YAZIQ MARALLARIN NƏ TƏQSİRİ?
Görün bir yazı-pozu əhli nə yazır? Yazır ki, balaca "marallar"dan çox yazırsan, amma böyük "marallar" qalıb kənarda. Bəs onları nə vaxt "şərəfə" mindirəcəksən?
Rəhmətliyin balası bilmir ki, mənim "marallar"ımın böyüyü-kiçiyi yoxdur. "Maral" elə "maral"dır, hərəsinin bir cür sifəti var. Ağzında "maral" deyirsən. Əbdürrəhim bəydən bu yana əli qələm tutanlar ha yazırlar, ha pozurlar, bu "marallar"ın kökü kəsilmir, əksinə, getdikcə pərpətöyün toxumu kimi çoxalırlar.
And olsun, bizi yaradana, birdən oturub fikirləşirəm ki, ayə, görəsən, bütün millətlərdə bu qədər "maral" var, yoxsa birinci yeri biz tuturuq? Yaradan özü bilər insanları neçə sifətdə yaradır, necə yaradır, nə biçimdə yaradır. Biz onun işinə qoşula bilmərik. Ətövbə! Amma sizə qurban olum, bu qədər yaltaq, ikiüzlü (lap elə çoxüzlü!), əyri, oğru, quldur, rüşvətxor olar?
Bilmirsən qarşındakı ziyalıdır, yoxsa yaltaq. Diqqətlə sifətindəki yaltaqlıq qırışlarına baxanda görürsən ki, bu elə ziyalı-yaltaqdır!
Bir də görürsən maraqlı bir kitabın təqdimetmə mərasimi keçirilir, çıxış edənlər bir-biri ilə yarışa girib kitabı tərifləyirlər, amma sonradan məlum olur ki, toplananların heç birinin kitabdan xəbəri yoxdur, nəinki xəbəri yoxdur, heç kitabı əlinə alıb vərəqləməyib də...
Qəzetlərin çoxu "faktı" o vaxt oxuculara çatdırır ki, artıq həmin "faktın" sahibini vəzifədən qovublar, ya da tutublar. Adama deyərlər, bala, vəzifədə olanda yazaydın, "yıxılan ağaca balta çalmağa" nə var ki?!
Eşitməmiş olmazsınız, belə bir məsəl var: "Kimin evini yıxırsan? - Mənə çörək verənin". Bilirsiniz, nə qədər belələrini tanıyıram? Adam əsəbiləşəndə onları "maral"a yox ey (maral gözəl heyvandır), başqa pis bir məxluqa oxşatmaq istəyir. Bizim "marallar" o gözəl-göyçək marallara oxşamırlar. Yazıq maralların nə təqsiri var? Dad bizim "ağıllı-başlı", ikiayaqlı "marallar"ın əlindən!..
QANİÇƏNLƏR
Ay qardaşlar, ay bacılar, vallah-billah, daha taqətim qalmayıb. Özümü döyməkdən yorulmuşam. Şap - o üzümə, şap - bu üzümə, şappaşap qol-qıçıma, boynumun ardına vur ki, vurasan, bu cılızlardan canımı qurtara bilmirəm ki, bilmirəm!
Şirin yuxuda yatdığım yerdə qulağıma səs gəlir: Şapp... Dik atılıram. Görürəm, evdəkilər də özlərini döyürlər. Bir balaca mürgüləyirəm, yenə şapp! Hövlnak gözümü açıram, divarlar qan içində... Özümə də, evdəkilərə də yazığım gəlir. Divarlardakı qan bizimkidir axı... Bu zalımlarla əsl "müharibə" aparırıq, heç veclərinə də deyil. Qorxu nədir bilmirlər. Düz adamın gözünə girirlər.
Bir də görürsən "vızz" eləyib girdilər qulağına, "vızz" eləyib girdilər ağzının içinə. Dişlədilər, qurtardı, yandırıb-tökürlər. Qalırsan qaşına-qaşına. Bədən olur qıpqırmızı. Evdəkilər soruşurlar: "Səni kim cırmaqlayıb?" İndi gəl, onları başa sal ki, "kim" yox, "nə" desinlər.
Yatmağa qoymurlar bu qaniçənlər. Yay gəldi, qurtardı, yuxusuzluqdan bir dəri qalırsan, bir sümük. Gözlər də ki, axır. Dost-tanış üzümü danlayır: "Az iç də bu zəhrimarı". İndi gəl, onları inandır ki, ömrümdə dilimə dəyməyib. O dəqiqə də cavabını alıram ki, "onda elə yaxşı eləyib səni dişləyirlər".
