O gecə Rəhman müəllimin şagirdləri yuxuda uçan buludlar gördülər. Gördülər ki, uçan buludların gözləri var,
gördülər ki, bu gözlər Rəhman müəllimin gözlərinə
oxşayır, gördülər ki, Yer kürəsi Rəhman müəllimin
gözlərində bir damcı yaşa dönüb yağmağa Yer axtarır...
...Rəhman müəllim xəstə ürəyinin künc-bucağında onu həyata bağlayacaq nəsə tapmaq istəyirdi, lap elə ilangözü boyda bir işartı, ümid qırığı, xırım-xırda nəsə...
Çıxış yolunu tapdı: bu gecə hər şeyə son qoyacaq. Bu arzu beynində ildırım kimi çaxıb ovqatını işqlandırdı. Əl-ayağa düşüb saçına-başına əl gəzdirdi, cibindəki azacıq pulları qəpiyinəcən sayıb yenidən yerinə qoydu.
Soyuducudan kolbasa, pendir çıxarıb özünə süfrə açdı. Uşaqlıq dostu Kərəmin kənddən göndərdiyi zoğal arağını balkondakı şkafdan çıxarıb gətirdi. Çörəkqabında neçə gündən bəri quruyub qaxaca dönmüş, yanı qoparılmış çörəyi süfrəyə qoyub qədəh dalınca getdi.
Rəhman müəllimin dilinə ildə iki-üç dəfə içki dəyərdi, ya dəyməzdi, amma bu gecə ömründə heç vaxt içməyəcəyi qədər içib ürəyini boşaldacaqdı. Birinci badəni nəyin sağlığına içəcəkdi? Gözü divara sataşdı. Köhnə, soluxmuş divar kağızlarında uçan buludlar vardı. Buludlar gözünə birtəhər dəydi, elə bil buludlar tala-tala olub uçmağa hazırlaşırdı. 27 il əvvəl bu divar kağızını özü seçib almışdı. Mavi buludlar uşaq vaxtı obalarında gördüyü buludlara oxşayırdı. Buludşəkilli kağızı seçmişdi ki, hər dəfə buludlara baxanda düşmən tapdağı altında olan kəndlərinin qoxusunu alsın. Nə vaxt istəsə, yağsın, nə vaxt istəsə, günəşin qabağından çəkilsin, bircə uçub getməsin, bircə tərk etməsin onu.
Amma elə bil özü kimi buludlar da yorulmuşdu. Bu evdən uçub getməyə bəhanə gəzirdilər. Sadəcə, pəncərələri açmaq lazım idi...
...Adətiydi, səhər tezdən oyanıb günəşin ilk zərrəsiylə ürəyini alışdırar, sonra məktəbə gedib qəlbindəki odla körpəcə uşaqların tərtəmiz qəlbini işıqla doldurardı. Uşaqlar Rəhman müəllimin gözləriylə, ürəyiylə, arzularıyla dünyaya boylanar, qanad açıb uçardılar. Rəhman müəllim ibtidai sinif müəllimiydi. Qırx ildə qırx nəsil Rəhman müəllimin xeyir-duasını almış, qırx ildə qırx ürəkli nəsil böyümüşdü. Təməlləri yaxşı olduğundan, sonraları da yaxşı olmuşdu bu uşaqların.
Bu səhər də günəşdən erkən oyanıb qəlbini işıqla yuyub salavatlayandan sonra məktəbə yollanmışdı. İkinci sinifdə oxuyan şagirdləri onu görəndə quş balaları kimi üstünə qaçmış sevincləri dua kimi üstünə yağmış, o da tərtəmiz duaları şükranlıqla ruhuna çiləyib çöp kimi nazik barmaqlarıyla uşaqların başına sığal çəkmiş, onlara xeyir-dua vermişdi...
Zəng çalınanda Rəhman müəllim həmişəki qıvraq, inamlı addımlarla doğma sinfinə yollanmışdı. Dərsi soruşanda, körpələrin əlləri havada alça ağacı kimi çiçək açmış, Rəhman müəllimin ürəyi atlanmışdı...
Qapı döyülüb məktəb direktoru Səbinə müəllimə sinfə gələnəcən həyat düzəndəki çay kimi sakitcə axırdı.
Səbinə müəllimə boyalı dodağının bir ucunu çeynəyə-çeynəyə, sürməli gözlərini qırpa-qırpa nəsə deməyə hazırlaşırdı, amma sözü hardan başlayacağını, nə deyəcəyini bilmədiyindən duruxub qalmışdı. Handan-hana:
- Rəhman müəllim, bu gün sizin 60 yaşınız tamam olur. Hamı bilir ki, məktəbimizin ən yaxşı müəllimlərindən birisiniz, bəlkə də, birincisisiniz. Bütün kollektiv adından sizi təbrik edirəm.
Rəhman müəllimin işıqlı sifəti bir az da işıqlandı. Çəkinə-çəkinə:
- Təşəkkür edirəm, Səbinə müəllimə, inanın, bu günü özüm belə unutmuşam, - dedi.
