Ləyaqət - Vidadi Babanlıdan gənc yazıçılara məsləhət

 

 

Ləyaqət insanın şanı-şərəfidir. İctimaiyyət içində xətir-hörmət qazandırır. İnsanlığa layiq davranan hər kəs könül şirinliyi dadır, hara getsə, ehtiramla qarşılanır. Böyük istedad sahibi olsa belə, ləyaqətsiz hərəkətləri onu gözdən salır. Mənim doxsan altı yaşım var. Bu uzun ömrümdə çox adamlarla rastlaşmışam, ləyaqətli şəxslər haqqında bol, yaxşı sözlər, təriflər eşitmişəm. Ləyaqətə layiq olmayanlar barədə isə yalnız pis sözlər eşitmişəm. Bunları yaza-yaza böyük şair Səməd Vurğun yadıma düşür. O, yüksək şəxsiyyətli bir insan idi. Özünün iştirakı olmasa belə camaat arasında haqqında yalnız xoş sözlər eşidilirdi. Mən Səməd Vurğunu yaxından tanıyırdım. Onun necə geniş ürəkli, əliaçıq olduğunu, başqalarının uğuruna sevindiyini dönə-dönə görmüşəm. Məsələn, şair Əhməd Cəmili "Can nənə, bir nağıl de" şeirinə görə qucaqlayıb alnından öpdüyünün, çoxlu tərif dediyinin canlı şahidiyəm. Böyük şairin dəfn mərasimini, aradan çox illər ötsə də, unuda bilmirəm. Cənazəni Akademiyanın binasından götürürdülər. Vidalaşmaya gələnlərin sayı-hesabı yox idi, tabut çiyinlərdə aparılırdı. Dağüstü parka çatanda mən dönüb geriyə boylandım. Matəm iştirakçılarının axını Filarmoniyanın yanında bitirdi. Bax, budur, ləyaqətin müsbət nəticəsi.

Yeri gəlmişkən, mühüm bir əxlaqi cəhətə də münasibət bildirmək istəyirəm. Yüksək vəzifəli şəxslərin əksəriyyəti özlərini ictimaiyyətdən təcrid edirlər. Yekəxana davranırlar, nə toyda, nə yasda görünürlər. Hətta vaxtilə yaxınlıq elədikləri dost-tanışlardan, qohumlardan əlaqəni soyudurlar. Güya bunlar əlçatmaz insanlardır. Elə ki, vəzifədən çıxarılırlar, yaxud təqaüdə göndərilirlər, evlərinə qapılıb qalırlar. Acı söz eşitməkdən, üzlərinə tüpürülməkdən ehtiyatlanırlar. Çox nadir vəzifə sahibləri insanlıq ləyaqətini qoruya bilirlər. Özüm yaxından tanıdığım bir nəfəri misal gətirirəm. Vaxtilə bir neçə vəzifədə işləmiş, Azərbaycan Respublikasının Nazirlər Sovetinin sədri olmuş, sonra da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmış Vəli Axundov yadıma düşür. Mən onu bir neçə dəfə balaca nəvəsinin əlindən tutub Dənizkənarı bulvarda sərbəst gəzdiyini görmüşəm. O, məmurdan çox ziyalı idi.

Heç kəsdən, heç nədən çəkinmədən ictimai yerlərdə görünən, adamlara özü yaxınlaşan ulu öndər Heydər Əliyevi də həmişə xatırlayıram. Heydər Əliyev xüsusilə ziyalılara daha artıq yaxınlaşır, onlara xüsusi qayğı göstərirdi. Belə yaxınlığı mənim özümlə də etmişdi. SSRİ yazıçılarının qurultayında görüşümüzü unuda bilmirəm. İclas qurtarandan sonra Siyasi Büro üzvləri getdilər, təkcə o, ayaq saxladı, məni yanına çağırdı və özü də aşağı enib hal-əhvalımı soruşdu. Mən bu barədə ayrıca xatirə yazdığım üçün üzərində geniş dayanmıram. O böyük insan Moskvada Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılandan Bakıya qayıdandan sonra ilk olaraq bizim Yazıçılar qurultayına gəldi, hər birimizlə əl tutuşub görüşdü, axıra qədər iclasda səbrlə əyləşdi, çıxışları dinlədi. Ümumiyyətlə, ziyalılar, yazıçılar, bəstəkarlar, qeyri-incəsənət adamları Heydər Əliyevdən həmişə yaxşılıq, hədsiz qayğı görüblər.