Elə bil, canımıza düşmən kəsiliblər. Ev qapısını açmağına peşman olursan, yüzü birdən hücum çəkir içəri. Pəncərəyə vurduğumuz torun gözəgörünməz deşiklərindən də keçirlər. Hələ bu harasıdır? Ağzını açırsan, güllə kimi gəlib keçirlər boğazına. O gün biri girdi burnuma, necə dişlədisə, ağrısı düz beynimə çıxdı.
İnanırsınız, adam var ağcaqanad ona yaxın durmur. Niyə? Çünki bütün bədəni zəhərdir. Dilindən də zəhər tökülür zalım balasının! Nəinki ağcaqanad, ilan onu vursa, özü zəhərlənib ölər. Amma ağcaqanadların qıy vurduğu fəsildə xoşbəxtdirlər, belə adamlar. "Şappaşap" nədir bilmirlər, div kimi yatırlar. Adamın paxıllığı tutur...
İndi dostlar, tanışlar deyirlər ki, sən kimdən əskiksən, get bir cəmiyyət yarat, adını da qoy "Qaniçənlərlə mübarizə cəmiyyəti". Doğru deyirlər, kimdən əskiyəm, mütləq elə bir cəmiyyət yaradacağam...
...FƏRQİMİZ NƏDİR?
Dostum məndən soruşdu:
- De görüm, bizim millətlə başqa millətlərin fərqi nədir?
- Bilirsən nə var, millətlə işin olmasın, sözünün canını de görüm, nə deyirsən?
- Bizim millətlə başqa millətlərin fərqini soruşuram. Burada başa düşülməyən nə var ki?
- Axı, mənim millətlə nə işim var, mən nə karəyəm ki, millətə qiymət verim?
Dostum, deyəsən, məni başa düşdü, anladı ki, danışanda bütün millət haqqında danışmaq olmaz, millətin ayrı-ayrı fərdləri barədə söz demək olar. Odur ki, ehtiyatla dilləndi:
- Onda de görüm, bizim millətin bəziləri ilə başqa millətin bəziləri arasında nə fərq var?
- Hə, bu başqa məsələ. Fərq çoxdur. Əvvəla, pulu, qohum-əqrəbası çox olanların ürəklərindən böyük-böyük vəzifələr keçir. İkincisi, müharibə edən millətlərin balaları raket, top-tüfəng alanda, bizimkilər məscid tikdirir. Üçüncüsü, torpaqları gedən millətlərin oğulları üsyana qalxanda bizimkilərin çoxu restoranlarda kef çəkir, toylarda qol açıb oynayırlar. Dördüncüsü, başqa millətlər bir-birini qabağa çəkəndə, bir-birinə arxa duranda bizimkilər bir-birinə badalaq vururlar, bir-birinə quyu qazırlar, vəzifə üstündə qırğın salırlar. Hər cür sifətə girirlər. Belələri vəzifə tutan kimi xalqın qəniminə çevrilirlər. Kiçikləri saymır, böyüklərin yaltağı olurlar. Beşincisi...
- Qoy beşincisini də mən deyim, - dostum müdrik görkəm aldı:
- Vaxtilə Mirzə Cəlil millətin bəzi başıbəlalıları haqqında çox yazıb, çox deyib. O vaxtdan heç nəyimiz dəyişməyib. Biz elə həmin millətik, həmin xalqıq. Təkcə kostyumumuz dəyişib, vəssalam. Bax, budur bizim fərqimiz!
MƏN SİZƏ XİDMƏT EDİRƏM
Şöbə müdiri Qurbanov direktor Əli Nadiroviçin kabinetinə gəldi:
- Çağırtdırmısınız, Əli müəllim?
- Hə, keç otur.
Qurbanov əyləşdi.
- Buyurun, Əli Nadiroviç!
- Sizin şöbədə işləyən oğlan var ha, adı da yadımdan çıxıb...
- Fazil, yoldaş direktor!
- Hə Fazildir-kimdir, necə işçidir, o?
Şöbə müdiri çiyinlərini çəkdi, dodağını büzdü. Bir söz deyə bilmədi. Daha doğrusu, "birdən direktorun adamı-zadı olar" - deyə düşündü. Direktor altdan-altdan Qurbanova baxıb dilləndi:
- Deyə bilmirsən pis işçidir?
Şöbə müdiri tez cavab verdi:
- Doğru deyirsiniz, işləməkdən başqa əlindən hər şey gəlir.
Direktor istehza ilə:
- Mən sizi sınayırdım, müdir! Fazil kimi işçi bizim idarədə yoxdur! İşin öhdəsindən gəlir, üstəlik, şöbənizin başqa işlərini də görür. Siz isə deyirsiniz...
