Hekayələr - Mübariz CƏFƏRLİ

 

 

Yaşıl xalıdakı rəngbərəng naxışlar

 

Kəpənəklərə

Günlərin birində - beş-altı ilin söhbətidir - günorta namazına az qalmış qəfil məsciddə ürəyim sıxıldı, gördüm havam çatmır, səcdəyə gələnləri orda qoyub sakitcə qalxdım, arxadakı balaca qapıdan çıxdım həyətə, elə həyətin də dal qapısından keçib yol aldım kəndin qırağına. Anlamırdım sövq-təbii baş götürüb hara gedirəm, bircə şeyi qanırdım ki, yavaş-yavaş, asta-asta yeriyə-yeriyə - fəhmən duyurdum ki, iti getməyin ziyanı olar, ya da sadəcə, heç qaçaraq, yeyin gedə bilmirdim - kənddən aralanmasam sinəmdəki küt ağrı axırıma çıxacaq. Heç kəsi də görmək istəmirdim, çünki nəinki bir kimsə ilə uzun-uzadı danışmağa, heç ayaqüstü hal-əhval tutmağa da halım, həvəsim yox idi. Bəxtimdən kənd camaatı ilə rastlaşmadım. Yəqin, arxa yolla, çoxdandır ayaq dəyməyən cığırla getdiyimdən idi. Qəribə əhvalda idim, elə bilirdim dayansam ruhum bədənimi tərk eləyəcək, durduğum yerdəcə yıxılıb qalacam. Yəqin, məsciddəkilər elə bilirdilər molla dəstamaz almağa gedib, bir də ayılacaqdılar ki, pişnamazları yoxdur. Neynək, bu günlük özləri birtəhər yola verərlər namazı, mən özüm də sonra qəza namazımı qılaram, Allaha acıq getməsin, sinəmdəki ağır "daş"la əyilib dursam, elə namaz üstündəcə canımı tapşıraram.

Bu minvalla nə qədər getdiyimi bilmədim, lapdan gözümün qabağında qeyri-adi bir mənzərə canlananda istər-istəməz ayaq saxladım, dərindən nəfəs aldım, bir anda sinəmdəki ağırlıq havaya qarışaraq yox olub getdi, oldum quştək yüpyüngül.

Gözümü bu kənddə açmışam, ancaq kəndimizin iki addımlığında belə gözəl yerin, mənzərənin olmağından xəbər tutmamışam. Hələ mal-heyvan, qoyun-quzu ağzı dəyməmiş göz işlədikcə uzanan yamyaşıl otların, otların arasından boylanan çiçəklərin üstünə saysız-hesabsız rəngbərəng kəpənəklər qonmuşdu. Məxməri qanadlı, pərdə qanadlı, pulcuq qanadlı alabəzək kəpənəklər... Baxan kimi anlaşılırdı ki, ali qüdrətin işidir belə rəngarəng varlıqları yaratmaq... Bir anlığa ürəyimin ağrısının yox olub getməsinə heyfsləndim, çünki əsl ölüb qalmalı yerdə idim. Burası vardı ki, indi burda ölsəydim də, özüməbənzərlər məndən əl çəkməyəcəkdilər, meyidimi tapıb cansız bədənimin başına min bir oyun açacaqdılar. Adını da qoyacaqdılar nəzillərdən gələn adət-ənənə... İlahi, nadanların əlindən ürəyin istədiyi kimi ölmək də mümkün deyilmiş...

Göyün üzü apaydın idi, günəşin şüaları cana-bədənə xoş hərarət gətirib isitsə də, yandırmırdı, tərlətmirdi. Mürgülü kəpənəklər qayğısız-qayğısız çiçəklərin şirəsini çəkirdi. Var gücümlə: "Ay Allah, mən adam olmaqdan yorulmuşam, məni kəpənəyə döndər!" - çığırmaq istədim, fəqət anladım ki, qışqırmağa ehtiyac yoxdu, onsuz da Xudavəndi-aləm ürəyimizdən keçənlərdən xəbərdardır.

