Bizim günlərin zarisovkası - Hicran HÜSEYNOVA

 

 

(Təbəssümlə oxuyun)

 

...Və bir gün sərhədlər itdi. Təsəvvür edirsiz, bütün əks qütblər arasındakı sərhədlər. Əvvəlcə o sərhədlər arasındakı çox incə, güclə sezilən xətt yox oldu, sonrasa hər şey bir-birinə qarışdı, alt-üst oldu, necə deyərlər. Gün gəldi, yalanla həqiqət arasındakı sərhəd, hədd yox oldu. Hər şey də elə burdan başladı, sanki Yer kürəsi öz məhvərindən çıxdı. Yalan danışdı adamlar və heç utanıb-eləmədən həqiqət kimi qələmə verdilər yalanlarını, gözlərdən pərdələr asdılar; nəinki bəsirət gözləri tutuldu, adi görmə orqanları belə çaşıb qaldı, öz funksiyasını yerinə yetirsin, ya yox?.. Görənləri gözündən vurdular, bu nəydi? Qəlbinin gözüylə görənlərsə gözgörəsi küncə sıxışdırıldı. Bir vaxtlar Əli bəy Hüseynzadə "Ucundadır dilimin həqiqətin böyüyü, nə qoydular deyəyim, nə kəsdilər dilimi" deyirdi. Eləydi onda...

İndisə deyirsən öz həqiqətini, dilini, əlini kəsmirlər reallıqda. Di gəl ki öz həqiqətinə özün belə şübhəylə baxırsan ağ yalanların fonunda: o həqiqət indi dəbdə deyil axı... və Maleviçin "Ağ üzərində ağ" əsərini anlamağa çalışırsan.

Əsrlər boyu belə olub, deyəcək oxucum bu yerdə, mənsə ona cavab verəcəm:

- Amma "saf" sözünün "səfeh" sözünün ekvivalenti olduğu ilk dəfədi insanlıq tarixində! İlahi, nə çox eşidirik bizim günlərdə: "Çox safsan e...", yaxud "Bu qədər saf olma..." Özü də bir az kinayə, bir az acımaq hissi olur bu qənaətdə. Nə edəsən? Hara götürüb gedəsən öz həqiqətini, öz saflığını?!

Bəli, itdi sərhədlər... Və sərhədlərin itməsi, yox olması yaxşı ilə pisin yerini dəyişməsi az vaxtda mənəvi sferadan birbaşa məişətimizə tullandı. Şirinlər acıyla, dadlılar dadsızla, bir növ talxla əvəzləndi, "damaq dadı" deyilən birləşmə gəldi leksikonumuza. İndiyədək ağzımızın dadını da bilmirmişik, demə, nəyin faydalı, nəyin zərərli olduğunu da bilmirmişik, işə bax... Adamlar kütləvi şəkildə süni şəkərə "Yox!" dedi, çörəyə " Yox!" dedi və bol suyla yudu orqanizmini, yu ki yuyasan. Sən demə, səhv qidalanıb bizəqədərki nəsillər, səhv yatıb, səhv durub,.. bəs necə sağ-salim gəlib bu günlərə çatıblar? Bizsə bu qədər qaydalar içində özümüzü belə itirmişik. Bəs niyə normal yaşayırdı o şəkər yeyənlər, çörək yeyənlər, yeməyin üstündən çay içənlər? İndi nə edək bəs, hansı yolla gedək?

Hamlet demiş, bax budur məsələ!..

Bir gün o itən sərhədlərin içində insan (üns saxlayan) "online" oldu. Ənənəvi ünsiyyət yerini virtuallığa verdi (əslində, təslim etdi). Evə gələn qonaqlar belə qapıdan girər-girməz vi-fi-ın parolunu soruşdu. Sosial şəbəkələr gəldi həyatımıza, gəldi yox e, zorla özünü pərçim etdi. Məmə yeyəndən pəpə yeyənə  hamı bir nəfər kimi sosiallaşdı. Amma burda da yalan həqiqəti üstələdi, daha doğrusu, görünməz etdi. "Ördək sindromu"  epidemiya kimi yayıldı və tezliklə pandemiya halına keçdi. Qoy məlumatı olmayanlara "ördək sindromu"nun nə demək olduğunu da deyim. Deməli, həmişə bu yazıq ördəklərin su üstündə necə üzdüyünü bəh-bəhlə müşahidə edirik. Doğrudan, gözəl mənzərədi. Amma iş ondadı ki, suyun altında ayaqların nə çəkdiyini görən yoxdu. Su üstündə görünən gözəlliyi yaratmaqçün, o rəngdən-rəngə çalan gözəl başı, zərif boyunu hərəkətə gətirməkçün su altındakı ayaqlar bir avarçəkmə qayığı qədər hərəkət edir, yəni ayaqlar avar rolunu oynayır. Bir yandan da bu daim suda olan, barmaqlarının arası pərli ayaqlar ördəyin gözəlliyinə xələl gətirəcək qədər eybəcərdi.

Bəli, "ördək sindromu" natamamlıq kompleksindən əziyyət çəkənlərin (az qala hər kəsin) bəlasına çevrildi. Texnologiyanın imkanlarından bəs deyincə istifadə etməyə çalışanlar sosial mediada həyatdakından çox-çox xoşbəxt göründülər - suyun altındakı ayaqları evdə qaldı... Fındıqburun, almayanaq, ördəkdodaq qızlar, saqqallı oğlanlar podiumdaymış kimi göründü, yalançı təbəssümlər müdrik fikirlərlə süsləndi. Demə, hər kəsin daxilində bir potensial siyasətçi, vətənpərvər, humanist, filosof, şair, yazıçı, tənqidçi, ədəbiyyatşünas, dilçi, musiqi nəzəriyyəçisi, folklor bilicisi, din xadimi, psixoloq, müəllim - bir sözlə, alimi-biəməl varmış və hamısı da çox xoşbəxtmiş. Hüquqi, dini, bədii, fəlsəfi görüşlər "auksiona çıxarıldı" və kim daha çox "like" yığdısa, daha çox xoşbəxt oldu. Əlbəttə, xoşbəxt görünməklə xoşbəxt olmağın fərqini bilənlər də var və bu da bir həqiqətdir!

Yenə həqiqət. Yox, burda həqiqət sözünün semantikasına baş vurmayacam, heç həqiqətin özünü də axtarmaq fikrim yoxdu. Çünki mənə qədər çox axtarıblar -şəriət, təriqət, mərifət, həqiqət yollarından keçiblər. Həqiqət haqdı, haqq da Allah, bu, sözsüz! Bu, geniş mənada belədir. Dar mənada isə hərənin öz həqiqəti var - nə yazmağımızdan, necə yanaşmağımızdan asılı olmayaraq.

...İş ondadı ki, bəzən həqiqətlə illüziya arasında da yox olacağından qorxduğumuz gözəgörünməz xətt olur.

Nə isə (ya da xülasə). Mən bizim günlərin zarisovkasını yazdım... Yazdım ki, jurnalistikada zarisovka deyilən bir janrın olduğunu yada salım.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!