Şöbə müdiri tələsik sözünü dəyişdirdi:
- Əli Nadiroviç, mən elə-belə... Yaxşı işçidir Fazil. Dedim bəlkə...
- Bəs Fuad necə, o da yaxşı işçidir?
- Yoox, Əli Nadiroviç! Onun haqqında "yaxşı" deyə bilmərəm.
- Niyə? Bəs bir neçə ay bundan əvvəl biz ona yaxşı işinə görə mükafat vermədik? Kişinin zəhmətini niyə itirirsiniz?
- Bağışlayın, Əli müəllim, çaşdım. Fuad həqiqətən yaxşı işçidir.
Əli Nadiroviç qəzəbləndi:
- Qurbanov! Bu nə deməkdir? Mən deyirəm filankəs "pisdir", siz də deyirsiniz "pisdir". Deyirəm "yaxşıdır", siz də deyirsiniz "yaxşıdır". Bəs indiyədək öz işçilərinizi tanımırsınız?
- Bilirsiniz, Əli Nadiroviç! - deyə, Qurbanov sözə başladı. - Bir gün Teymurləng qonaqlıqda bişirilən plovu tərifləyib deyir ki, "Bəh-bəh, nə dadlı plovdur, bunu bişirənə mükafat!" Qonaqlıqda olan Molla Nəsrəddin onun sözlərini eşidib dillənir: "Bəh-bəh, doğrudan da çox dadlıdır, bunu bişirənə afərin!" Bir azdan Teymurləng "Bu nə plovdur, çağırın bunu bişirən aşbaza cəza verin!" - deyə, əsəbiləşir. Molla Nəsrəddin də qışqırır: "Belə də plov olar, bunu bişirənin başını bədənindən ayırmaq lazımdır!" Teymurləng mollanı çağırıb soruşur ki, "Ayıb deyil, molla? Bayaq plovu tərifləyirdin, indi pisləyirsən?" Molla cavab verir ki, "Hörmətli Teymurləng, mən sənə xidmət edirəm, plova yox ki!" İndi Əli Nadiroviç, mən sizə xidmət edirəm, işçilərə yox ki!...
"XARİCİ... ADAM"
Bir tanışım var, adı Səftərdir. Yazıq nə eləsin ki, anadan şokolad rəngində doğulub. Qara, qıvrım saçı var. Sifətindən şirinlik yağır, necə deyərlər, çox yapışıqlıdır. Qarabuğdayılıqda elə mən də ondan geri qalmıram...
Bir dəfə avtobusda gedirdik. Əyləşdiyimiz oturacaq sərnişinlərlə qabaq-qənşər idi. Adamlar bizə baxıb bir-birinin qulağına nə isə pıçıldayırdılar. Qadınlardan biri dilləndi:
- Yəqin Kubadan gəliblər...
O biri qadın başını tərpətdi:
- Aaz yox, ərəbə oxşayırlar.
Bir başqası zəndlə bizə baxıb əlavə etdi:
- Kim nə deyirsə-desin, bunlar zəncidirlər, amma bir az ağından...
Axırı dözmədim:
- Belə maraqlanırsınızsa, özümüzdən soruşun, hansı millətdən olduğumuzu deyək də...
Avtobusda gülüşmə başlandı. Qadınlardan biri üzrxahlıq elədi:
- A bala, bağışlayın, elə bildik xarici adamsınız...
...Mağazada növbədə dayanmışdıq. Ağsaqqal bir kişi üzünü mənə tutub rus dilində soruşdu:
- Vı arab?
Mən cavab verdim:
- Net azerbaydjanets.
- Ne poxoji....
Azərbaycan dilində dedim:
- Ay kişi, görmürsünüz ki, azərbaycanlıyıq?
...Mərkəzi şəhərlərin birində qatara tələsik bilet almalıydıq. Növbəyə durduq. Kassaya çatanda kassir dedi:
- Vı idite na verx. Vaşa kassa tam...
Tələsik ikinci mərtəbəyə qalxanda nə görsək yaxşıdır? Orada bircə dənə kassa vardı, üstündə də yazılmışdı: "İnostrannaya kassa". Kassanın qarşısında isə xarici millətlərin nümayəndələri növbəyə dayanmışdılar. İşin nə yerdə olduğunu başa düşüb birinci mərtəbədəki kassanın qabağına yüyürdük. Lakin gec idi, qatar getmişdi...
Bir sözlə, xarici adamlara oxşamağımızın bizə həm xeyiri dəyib, həm ziyanı. Xeyiri o olub ki, çox yerdə bizə xarici qonaq kimi hörmət ediblər. İşimiz irəli düşüb. Ziyanı da o olub ki, başımıza qatar əhvalatı kimi çox əhvalat gəlib...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!