Qəribə bir aləmə düşmüşdüm; nə bir səs-səmir gəlirdi qulağıma, nə də ins-cins dəyirdi gözümə. Arxaya boylandım, deyəsən bir xeylaq gəlmişdim, kənd görünməz olmuşdu. Çöməlib əvvəlcə ədəb-ərkanla bardaş qurdum yaşıl xalının üstündə, sonra əməlli-başlı uzandım. Yanımdakı kəpənəklər qəfil öləzik xışıltını təhlükə zənn eləyib bir anda burulğan kimi havaya pərvazlandı, göyün üzünü alabəzək varlıqlar bürüdü, sanki üzüyuxarı şikayət eləyirdilər ki, hardansa bir ikiayaqlı peyda olub, bizi rahat dincəlməyə qoymur. Sonra təhlükənin, naməlum xışıltının qorxulu olmadığını anlayıb təzədən "yaşıl xalı"nın üstünə qonaraq mürgüləyib "ilmələr vurdu", rəngbərəng "naxışlar saldı" sərhədsiz yaşıllığa kəpənəklər...

Buxara papağımı qoymuşdum başımın altına, nəm torpaqda boy atan yaşıl otların sütül, xəfif biçənək, zəmi qoxusunu sinəmə çəkərək bəyazımtıl-göy, hüdudsuz səmaya baxırdım. Gözümü zillədiyim asimanda saysız-sonsuz qapılar açılırdı sanki, fəqət həmin qapılar səmayla eyni rəngli olduğundan, açılanların arxsasındakıları görməyə kəramətim çatmırdı. "Xudaya, ömrü qısa olsa da kəpənək kimi yaşamaq yaxşıdı, kəpənək olmaq yaxşıdı, - düşündüm, - di gəl, adamlar kəpənəkləri də rahat yaşamağa qoymur". Həqiqətən bir şeyi ki, yeməyəcəksən, xeyir götürməyəcəksən, daha niyə dalınca qaçıb tutmaq, dünyanı bu gözəllikdən xali eləmək istəyirsən? Deyirlər kəpənəkləri tutub qurudanlar, müxtəlif kəpənək qurusunu yığıb, toplayıb illərlə saxlayanlar da olur. Nə deyim, vallah! Adamlar nə istədiyini bilsəydi dünya bu kökdə olmazdı ki...

Gül-çiçəyi dərmək özü də vəhşilikdir. Qoxulamaq istəyirsənsə, buyur, ancaq qırma, qopartma, tələf eləmə, zəhmət çək, əyil, nə qədər kefindi iylə... O ki, qaldı çox yaşamaq məsələsinə, uzun ömür də bir şey deyil, elə dünyadan üzüsulu getmək məsləhətdir. Ömür uzandıqca yaşamağın zibili çıxır...

O dünyaya özxoşuna, sevinə-sevinə getməyə hazırlaşırammış kimi rahatca gözlərimi yumdum. Kirpiklərimi ehmalca bir-birinə sıxanda lap uzaqlardan sözlərini ayırd eləyə bilmədiyim səslər eşitdim. Yəqin İnkir-Minkir məni sorğu-sual eləməyə gəlirdi. Səs getdikcə yaxınlaşsa da, yenə sözlər aydın deyildi. Qəribə burasıydı ki, canımda zərrəcə qorxu-hürkü yox idi, hələ desən, özxoşuna ölüb canımı qurtardığım üçün çox sevinirdim. Nəhayət, kimsə əlini çiynimə qoyub məni yavaşca silkələdi. Gözlərimi açdım. Yanımda bardaş quran seyid Qeybulla ağzını qulağıma yaxınlaşdırıb pıçıldadı:

"Molla, nə fikrə getmisən? Camaat səni gözləyir axı, namazın vaxtıdı, dur keç irəli".

Mən peşman-peşman ayağa durub key-key ətrafa boylandım.

Sonralar kəndimizin qırağındakı o kəpənəkli otluğu ha axtarsam da, tapa bilmədim, sanki üstünə rəngbərəng naxışlar vurulan yaşıl xalını mələklər büküb ərşi-əlaya qaldırmışdı.