Səbinə müəllimənin göydə axtardığı fürsət yerdə əlinə düşdü:
- Rəhman müəllim, elə qanun da bunu deyir də, insan yaşa dolur, özü kimi yaddaşı da yorulur. İndi sizin istirahət edən vaxtınızdı. Təhsil şöbəsi bunu nəzərə alıb, sizi bütün qayğılardan qurtarmaq üçün yerinizə Nazilə müəlliməni yollayıb. Bu il pedaqoji universiteti bitirib, gənc kadrdı. Siz özünüz də həmişə deyirsiniz ki, gənclər bizdən çox bilir. Estafeti onlara verməyin vaxtı çatıb. İstədim ki, bu əlamətdar hadisəni doğum gününüzə hədiyyə edim.
Rəhman müəllimin ağbəniz sifəti kətan kimi ağardı, sonra yanaqlarına qızartı çökdü.
- Nazilə müəllimə məktəbimizə xoş gəlib. İcazə verin dərsi bitirim, sonra necə məsləhətdirsə, elə də olsun, - dedi.
Səbinə müəllimənin çoxdan planlaşdırdığı əməliyyat uğurla başa çatdı. Rəhman müəllimin şərəfini uşaqların gözü qarşısında yerlə-yeksan etmişdi. Xasiyyətini bilirdi, bu əməliyyatdan sonra, nazir də gəlsə, gedəcəkdi. Bir anda ağlından keçirdi ki: "Ləyaqətli adamlara can qurban. Nə qışqırırlar, nə bağırırlar, quzu kimi üzlərini çevirib gedirlər".
Sonra özünü yığışdırdı, çəlimsiz sifətində elə bil ildırım çaxdı. Son göstərişini verdi:
- Uşaqlar, bu gündən sizə Nazilə müəllimə dərs deyəcək. O, ingilis dilini sevimli Rəhman müəlliminizdən daha yaxşı bilir, kompyuter bilgilərində tayı-bərabəri yoxdu, ümid edirəm ki, onunla dil tapacaqsınız, - deyib gəldiyi kimi də çıxıb getdi.
Sinfə çökən sakitliyi Zümrüdün hönkürtüsü pozdu.
Uşaqların gözündə təlaşla qorxu bir-birinə qarışmışdı. Bütün sinif Zümrüdə qoşulub ağlayırdı. Sinfin ən nadinc uşağı Nihad ağlaya-ağlaya qaçıb Rəhman müəllimi qucaqladı, bütün uşaqlar qaçıb müəllimlərinin başına yığışdılar. Uşaqların hönkürtüsü, körpəcə ürəklərinin döyüntüsü, gözlərindəki qorxu... Rəhman müəllimin ürəyi heç vaxt belə sıxılmamışdı, heç vaxt belə əlacsız olmamışdı, heç vaxt heç kim onu Səbinə müəllimənin silahı kimi ağır silahla vurmamışdı...
...Divardan gözünü çəkib qədəhə araq süzdü. Dilinə gətirməsə də, ilk badəni divarların sağlığına içdi. İnsanlar bir ömür dörd divarın arasında yaşayır. Yaxşı günləri də, pis günləri də dörd divarın arasında keçir. Arzuları hərdən divarları aşsa da, gec-tez geri dönüb dörd divara sığınır. Adamlar divarların arasında doğulub, divarların arasında ölür.
O, ağlı kəsəndən divarları sevmirdi. Dəfələrlə bu divarları didib-parçalamaq, dağıtmaq, yerlə-yeksan etmək istəmişdi. Çox istəmişdi. Amma bir ömür çabalasa da, bacarmamışdı, doğrudu, zəhləsi getdiyi, nifrət etdiyi, ürəyini bulandıran mütiliyi heç vaxt yaxına qoymamışdı, hər şeylə razılaşmamışdı, maymaq yerində qalmamışdı, başqaları kimi olmamışdı. Vəhşi at arzusuyla yaşayıb ələbaxım yabıya dönməyin acısını yaşamaq ağır idi...
İkinci badəni tərəddüd-zad eləmədən: "Madam ki, yalan adamların xoşuna gəlir, bu badəni içirəm yalanın sağlığına", - deyib başına çəkdi.
Zoğal arağı boğazının divarlarını yandıra-yandıra ünvanına çatdı. Gözləri azacıq yaşardı, burnu qızardı, kolbasanın bir dilimini alıb dişlədi. "Kral kolbasası. Kral... yaxşı addı", - dedi. Dodağına təbəssüm qondu...
Başını qaldıranda gözü saata sataşdı. İndi dərman içməliydi. Cabir həkim keçən həftə onu müayinə edəndə: "Ürəyin çox zəifdi, müalicə olunmasan, axırı yaxşı olmayacaq", - demişdi. Birdə-birə sevindi. Bundan sonra nə həkimə gedəcəkdi, nə od qiymətinə dərman alacaqdı, nə də ölümün yolunu gözləyəcəkdi. Sevindi, uşaq kimi qəhqəhə çəkib güldü...
