"Səni qurtum-qurtum deyil, damla-damla içəcəyəm" - Xuraman Hüseynzadə - Xuraman HÜSEYNZADƏ

Xuraman HÜSEYNZADƏ

Türkiyə Cümhuriyyəti tarixində silahlı qüvvələrin rəhbərliyi ilə üçüncü açıq müdaxilə olan 12 sentyabr Hərbi çevrilişi və ya 1980 qiyamı haqda türk ədəbiyyatının ən önəmli imzalarından olan Gültən Akın "42 gün" adlı kitab yazır. Bu gün gənc nəsil üçün 12 sentyabr 1980-ci il hadisəsinin bir anlamı olmaya bilər. Amma o günləri xatırlayanlar üçün həmin tarix ağıllara aylarla davam edən həbslər, itkilər, ağlagəlməz işgəncə üsulları və edamlar gətirir. Gültən Akın "42 gün"də həbsxanalardakı 12 sentyabr hücumlarına qarşı başladılan və 42 gün davam edən aclıq aksiyasını son dərəcə ustalıqla göstərir. 12 sentyabr əsgəri zərbəsi minlərlə məhbus üçün işgəncə və zülm demək idisə, bayırdakılardan ötrü də başqa bir işgəncəydi...

Böyü

Böyü, atan sənə

Böyü,

Əzablar alacaq.

Böyü, atan sənə

Böyü,

Yoxluqlar alacaq.

Böyü, atan sənə

Böyü, 

Bitməz işsizliklər, aclıqlar alacaq,

Böyü,

Böyü, atan sənə

Hücumlar, işgəncələr alacaq,

Qandallar, həbslər, məhbəslər alacaq.

Böyü,

Böyüyüb on yeddinə gəldiyində

Böyü, atan sənə

edamlar alacaq.

Öz oğlu Murat Cankoçak da məhbəsdə olan Gültən Akının "42 gün" adlı kitabında qısa hekayələri, esseləri ilə yanaşı, qiyamdan sonra həbsxananın ən ağır günlərində içəridəkilər kimi bayırdakıların da yaşadığı əzabların bədii təsviri yer alıb. Murat Cankoçak Ankarada bir bank soyğununa qatıldığı iddiasıyla həbs edilmiş, sonra amnistiyaya düşmüşdü. Akın sonralar "Kitabı bir daha belə hal yaşanmasın, insanın insana zulmü bitsin, bir daha bu cür kitablar yazılmasın deyə yazdım" deyəcəkdi...

Akın o günləri həm bir şair, həm də ana kimi təsvir edir:

"Ana idik. Oğullarımızın, qızlarımızın yatdığı həbsxanalardan görüşlərdən çıxardıq...  O aclıq günlərində dağılışıb getməyi düşünmədik. Birlikdə qaldıq. Qaçdıq yollarda. Avtobuslara doluşub getdik böyük qapılardakı yetkililərlə görüşməyə. Diləklərdə, saysız pullarda ümid aradıq."

Kitabdakı son hekayə görüşə gedən bir qadınla dörd ildir atasını sadəcə  o günlərdə görən, dörd yaşında bir uşağın səfərindən danışır:

"Nə gözəl böyüyürsən, daha da böyüyəcəksən, o zaman..." deyir anası. Uşaq araya girir: "Mən böyümək istəmirəm. Böyük qardaş olmaq istəmirəm. Ata olmaq istəmirəm. Həbsə atılmaq istəmirəm".

Akın qiyamın, həbsxanaların, illərlə həbsdə yatmanın və bayırda gözləmənin yükünün ağırlığını, bir uşağın dilində axtarır. Və Tanrıya üz tutur:

Hey Tanrım, bu çocuklar çocuklarımız bizim,

Bunca il hansı daşı oraya qoysan

Bapbalaca olar.

Bunca il hansı quşu

Bizə hüznlü görüşlər, nazik hörgülər,

Beton kölgələr bağışlayan

Bunca il hansı bir quşu?..

