik, yemərik, yeyə bilmərik, - deyib arada kişiyə zəndlə bir nəzər saldım. Sir-sifəti rəngdən-rəngə düşürdü, Çopur üzü allanır, mən sözümə davam etdikcə kişi udqunurdu. Yaxalamışdım, mən də dayana bilmirdim.
- Biz bura qonağlığa, filana gəlməmişik. Yeyib-içməyə gəlsəydim, ata dostusan, elə sənin evinə düşərdik. İş ardınca gəlmişik, səbəbkar özünsən. İndi zəhmət çək, bizimlə sonacan özün də iştirak elə, yazdığın bütün faktlara yenidən baxacağıq. Bizimlə şikayətinin araşdırılmasına qoşulmaqdan imtina etdiyini, böhtan atdığını rəsmiləşdirib, bu kişilərin də imzasını alıb sənədləşdirib, ərizəni bağlayacağıq, özün bil, - deyə əməlli-başlı bir "əks hücum əməliyyatı" keçirtdim.
Kişi tutulmuşdu, vəziyyətdən çıxmaq üçün çabalayırdı. Elə bil bir neçə dəqiqə əvvəl üstümüzə yeriyən, gurultuyla danışan o deyildi, bir başqasıydı. Mən qovluqları açıb aidiyyatı şəxslərə də göstəriş verib əməlli-başlı bir sıfırdan işə başlamışdım. Biz işləyirdik, Fərhad da danışa-danışa yasalayır, bizə: - Nəyə deyirsiz qol çəkim, imzalayım. Məni xəcil eləməyin, gələn qonağa ehtiram göstərmədi sərkisini saxlamayın - deyə az qala yalvarır, - gedək, xahiş edirəm lap birlikdə mən də sizinlə gedərəm,Talıb müəllimgilə (direktor) - deyə dil tökürdü. Lakin ox yaydan çıxmışdı, biz öz işimizdəydik.
***
Gənclər təşkilatında çalışdığım vaxtlardan fəallarımdan olmuş, qonşu kənddə soylu bir ailənin övladı Zöhrab müəllim bu məktəbə müəllim təyin olunmuşdu. Arada Zöhrabın qulağına pıçıldayıb ikinci növbədə dərsi olub-olmadığını soruşdum.
Yoxdu, boşam, - dedi.
Elə o pıçıltıyla da:
- Evə get, yemək hazırlatdır, - dedim. Sonra da Şahmirzə müəllimə sarı işarə edib, - bu qədər yol gəlmişik, kişi ayda-ildə bir dəfə mənə yol yoldaşı olub onu geri ac-susuz apara bilmərəm.
Biz öz işimizdə, Fərhad isə yalvar-yaxarında idi. Zöhrab müəllim də mənim sözlərimdən sonra əlbəəl, işinin dalınca qaçmışdı.
Hər şeyi yenidən bir daha gözdən keçirib ətraflı araşdırandan sonra yekun sənədinə Fərhada da imza atdırıb, hətta adını, soyadını da öz dəsti-xətti ilə yazdırıb təsdiq etdirdikdən sonra əmin -arxayın qovluğumuzu qoltuğumuza vurduq. Bir də Rvorudda, Salayevlərin, Zöhrabgilin həyətində dayandıq. Ocağın bəyzadələri ağayana bir süfrə hazırlamışdılar. Evin ağsaqqalları Əkbər kişi, Sucədlin müəllim də bizi qonaqpərvərliklə qarşılayıb bir süfrədə oturdular.
***
Fərhadın tezliklə nəsə yeni bir sərgüzəştlə "ortaya çıxıb" görünəcəyi də mənə gün kimi aydın idi. Necə deyərlər, gözdə-qulaqda idim. Odur ki, bu ehtimalıma uyğun bəri başdan işimi ehtiyatlı tutub elə axşam dönüşümdə evdəkilərə xəbərdarlıq edib dönə-dönə tapşırdım ki, işdir-şayət, bəs dostam, tanışam, yaxın adamam adıyla qapını döyüb sizə pay-sovqat gətirmişəm deyən olsa, nəbadə üz göstərib yaxın qoyasız, o payı, sovqatı qəbul edəsiz. Amanın bir günüdür: - Biz bilmərik, olmaz, - deyib ehtiramla, əgər əl çəkməsə hərbə-zorba ilə də olsa qapıdan qaytararsınız, - deyə bərk-bərk tapşırdım.
Ertəsi gün elə, nahar vaxtı telefonum haray saldı, dəstəyi qaldırdım, evdəkilər idi, evin xanımı Munisə telefondan betər haray salıb birnəfəsə deyirdi:
- Birisi qapını döyür, açmadıq, gözlükdən baxırıq ki, kandara iri bir çuval söykəyib, kartofdu, ya da motal.. Tövşüyə-tövşüyə ehtimallarını da izah edirdi.
Mən dəstəyin bu başından:
- Amandır, yaxın qoymayın, qapını da açmayın. Fərhad olacaq o adam, elə qapının arxasından xətir-hörmətlə çuvalını götürüb getməsini xahiş edin, - deyə evdəkilərdən də betər hay-harayla yol-yolaq göstərdim.
Xanım var olan səsinə bir az da gücünü qatıb belə "ekstremal" vəziyyətlərdə həmişəki kimi adımın əvvəlindəki "öt" səslərini yeyib, yarı-yarımçıq "kəm" çağıraraq:
- Hələ çuval harasıdır, həyətdə bir yük maşını da durub, yük yerində də qoyun mələyir, o kişi də yoğun səslə: - Ay gəlin, Ötkəm mənim qardaşım oğludur, mən Fərhad əminizəm, sizə pay gətirmişəm, qızım, özgəsi deyiləm. Məni pərt eləmə, qoy bu kənd sovqatın daşıyım evə, - deyə dil tökür.