 

 

Qasid

 

Ağaclara

Ağacların işi heyvanlardan, quşlardan, böcəklərdən də betərdir. Belə ki, heyvanlar bəd ayaqda, təhlükə hiss eləyəndə qaçır, quşlar qanadlanır, böcəklər gizlənir. Ağaclarsa tərpənə, bəlağətli, yeddimərtəbəli, obrazlı desəm, canını qurtara bilmir. Fəqət adamlardan başqa heç kəsdən, heç nədən qorxusu yoxdur ağacların... Allahdan gələn bəladan; ildırımdan, sel-sudan, zəlzələdən, quraqlıqdan başqa... Heyvanatın ağaclara nə ziyanı? Bəzi otyeyən iri heyvanlar ağacların budağı, yarpağı ilə qidalansa da, əslində bunun ağaclara xeyri var. Tez-tez təzələnmək ucbatından ömrü uzanır ağacın. Mamırlar, otlar, kollar, ağaclar yer üzünün ən qədim sakinidir. Həşəratlardan, böcəklərdən, heyvanlardan, insanlardan çox-çox qabaq xəlq olunub. Deyirlər, bir ağacın yer üzünə buraxdığı təmiz hava ilə üç adam bir sənə rahatca nəfəs ala bilər. Hələ yamaclardakı sürüşmənin də qarşısını alır kökləri dərində rişələnən ağaclar. Nə yazıq ki, məxluqat özü öz nəfəsliyini bağlamağa meyllidir. Meyvəsini dərdiyi, kölgəsində sərinləndiyi ağacların lap dərin məsələlərdən ötrü yaradıldığını qanmır. Bəlkə heyvanlardan, elə insanlardan da qat-qat dərin... Yəqin elə buna görə ağacların məkan dəyişdirməyə, yeriməyə ehtiyacı yoxdur. İlk baxışdan köməksiz görünən ağaclar daha əzəmətli qüvvələrin pənahındadır, baltalansa da, yandırılıb torpağa qarışsa da heç vaxt tam məhv olmur. İnsan meşələri qırıb son ağacı da yox eləyəndən sonra bütün Adəm övladları da qırılacaq. Bunu başa düşsə də nadanlığından əl çəkmir. İnsanın əslində öz-özünə quyu qazdığı haqda saysız-hesabsız misal çəkə bilərəm. Amma nə faydası?..

Bir gün qonşu kənddəki məclisdəydim. Mərhumun böyük oğlunun baxışları xoşuma gəlmədi. Gözləri qaynayırdı, danışığı da hətərən-pətərən idi. Narazı-narazı seyid Qeybullaya baxdım ki, a kişi, bu nədir, məni hara gətirmisən? Ölənin kiçik oğlu - gözü qaynayanın balaca qardaşı - duyuq düşüb yanıma gəldi, yazıq-yazıq boynunu büküb pıçıldadı ki, qurban olum, molla, sən Allah, qardaşıma bənd olma, bütün kəndimiz onu yola verir, çünki tez-tez çaşır bədbəxt qardaşım.

Mən başımı tərpətdim: "Allah sənin qardaşının köməyi olsun, - deyib xəbər aldım. - Anadangəlmədi?" "Yox... - mərhumun kiçik oğlu içini çəkdi. - Beş-altı ildi belə olub. Kəndin sayılıb-seçilən bağbanı idi. Elə sənətinin güdazına getdi," - astadan danışanın doluxsunmağı mənə qəribə gəldi, çünki "güdazına getdi" - kəlmələrini adətən ölən, "üzü bəri"yə yolu olmayan üçün deyirlər, haqqında söhbət açılansa gözümüzün qabağında idi, yetənə yetirdi, yetməyənə bir daş atırdı, hiss olunurdu ki, hamı ondan gen gəzməyə çalışır. "Necə yəni?" - maraqlandım. "Çox ağıllı, yerinibilən adam idi qardaşım... Bağımızdakı iri ağacların quru yerlərini budayanda çaşıb öz oturduğu budağı da kəsmişdi. Ağacdan yıxılanda başı dəymişdi daşa... Sağ qalsa da ağlı yerindən oynadı. Şükür, hələ indi babatdı, hərdənbir lap dözülməz olur, qızışıb arvad-uşağı qatır qabağına, söyüşün biri beş qəpik". Narahat-narahat təkrarladım: "Allah sənin qardaşına hidayət eləsin, qəm yemə, heç kəs bilmir sabah başına nə gələcək". Mərhumun kiçik oğlu gedəndən sonra seyid Qeybulla mənə dedi: "O necə ağıllıdı ki, oturduğu budağı kəsib, hə?" Mən seyidə acıqlandım: "Pıqqıldama, keçmiş bağbanın qəzəbinə gələrik, qoy sakitcə məclisi birtəhər yola verib qayıdaq ev-eşiyimizə. Səni bilmirəm, mənim burdakılardan gözüm su içmir. Sanki hamısı oturduğu ağacın budağını kəsib, hamısı da elə o yazıq bağban kimi ağacın kəlləsindən kəlləmayallaq, başı üstə qablanıb yerə".