Üçüncü badəni yeddi il əvvəl xərçəngin apardığı ömür-gün yoldaşının şərəfinə içəcəkdi. Sevib evləndiyi qadın sözün bütün mənalarında qadın idi. Həssas, romantik, fantaziyaları sonsuz... nişanlı vaxtlarında sevgilisinə "mənim İlahəm" - deyərdi, o da bu sözdən yaz qarı kimi əriyərdi. Toylarından bir həftə sonra İlahə başa düşdü ki, ehtiyaclarla dolu bir həyat onu gözləyir. Xəyal qırıqlığı bu şən, sevimli qadını sındıra bilmədi. Dörd divarın arasındakı əksər qadınlar kimi o da arzusuz mələklərdən birinə çevrildi. Yoxluqların, azlıqların, danlaqların içində yaşadı və sonda xərçəng köməyinə gəldi. Nə qədər ağır olursa olsun o bu məşəqqətli həyatdan, ərindən ayrılmaq istəmirdi. Gecələrin birində hamını yuxuya verib heç kimlə vidalaşmadan səssiz-səmirsiz çıxıb getdi. Ölümüylə ərini belə incitmək istəmədi.
O vaxtdan yeddi il keçirdi...
Ürəyi dolandı, şagirdi Zümrüd kimi hönkür-hönkür ağlamaq istədi...
...Sinifdən çıxanda uşaqlar ağlaya-ağlaya əlindən-ayağından yapışıb getməyə qoymurdular. Müəllimlər otağının qapısına qədər uşaqları birtəhər dilə tutub sakitləşdirdi. Müəllimlər otağında elə bil yas düşmüşdü, hamı günahkarcasına susurdu. Axır ki, Qəzənfər müəllim özündə təpər tapıb hamının yerinə danışdı:
- Rəhman müəllim, şagirdlərin də, elə bizim də gözümüzdə bir əfsanəsiniz. Doğrudu, müəllimliyin yaşı olmur, bu yeganə sənətdi ki, vaxt keçdikcə qiyməti artır, amma neyləyə bilərik, qanun qanundu. Bu məktəbdə yaşı səksəni haqlamış xeyli müəllimlər var. Qanunun gərək iki başı olmasın. Sizin 60 yaşınız bu gün tamam olur. Nə olub, nə xəbərdi?
Rəhman müəllim gülümsədi, incə yumoru dinc durmadı:
- Qanun qarşısında boynumuz qıldan incədi, Qəzənfər müəllim, mən getdim əfsanə olmağa, özünüzə yaxşı baxın, çalışın qocalmayın.
Müəllimlər hamılıqla ayağa qalxıb Rəhman müəllimi məktəbin darvazasınacan ötürdülər. Ayağını məktəbin həyətindən kənara qoyanda, hə, o anda Rəhman müəllimin ürəyində elə bil nəsə qırıldı. Sonra elə bil ürəyindən daş asıldı. "Müəllimlər gedib daş atsınlar", - demişdi əbləhin biri. Gərək o gün tərk edəydi məktəbi...
...Zoğal arağı elə yandırdı ki, ürəyindən tikan çıxdı. Kolbasa, pendir dilimləri bir ucdan yoxa çıxırdı. Gözü araq şüşəsində qalmışdı. İçmək istəmirdi, amma özünü şüşənin yanında sındırmaq da istəmirdi. Dördüncü badəni küncdə tor qurub özünə layla çalan hörümçəyin sağlığına içəcəkdi. Bu evdə gözə dəyən iki canlı yaşayırdı. O və hörümçək. Çoxdan görmüşdü bu toru, amma onunla dörd divar arasında yaşamağa könüllü razı olan hörümçəyin yuvasını dağıtmaq istəməmişdi. Dağıda bilməzdi, əli gəlməzdi. Hərdən pəncərədən, qapıdan içəri soxulan ağcaqanaddan-zaddan nəyisə tapıb gününü keçirirdi. O, hörümçəyə sənətkar olduğu üçün hörmət edirdi. Heç bir canlı öz işini hörümçək qədər mükəmməl görmürdü. Belə zərif toxucunun toruna nə düşürsə düşsün, halal xoşu olsun, - deyib dördüncü badəni birnəfəsə başına çəkdi.
Ağzından od çıxdı. Mətbəxə keçib odu sönənəcən su içdi. Özünə bozardı: "özünü sonacan ləyaqətli apar, az qalıb, lap az", - dedi.
Zoğal arağının zərif qoxusu otağa yayılmışdı. Divardakı buludlar tala-tala olub uçmağa hazırlaşırdı. Hörümçək öz yelləncəyində yellənə-yellənə arabir fit çalırdı. Burnuna hardansa sevimli arvadının ətri toxundu... Ayaqları dolaşa-dolaşa gedib pəncərəni açdı, sonra dönüb əliylə divardakı buludları hədələdi:
- Hamınız azadsınız, gedin, çıxın gedin bu xarabadan, hara istəyirsinizsə, ora da gedin, təki gedin, canınızı qurtarın...
Divarlar əriyirdi, buludlar pəncərəyə tərəf axırdı, Rəhman müəllimin əyilmiş qəddinin kölgəsi pəncərədə titrəyib sonuncu buludun azadlığa çıxacağını gözləyirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!