Falçı - Ümid NƏCCARİ

hekayə

21 Azər hərəkatı xatirəsinə...

Siqaret almağa çıxmışdım. Məhəllənin çıxışındakı köşkə yaxınlaşıb bir qutu siqaret istədim.  Evə tərəf yola düşmək istəyirdim ki, arxadan bir səs məni çağırdı: "Cavan oğlan, bir bax bura!". Başdan-ayağa qara geyinmiş qarayanız bir qadın yerdə oturub qucağındakı körpəni əmizdirirdi. Əmdiyi süd körpənin ağzının qırağından axıb ananın qara ətəyinə damır, ağımtıl ləkələr yaradırdı. Körpənin yanaqlarında xırda, qırmızı səpkilər  var idi, onun qız və ya oğlan uşağı olduğunun fərqinə vara bilmədim. Qadın məni çağırırdı.  "Bəli... eşidirəm!" - dedim. Təbəssümlə "Bir manat ver falına baxım" - dedi. Əlimi cibimə salıb iki manat çıxardım, "...falıma baxmağa ehtiyac yoxdur, götür"- pulu falçıya uzatdım... Səsini yüksəltdi:  "Olmaz... qadan alım, qoy halal olsun. Əlini ver, falına baxacam." Fala, falçıya inanmasam da, qeyri-iradi əlimi ona tərəf uzadıb, ovcumu açdım. Lakin qadın dərhal əlimin arxa tərəfini çevirib, diqqətlə baxmağa başladı. Sanki xəritə üzərində köhnə bir şəhər axtarırdı. Birdən başını qaldırıb, gözlərini gözlərimə zilləyərək, birnəfəsə "anan keçən il qarlı bir səhərdə dünyasını dəyişdi, ateistsən, bir ilə yaxındır bu şəhərə gəlmisən, telefon nömrənin sonu 89 ilə bitir, həyat yoldaşından üç il əvvəl ayrılmısan, çox gözəl peşən var..." söylədi. Təəccübdən donub qalmışdım ki, son cümləni eşidib gülümsədim. Sifətimə sirayət etmiş ifadəni sezən qadın davam elədi:  "Həəə... işsizlik gözəl peşədir, yaraşıqlı oğlan". Matım-qutum qurumuşdu... Qadının söylədikləri doğru idi. Mənim haqqımda bu qədər məlumatı haradan və necə toplamışdı?.. İşsiz olduğumu da bilmişdi... Halbuki, zahiri görkəmimlə heç işsiz adamlara bənzəmirdim... Qadın körpəni döşündən ayırdı, sağ əlini qaldırıb qara uzun barmaqlarının üçünün qatını açdı, üzümə diqqətlə baxdı.

-Cəmi üç günün qalıb.

-Anlamadım, necə yəni?

-Yəni üç gün zamanın var, üç gündən sonra həyatdan köçəcəksən!

-Öləcəyəm yəni?

-Hə, düz üç gündən sonra.

Ürəyim gizildədi, bədənimdən bir ürpərti keçdi.

-Sən nə danışırsan, xanım, cavan oğlanam, niyə ölməliyəm ki? Bəlkə bir də baxasan əlimə? - son cümlənin ağzımdan çıxdığına qulaqlarım inanmadı..

Başını yellədi.

-"Pişəvəri" parkının ortasında uca bir küknar ağacının altında skamya var. Şənbə günü saat 21:00-da ölüm səni orda gözləyəcək.

-Getməsəm necə olacaq?

-Fərqi yoxdur, o sənin görüşünə gələcək. Amma bil ki, sənin qismətin, alın yazın ordadı.

Gülməyə başladım. Falçı qadının qaşları alnında düyünləndi, əlini bir də qaldırdı, barmaqları ilə üç rəqəmini xatırlatdı. Simasında acı bir təbəssüm yarandı.

- Yaxşı daaa... artıq gedə bilərsən"- qadının səsi kal çıxdı..

Ayağa qalxdım, əyilib çantamı götürdüm,  evə sarı yola düşdüm.

Görəsən mən niyə gənc öləcəm? Axı özümü sağlam hiss edirəm,  altı ay bundan əvvəl  qan təhlili də vermişəm. Həkim sağlam olduğumu söyləmişdi. Bəs arzularım necə olacaq? Hansı arzular? Mənim daha arzum yoxdur. Yox... ola bilməz. Falçılar hamısı yalançıdırlar. Fal da, falçı da yalandan, fırıldaqdan başqa bir şey deyil! Qadının tək məqsədi məndən pul qoparmaq idi... O mənim gələcəyimi bilə bilməz! Kimdir, axı, o? Nostradamus? Xeyr. Heç kim, heç kim gələcək haqqında öncədən dəqiq məlumat verə bilməz. Qadın yalan deyirdi..

