Sükutun harayı - Hekayə. Ümbülbanu

 

 

Dan yeri söküləndə oyandı yuxudan. Sübh, yerlə-göy yaranandan hələ heç bir rəssamın çəkə bilmədiyi öz qeyri-adi rəsmini işləyirdi.

Öz nadir boyalarını son dərəcə diqqətlə, özünəməxsus xəsisliklə işlədən sübhün, bir əlində gecəni qoynunda dəfn eləyib həsrətlə səhərin açılacağını gözləyən pərişan ayın işığı, o biri əlində gecə yuxusundan səksəkəli oyanıb sevgilisi ayın görüşünə tələsən, təbiətin lətafətli, zərif qızı günəşin şəfəqləriylə göy üzünü bəzəyən fırçası öz işini sona çatdırmaqdaydı.

Əvvəl-əvvəl yan-yörəsinə boylandı. Daha sonra dalğın baxışları sükutun harayı gizlənmiş divarları aram-aram gəzdi.

Baxışları tavana dikilmişdi. Kirpiklərini azca qıyıb nəyisə, kimisə xatırlamaq istəyirdi.

Hər gün yuxudan oyananda belə olurdu. Onsuz da faydasız idi xatırlamaq istəyi. Gördüyü yuxunu yenə də unutmuşdu.

Dəqiq bilirdi ki, yenə Tanrısıyla dərdləşmişdi. Yenə gözəgörünməzdən və əlçatmazdan möcüzəli bir an diləmişdi. Yalnız bir an. İki yox, üç yox, bir an... Möcüzəli, onu xoşbəxt edə biləcək an.

Həyatından qiymətli sandığı o an üçün dünyanın o biri başına qədər ayaqyalın getməyə hazır idi.

Nə az, nə çox, düz on iki il idi ki, beləcə dözürdü. Göz yaşlarını ürəyinə axıda-axıda kiridirdi. Acı hönkürtülərini, hıçqırıqlarını soyuq təbəssümüylə boğurdu. Tanrıya yollayacağı şikayətlərini kədərli baxışlarıyla dəyişirdi.

Dərdlərini, ürək ağrılarını bu illər ərzində ona doğma, yaxın həmdəm olan, ətəyindən tutub imdad dilədiyi Tanrısı Ümidlə bölüşürdü. Arzularının, istəklərinin sonuncu dalanının sonuncu qapısı Tanrısı Ümiddə qapanırdı.

Heykəlləşmiş, bütləşmiş xəyallarıyla əlbəyaxa olmaqdan cana doymuşdu.

Saqqız kimi çeynənə-çeynənə dartılan, uzanan həsrətli günlər sürətlə bir-birini əvəz etməkdəydilər. Deyəsən, bu "saqqız-uşaq" oyunu əbədiyyətə qədər uzanacaqdı.

Sonuncu dəfə onu cəbhəyə yola saldığı günü unuda bilmirdi. Geyindiyi zabit paltarında yaraşıqlı boy-buxunu onu bir az da qüvvətli, cüssəli göstərirdi. Nigaran, alovlu baxışları uzaqlara dikilmişdi. Elə uzaqlara ki, orada hər an düşmənlərin - qəsbkar, fitnəkar, dələduz, hiyləgər ermənilərin hücumu gözlənilirdi.

Onun baxışlarında ildırımlar oynayırdı, tufanlar qopurdu. O, bir an da olsun kirpiklərini qırpmırdı.

Baxışları uzaqlarda itib-batırdı. Elə uzaqlarda ki, orada Xocalı evlərinin ocaqları acı-acı, narahat-narahat tüstülənirdi.

Xocalı şəhəri səksəkə içində idi. Onun baxışlarındakı uzaqlarda - oradakı təzə gəlinlərin xınalı əllərindən tutub hələ yallı getməmişdilər ermənilər.

Dünyanın məsum məxluqları olan körpələrsə mışıl-mışıl yatmaqlarındaydılar. Və həm də hələ ki, əmzik, ana südü əvəzinə avtomat süngüsü əmdiklərini də, əllərinin, ayaqlarının kəsilib parça-parça edildiyini də, gözlərinin vəhşicəsinə kökündən çıxarıldığını da, saysız-hesabsız, köməksiz körpələrin dəmir yeşiklərə doldurulub diri-diri qaynaq edildiyini də, ata-analarının işgəncə ilə öldürüldüklərini də, ev-eşiklərinin, oyuncaqlarının dağılıb yandırıldığını da hələlik, ancaq yuxularında görüb için-için ağlayır, tez-tez diksinib yuxudan oyanırdılar.