Amma şükür ki, hər şey yaxşı qurtardı, məclisi sakitliklə yola verdik... Sözüm onda deyil, seyid Qeybulla demişkən, ağıllılar, özünü yer üzünün əşrəfi sayanlar, görəsən, nə səbəbə onlara təmiz hava, rahat nəfəs bəxş eləyən ağaclara qənim kəsiliblər? Mənim başına qəziyyə gələn, çaşdığından öz oturduğu budağı kəsən bağbanla da işim yoxdur. Əslində, acıyıram ona. Bağbanlıq cənnəti satın alma sənətidir. Ağac müqəddəsdir axı... Müqəddəsi qorumaq, ona qulluq eləmək isə məxluqa yalnız savab qazandırır. Müqəddəs kitablardakı behiştin təsvirində də meyvəli ağaclardan, varlığından yazılıb ki, məxluq ağlı ilə ölçüyə gəlməz, insan zəkasına sığışmaz şeylər haqqında oxşar məlumat verilsin. Kökü yerin dibinə, başı buludlara dirənən bəlkə, elə yerlə göy arasında insan idrakına sığmayan qeyri-adi varlıqlar üçün ünsiyyət vasitəsidir? Gözümüzə görünməyən həmin naməlum varlıqların xəbər aparıb-gətirən mələyi - Cəbrayılı - ağaclardır?.. Belə çıxır ki, adamlar ağacları məhv eləməklə təkcə özlərinə quyu qazmırlar, kainatın mizanını pozurlar. Təkrar eləyirəm, ağaclarsa heç vaxt məhv olmur, çünki kökü yerə, başı buludlara dirənənləri qoruyan qoruyur, çünki nə qədər nadan, acgöz olursa-olsun, əslində insanın heç vaxt məhv eləyə bilməyəcəyi şeylər, lap dəqiq desəm, varlıqlar da var, onlar ilk baxışda tələf olmuş kimi görsənsələr də heç vaxt ölmürlər. Bəlkə, elə insan da o varlıqlardan nə isə əxz eləyərək fəhmən öz ölümsüzlüyünə inanır? Fəqət adamlardan fərqli olaraq o varlıqlar - xüsusən ağaclar - məhşər gününün sorğu-sualından azaddır...

Heç bilmirəm danışdıqca dolaşdığım, dolanbacında azıb qaldığım bu söhbətləri nə səbəbə eləyirəm sənə? Anlayıram axı sən belə söz-söhbətlərin xiridarı deyilsən. Boş yerə yoruram səni. Qınama məni, axır zamanlar tez-tez təngnəfəs oluram qəflətən, deyəsən ucundan tutub gedirəm ucuzluğa, nə danışdığımı da düz-əməlli bilmirəm. Birtəhər olmuşam, yuxum-zadım da pozulub. Şər deməsən xeyir gəlməz, mənim başıma bir iş gəlsə, qızımla nəvəm sənə əmanət...

Di dur, dur gedək bizə, qızım yaxşı süfrə açıb, gedək bir kısmat çörək yeyək, dur ayağa, elə mən özüm də acam, boş-boş çənə vurmaqla qarın doymaz, dur...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!