Qorxu hissi tədricən ruhuma sızırdı, əllərim soyuyurdu, ürəyim sıxılırdı... Darıxmaq hissi təpədən-dırnağa məni bürüyürdü. Anamın öldüyünü, yoldaşımla ayrıldığımı hardan bildi? Nə olsun ki, bildi? Bəlkə, bu məhəllədə yaşayır, bəlkə, qonşularım vasitəsilə yığıb bu qədər məlumatı... O, işinin peşəkarı olan bir yalançı idi. Vəssalam. Ölümün zamanını kimsə qabaqcadan söyləyə bilməz! Evə çatıb tez bir stəkan sərin su içdim ki,  bəlkə bu vahimə canımdan çıxsın. Falçının sifəti, uzun qara barmaqları gözümün qabağından getmirdi. "Üç gün... üç gün..." səsi qulağımda çingildəyirdi. Ac olduğumu belə unutmuşdum. Divanda arxası üstə uzandım, qolumu alnıma söykədim, gözlərimi tavana zillədim. Qadını və başıma gələn bu əcaib hadisəni unutmalıydım. Heç bir əlahiddə gücü olmayan, adi bir qadının sözlərinə niyə bu qədər önəm verirdim?  Zamanımı belə mənasız, boş şeylərə sərf etməməliydim. Guya ki, şənbə günü o parka gedəcəkdim? Axı getməyəcəm. Qadının dediklərinin fikirlərimi alt-üst etməsini anlaya bilmirdim. Bəlkə də, hər şey sadəcə zarafat idi. Soyuq, yersiz və qorxunc zarafat. Bu fikirlərlə iki günümü başa vurdum.

...Yuxusuzluqdan özümü o qədər yorğun hiss edirdim ki, evdən çölə çıxmağa taqətim yox idi. Zamanımı internetdən film izləməklə keçirirdim. Falçını və məşum nitqini unutmaq istəyirdim. Yenə noutbukumu açdım, izləmək üçün filmlərin elektron kataloquna daxil oldum, qəribə idi, hansı filmi seçdimsə, qarşıma fransızların məşhur "Papillon" u ("Kəpənək") çıxdı. Bəlkə də internetdə qarışıqlıq var idi. Qalxıb evin içində gəzməyə başladım. Güzgünün qabağında ayaq saxladım. Saçlarım bir-birinə yapışmış və yağlanmışdı. Çimmək üçün hamama girdim, amma suyu açmadım. Bir az hamamda oturub fikirləşdim. Aclıqdan ürəyim ağzıma gəlirdi. Mətbəxə getdim. Soyuducuda iki gün əvvəldən qalmış plov var idi. Götürüb hamama gəldim və yeməyə başladım. Hamamı daha güvənli yer bilirdim, beynimdə dolaşan fikirlərlərdən sanki burada uzaqlaşırdım. Yeməyi bitirəndən sonra suyu açdım, səsini dinləməyə başladım. Krandan axan suyun şırıltısı Niyaqara şəlaləsinin səsiymiş kimi, qulaqlarımı deşirdi. Ayaqlarımı suyun altına tutdum. Sudan buxar qalxırdı, amma nədənsə istini hiss etmirdim, əlimlə ayaqlarıma toxundum, buz kimi soyuq idilər. Suyu bağladım. Hamamdan çıxdım. Ayaqlarım islaq-islaq güzgüyə tərəf getdim. Duruxdum.. Güzgüdə özümü görmədim. Gözlərimi yumub açdım... Güzgü qarşımdaydı, öz yerindəydi, güzgüdə əksim yox idi, güzgü məni göstərmirdi... Deyəsən, həqiqətən son gecəm idi... Kitab rəfinə sarı addımladım, rəfdəki kitabların adını bir-bir oxumağa başladım. Bukovskinin "Makulatura" əsərini götürüb vərəqlədim. Bu kitabı anam hədiyyə etmişdi. Kitabı burnuma tərəf qaldırıb vərəqlərin qoxusunu ciyərimə çəkdim. Anamın yaylığının ətri gəlirdi...