Onun baxışları elə uzaqlarda idi ki, orada hələ Xocalı ağbirçəkləri, ağsaqqalları ayaqyalın, başıaçıq, tankların, topların qabağından qaçmırdılar. Hələ ki, gecə-gündüz sinələrini sipər edib öndə dayanan Xocalı əsgərləri, güclü silah-sursatla qəflətən onları mühasirəyə alan düşmənlə qanlı döyüşdən sonra əsir düşməmişdilər. Və hələ ki, onları girov götürüb Xankəndinə aparmamışdılar. Oradakı erməni qəbirlərinin üstündə türk əsgərlərinin başları kəsilməmişdi.

Hələ ki... hələ ki... ermənilər Xocalıdan əsir götürdükləri gənc, sağlam olanları seçib onların orqanlarını çıxardıb konservləşdirərək dünyanın ən böyük ölkələrindəki eksperimental xəstəxanalara satmamışdılar.

Hələ ki, Xocalı qızlarının heç vaxt, heç zaman ulu göylərə çatdıra bilməyəcəkləri acılı, göynərtili fəryadları çöllərə-düzlərə səs salmamışdı. Xocalı qızları təlaş içindəydilər, yatmamışdılar, atalarının, qardaşlarının döyüşdən qayıdacağını gözləyirdilər.

 

Hələ ki, nişanlı qızlar toy günlərinin şirin sədalarını ürəklərindən qovmaqda idilər. Və hələ ki, düşmənlər onlara elə öz evlərindəcə, öz ocaqlarındaca təcavüz etməmişdilər. Və daha sonra gözəl-göyçəklərini seçib İrəvandakı ermənilərə pay göndərməmişdilər. Hələ ki, əyinlərində paltar, başlarında ləçək vardı Xocalı qızlarının.

Hələ ki, Yer də, Göy də inadkarlıqla susurdu. Axşamdan yağan qar bütün dünyanı öz bəyazlığıyla aldatmışdı.

Hələ ki, düşmən də susurdu, bu bəyaz dünyanı türkün qanı ilə boyamamışdı.

Axşamkı bəyazlığa Xocalı da aldanmışdı. Xocalı da susurdu, taleyin hökmünü, qərarını gözləyirdi...

...Xatırladı ki, onun baxışlarının lap sonunda, qurtaracağında Qarabağın döyünən ürəyi Xankəndində Azərbaycan bayrağı qürurla dalğalanırdı. Yox, o səhv edə bilməzdi. Bu yəqin ki, elə belə də olacaqdı. Çünki, onun - əzizinin geyindiyi əsgər paltarı da, əsgər çəkmələri də, qartal baxışları da, enli kürəyi də, qüvvətli əlləri də ona ancaq belə söyləmişdi, belə demişdi axı?!

O gündən, o qanlı Fevral günündən çox keçmişdi.  Onu nə yaralananların, nə də şəhid olanların arasında tapa bilməmişdi.

İndi onun adını daim ünvansız bir yerdə - "İtkin düşənlərin siyahısı"nda arayırdı.

Bağrının başı yana-yana onun ermənilərin əsarətində işgəncə çəkdiyi cürbəcür sarsıdıcı səhnələri xəyalında canlandırırdı.

Gah da bir çox dəyişdirilmiş əsirlər kimi ya gözsüz, ya da əlsiz-ayaqsız, yandırılmış, başı kəsilmiş halda görürdü onu.

Ancaq bütün faciələrdən faciəli, dəhşətli bir səhnə onun xəyalından çəkilmirdi. Ermənilərin sağlam əsirləri seçib ya diri-diri, ya da ki, onların orqanlarını çıxardıb konservləşdirərək dünyanın ən böyük ölkələrindəki eksperemental xəstəxanalara satdıqlarını bir an da olsa fikrindən, beynindən silə bilmirdi.

Ona elə gəlirdi ki, onun əzizi, sevgilisi də seçilib satılan əsirlərin arasında imiş. Axı o, həm sağlam, həm də yaraşıqlı idi!

Yox! Yox! Yox! Allah! Kaş onun düşündüyü kimi olmayaydı!