Ölür, ölür, ölür,

anlamırsanmı?

Yoxmu sənin oğlun, qızın?

 

Türk şeirinin anası

Gültən Akının şeirlərinin ana xəttini təbiət, eşq, ayrılıq, həsrət təşkil edir. Ancaq sonralar cəmiyyətdə baş verən hadisələr onun ictimai-siyasi lirikasında daha qabarıq şəkildə öz əksini tapır. 80-ci illərin əvvəlləri xalqın yaşadıqları onun həm həyatına, həm də şeirlərinə yansıyır.

Yağmurlu

Uzağı nə zaman düşünsəm aydınlıq,

Burda gecələr qaldı, sən getdin

Mənimlə

Gecəylə yuxu, suyla yosun kimi

olduğunu bilməzsənmi?

Uzaq və bəyaz şəhərlərdən

Bir incə yağmurla gələrsən

Gecə gözətçisini küçədən

Qəribi yatağından götürüb gedərsən,

Bir hekayə bilər, söyləyərəm.

Dost ulduzlara qarşı və sabaha doğru

Bu hekayənin bir ucu səndədir

Xilas etmək istərəm səni,

İstərəm xilas edəm, istərəm,

Bütün çərpələnglərin ipi əlindədir.

Gültən Akına türk poeziyasının anası da deyirlər. Cemal Süreya da onu şeirin anası olaraq tanıdığını deyirdi. İctimai lirikası ilə  daha çox ziyalı və elit təbəqənin zövqünə xitab edən Gültən Akının yaradıcılığında İkinci Yeni adlı cərəyanın bütün izlərini görürük. Şeirləri oxucuların ürəyini sızladır, yalnız bir şair olaraq deyil, bütün həyatı boyunca yazdıqlarıyla nə qədər həssas və gözəl qəlbli biri olduğunu bütün varlığımızla hiss edirik.

Relslər

Burulan yollar, qatar

Bir gün

Ümid etmədiyim bir gün

Alacaqlar səni məndən.

Nələr aldığını bilməyəcək

Düşünməyəcəksən.

Bəlkə dönəcəksən

Düşərkən ulduzum bir sərv kölgəsinə

Bəlkə də ömür boyu gözlədəcəksən.

İlk zəfəran çiçəyilə gəl

Nə var ki, dünyada

İtirib tapmaqdan gözəl?

Deməsi asan, amma

Elə yanır, yanır ki, içim

Bir qərib çöl yolcusu kimiyəm.

Doymaq üçün susuzluğuna

Səni qurtum-qurtum deyil,

Damla-damla içəcəyəm.

 

Gültən Akının şeirlərində hər kəs özünü, öz taleyini görə bilir. Şair üçün ən böyük xoşbəxtlik elə budur-hər kəsin qəlbinə yol tapmaq, oxucuların taleyinə biganə qalmamaq…

Kəsdim qara saçlarımı

Kəsdim qara saçlarımı, nolacaq indi?

Bir şey olmadı, sınayın lütfən,

Aydınlığam, dəliyəm, rüzgarlıyam

Günaydın əriyi tərpədən yelə,

Xilas olanlara, dirilənlərə günaydın!

İndi çaşıram bir dəstə iynəni

Bir həyat ilə qarşılayanlara.

Getdim, gəldim, qara saçlarımdan xilas oldum.

 

"Yaşayan ən böyük türk şairi"

Fazil Hüsnü Dağlarca vəfat etdikdən sonra 1967-ci ildə Uluslararası Şeir Forumu tərəfındən "Yaşayan ən böyük türk şairi" seçilmişdi. Ədəbiyyat cameəsi Dağlarcanın vəfatından xeyli sonra bu adı kimin alacağını müzakirə etməyə başlayır. Yazıçılar, şairlər, tənqidçilər və mədəniyyət, sənət sahəsində çalışan redaktorlar bu adın yeni sahibinin kim olacağını seçirlər. 50 nəfərdən ibarət jürinin seçdiyi adlar Gültən Akın, Hilmi Yavuz, Arif Damar, İsmet Özel, Küçük İskender, Sezai Karakoç, Murathan Mungan, Lale Müldür, Ahmet Güntan və Birhan Keskin idi. Kimiləri də bu statusa layiq ola biləcək şair olmadığını söyləyir.