Hazırki Prezidentimiz - möhtərəm İlham Əliyev də ziyalılarla çox ehtiramla davranır. Onun görkəmli xanəndə Əlibaba Məmmədovla görüşü, həyat yoldaşı Mehriban xanımla birlikdə gedib ona baş çəkmələri, istedadlı şair Fikrət Qoca ilə xəstə olarkən telefon vasitəsilə danışması ictimaiyyət arasında böyük rəğbətlə qarşılandı. Çox yaxşı haldır ki, İlham Əliyev tez-tez insanlar arasında görünür, işləri ilə maraqlanır, köməklik göstərir.

Ədəbiyyat və incəsənət xadimləri arasında incişmələr, küsülü olmaqlar tez-tez baş verir. Mən bir neçəsinin canlı şahidiyəm. Misal üçün böyük bəstəkar Qara Qarayevlə Fikrət Əmirov arasındakı küsüşmələr. Bu bir tərəfdən mənfi hal idisə, digər tərəfdən bir-birinin bəhsinə yaxşı əsərlər yazmalarına səbəb olurdu. Bir dəfə mən Moskva şəhəri yaxınlığındakı "Staraya Ruza" adlı yaradıcılıq evində Fikrət Əmirovla rastlaşdım. O zaman Qara Qarayev iki il idi ki, dünyasını dəyişmişdi. Sevdiyim bu bəstəkardan hazırda nə əsər üzərində çalışdığını xəbər aldım. O, bir xeyli susub köksünü ötürərək: - Haradan alım Qara Qarayevi? Yarış bitdi! - dedi. Eyni təəssüf hissini mən bir neçə dəfə Səməd Vurğunun dilindən Mikayıl Müşfiq haqqında da eşitmişəm. O da Mikayıl Müşfiqlə yaradıcılıq yarışmalarından bəhs edərdi. Mir Cəfər Bağırovla bir görüşündə həbsxanada olan Mikayıl Müşfiqin azad olunmasını xahiş etmişdi. Onu da xalq düşməni kimi tutmaq istəmişdilər.

İnsanlığın ali göstəricisi olan ləyaqətə əsas zərbəni şöhrət hissi vurur. Cavanlıqdan çox mehriban olanlar orta yaşlarına çatanda xasiyyətləri tamam dəyişir. Ləziz xörəklərini ayrı yeyə bilməyən dostlar yadlaşmağa başlayır. Belə misallara incəsənət sahəsinin digər istedadlı insanları arasında da rast gəlinir. Təəssüf, çox təəssüf! Arzu edərdim ki, ədəbi yaradıcılıq sahəsinə təzə ayaq basanlar bunları nəzərə alıb zərərli şöhrət hissindən kənar yaşasınlar, bir-birlərinin uğurlarına sevinə bilsinlər. Ləyaqəti lazımınca qorusunlar, ictimaiyyət onları nümunəvi insan kimi tanısın. Əsil ziyalı adını layiqincə daşısınlar.

Soruşa bilərlər ki, mənim özüm, "bəd nəzərlərdən iraq", bu uzun ömrümdə necə davranmışam, özümü xalqa nə cür tanıtdırmışam? Bircə bunu deyə bilərəm ki, yaramaz cəhətlərdən qıraqda durmağa çalışmışam. Buna necə nail olduğumu yaxşısı budur, özümdən yox, özgələrdən soruşsunlar. Xalqın gözü haqq tərəzisidir. Hər şeyi güzəştsiz və qərəzsiz ölçür.

 

23 aprel, 2023


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!