Əgər o yanlış düşünürdüsə, bəs onda, o haradadır? Niyə indiyədək ondan bir xəbər çıxmamışdı? Axı o, durduğu yerdə qeybə çəkilməmişdi ki?

İlahi! Tanrı! Görəsən onun böyrəklərini... yoxsa, ürəyini... çıxardıblar?!

Of! Yəqin ki, narkozsuz!

Tanrım! Allahım! O, sənə son anda nə dedi? Səni köməyinə çağırmağa, səndən imdad diləməyə macal tapdımı?

Görəsən, hər şeydən, hər yerdən əli üzüldüyünü duyduğu an, cərrah stolunda bədəni kəsilib-doğrandıqca fəryadı göylərinə çatdımı? Göynərtili, acı hönkürtüsü büllur-büllur səmalarını çatladıb yerə tökdümü?!

...Bütün olanları təsəvvür edincə boğula-boğula ürəyi parçalanırdı, dağılırdı, ağlı yerindən oynayırdı.

Bu boğuq tüstü-dumanda, o əlçatmaz uzaq ölkələrin gizli, qaranlıq, qanlı küçələrində dolaşırdı xəyalı. Qərib şəhərin qanlı küçələrinin birində əzizini aparan maşın qəflətən dayanırdı. Onu əl-ayağı qandallı, ağzı sarıqlı aparan əli qanlı qəssabların hamısı bir anda məhv olurdu. O isə azadlığa çıxırdı. Ancaq nə əllərinin, nə ayaqlarının, nə də ağzının sarğısını aça bilmirdi. Ağzında sarğı, əl-ayağında qandal ağır-ağır, yavaş-yavaş yol gəlirdi. Gözlərində ümidi, ürəyində məhəbbəti ilə düz ona sarı gəlirdi.

Yol isə elə hey uzanır, uzanırdı. Amma hərdən yol lap qısalır, düz onun bir addımlığına qədər yaxınlaşırdı. O, əllərini elə qandalda ona tərəf uzadırdı. Onunsa belə anlarda sevincdən ürəyi uçunurdu. Elə həmin andaca yol ondan milyon kilometrlərlə uzaqlaşırdı.

O yolun, əbədiyyətin özü qədər sonsuz görünən yolun başa çatacağı bir an istəyirdi Allahından. Ancaq bir an! Onu əziziylə qovuşduracaq bir an!

...Yarıyuxulu, yarıoyaq halına uyuşmayan cəldliklə ayağa qalxdı.

Sübh günəşinin min bir rəngə çalan şəfəqləri pəncərədən ehmalca aşırılıb indi də onu bəzəməyə başladılar. Şəfəqlərin almaz parıltıları, onun mavi rəngli gecəköynəyinin yaxasında mirvari kimi sıralandılar. Sonra da vaxtından əvvəl dən düşmüş ağlı-qaralı saçlarını oxşayıb sığal çəkdilər, daradılar. Daha sonra yanaqlarına yol aldılar. Yanaqlarının həyat əlaməti olmayan solğun rəngini al-qırmızı, parlaq şəfəqləriylə işıqlandırdılar.

Pəncərəyə tərəf getdi. Döşəmənin üstündəki xalça ayaq səslərini acgözlüklə uddu. Əlləri pəncərəyə qanadlandı. Pəncərə taybatay açıldı.

Üzünü göylərə tutmuşdu. Məsum, ilahi görkəmi onu məleykəyə bənzədirdi.

...Göydəki məleykə həmişəki kimi, yenə də pəncərə qarşısındakı məleykəyə əl eləyib mavi ənginliklərdə görünməz olanda, köksünü ötürüb otaqdan çıxdı.

Yaz səhərinin mehi otaqla bir olmuşdu. Meh otaqda gəzib-dolaşır, nəmli, rütubətli divarları yuxudan oyatmağa çalışırdı.

Pəncərəyə haradansa parlaq-mavi rəngli göyərçin qonmuşdu. Parlaq mavi göyərçinin gözləri elə doğmalıqla alışıb yanırdı ki, sanki o da mehə qarışıb otağa keçəcəkdi.