Səslərin çoxunu yığan Gültən Akın, böyük fərqlə "Yaşayan ən böyük türk şairi" seçilir.

Paylaşım

Kədərini mənimlə dirhəm-dirhəm

paylaşan qonşum

sevinclərin varmı, harada,

niyə onları heç bilmirəm?

1956-cı ildə işıq üzü görən ilk şeir kitabı "Rüzgar saatı"ndan bəri vicdanı, məsuliyyəti, həssaslığı və incəlikləri öz poeziyasında əridən, yaşadan  Gültən Akının məhəbbət lirikası səmimiliyi ilə seçilir…

Türkiyənin çox oxunan və sevilən şairi Gültən Akının şeirləri bir çox dilə çevrilir. Bəstəkarlar, müğənnilər onun şeirlərinə biganə qala bilmir və qırxdan çox şeirinə mahnı bəstələnir.

Dəli qızın türküsü

Sənə böyük küçələrin birində rast gəlsəm,

Əlimi uzatsam, tutsam, aparsam,

Gözlərinə baxsam, gözlərinə, danışmasaq

Anlasan,

 

Əlimi uzatsam tuta bilməsəm.

Olan sevgimi, yalqızlığımı

Düşünsəm, yox, düşünməsəm,

Sənin heç xəbərin olmasa

Sənin heç xəbərin olmaz ki,

Başlayar, bitər öz-özünə o türkü.

 

Yağmur yağar, akasiyalar islanar,

Buludlar uçuşar gecələr.

Mən yağmura dəli, buluda dəli,

Bir böyük oyun yaşamaq dediyin

Məni ya sevməli, ya öldürməli.

 

İtirməli böyük yolların birində nə varsa,

Böcəklər kimi başlamalı yenidən.

Bu Allahsız, bu yağmur tutmayan qaranlıqda

Yan qəribliyinə, ürək, yan,

Getdi gedən.

Akın həyatı boyunca şeirdən başqa ədəbi janrlara maraq göstərmir. Yalnız onun qələmə aldığı yeddi qısa tamaşası özündən sonra yadigar qalır. Yazdığı teatr mətnləri də qadın, evlilik, tale mövzuları üzərində  qurulur.

 

Və şeir yazmağı bir maral ovuna bənzədir Gültən Akın

"Şeir yazmaq geyil, ovlamaqsa əgər, öldükdən sonra ovlanmalıdır marallar. Yəni yaşananlar soyuduqdan sonra yazılmalıdır. Həyatı yox etmədikcə şeiri var edə bilməzsiniz. Həyatdakı o canlılığı, tərpənməyən nəsnəni yox edəcəksiniz - o biri tərəfdə var etmək üçün.

Həm gənc bir qadınkən, hər kəsi sizin sirləriniz, gizlinləriniz maraqlandırar. Bu üzdən bu günə qədər sirlərimi həmişə saxladım, onları qorudum. Zatən sirriniz olmasa, yaza bilməyəcəksiniz. Amma indi ipucları verməyi tövsiyə edirəm. Çünki marallar çoxdan öldü."

Akın həyatı boyunca, aralarında Ağdəniz Qızıl portağal şeir mükafatının (1999) da yer aldığı bir çox mükafat alır. Və poeziyasında bir zirvə olaraq qiymətləndirilən "Məni soruşarsan" şeiri ilə də 2013-cü ildə "Metin Altıok" Şeir mükafatına layiq görülür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!