Qara falçıya inanırdım. Barəmdə dediyi hər söz həqiqət idi. O, yalan demirdi. Saat 21:00-da  "Pişəvəri" parkında həyat son sözünü mənə deyəcəkdi.  Sonun nəfəsini hiss edirdim.

Yolumu gözləyəcək kimsə yox idi. Kaş ki, sevdiyim bir qız olaydı, heç olmazsa onunla vidalaşardım. Olsa idi,  zəng edib "Bağışla məni, bağışla ki, ömür aman vermədi, yenidən əllərini tutam. Səninlə bir yuva qura bilmədim, sevgilim! Məni sevdiyinə görə təşəkkür edirəm" deyəcəkdim, Sözlərimin sonunda mən ağlayacaqdım, sarı saçlı qız da telefon xəttinin o biri tərəfində, mənə qoşulub hönkür-hönkür ağlayacaqdı. Sevdiyim qız "imkan varsa getmə, sevgilim, uzaqlaşma... sənsiz yaşaya bilmərəm" - deyəcəkdi. Mən isə müharibəyə gedib şəhid olacağını bilən əsgər kimi "səni məzarım üstə gözləyəcəm, tez-tez gəl görüşümə" - deyib sonra telefonu söndürəcək, gözlərimin yaşını köynəyimin qolu ilə siləcəkdim...

Qısa həyatımda öz varlığımı unudub, yaşamamağı tərcih etdiyim günlərim çox olub. Yaxşı ki, sabah o küknarın altındakı oturacaqda bu həyatla birdəfəlik vidalaşacam. Kim bilir, onun üstündə neçə-neçə sevgililər oturub, qaranlıqda eşqdən-məhəbbətdən, gələcək ümidləri haqqında danışıblar, gizlin-gizlin öpüşüblər. Oturacaqdan mənə düşən pay isə yalnız ölüm olacaq.

Bəlkə, o oturacaqda rahat-rahat dünyadan köçəcəyəm. Bəlkə də,  çətin olacaq. Hansı şəkildə öləcəm? Bəlkə boğulacam, son nəfəsimi nəfəssizliyimin sükutunda verəcəm? Bəlkə yanacam? Qovrula-qovrula, əzab və iztirab çəkə-çəkə, alışıb yanacam, külə dönəcəm? İnsan ölmək istəmir. Lakin ölümün hənirtisini hiss edəndə, biləndə ki, ölüm burnunun dibindədir, o zaman son nəfəsini verməyin ən rahat şəklini arzulayır özünə.. Amma həyatın öz planları var. Kainatın möhtəşəm nizamında  insan özbaşına hərəkət edə bilməz. Həyat incitmədən əl çəkəsi deyil, nizamı pozanın cəzası kəsilməlidir.

...Qismət!.. Alın yazısı!.. Hə, mənim qismətim məhz o küknarın altındakı oturacağın üstündədir.

"Qismət" sözünün içimdə hüzur yaradan gücünə heyran qaldım. Canıma, qanıma sancı kimi, ağrı kimi hopan qorxunun  getdikcə azaldığını hiss edirdim. Ölümə üzüağ və alnıaçıq gedəcəm! Çünki qismət belə imiş! Hər gün yemək bişirməkdən, paltar yumaqdan, çimməkdən, hətta yan qonşunun dığ-dığ arvadının səsindən və uşaqlarına çığırışından yaxam qurtaracaq. Bir daha dayanmadan təkrarlanan həyat hadisələri ilə üzləşməyəcəm. Əslində insanı öldürən təkrarlardır,  bunun adını biz əcəl qoymuşuq. Təkrar sözünün dərinliyində acı bir hiss əbədi yuxuya gedib. Hər səhər yuxudan oyanıb eyni günəşi görmək kimi bir hiss...

Ayın sonunda ev yiyəsi gəlib kirayə haqqını istəyəndə qapını açan olmayacaq.  Bütün kitablarımı dəyər-dəyməzinə satıb, kirayə pulunu götürəcək. Bukovskinin "Makulatura" əsərini üstümdə götürməliyəm. İcazə vermərəm, anamın yadigarı, anamın yaylığının ətrini verən kitab pula satılsın.

Oturacağın üstündə meyitimi kimsə görəcək, yan-yörəsinə baxacaq, kitabdan başqa heç nə tapmayacaq, kitabı götürüb saxlaycaq. Bəlkə də, məzarımın içinə qoyub mənimlə birlikdə basdıracaqlar. Bu fikirlərlə saata baxdım, düz iki saat qalırdı ölümə. Qalxıb dolabdan bir dəst yuyulmuş paltar çıxarıb geyindim. Kitabı əlimə aldım, otağıma son dəfə nəzər saldım. Evdən çıxıb yolumu o falçı oturan yerdən saldım.