Divarlar otağa dolan hənirtidən oyandılar, sağa-sola dartıldılar, bir-birinə dəyə-dəyə pəncərəyə tərəf getdilər. Divarların biri o birini itələyir, hər biri pəncərəyə daha tez çalmağa can atırdı. Biri susmamış, o biri başlayırdı, kirimək bilmirdilər: - "...O çox ağlayır, çox əzab çəkir, görəsən, bu nə vaxtadək davam edəcək? Günlərimiz yeknəsəkliyə bələnib, gecələr yuxumuz ərşə çəkilib. Yorulmuşuq, bezmişik, daha dözə bilmirik. Onun göz yaşları bizi tamam nəmləndirib. Çatlarımızın sayı gündən-günə çoxalır. Uçulub dağılmaq qorxusu var!" - deyirdilər.

Bayaqdan susaraq divarların şikayətinə qulaq asan parlaq mavi göyərçinin gözləri dolmuşdu. Köksünü ötürəndə iki damla göz yaşı həyacanla titrəyən boğazının altına, oradan da tappıltı ilə döşəməyə düşdü.

Dəhlizdən ayaq səsləri eşidildi. Parlaq mavi göyərçin otaqdakıların dərdlərini ürəyinə çəkib ağır-ağır səmaya qanadlandı.

İndi bütövlükdə elə bil otağın nəfəsi getdikcə daralır, gözləri alacalanır, ayaqları yerdən üzülürdü.

İllərdən bəri bu otağın sakini olmuş, elə bu otaqdaca qocalmış, saçı-saqqalı ağarmış sükutun dəmirləşmiş, daşlaşmış barmaqlarında son anlarını yaşayırdı lal otaq.

...Əl-üzünü yumuşdu. Alnında qıvrılan saçlarının ucundan asılmış su damcıları gül ləçəyindəki şehə bənzəyirdi. Əlləri ilə saçlarını geriyə daraqladı.

Əvvəlcə divarların səssiz harayını, sonra da otağın boğuq hənirtisini duydu.

Divarların hər birinə uzun-uzadı göz gəzdirdi. Sol divarın çatı bir az da böyümüşdü.

Əlini ürəyinin üstünə qoydu. İriləşmiş çata baxa-baxa yenə də möcüzəli, sirli bir anın istəyi varlığını bürüdü.

Ah çəkdi. İlk dəfə idi ki, istəyi qarşısında çox gücsüz, ümidsiz hiss edirdi özünü.

Sol tərəfində köksünün altı bərk sancdı. Əli ilə ürəyini tutub döşəməyə çökdü. Ağrıdan qıvrıla-qıvrıla inildədi.

Dodaqları göm-göy olmuşdu, üzündəki həyat əlamətləri getdikcə öləzəyir, sönürdü. Xeyli vaxt oturduğu yerdə qaldı.

İllərdir ki, bütün arzularının, ümidlərinin tüğyan elədiyi varlığıyla yalnız Allahı kimi tapındığı, Allahı qədər inandığı ümidinin ətəyindən əlini üzməmişdi. Gecə də, gündüz də, yorulmaq bilmədən əzizi, həsrətlisi ilə qovuşacağı möcüzəli an üçün dualarını bir an da əsirgəməmişdi.

Gözlədiyi o bir an - əziziylə qovuşacağı an olmuşdu onu həyata bağlayan, ürəyini döyündürən, dizlərinə taqət, gözlərinə işıq verən.

Yavaş-yavaş, diziüstə sürünə-sürünə, birtəhər gedib yatağında uzanmaq istəsə də, bacarmırdı. Bir az sürünüb dayandı. Ağrılarını, acılarını canından çıxarmaq, qovmaq üçün dərindən nəfəs aldı.

Ah çəkdi. Ağrılı-acılı, odlu-təlatümlü nəfəsini geriyə qaytarmağa macal tapmadı, arxası üstə döşəməyə yıxıldı.

Otağa dolan meh onu üşüdürdü. Dodaqları səyriyir, əlləri, ayaqları titrəyirdi.

Meh öz işində idi, onun üşüdüyünün, titrədiyinin fərqində deyildi. Nəvazişlə, astaca saçlarına sığal çəkirdi. Və bir ucdan da ona Tanrısı Ümidin şirin, sehrli sözlərini pıçıldayırdı: - "Gözlə məni, mənim yalqızım, mənim tənham! Mən səninləyəm, eşidirsənmi?! Bilirəm, çox üzülmüsən, çox əzab çəkmisən. Bir az da döz, bir az da gözlə. Az qalıb, lap az, gələcəyəm...".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!