İş çətinləşmişdi, yoldaşımın hövsələsi səsindən hiss elədim ki, tarıma çəkilib, özümü toparlayıb gülə-gülə:
- Qonşulardan köməyə çağır, yardım etsinlər, - deyib cavab gözləmədən telefonun dəstəyini asdım...
Ancaq gülməyimdə hələ xeyli davam elədim. Yoox, Fərhada-filana gülmürdüm. Verdiyim tapşırıq yaxşı səmərə vermişdi. Tapşırığıma layiqincə əməl edilmişdi. Ömür-gün yoldaşım əsl ictimai-fəal, "xalq nəzarətçisi" olmuşdu. Bu da günün günorta çağı "pay-püş" gətirmişəm qalmaqalı ilə bütün qonum-qonşunu ayağa qaldıran Fərhad dostumuza qarşı qəzəbimi soyutmuşdu, gülürdüm, gülə-gülə də o səbəbdən dəstəyi yerinə qoydum.
Belə "pay-pürüşə" qarşı ağlı açıq, gözü-könlü kifayət qədər tox olan Munisə xanım:
- Əmi, əmican, sağ ol, həç nəyə ehtiyacımız yoxdur, payınız artıq olsun, - deyə dil tökərək qonşu qadınların köməyi ilə içi kənd nemətləri, pay-pürüşü ilə dolu çuvalı kişinin kürəyinə şelləyib geri, maşına yüklətmiş, Fərhad kişi də maşının yük yerindəki qoyun qarışıq mələyə-mələyə dağın yamacındakı evimizdən üzü aşağı, rayon mərkəzinə doğru geri yollanmışdı...
***
Fərhad kişi ilə bağlı bu əhvalatdan bir müddət sonra bəxtim bir az da üzümə güldü, məni vəzifədə irəli çəkdilər. O zamankı üsul-idarədə ali qurum olan mühüm rəhbər vəzifəyə, Rayon partiya Komitəsinin ikinci katibi vəzifəsinə gətirdilər. İlk təbrik edənlərdən biri də elə Fərhad əmim oldu. Kişi təbrik üçün yanıma, məqamıma gəlmişdi. Xeyli xoş sözlər dedi, mən də dönə-dönə təşəkkürümü bildirdim. Xudahafizləşəndə kişiyə, "bir ayaq saxla, bir sözüm də var", - dedim:
Fərhad əmi dərhal dayanıb durdu, üz-üzə qaldıq.
- Fərhad əmi, sizdən bir xahişim var, - dedim, - gərək bu xahişimi nəzərə alasınız.
Fərhad kişi də:
- Baş üstə, qardaş oğlu, yolunda hər şeyə hazıram.
- Fərhad əmi, xahiş edirəm ki, bundan belə bir də buralarda görünməyin, sözünüz olanda zəng edib telefonla çatdırın. Qulluğunuzda hazıram.
Kişi döyüküb çaş-baş qaldı, sir-sifəti bozardı.
- Bu nə sözdü qardaş oğlu, neynəmişəm ki, sənə nə pisliyim keçib?
- Keçməyib, Fərhad əmi, amma keçə bilər. Qoy izah eləyim də, - deyə sözümə davam elədim. - Sən "yazansan" kimi bir ad çıxarmısan, yalan-gerçək, nə gəldi yazırsan. Münasibətimizi, yaxınlığımızı bilənlər, sizin buraya yanıma gəlib getdiyinizi görənlər məndən də bədgüman düşməzlərmi? Ağıllarından, beyinlərindən keçməzmi ki, sənə o məktubları yazmağı sifariş verən bəlkə də elə mənəm?..
Fərhad kişi fikrə getdi. Haçandan-haçana:
- Həə, elədir, düz deyirsən, - dedi: - Sonra da: - Bəs nece olsun, yəni mən... yoox...
Kişi dolaşıb qalmışdı. Nə irəli, nə geri gedə bilmirdi.
- Fərhad əmi, istəyirsən ki, aramızdakı münasibət, səmimiyyət davam eləsin, daha yazma, qələmi yerə qoy.
Fərhad kişi:
- Axı, yazmağımdan qalıb birdən dözüb dura bilməsəm? Bəs onda necə olsun?
- Dözməsən, yanıma gələrsən, şikayətini mənə açıb sözlə deyərsən, sonrasına baxarıq ay əmi! - Ürəyimdə kişinin bu açıq etirafına için-için güldüm.
Və o, bu. Fərhad kişi "ürəyinə daş basmışdı", qələmini qatlayıb qoymuşdu yerə, heç kimsədən, heç nədən yazmadı. Sığorta məmuru kimi məqamını "incəliklə" davam etdirməkdəydi.
***
Hələ bu harasıdır?..
Fərhad kişi ilə bağlı o qədər söz-söhbətlər, əhvalatlar var ki, yeri gəldikcə danışacam...
***
O il qış sərt keçirdi, elə əsl qış kimi. O qədər qar yağmışdı ki, yol, iz bilinməz olmuşdu. Avtomobillərin hərəkəti dayanmışdı. Dağ kəndlərinə yolların açılması isə daha yazın gəlişinə az qalmışdı.
Belə günlərin birində mənə xəbər gəldi ki, Fərhad dostumuz ağır xəstədir və həzər-əlbət, ismarış göndərib ki, kömək edim...
Kişi məni yaman yerdə yaxalamışdı. Bu sınaqdan necə çıxacağımın fikri götürmüşdü məni...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!