Ürəyimin dərinliyində bir ümid qığılcımı sönmək istəmirdi, falçı qadın məni görsə, bəlkə yanına çağıracaq, üç gün əvvəl sənə dediklərimin hamısı yalandır deyəcəkdi.

Uzaqdan falçının oturduğu yerə baxdım. Qadın yerində deyildi, üstündə oturmaq üçün yerə sərdiyi qalın kağız parçası uzaqdan ləkə kimi görünürdü.  Hava qaranlığa sarı gedirdi. Biləyimdəki saat 20:15-i göstərirdi. Ölümə doğru addımlayırdım. Ayaqlarım altındakı yeri sanki hiss etmirdi, sərxoş adam kimi səntirləyə-səntirləyə yeriyirdim. Ömrümdə ayaqlarım belə keyiməmişdi.

Mən bir ömür ateist yaşamışdım, hətta bu düşüncə ilə özümdən başqa çoxlarına təsir etmişdim. İndi hər hansısa bir qüvvə axtarırdım dua etməyə. Dua edib deyəm ki, kaş o birisi dünyada Allah olmasın, yoxsa bu düşüncələrimin cəzasını çəkəcəm. Görünür,  Tanrı deyilən anlayış məhz çətin anlar üçün dəyərli imiş. İndi mən, bu çıxılmaz anımda bir qüvvə axtarırdım, elə bir qüvvə ki, bütün ürək sözlərimi ona deyəm. Tanrısızlığım kimsəsizliyimdən də acı idi... Tanrısız axı ürəyimdə kiminlə danışacaqdım? Kimə deyəcəkdim ki, "bağışla"? Tanrı sözü "bağışla" demək üçün yaranıb!

Artıq parka yaxınlaşırdım. Uzaqdan ağaclar, Pişəvərinin abidəsi görünürdü. Qaranlıqda Pişəvərinin heykəlinin üstünə işıq salmışdılar və abidə günəş kimi yanırdı. Pişəvərinin sağ çiyninə qara bir qarğa qonmuşdu,  heykəlin qaşları düyünlənmişdi, sifətınə sərt ifadə  hakim kəsilmişdi. Elə bil, qarğa onu narahat edirdi. Sanki heykəl bu dəqiqə canlanacaq, əlini qaldırıb qarğanı qovacaqdı. Parka girəndə havanın soyuq olması canımı üşütdü. Mənə elə gəldi ki, "Pişəvəri" parkı  bu şəhərin içində deyildi,  başqa bir soyuq iqlimli ölkəyə aid idi, havası da aid olduğu ölkə kimi buz kəsmişdi..

Falçının dediyi ağacı axtarmağa başladım. Doqquza on dəqiqə qalırdı.. Sonuncu dəqiqələrimdə də həyatda gözəllik tapa bilmirdim. Ümumiyyətlə, dostlarım "həyat gözəldir" - deyəndə həmişə təəccüblənmişəm. Ağacı tapdım, o parkın ən uca küknar ağacı idi. Uca küknarın rəngi parkın o biri küknarlarından fərqlənirdi.... İlk dəfə idi ki, sarı rəngdə bir küknar ağacı görürdüm. Sanki ona da deyiblər ki, saat 21:00-da öləcəksən, o da kəsilmək, ya da yanmaq qorxusundan belə saralıbdır.

Küknarın altındakı oturacağa yaxınlaşıb əyləşdim. Kitabı yanıma qoyub saata bir də baxdım. Üç dəqiqə qalırdı... Falçının üç barmağı kimi qorxunc və darıxdırıcı üç dəqiqə... Bədənimi  soyuq tər basırdı. Alnımda puçurlanmış tər damcılarını köynəyimin qolu ilə sildim.

Yox... belə oturmamalıyam. Oturmuş vəziyyətdə ölsəm, üzüqoylu yerə yıxıla bilərdim. Uzanmaq ölüm zamanı ən doğru üsuldur.

Kitabı başımın altına yastıq əvəzi qoyub oturacaqda uzandım. Ətrafda ins-cins gözə dəymirdi. Parkda məndən başqa kimsə yox idi ki, ölüm anıma şahidlik etsin. Gözlərim küknarın saralmış budaqlarına ilişib qaldı. Soyuq tər alnımdan axıb gözlərimə dolurdu. Tərimi köynəyimin qolu ilə silmək istədim, amma əlim qalxmadı. Daha öldüyümə tam olaraq inanırdım. Nə kirpik çala,  nə də gözlərimi qırpa bilirdim. Həddən artıq dinc bir halım var idi. Los-Ancelesin beş ulduzlu otelində lüks bir çarpayının üstündə uzanmış kimi dinc idim. Ətrafın səsini, küləyin vıyıltısını duymurdum, havanın sazağını belə hiss etmirdim.  Çətin günlər bu oturacağın üstündə bitməkdə idi. Metronun stansiya adlarını da, dolların məzənnəsini də, televiziya xəbərlərini də, ev kirayəsini də unutmuşdum. Artıq düşünə bilmirdim. Axı mən ölmüşdüm!

O biri dünyanı görməyə tələsirdim, anamla görüşməyə tələsirdim. Amma gözlərim hələ də açıq idi, saçlarım gözlərimin içinə girirdi.  Yavaş-yavaş qatı zülmət çökürdü. Küləklərin sovurub apardığı sərgərdan bulud kimi çəkisiz, yüngül idim. Mən havadan dalğaya çevrilmişdim! Hər kəs ölümdən sonra belə rahat olacağını bilsəydi, yer üzündə bir insan da qalmazdı. İçimdə birisi səslənirdi: rahatlaşdın, bax... nə qədər gözəldir belə olmaq! Ölümə eşq olsun!

Daha heç şey yox idi. Hər yer qaranlıq və səssiz idi, sükutun inqilabı baş verirdi.

... Qulağımın dibində hənirti hiss edirəm, kimsə qulağıma füləyir, diksinib ayağa qalxıram. Yanımda dayanmış iti görürəm, qəhvəyi gözləri ilə mənə baxır. İtin nəfəsi məni yuxudan oyatmışdı. 

Səhər açılmışdı, saat 6:15-i göstərirdi. Kürəyim ağrıyırdı. Yenə günəşin sifəti, yenə avtobusların səsi, yenə sərçələrin çığırtısı, küknar... yalnız qarşımdaki itin məzlum baxışları bu əhvalatımın şiddətini az da olsa alırdı..  İt çox qəmli baxırdı. Sanki mənə baxıb üzülürdü. Ətrafimda gördüyüm nə vardısa, hamısı mənə salam deyir, xoş gəldin söyləyirdi və mən bundan çox üzülürdüm...

Oturacağın üstündən kitabı götürüb falçıya doğru yola düşdüm. O yalançı falçının yanına gedirdim. O yalançı falçının...

Gedib ona deyəcəm ki, sən yalançısan, sən məni aldatdın. Niyə ölmədim mən? Niyə ölümdən qayıtdım? Sən bir saxtakar falçısan, saxtakar...

Axı mən niyə ölə bilmədim? Bəlkə falçı ölüm zamanını dəqiq deyə bilməyib? Bəlkə çaşıb? Bəlkə yaxın zamanda, ən yaxın günlərdə öləcəm?

İnsan ölümü dərk etdiyi andan sonra yaşamağı heç istəmir. Hər insana itirməkdən, ayrılmaqdan, yıxılmaqdan sonra ölüm ləzzətli gəlir.

Addımlarımı iri-iri atırdım, falçı ölüm zamanımı uzaq günlərə desə, birbaşa intihar edəcəm. Bunu özünə də deyəcəm, deyəcəm ki, daha sənin ölümümün dəqiq zamanını deməyinə ehtiyacım yoxdu.

Falçının oturduğu yerə yaxınlaşdım. Xeyli insan toplaşmışdı, böyük izdiham var idi. Qaça-qaça izdihamın içinə girdim. Falçı yerindəydi, kürəyini divara söykəmişdi, körpə də qucağındaydı. Falçı ilə uşaq arasında bir fərq var idi, uşaq tərpənirdi, amma falçı daş kimi hərəkətsiz oturmuşdu. Falçının gözləri bərəlmiş, hədəqəsindən çıxmışdı, yanında  yerdə boş dərman şüşəsi var idi. Körpə təəccüblə izdihama baxırdı. İnsanlar polisin qorxusundan körpəni falçının qucağından götürmək istəmirdilər.

Mən bu halda mütləq evə getməli idim. Otağıma girmək istəyirdim,  qapını bağlamaq, işıqları söndürmək və "Makulatura" kitabından anamın iyini almaq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!